Keçid linkləri

2024, 05 Dekabr, Cümə axşamı, Bakı vaxtı 05:40

5 milyon işi robotlar görəcək


Robot
Robot

-

2020-ci ilin sonunadək insanların gördüyü 5.1 milyon işi robotlar icra edəcək. Ümumdünya İqtisadi Forumunun hesabatında belə deyilir.

Qlobal işçi qüvvəsinin 65 faizini – təxminən 1.9 milyard iş yerini əhatələyən 15 iqtisadiyyat öyrənilib. Tədqiqat üzə çıxarıb ki, inkişaf etmiş və yeri yaranan iqtisadiyyatlar 7 milyon iş yerini itirəcək, ancaq 2 milyon da qazanacaq. Bu, texnoloji dəyişiklik sayəsində mümkün olacaq.

Robotlar artıq əl əməyinin tətbiq edildiyi iş yerlərini tutmaqdadırlar. Məsələn, kassir işini görə bilirlər. Ancaq getdikcə daha ağıllı maşınlar daha artıq bacarıq istəyən işləri gözaltı etməkdədir. Getdikcə hər bir sənaye sahəsində iş yerlərindən bəzilərini robotlar tuta bilər.

Aptek işçilərinin, hüquqşünasların, sürücülərin, astronavtların, əsgərlərin, dayələrin, xilasedicilərin də robotla əvəzlənməsi gözləntisi var. CNN «Bank of America»nın araşdırmasına istinadla yazırdı ki, çörəkçilər, qəssablar, tur bələdçiləri, vergiyığanlar, sığorta agentləri, mühasiblərin robotla əvəzlənməsi riski 90 faiz və ya daha çoxdur.

«Forbes»da Enrique Dans yazır ki, bir az qəddar səslənsə də, həqiqət budur: yeni bacarıqlara yiyələnin:

«Sadə həqiqət budur ki, emal, komplektləşdirmə, maşın sürmək, mexaniki tapşırıqlar, tikinti və indiyədək ağlımıza gətirmədiyimiz digər işləri robotlar daha ucuz və effektiv edir. Onlar yorulmurlar, bezmirlər, fikirləri də yayınmır».

Hassan Rouhani
Hassan Rouhani

«XEYR, İRAN AÇILMIR»

«The Washington Post»da Anne Applebaum İrana sanksiyalar qaldırılandan sonra Yaxın Şərqdə diplomatiyanın həmişəlik dəyişdiyini yazır. Ancaq müəllif İranla bağlı iddialarda ehtiyatlı olmağı tövsiyə edir:

«Prezident Hassan Rouhani Mikhail Gorbachev, indiki məqam da «perestroyka» dövrü deyil. İran «açılmır» və ya «daha qərbyönümlü» dövlətə çevrilmir və ya artıq liberallaşmır. Ola bilsin, İranın xarici işlər naziri həmkarı John Kerry-nin telefon zənglərinə cavab verəcək. Ancaq İran rejiminin mahiyyəti dəyişməyib»…

«Əksinə, «mötədil» Rouhani 2013-cü ildə seçiləndən ölkədə repressiya həddi artıb. Ölüm cəzaları çoxalıb. 2014-cü ildə İran Çindən sonra ən çox edam hökmünü həyata keçirən ölkəyə çevrilib. Ötən il bu rəqəm 1000-i aşıb».

Müəllif siyasi təzyiq və dini diskriminasiyanın da artdığını vurğulayır. «Vətəndaşlarını zorakılıqla yatıran Rusiya və digər ölkələrin etibarlı diplomatik tərəfdaş olmamasına dair dərsimizi almışıq. Xalq üsyanından qorxan istənilən rejim sonucda xarici siyasətindən özünü hakimiyyətdə saxlamaq üçün faydalanacaq. Hazırda Rouhani və xarici işlər naziri Mohammad Javad Zarif düşünürlər ki, sanksiyaların qaldırılması İran iqtisadiyyatına fayda gətirəcək, özlərinə də ictimai dəstək qazandıracaq. Ancaq bu, baş verməsə, onlar, yaxud varisləri bir daha xalqın qəzəbini və hisslərini Böyük Şeytana yönləndirəcək».

Qaçqınlar aeroportda.
Qaçqınlar aeroportda.

NÖVBƏTİ STANSİYA: ƏRBİL

«Deutche Welle» Almaniyadan evinə dönən iraqlı qaçqınlardan yazır. Onlardan bəzilərinə aylardan sonra sığınacaq verilməyib; bəziləri ilə hökumət yaxşı davranmayıb. Beləliklə, risklərə baxmayaraq, evə qayıdırlar.

Berlinin Tegel aeroportundan Ərbilə həftədə bir dəfə uçuşlar təşkil olunur. Leyla Majeed 13 yaşlı qardaşı oğlu Mohammed ilə qeydiyyatdan keçmək üçün gözləyir. O, yorğun, əsəbi, qəzəblidir. Qardaşı İraqda partlayışda həlak olandan sonra qardaşoğlu ilə birlikdə ölkədən çıxmaq qərarına gəlib. «Yolda o qədər ölən oldu ki… Çox kədərliydi», - o, xatirələrini bölüşür. Majeed-in Almaniya ilə bağlı qurduğu xəyallar ona güc verib. Ümid edib ki, iş, ev tapacaq, 30-dək ailə üzvünü də buraya gətirəcək.

Ancaq altı aydan sonra geri dönür. Deyir, daha burada qala bilmir. Yaşayış şəraiti pisdir, dövlətdən aldığı pul yeməyə çatmır, sığınacaq müraciətləri rədd olunub: «Geri qayıtdığım üçün kədərliyəm. Almaniyada həyata başlamaq naminə bütün pulumuzu xərclədik. İndi üstümdə qara qəpiyim də yoxdur».

Ərbilə uçuş gözləyən 92 qaçqın da Almaniyada oxşar həyat yaşayıb.

Mohammed Mohsen deyir ki, ona ailəsini gətirməyə icazə verməyiblər, yaşayış izni də ala bilməyib. O, Almaniya siyasətçilərinə xitabən deyir ki, «qapınızı qaçqınların üzünə açıb, sonra da onları atmaq yaxşı deyil».

Berlinin Moabit adlanan ərazisində qaçqınlara bilet satan Alla Hadous isə söyləyir ki, biletin qiyməti 295 avro (320 dollardır). «Bəziləri nağd ödəyir, bəziləri isə sonuncu qır-qızılını verir», - Hadous deyir.

XS
SM
MD
LG