-
Gənclərin OxuZalına göndərdiyi yazılardan
"Nə olduğunu anlamırıq, amma hər tərəf solub-saralıb, hamı bərk xəstələnib. Bir yaşıl ot tapmırlar ki, təbib məlhəm hazırlayıb camaatı sağaltsın."
Əfsanə Əliyeva
Sehirli yaylıqlar və papaqlar
(nağıl)
Aylar keçir, il dolanır sehirli sözlər yaranır. Bu sözlərdən ən gözəlin seçərəm, sizə nağıl biçərəm.
Dünyanın uzaq-uzaq bir küncündə kiçik bir şəhərcik var idi. Başqa ölkələrin bu şəhərciyin mövcudluğundan xəbəri belə, yox idi.
Onlar günəşdə yanmaqdan, yağışda islanmaqdan, şaxtada donmaqdan qorunmur, gecənin qaranlığından, gündüzün işığından gizlənmir, torpağın ətrini içlərinə çəkə-çəkə ayaqyalın gəzirdilər.
Ağacları, çiçəkləri, quşları, heyvanları, incitmir, onlara qayğıyla yanaşırdılar. Xəstəliklərdən uzaq həyatsa təbiətin insanlara mükafatı idi. Onlar təbiəti, təbiət isə onları sevirdi. Burada heç vaxt çiçəklər solmur, heç bir şaxta, boran, yağış, qızmar günəş göz oxşayan yaşıllığı soldura bilmirdi.
Bu qeyri-adi şəhərciyin adı ...............
Bir gün şəhərciyə bədbəxtlik üz verdi. Tumurcuq otların arasında oynayanda qəfildən onları yolub yerə tökdü.
İlin bütün fəsillərində qarda, çovğunda yamyaşıl qalan təbiət bu rəftardan bərk incidi. Bir anın içində məmləkətin bütün yaşıllıqları saralıb-soldu. Tumurcuq əməlindən peşman olsa da, artıq gec idi.
Bu zaman Su nənə qamışdan toxunmuş çarpayısında yatmışdı. Onun çarpayısı iki ağacın gövdəsinə bağlanmışdı.
Yaxşı ki, tez oyandı. Daha qurumuş ağacların çarpayını saxlamağa gücü çatmırdı.
Nənə oyananda gördü ki, hər tərəf sapsarıdı. Çox təəccübləndi. Elə bu dəm Tumurcuq gəlib çıxdı. O, çox qorxmuşdu:
-Nənə, nənə mən çox pis iş görmüşəm.
Su nənə:
-Demək, bu sənin işindi!?
-Hə, nənə. Bəs necə anladın?
Su nənə:
-Hər tərəf saralıb-solub, məyər görmürsən!? Min ildir ki, bu obada belə hadisə baş verməyib!
Tumurcuq:
-Nənə, bəs indi nə edək?!
Elə bu zaman Budaq özünü qaranəfəs nənəsinə çatdırdı.
-Nənə, ay nənə, nə olduğunu anlamırıq, amma hər tərəf solub-saralıb, hamı bərk xəstələnib. Bir yaşıl ot tapmırlar ki, təbib məlhəm hazırlayıb camaatı sağaltsın. Bunu eşidən Tumurcuq hönkür-hönkür ağlamağa başladı.
Su nənə:
-Təbiəti incitmişik. Gərək könlünü alaq...
Uşaqdan böyüyə hamı xəstələnmişdi. Ayağa qalxmağa taqətləri qalmamışdı.
Su nənə özü də xəstələnməmiş bir əlac tapmağa başladı. Düşündü:
-Təbiətin ürəyi təmizdir. Tumurcuğun kobudluğundan incisə də, onun uşaq olduğunu, bu əməli bilə-bilə etmədiyini anlayır. Həm də biz də onun bir parçasıyıq. O da bizi sevir. Sevdiklərinin belə zülm çəkməsinə ürəyi dözməz.
Nənə insanın təbiətsiz yaşaya bilməyəcəyini, onun quru otlarının belə, faydalı olduğunu insanlara göstərmək qərarına gəldi.
Gecənin qaranlığında, gündüzün işığında yeddi gün, yeddi gecə quru otlardan yaylıqlar, papaqlar toxudu. Papaqları oğlan uşaqlarına, kişilərə, yaylıqları isə qadınlara, qız uşaqlarına payladı.
Su nənə:
-Papaqları başınıza qoyub, yaylıqları örtüb təbiətdən mərhəmət gözləyin.
Tumurcuq səhvini anlamışdı. Dayanmadan dua edir, çəməndəki sarı otları, çiçəkləri, qurumuş ağacları oxşayır, tumarlayır, onlardan üzr istəyirdi.
Üç gün üç gecədən sonra hamı xəstəlikdən xilas oldu. Hər tərəf əvvəlki kimi yamyaşıl oldu. Hətta Su nənənin toxuduğu papaqlar, yaylıqlar da yaşıllaşmış, çiçək açmışdı.
Bu nağılı oxumuram ki, mışıl-mışıl yatasan, oxuyuram ki, fikirləşib ağıllı yol tapasan.
Nağıl burada bitdi, nağılçı evə getdi. Getdi sözlər əkməyə, yeni nağıl biçməyə.