-
Babək Ağayev
O – il üçün rekviyem
istəyirəm uşaq kimi
atan evə gec gələndə mənə zəng eləyəsən
mən də səni dəstəkdəcə öpüb deyəm:
sən sevin ki, atan evə gec də olsa gəlib çıxır
heç bilirsən neçələri atasızlıqdan darıxır...
neft ucuzlaşır, sevgilim
yəqin yenə gecələri işıqlarımız sönəcək
divə dönəcək çıraqlar masaların ortasında
canları şüşənin ardında alovlandıqca
adamların fikirləri yüz min yerə bölünəcək...
istəyirəm qadın kimi
işdən evə təngnəfəs qaçıb çay dəmləyəsən
atanı xatırlayasan / ağlayasan – hər vaxt gecəli, içkili, artıq ölü
gəncliyini düşünəsən – itirili
bezək bir-birimizdən
çayın altın söndürüb (bir qadının ən kədərli anlarından biridir)
elə o gün evdən çıxıb gedəsən, daha geri gəlməyəsən
mən də səni fikrimdəcə öpüb deyəm:
kaş şərfini bilərəkdən unudaydı...
illər ötə:
dodaqlarının şaquli çatlarının üfüqlərində
öpüşlərimin son işartıları canların tapşıra
fikirlərin xəstələnə: mən çarəsiz məhv olam oralarda
ağlından qatarlar, uzaqlar keçə
yuxuların ağırlaşa:
gözlərinin önündən qırışıq dodaqlar keçə qan dolu...
neft ucuzlaşır, sevgilim
ac olduqca övladları atalar yuxusuzlaşar
adamlar acdıqca qorxusuzlaşar...