Keçid linkləri

2024, 11 Oktyabr, Cümə, Bakı vaxtı 22:13

Armatur zavodunun sakinləri


Foto illüstrasiya
Foto illüstrasiya

-

«Buradan övladlarımın ölüsü çıxdı. Səbəb də səliqəsiz çəkilmış, qəzalı elektrik naqilləri oldu. Halbuki, vaxtında dönə-dönə yalvarmışıq ki, bu xarab naqillər bir gün axırımıza çıxacaq, bir əncam çəkin».

«Qaynar xətt»ə danışan Dərnəgül qəsəbəsində «Elit» Ticarət Mərkəzinin yaxınlığında yerləşən, «3 saylı Evtikmə Kombinatı» kimi tanınan ərazidə məskunlaşmış Xansənəm Həsənovadır.

AZI 200 AİLƏ YAŞAYIR

Sovetlər vaxtı buralar məşhur armatur zavodu olub. Zavod fəaliyyətini dayandırdıqdan sonra köçkünlər köçlərini buraya daşıyıblar. O vaxtdan da keçmiş zavodun ərazisində məskunlaşıblar. Bir müddət əvvəl armatur zavodu işə düşüb. Köçkünlərinsə getməyə yeri olmadığına görə hələ də zavodun qulaqbatıran səs-küyünə qarışıb həyatlarını sürməkdə davam edirlər.

Azı 200 ailənin məskunlaşdığı zavod ərazisindəki daldalanacaqların çoxunun kənarları, üstü kartonla örtülüb.

Xansənəm Həsənova 20 ildən çoxdur burada yaşayır. Şəraitsizlik ötən ilin fevralında bu ailəyə faciə yaşadıb:

«Fevralın 21-dən 22-nə keçən gecə «tok»larda qısaqapanma oldu, oğlum iki uşağıyla dünyasını dəyişdi. İşi də bədbəxt hadisə kimi bağladılar. Ancaq heç kəsi tutub silkələyən olmadı ki, bədbəxt hadisəni ortaya çıxaran səbəb nədir? Əlbəttə ki, «tok»ları vaxtında təzələsəydilər, belə hadisə də olmazdı».

«TOZ-TORPAQ İÇİNDƏ YAŞAYIRIQ»

Zavodun ərazisində yaşayan Səfurə Babayevanın sözlərinə görə, günün 24 saatı zavodun qulaqbatıran səsindən özü əsəb xəstəliyi tapıb, azyaşlı nəvəsi isə eşitmə qabiliyyətini itirib. O, durumlarının dözülməzliyindən danışır:

«Gəlin halımızı görün… Karton evlərdə, zavodun səs-küyündə, toz-torpaq içərisində yaşayırıq. Nə qaz var, nə işıq, nə su…».

Deyirlər, zavod tam gücü ilə işləyir. Bir hissəsində xammal istehsal olunur, digər hissəsində yaşayış var. Sakinlərlə zavodda çalışan fəhlələr bir-birləri ilə mehriban dolanır. Necə deyərlər, bir ailə kimi…

Sakinlərin sözlərinə görə, qəzalı naqillər ayaqlarının altında, başlarının üstündə sarmaşıq kimi dolaşır. Bu naqillər həyatları üçün hər an təhlükə mənbəyidir.

«YAYDA LAP BETƏR OLUR»

Əlvan Hüseynova: «Gündəlik çörəkpulumuzu çıxarmaq üçün mağazaya bənzər bu balaca yeri işlədirəm. Göy-göyərti əkib-satırıq. Günə 10-15 manat ola, ya olmaya... Anamın 80 yaşı var. Nə qaz var, nə də normal işıq. Bir də görürsən, həftələrlə qaranlıqda qalırıq. Qışda qızınmaq ayrı bir problem olur. İşıq olsa, birtəhər «peç»lə günləri yola veririk. İşıq olmayanda da qalırıq belə. Hələ indi təkcə zavod işləyir, nəfəs ala bilmirik. Yayda lap betər olur. Ağcaqanadlar, kanalizasiya problemi, tüstü, havasızlıq öldürür bizi. Boğuluruq, nəfəs ala bilmirik».

Binəqədi rayon İcra Hakimiyyətindən bildiriblər ki, zavod ərazisində məskunlaşan köçkünlərin durumu ilə bağlı Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə məlumat verilib. Məcburi köçkünlərin mənzillə təmin olunmasına Komitə əncam çəkməlidir.

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsindən isə bildirilir ki, məcburi köçkünlərin yeni inşa olunan mənzillərə köçürülməsi mərhələli qaydada həyata keçirilir.

XS
SM
MD
LG