Çörəklə bağlı mühüm qərar
Manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar əhalinin, xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı yanvarın 15-dən etibarən əlavə dəyər vergisindən azad olunub.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bunun nəticəsində unun topdansatış qiyməti əhəmiyyətli dərəcədə azalıb, daşınma xərclərindən asılı olaraq 50 kiloqramlıq 1 kisə unun qiyməti 21 manat 50 qəpiklə 22 manat 50 qəpik arasında, pərakəndə satış qiyməti isə 23 manatla 24 manat arasında formalaşıb.
Unun yeni qiymətinə uyğun olaraq, 500 qramlıq çörək 30 qəpiyə, 700 qramlıq çörək isə 40 qəpiyə satılacaq. Unu və çörəyi göstərilən qiymətlərdən artıq qiymətə təklif edən şəxslərə qarşı ən ciddi məsuliyyət tədbirləri görüləcək.
Bakıda mağazalar, restoranlar bağlanır...
“Qonşu mağazanı dünən bağlayıb getdi. Neyləsin, çatdıra bilmirdi. Bu gedişlə, deyəsən, mən də bağlayacağam”.
Məhəllə mağazasının sahibi Güllü Əliyeva qonşusunun dükanı bağlamasından heyfslənir:
“Manat ucuzlaşandan çatdıra bilmirdi. Yeri də icarəyə götürmüşdü. Gördü borcu xərcini ödəmir, bağladı. Elə məndə də icarədir. İndi həm icarə haqqı vermək, həm də mal gətirib satmaq hər adamın işi deyil”.
Manatın yarıbayarı ucuzlaşmasından əvvəl də şəhərin mərkəzindəki bahalı mağazalar bir-bir bağlanırdı. İkinci devalvasiyadan sonra belə mağazaların sayı artıb. İndi isə həm kiçik ərzaq mağazaları, həm də iri iaşə obyektləri qapısını qıfıllayır. Restoranlar, kafelər, maşın salonları da bağlanan obyektlər sırasındadır.
Bir neçə müddətdir Bakı bulvarında imkanlı təbəqənin baş çəkdiyi Pasifico restoranı bağlanıb. İndi burda əvvəlki hay-küy, əyləncə səsləri qeybə çəkilib. Restoranln telefonları da cavab vermir.
Şəhərin mərkəzində yerləşən başqa bir restoran - Finnegans da bağlanıb. Restoranın saytında yazılıb ki, 17 ildən sonra bu addımı atmağa məcbur qalıblar.
Böhrana görə həbslərin statistikası
Həbsxanada olan jurnalist Xədicə İsmayıl ölkədə iqtisadi böhrana görə etirazlar və həbsləri narahatlıqla izlədiyini deyir. Jurnalist yanvarın 14-də saxlandığı 4 saylı cəzaçəkmə müəssisəsində vəkili Yalçın İmanovla görüşündə deyib ki, böhrana görə həbslərin statistikasını aparmağa başlayıb:
“Xədicə qeyd edir ki, hələlik həbslərin statistikası belədir: bahalığa etiraz edənlər – 55 nəfər, qiyməti artırmaqda ittiham olunanlar 3 nəfər, iqtisadi böhranın əsl səbəbkarları – 0 nəfər” – deyə vəkil bildirir.
Böhranın daha bir əlaməti- kompüter satışı azalıb
2015-ci ildə fərdi kompüterlərin qlobal satışında kəskin azalma olub
“IDC” analitik şirkətinin məlumatına əsasən, ötən il PC-lərin – fərdi kompüterlərin satışı 2014-cü illə müqayisədə 10.6 faiz azalaraq 276 milyon 200 minə düşüb. 2014-cü ildə 308 milyon PC satılmışdı.
2008-ci ildən bəri ilk dəfə 300 milyon ədəddən aşağı satış qeydə alınıb.