Keçid linkləri

2024, 04 Dekabr, çərşənbə, Bakı vaxtı 04:47

"Film çəkmək adıyla yazıq xalqın pullarını oğurlayırıq"


Yılmaz Güney
Yılmaz Güney

-

"Çəkdiyimiz də xalqın həyatından uzaq..."

Tanınmış Türkiyə aktyoru və yazıçı Yılmaz Güneyin həbsxanadan yazdığı yeni il məktubu

On aydır beynimi məşğul edən sual

21 Dekabr, 1972

Maddi-mənəvi, hər şeyin qaynağı xalqdır. Sarayları tikən də, yıxan da odur... Torpağı əkən, biçən, məzarları qazan, ağacları budayan, tarixi yaradan da odur. Hamısı odur... Sənətin yaradıcısı da odur... Xalqdır.

Dəyərləndirmələri bu aspektdən aparsaq, həqiqətlər, yaxşılar öz-özünə ortaya çıxar.

Sənətçi ölkəsinin ictimai-iqtisadi və siyasi zəmnindən kənarda dəyərləndirilə bilməz. Çünki o, xalq və hadisələrin fövqündə deyil. Çünki xalq həqiqətin özüdür. Gerçəyi yaşayan və göstərəndir. Sənətçi ona nə qədər yaxındırsa, onunla nə qədər empatiya qura bilirsə, uğura və həqiqətə o qədər yaxındır.

Ancaq biz bu kasıb xalqın cibindəki bir lirəni da əlindən almaq üçün ildə üç yüz film çəkirik.

Onu aldatmaq, gözünü boyamaq üçün ağla gələn hər cür hekayə uydururuq. Ağlayırıq, gülürük, uçuruq... Krallarımız, kraliçalarımız, fahişələrimiz və əyyaşlarımızla, fokus-pokuslarımızla yazığın cibindən pullarını oğurlayırıq.

Üstəlik, o bir lirəlik filmə, reklamçıya, filmçiyə paylarını verdikdən sonra biz sənətçilərə də yüzminlərcəsi qalır.

Qəzet səhifələrini bəzəyirik hər gün. Binalarımız, avtomobillərimiz, villalarımız... Necə yatıb dururuq, neçə ölçü ayaqqabı geyinir, hansı çiçəyi sevirik. Sevgililərimiz, alfonslarımız, papaqlarımız, ayaqlarımız, ombamız və səfehliklərimiz... Bütün bunları yaşadan bir lirədir və onun qaynağı da xalqdır. Yazıq xalq...

Bütün filmləri bu aspektdən dəyərləndir. Bir lirəyə neçə yalan satırıq?

Bir lirəyə nə düşür? Bir lirəyə görə bir ildə neçə yazıq barlara, meyxanalara və daha da aşağılara düşür? Neçə gənc həbsxanadadır?

Neçə ailə yıxılır? Çünki onlara reallaşması mümkün olmayan yalanlar danışırıq. Bundan canımızı necə xilas edə bilərik?

Necə yaxşı film çəkə bilərik? Xalqımıza necə faydalı olarıq? Elə on aydır ki, beynimi məşğul edən, vuruşduğum sual budur... Necə?

Yeni ilin hamınıza uğur gətirməyini diləyirəm. Salamla...

Tərcümə edən: Leyla Nənə

XS
SM
MD
LG