-
«Yeni İli Vətəndən uzaqlarda qarşıladığımız vaxtları heç unutmaram».
Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına usta qarmonçalan Kamil Vəzirov söylədi.
«KAMİL, BİR «SEGAH» ÇAL TƏBİM GƏLSİN»
«İz» proqramının ilin son buraxılışına qatılan Kamil Vəzirov həmin günü belə təsvir etdi: «Hansı il olduğunu deyə bilmərəm, yadımdan çıxıb. Yeni ili İngiltərədə qarşılayırdıq. Rəşid müəllimin bir adəti vardı (Kamil Vəzirov Rəşid Behbudovun rəhbərlik etdiyi Mahnı Teatrında çalışıb və onunla saysız qastrollara çıxıb - S.İ.): Hamımızı oteldəki otağına yığar, evdə ona bişirilən şirniyyatları tökərdi süfrəyə. İstəyərdi ki, uşaqlar özlərini evlərindəki kimi hiss etsin. Qəşəng stol açardı. Əlavə yeməklər sifariş edərdi. Biz səhərəcən Yeni İli bayram edərdik. Hətta özü də oxuyardı. Mənə deyərdi ki, Kamil, bir «Segah» çal, təbim gəlsin... Rəşid müəllim Azərbaycan muğamlarından çox təsirlənərdi. Muğama qulaq asanda, elə bilirdik muğam oxuyacaq, amma elə mahnı oxuyardı ki, muğama bərabər... O elə dahi sənətkar idi! Xoşbəxtəm ki, onunla 20 il çalışmışam».
«XALQ MAHNILARINI OXUMAQ ÜÇÜN GƏRƏK SƏNƏTKAR OLASAN»
Aparıcının: «Siz qədim xalq rəqslərini toplayıb ifa edən sənətkarsınız. O rəqslərin izinə necə düşdünüz» sualına Kamil Vəzirov belə cavab verdi: «Rəhmətlik atam Səfərəli Vəzirov bunların hamısını ifa edərdi. O həmişə deyərdi ki, qədim rəqsləri çalmağı bacarmayan yeni rəqsləri yaxşı ifa edə bilməz! Çünki təməlimiz bu rəqslərlə qurulub. Muğamatı bilməyən sənətkar necə ifa edə bilər, nə oxuyar, nə yaradar? Bir dəfə mən evdə öz çalğıma qulaq asdım və gördüm ki, çaldıqlarımın içində qədim rəqs yoxdur... Dedim, necə ola bilər ki, mən onları yaddan çıxarmışam? Bunları ifa edib xalqa çatdırmaq lazımdır. Teyyub Dəmirovun, Məmmədağa Ağayevin, atamın lent yazılarına dönə-dönə qulaq asdım və çalmağa başladım. Gördüm ki, bu havaları ifa eləmək nə qədər çətindir... Onları çalmaq üçün peşəkar ifaçı olmaq gərəkdir. Bir dəfə rəhmətlik Yaqub Məmmədovdan soruşurlar ki, ustad, bu cavanlar niyə xalq mahnılarımızı oxumurlar? Deyir, xalq mahnılarını ifa etmək üçün gərək sənətkar olasan».
«ERMƏNİ XALQ RƏQSİ – «TƏRƏKƏMƏ»?!»
Kamil Vəzirov qədim rəqsləri ifa etməyin bir vacib məqamına da diqqət çəkdi: «Bu rəqsləri mən həmişə, hər yerdə çalmışam. Çünki bizim bədxah qonşularımız güdürlər, yaddan çıxardıqlarımızı - hansı çalıb-oxunmursa, - deyirlər bizimdir. Deyirlər ki, erməni xalq rəqsi-«Tərəkəmə». Mən onlara sual vermək istəyirəm ki, sizdə «tərəkəmə» sözü var? Ya «Uzundərə», ya «Qəşəngi»... Bax buna görə biz öz muğamlarımızı, mahnılarımızı, rəqslərimizi hər yerdə ifa etməliyik. Yaddan çıxarsaq, özlərininki eləyəcəklər».
«HƏR ALƏTİN ÖZ ŞAH ƏSƏRİ VAR!»
Aparıcının «Siz ən çox qarmon çalırsınız, ya tar» - sualını Kamil bəy belə cavabladı: «Hər ikisini! O baxır musiqinin hansı ladda yazılmağına. Tar üçün yazılanı tarda çalıram, qarmon üçün olanı qarmonda. Hər musiqinin öz aləti var. Məsələn, «Heyvagülü» ancaq qara zurnanın musiqisidir. Qarmonda deyirlər, bir «Tərəkəmə», bir «Qəşəngi» çal! Ya tarda deyirlər, bir «Segah» çal! Hər bir alətin özünün şah əsərləri var. Atam məni tar məktəbinə qoyub. Böyük ustadlarım olub -Adil Gəray, Ağa Saleh, Əhsən Dadaşov kimi. Amma atam məşhur qarmon ifaçısı olduğundan, evdə həmişə qarmon çalınıb. Qardaşımsa böyük kamançalan olub -Ədalət Vəzirov! - Allah ona rəhmət eləsin. Qarmonu bizim evdə hamı çala bilirdi. Atam rəhmətə gedəndən sonra mən onun xatirəsini yaşatmaq üçün qarmon çalmağa başladım».
«RƏŞİD BEHBUDOV RÜBABƏ MURADOVANIN KONSERTİNƏ GƏLİR...»
Kamil Vəzirov Mahnı Teatrına da elə bir neçə alətdə çaldığı üçün dəvət aldığını söylədi: «Opera teatrında işləyirdim. Konsertlər verirdik. Rəhmətlik Rübabə xanımın ansamblı vardı, mən orda tar, qarmon, piano çalırdım. Sən demə, Rəşid müəllim Rübabə xanımın konsertinə gəlib. Və gəlib görür ki, bir nəfər 4-5 alətdə çalır. Aradan bir-iki gün keçmiş, Rafiq Babayev zəng çaldı ki, Rəşid Behbudov səninlə görüşmək istəyir. Elə bildim mənimlə zarafat edirlər. Ay kişi, Rəşid Behbudov hara, mən hara? Musiqiyə dünən başlamışam... Həyəcanlandım. Gəldim Kukla Teatrına. O vaxt Mahnı Teatrı orda yerləşirdi. Bütün alətlərdə çaldım və Rəşid müəllim mənə dedi ki, hazırlaş, bir aydan sonra ərəb ölkələrinə qastrola gedəcəyik. Yenə elə bildim ki, mənimlə zarafat edir. Amma o gündən - 1973-cü ildən mən Rəşid müəllimin teatrında çalışmağa başladım».
«ÇİYİN-ÇİYİNƏ» - BÖYÜK USTADLA!
Kamil Vəzirov Rəşid Behbudovla çiyin-çiyinə çalışdığını vurğuladı: «Çiyin-çiyinə nəyə görə deyirəm? Çünki biz xarici ölkələrdə konsert verəndə, mən qarmonla qabağa çıxırdım. Rəşid müəllim də çiynini mənim çiynimə dirəyib mikrofonu qarmona tuturdu və mən solo çalırdım... Rəşid müəllim də təbə gəlib oxuyar və həmişə də mənə deyərdi ki, Abşeron ritmləri ilə aranı qızışdır ki, mən ritmlə səhnəyə çıxım. Bu, ustalığın, sənətkarlığın ən yüksək zirvəsi idi. O, akademiya idi...».
«YENİ İL OVQATINA ƏN UYĞUN RƏQS – «QƏŞƏNGİ»DİR!»
Aparıcının: «Bəs Yeni İlə ən yaraşan rəqs hansıdır, bizə hansı rəqsi çalarsınız» sualına Kamil Vəzirov belə cavab verdi: ««Qəşəngi»! Çünki «Tərəkəmə» hər gün çalınır, amma «Qəşəngi» az-az. Bu rəqslərin yaranma tarixi yüzillərlə ölçülür. Bunları yaradanların adı tarixdə qalmayıb. Çalınıb və yayılıb. İndi bayaq adını çəkdiyim ifaçıların ifa etdiklərini çalmaq çox çətindir. Çünki o yol - o çalğı üslubu itib. İndi bizim gözəl tarzənlərimiz, kaman ustalarımız, pianoçularımız var. Amma onlar fundamental yoldan - körpüdən uzaqlaşıblar. Hər kəs təzə yol açmaq istəyir. Təzə yol yoxdur! Yol birdir, amma təzə ifa var! Hərənin öz ştrixi olmalıdır. Sənətkarlıq burdan bəlli olur».
BİR DƏFƏ AĞDAMDA...
Kamil Vəzirov Rəşid Behbudovla bağlı bir neçə xatirəsini AzadlıqRadiosuna bölüşdü: «Heç yadımdan çıxmaz. Bir dəfə Ağdama qastrola getmişdik. Ansamblımızda Tahir Haqverdiyev vardı - tar, gitara çalırdı. Bir gün gəldi ki, Rəşid müəllim, anam hamınızı qonaq çağırır. Qoy bütün Ağdam görsün ki, Rəşid Behbudov bizə qonaq gəlir. Dedi, nolar-gedərik. Konsertdən sonra axşam gəldik onların evinə. Stolun üstündə day nə yeməklər yoxuydu!.. Həm də kotlet var. Rəşid müəllim kotletdən yeyəndən sonra göz vurdu mənə ki, stolun üstündə nə qədər kotlet var, yığışdır. Dedim, niyə? Dedi bundan ləzzətlisi yoxdur burda. Dediyini elədim. Bir də gördük Rafiq Babayev deyir: «A qde kotletı?» (Bəs kotlet hanı? – S.İ.) Onlar hərdən rusca danışırdılar. Rəşid müəllim qayıtdı: «Pişik yedi!..».
BİR DƏFƏ TUNİSDƏ...
«Bir dəfə də Tunis və Əlcəzairdə qastroldayıq. Səhər-səhər dəniz kənarında gəzişirik. Rəşid müəllim gəldi ki, bütün gecəni mənim otağımdan xır-xır səsi gəlib. Yaman narahat oldum. Baba Mahmudoğlu da bizimlə qastroldaydı. Rəşid müəllim qayıtdı ki, ay Baba, birdən ilan-zad olar ha? Qorxuram... Baba dedi, qorxmayın, Rəşid müəllim, burdakılar su ilanıdırlar, sancmırlar. Sən demə, oteldəxırda kərtənkələlər varmış. Otaqda gəzişirmiş. Elə o axşam həmin kərtənkələlərdən biri Babanın otağının içində fırlanmağa başlayır. Rəhmətlik Baba bunu duyunca, qışqırıb qaçır Rəşid müəllimin otağına ki, bizim otaqda da ilan var!.. Rəşid müəllim qayıdır ki, ə, noldu, bəs sən qorxmurdun?..».
BİR DƏFƏ DEHLİDƏ...
«Bir dəfə Hindistanda konsertdən sonra prezident Cəvahir Ləl Nehru bizə banket verdi və sağlıq söylədi. Dedi, mən indi bildim ki, Rəşid Behbudov azərbaycanlı deyil, hindlidir. Rəşid müəllim bunu eşidib etiraz etmək istədi. O yan-bu yana baxdı. Nehru qayıtdı ki, «Reşid»! - hindlilər şirin bir ləhcə ilə onu belə çağırırdılar-Rac Kapur da belə deyirdi, mən ona görə deyirəm ki, sən hind mahnısını hindlidən yaxşı oxuyursan!!!».
Kamil Vəzirovun çalğısı qədər şirin söhbətlərini burdan dinlə.