Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 11:02

Mario Vargas Llosa'nın Nobel nitqi


Mario Vargas Llosa
Mario Vargas Llosa

-

"Başının keçəli işıldayan Pedro babanın da, o çağlarda ədəbiyyat üzrə çalışan insanlara heç bir dəyər verilmədiyi bir durumda, məni bütün gücümlə ədəbiyyat uğrunda çalışmağa çağıran və həvəsləndirən Luço dayının da bu günləri görməsini çox istərdim."

Mario VARQAS YOSA (Llosa)

Nə yaxşı, oxumaq və ədəbiyyat adlanan gerçəklər varmış

(2010-cu ildə Ədəbiyyat Nobeli alanda oxuduğu mühazirə)

Mario Vargas Llosa Nobel mükafatını alarkən. İsveç kralı Karl XVI Gustaf (sağda)
Mario Vargas Llosa Nobel mükafatını alarkən. İsveç kralı Karl XVI Gustaf (sağda)

Oxumağı beş yaşımda öyrənmişəm – ilk müəllimim Boliviyanın Koçabamba şəhərindəki de Lasal məktəbində dərs deyən monax-qardaş Yustinian olub. Oxumağı öyrənməyimi ömrümdə olub-keçmiş olayların içində ən önəmlisi sayıram.

İndi üstündən az qala, yetmiş il keçəndən sonra da, o möcüzənin necə baş verdiyini yaxşı xatırlayıram: kitab səhifələrindəki sözlərin obrazlara çevrildiyi, ömrümü dolğunlaşdırdığı, mənim üçün zamanın və məkanın çərçivələrini dağıtdığı gözlərimin önündən gəlib keçir.

Mən, kitab oxumağa başladığım o illərdə, kapitan Nemo ilə su altında iyirmi min lyö(səksən min kilometr) yol keçib getmişəm, dIArtanyan, Atos, Portos və Aramislə çiyin-çiyinə verib hiyləgər Rişelyenin ağalıq elədiyi dönəmdə onun kraliçaya qarşı törətdiyi yamanlıqların qarşısını almışam, Jan Valjana çevrilib, çiynimdə Mariusun huşsuz bədənini daşıyaraq, Parisin yeraltı çirkab kanalları ilə addımlamışam...

Oxumaq – diləklərimi gerçəkləşdirir, gerçəkliyin özünü də, addım-addım, diləklərimə yaxınlaşdırırdı: oxumağa başlamağımla, mənim kimi kiçik yaşlı bir uşaq üçün, ədəbiyyat adlanan sonsuz bir kainat əlçatan olmuşdu.

Anamın danışdığına görə, ilk “qələm sınaqlarım” oxuduğum kitabların ardını yazmaqla bağlı olmuşdur, görünür, oxuduğum kitabların qəhrəmanlarından ayrılmaq istəmədiyimdən və bu əsərlərin sonluğunu bəyənmədiyimdən, belə bir işə girişibmişəm.

Pablo Neruda
Pablo Neruda

Bax beləcə, özüm də nə elədiyimi sonacan anlamadan, bütün ömrümü belə bir işi görməklə keçirdim: yaşa dolduqca, mənim uşaq ömrümü heyranlıqlar və macəralarla dolduran o olayları da zamanca gələcəyə aparmağa çalışdım.

Bu gün buradakı yığıncaqda anamın da olmasını çox istəyərdim, – bu qadın Amado Nervonun, Pablo Nerudanın şeirlərini oxuyanda göz yaşlarını saxlaya bilməyəcək qədər kövrələrdi – sonra, mənim ilk şeirlərimi öyüb göylərə qaldıran yekəburun, başının keçəli işıldayan Pedro babanın da, o çağlarda ədəbiyyat üzrə çalışan insanlara heç bir dəyər verilmədiyi bir durumda, məni bütün gücümlə ədəbiyyat uğrunda çalışmağa çağıran və həvəsləndirən Luço dayının da bu günləri görməsini çox istərdim.

Bütün ömrüm boyunca belə insanların çevrəsində olmuşam–məni sevən, ürək-dirək verən, sarsıldığım anlarda inam aşılayan bu insanlar, eyzən, arxam-dayağım olublar.

Onların yardımına, bir də sözsüz, özümdə olan biraz tərsliyə, biraz da bəxti gətirməyə arxalanmaqla mən, demək olar, bütün vaxtımı yazıçılığın ehtiraslarına, yaxşılı-pisli öyrəncələrinə və möcüzələrinə həsr eləyə bilmişəm, beləliklə də, yaşamın yamanlıqlarından qaçıb sığına biləcəyimiz, qeyri-adiliklərin adiliklərə, adiliklərin qeyri-adiliklərə çevrildiyi, gözəlliyə xələl gətirən xaosun qovulub çıxarıldığı, dəqiqələrin sonsuzluğa döndüyü və ölümün özünü də adlamağı bacaracağımız, bir sözlə, yaşadığımız dünyadan qat-qat gözəl və üstün olan başqa bir paralel dünyanı yaratmağa çalışmışam.

Yazmaq – heç də sadə bir iş deyildir.

Yazmaq – heç də sadə bir iş deyildir. Yazıya almaq istədiyin olayları sözlərə çevirib kağıza köçürəndə, çox vaxt, düşündüyün ideyaların, yaratmaq istədiyin obrazların solğunlaşdığını görürsən. İstər-istəməz düşünməli olursan: görəsən, onları yenidən necə diriltmək olar?

Görünür, bu yöndə qazandığım az-çox uğurlarım yaxınlığımda, öyrənə biləcəyim böyük ustadların və müəllimlərin olması ilə bağlı olmuşdur. Flober mənə istedadın dəmir intizam və sonsuz dözümlük demək olduğunu aşılamışdı.

Folknerdən – formanın(stil və quruluşun) süjeti necə zənginləşdirə və yüksəldə biləcəyini öyrənmişdim.

Martorel, Servantes, Dikkens, Balzak, Tolstoy, Konrad, Tomas Mann kimi ustadlar mənə: romanın geniş və əhatəli olmasının heç də onun cilalanmış stilindən və düzgün qurulmuş süjet xəttindən az önəmli olmadığını başa salmışdılar.

Jean-Paul Sartre
Jean-Paul Sartre

Sartr mənə: sözün çox böyük təsir gücünün olduğunu, romanın, pyesin və hekayənin bəlli məqamlarda və yerinə düşən dönəmlərdə tarixi inkişafın gedişini belə dəyişməyə yetik olduğunu anlatmışdı.

Abert Camus
Abert Camus

Kamyu ilə Oruelldən–mənəvi dəyərlərə arxalnamayan ədəbiyyatın insana gərək olmadığını, Malrodan–insanlar arasında bugün də, arqonavtların yaşadığı çağlarda olduğu kimi, qəhrəmanlıq ənənələrinin yaşadığını və onların tərənnümü üçün “İlliada” və “Odisseya” kimi eposlara gərək duyulduğunu öyrənə bilmişdim.

Mən indi bu çıxışımda öz yaradıcılıq uğurlarıma görə borclu olduğum bütün böyük və kiçik yazıçıların adını sadalamağa başlasaydım, onda onların üstümüzə düşən kölgələri bu salonu qaranlığa bürüyərdi. Onları saymaqla qurtarmaq olmaz.

Onlar təkcə elə öz hekayəçilik bacarıqlarının sirlərini mənimlə bölüşməmişdilər, habelə, məni, insanı bütün dərinliklərinəcən araşdırmağa yönəltmiş, onun igidlikləri ilə öyünməyə, yaramazlıqlarından çiyrinməyə alışdırmışdılar.

Bu yazarlar mənim ən yaxşı dostlarım olmuşdular, onların kitablarından – ən ağır durumlardan belə, çıxış yolu tapmaq olduğunu öyrənmişdim və onlar mənə belə bir düşüncə də aşılaya bilmişdilər: ən azından, öz diləklərimizə uyğun gələn olayları düşünüb yarada və onlardan bizədək yaradılıb ortalıqda olanlarını oxuya bilmək üçün, yaşamağa dəyər.

William Faulkner, 1950
William Faulkner, 1950

Zaman-zaman belə düşüncələrə qapıldığım da olmuşdur: görəsən, mənim ölkəm kimi, oxucuların çox az olduğu, insanların böyük çoxluğunun yoxsulluq içində yaşadığı, savadsız qaldığı, bunca ədalətsizliklərin hökm sürdüyü və mədəniyyətin ancaq tək-tük adamların əli çatan bir üstünlüyə çevrildiyi yerlərdə yazıçılıq sənəti–öz kimliyini subyektiv mülahizələrlə bəzəyib ortaya çıxarmaq kimi görünən–yersiz bir davranış deyilmidir?

Ancaq bu şübhələr məni öz yolumdan sapdıra bilməmişdi: vaxtımın olduqca böyük bir kəsimini dolanışıq üçün sərf eləməli olduğum dönəmlərdə də, yazmaqdan əl çəkməmişdim.

Bununla doğru bir yol tutduğumu düşünürəm, birdən, keçmişlərdən başlayaraq, ədəbiyyatın inkişaf eləməsi və yayılması üçün insanların yüksək mədəniyyət səviyyəsinə, azadlıqlara, yaxşı dolanışığa və ədalətli sosial quruluşa gəlib çıxacağını durub gözləsəydilər, onda heç bugünkü toplumlar da yerli-dibli olmayacaqdı.

Ancaq ədəbiyyatın qazana bildiyi uğurlara, onun bu yolda doğura bildiyi şüura, ilhamlandıra bildiyi diləklərə və umacaqlara, onun bizi səyahətə apardığı gözəlliklərlə dolu fantaziya yurdundan gerçəkliyə qayıdanda keçirdiyimiz sarsıntılara görə, bugünkü sivilizasiya–gerçəklikləri ilk olaraq özlərinin uydurmaları ilə insanlaşdırmağa başlayan nağılçıların yaşadığı çağlardakı kimi amansız deyildir.

Oxuduğumuz yaxşı kitablar olmasaydı, biz indi olduğumuzdan qat-qat pis adamlar olardıq–yaşamın pisliklərinə asanlıqla alışardıq, yan-yörəmizdəki yamanlıqlara görə rahatsız olmazdıq, insana yaraşmayan yola sürüklənəndə daha üzüyola olardıq, ən başlıcası isə, bizdə–bütün tərəqqilərin lokomotivi olan şübhələrə qapılmaq duyğusu heç olmazdı.

Oxumaq da, elə yazıçılıq kimi, yaşamın çatışmazlıqlarına qarşı dirəniş göstərmək deməkdir. Biz öz təxəyyülümüzün gücü ilə yaşamda tapa bilmədiklərimizi axtaranda, bunu ucadan səsləndirməsək də və sonacan qavramasaq da, belə bir çağırışa hay vermiş oluruq: yaşadığımız həyat insan varlığının özülündə dayanan mütləq istəklərin yanğısını söndürə bilmir və insana yaraşan həyat indi oduğundan qat-qat yaxşı olmalıdır.

Əlimizdə yalnız bir ömrü yaşaya bilmək imkanı olsa da, biz öz fantaziyalarımıza azadlıq verməklə, yaşamaq istədiyimiz çoxlu başqa ömürləri də yaşaya bilirik.

Təxəyyülümüz olmasaydı, onda biz yaşamın ağırlıqlarına dözə bilməyimiz üçün başlıca stimul olan azadlıq duyğusunun dəyərini də qat-qat az qavraya bilərdik, habelə, tiranların, ideologiyaların və dinlərin tapdaladıqları həyatın necə bir cəhənnəm əzabı olduğunu da yetərincə anlaya bilməzdik.

Niyə bütün o rejimlər ədəbiyyatdan belə bərk qorxurlar, ona qarşı belə amansız senzuralar qoyurlar və onlar nədən, azad yazıçılardan çəkinir, onların hər addımını izləyirlər?

Ədəbiyyatın insanları yalnız gözəllik və xoşbəxtliklə bağlı diləklərə bağladığını düşünənlər, onun insanı əzən və alçaldan bütün formaların qorxulu olduğu ilə bağlı bizi bilgiləndirdiyinə inanmayanlar, qoy özlərindən soruşsunlar:

nə üçün insanların doğulandan ölənəcən olan bütün ömürlərini öz buyuruqları altında saxlamaq istəyən bütün rejimlər ədəbiyyatdan belə bərk qorxurlar, ona qarşı belə amansız senzuralar qoyurlar və onlar nədən, azad yazıçılardan çəkinir, onların hər addımını izləyirlər?

Onların belə davranışlarının niyəsi, təxəyyülün azad şəkildə kitab səhifələrində dolaşmasının necə qorxulu olduğunu anladıqlarına görədir, onlar bu gerçəyi də çox yaxşı bilirlər:

oxucu yazıçı “uydurmalarını” gerçək yaşamla tutuşduranda və burada duyub bəyəndiyi azadlıqlara çatmaq üçün yaşamdakı tərəqqiyə qarşı olan qorxunc durumdan qurtuluşun başlıca çıxış yolu olduğunu düşünməyə başlayanda, bu oxuduqları onu necə bir üsyana gətirib çıxara bilər.

Yazıçı özündən hansısa bir tarix uyduranda – onun bunu istəməsindən və anlamasından asılı olmayaraq – insanlar arasında narazılıq toxumu səpməyə başlayır: axı o, yaşadığımız həyatın yarımçıq və yarıtmaz olduğunu, fantaziyalarda qurulan həyatın isə bu, gündəlik yaşadığımız həyatdan qat-qat gözəl və bitkin olduğunu göstərir.

Birdən, bu dediyimiz fakt vətəndaşların şüurunda kök salsa və onlar bu gerçəkliyi bütün dərinliyi ilə qavramağa başlasalar, onda kimlərinsə onları öz çirkin oyunlarının oyuncağına çevirməsi də çox çətin olacaqdır və belə insanlar qazamat barmaqlıqları arxasındakı yaşamın dinc və yaxşı olduğu ilə bağlı danışılan jandarm və dustaq nağıllarına daha az inanmağa başlayacaqlar.

Yaxşı ədəbiyyat xalqlar arasında körpü salır, aramızda olan dil, inanc, öyrəncəlik, ənənə və başqa bu kimi anlaşılmazlıqlara baxmayaraq, bizi, birlikdə sevindirə, qüssələndirə, təəcübləndirə bilməyi ilə, birləşdirməyi bacarır.

Böyük bir ağ balina kapitan Axavanı suyun dərinliklərinə çəkib aparanda oxucuların hamısının ürəyini eyni bir qorxu bürüyür və bu səhnə, oxucunun Tokiodamı, Limadamı, yoxsa da Timbuktudamı yaşamasından asılı olmayaraq, hamıya eyni cür təsir eləyir.

Lev Tolstoy
Lev Tolstoy

Emma Bovari mərgümüş içəndə, Anna Karenina özünü qatarın altına atanda, Jyulen Sorel cəllad kötüyünün qoyulduğu meydançaya qalxanda, Borxesin “Güney” əsərindəki şəhərli Xuan Dalmann meyxanadan küçəyə, onu əlində bıçaqla gözləyən qatilin yanına çıxanda, Komal (Pedro Paramonun doğulduğu kənddir) sakinlərin hamılıqla öldürüldüyü bəlli olanda, oxucuların hamısı–onların Buddaya, Konfutsiyə, İsa Məsihə, Allaha inanmasından, yaxud da onların özlərini aqnostik saymalarından asılı olmayaraq, habelə, onların kostyum geyib qalstuk taxmasından, burnus, kimono və ponço geyməsinə baxmayaraq, – oxuduqlarından eyni dərəcədə sarsılır və diksinirlər.

Ədəbiyyat qardaşlıq və doğmalıq, habelə ayırımçılıq və fərdiyyətçilik doğurur, insanlar arasındakı anlaşılmazlıqlardan, ideologiyalardan, dinlərdən, dillərdən və bir sıra başqa dardüşüncəliklərdən yaranmış bütün sərhədləri söküb dağıdır.

Çox əski çağlardan qalma yaramaz düşüncələrlə yaraqlanan bu məxluqların inancına görə, onlar başqalarını öldürməklə birbaşa cənnətə düşürlər.

Hər bir çağın öz kabusu olur. Bizim çağımız – fanatiklərin, özünü partlatmaqla başqalarını öldürən terrorçuların epoxasıdır:

çox əski çağlardan qalma yaramaz düşüncələrlə yaraqlanan bu məxluqların inancına görə, onlar başqalarını öldürməklə birbaşa cənnətə düşürlər, günahsız insanları qırğına verməklə öz tayfalarının aşağılanmasının öcünü alırlar, öz qanlı savaşları ilə ədalətsizliyi aradan qaldırır, yalançı inamların yerinə gerçək bir inam gətirmiş olurlar.

Hər gün, dünyanın bütün yerlərində, saysız-hesabsız insanlar – doğruluğun ən ilkin qaynağından bilgiləndiklərini düşünən iyrənc adamların əli ilə öldürülürlər.

Totalitar imperiyalar dağılanda biz, daha bundan sonra, həyatımızda bir harmoniyanın hökm sürəcəyinə, dünyada barışın, plüralizmin və insan haqlarının oturuşacağına inanırdıq, bir də heç vaxt Holokostun, soyqırımların, başqa ölkələrə basqınların və qanlı savaşların olmayacağını düşünürdük, habelə, bütün bu yamanlıqların keçmişdə qaldığını sanırdıq.

Ancaq hər şey gözlədiyimizin tərsinə oldu. İndi yaşadığımız dünyada, fanatizmdən ilhamlanan barbarlığın yeni formaları çiçəklənməyə başlamışdır, eləcə də, biz gərək bu gün, kütləvi qırğın silahlarının yayılmağa başlamasının, haçansa bir ovuc “xilaskarların” dünyanı nüvə qiyamətinə gətirib çıxara biləcəyini də unutmayaq.

Biz onların planlarını pozmalı, onlara qarşı dirənməli və onları yenməliyik. Onlar sayca çox deyildirlər, ancaq buna baxmayaraq, törətdikləri cinayətlər bütün dünyanı bürüməkdədir və onların aşılamağa çalışdıqları qorxu bizim hamımızı sarsıtmağa başlamışdır.

Gərək kimlərinsə, bizi qorxudaraq, sivilizasiyanın keçdiyi tarixi inkişaf yolunda qazandığımız azadlıqları əlimizdən almasına yol verməyək.

Biz liberal demokratiyanı qorumağa borcluyuq: özünün bütün çatışmazlıqlarına baxmayaraq o, yenə də, plüralizm, dinc yanaşı yaşamaq, qarşılıqlı dözümlük, insan haqları, tənqidə sayğı ilə yanaşmaq, qanunilik, azad seçkilər, hakimiyyətlərin dinc yolla dəyişdirilə bilməsi kimi dəyərlərin daşıyıcısı olaraq qalmaqdadır və bu dəyərlər insanlığı, onun vəhşiliklərindən ayırmaqla, arzuladığımız gözəl və ideal yaşama addım-addım yaxınlaşdırır.

Doğrudur, insana yaraşan belə bir ideal yaşam bugünkü dünyada əlçatmazdır, indilikdə bizi ona ancaq ədəbiyyat yaxınlaşdırır, o, bu ideal dünyanın təsvirlərini kağıza köçürməklə, insanların bu yazıları oxuması ilə, bizləri bu ideal dünyaya qovuşmağa çağırır. Qatil-fanatiklərə qarşı dirəniş göstərməklə biz, həm də diləklərimizlə bağlı düşünmək hüququmuzu və onların gerçəkləşməsi imkanlarını qorumuş oluruq.

Gəncliyimdə mən də, o çağın gənc yazıçılarının çoxu kimi, marksist dünyagörüşünə bağlanmışdım və sosializmin bütün dünyada, o sıradan mənim yaşadığım Latın Amerikası kimi “üçüncü dünya ölkələrində” də, getdikcə güclənən istismarı və sosial ədalətsizliyi bütünlüklə aradan qaldıracağına inanırdım.

Dövlətin və kollektivləşmənin başlıca önəm daşıması düşüncəsinin yanlış olduğunu anlayıb bu ideyadan daşınmağım, liberal və demokrat olmaq istəyinə qapılmağım, habelə, bu yolun yolçusu olmağım, çox uzun və ağır çəkən bir çevrilişdən sonra baş tutmuşdu.

Mənim bu dəyişilməyim yavaş-yavaş baş vermişdi və bunun niyələrindən biri də, çox böyük coşqunluqla qarşıladığım Kuba inqilabından sonra buradakı hakimiyyətin sovet diktatura modelinə keçməsi olmuşdu; tikanlı məftillərlə çəpərlənmiş dustaq düşərgələrindən qaçmağı bacarmış dissidentlərin danışdıqları da mənim dünyagörüşümün dəyişilməsində öz işini görmüşdü;

Karl Popper
Karl Popper

Varşava Müqaviləsində birləşmiş ölkələrin Çexoslovakiyaya basqın etməsi də bu sıradan olub, mənim sosializmə olan baxışlarımın dəyişilməsinə təsir eləmişdi;

habelə, Raymon Aron, Jan-Fransua Revel, İsayya Berlin Karl Popper kimi böyük düşüncə ərlərinin dünyagörüşümə göstərdiyi təsirlər də demokratik mədəniyyətə və açıq topluma olan münasibətimin dəyişilməsində böyük rol oynamışdı.

O dönəmdə, qərb aydınlarının, az qala hamılıqla, yüngülbeyinliliyə və siyasi baxımdan dardüşüncəliliyə qapılaraq, sovet sosializmi tipinin, – bir çoxlarının isə bundan da pisinin: Çində başlayan qanlı “mədəni inqilab” ideyalarının – cazibəsinə düşdüyü bir çağda bu böyük düşüncə ərləri uzaqgörənlik və igidlik örnəyi göstərərək, belə yanlışlara qarşı sözlərini dedilər və insanları bu ziyanlı ideologiyadan çəkindirmək üçün var gücləri ilə çalışdılar.

Paris
Paris

Uşaqlıq çağlarımdan başlayaraq, haçansa Parisə gedib orada yaşamağı çox arzulamışdım, mən fransız ədəbiyyatının vurğunu idim və belə düşünürdüm:

orada yaşasam, Balzakın, Stendalın, Prustun nəfəs aldıqları havadan udsam, onda mən də onlar kimi böyük yazıçı ola bilərəm, ancaq Peruda yaşayası olsam, yalnız dar çevrələrin yazıçısı olaraq qalacağam.

Doğrudan da, mən Fransa və onun mədəniyyətindən çox dəyərli dərslər almışam: onlardan biri də ədəbiyyatın təkcə ilhamla bağlı olmadığı, elə onun qədər də intizamdan, əməkdən və inadcıllıqdan asılı olduğunu öyrənməyim olmuşdur.

Andre Malraux, yazıçı, vaxtilə Fransanın Mədəni Əlaqələr naziri olub
Andre Malraux, yazıçı, vaxtilə Fransanın Mədəni Əlaqələr naziri olub

Mən Fransada yaşamağa başlayanda hələ Sartrla Kamyu yaşayır və yazıb yaradırdılar, İonesko, Bekket, BatayÇoranın ad-san qazandıqları çağlar idi, Brextin dramutirgiyasının, İnqmar Berqmanın filmlərinin, Lan Viların Milli xalq teatrının, Jan-Lui Barronun “Odeona” teatrının, “yeni dalğa” və “yeni roman” deyilən ədəbi cərəyanların, Andre Malronun parlaq çıxışlarının ortalıqda olduğu, Avropanın ən gözəl tamaşalarından birinin – “ildırımsaçan” general de Qollun mətbuat konfranslarının və çıxışlarının davam elədiyi bir dönəm idi.

Perudan bir mənzərə
Perudan bir mənzərə

Ancaq Fransaya daha çox Latın Amerikasını mənə tanıtdığına görə, sayğılıyam.

Mən burada Perunun – tarixlə, coğrafiya ilə, ümumi sosial-siyasi problemlərlə, bəlli yaşam tərzi ilə, danışıb-oxuyub-yazdıqları çox gözəl bir dillə birləşən azman bir insan toplumunun bir parçası olduğunu anlamışdım.

O illərdə bu toplum yeni, çox güclü bir ədəbiyyat yaratmağa başlamışdı. Mən Fransada Borxesin, Oktavia Pasın, Kortasarın, Qarsia Markesin, Fuentesin, Kabrerin, İnfantenin, Rulfonun, Onettinin, Karpenyerin, Edvardsın, Donosunun və başqa çoxlu yazıçıların əsərlərini oxumuşdum.

Onların əsərləri ispandilli ədəbiyyata yenilik gətirdi və bu yazıçıların sayəsində Avropa və dünyanın başqa bölgələri Latın Amerikasını yaxından öyrəndilər, habelə, buranı: təkcə elə dövlət çevrilişləri ilə hakimiyətə gələn təlxəyəbənzər diktatorlara, saqqallı partizanlara, marakas adlanan nağaraya, mambo və ça-ça-ça rəqslərinə görə deyil, həm də ideyalara, bədii formalara, təkcə elə ekzotik bir dildə deiyil, həm də ümumi insanlığın anladığı bir dildə danışan obrazlara görə tanıdılar.

Oçağlardan bugünə kimi Latın Amerikası, yanlışlıqlar və uğursuzluqlarla üzləşməklə olsa da, çox böyük bir inkişaf yolu keçmişdir, ancaq buna baxmayaraq, Sesar Valexonun bir şeirində dediyi kimi: “hay, hermanos, muchisi moquehacer” (“qardaşlar, hələ nə qədər çox görüləsi işlərimiz var”).

İndi bizdə diktator rejimlərin sayı çox azalıbdır – Boliviya və Nikaraquadakı kimi oyunbaz-populist, qondarma-demokratik sistemləri saymasaq, diktatura yalnız Kubada və özünü onun varisi elan eləmiş Venesuelada qalmışdır.

Materikin başqa ölkələrində isə demokratiya artıq işləkdir, bizim bölgənin tarixində ilk dəfə, Braziliyada, Çilidə, Uruqvayda, Peruda, Kolumbiyada, Dominikan Respublikasında, Meksikada, demək olar, bütün Orta(Mərkəzi) Amerikada, istər sağ, istərsə də solyönümlü siyasətçilər qanunun aliliyinə, tənqid azadlığına, hakimiyyətin seçki yolu ilə dəyişdirilməsinə sayğı ilə yanaşırlar.

Bu, çox doğru bir yoldur və Latın Amerikası bu yoldan yayınmasa, habelə, korrupsiya adlanan xəstəliyin törədicisi olan yolxucu həşaratlara qarşı yetərincə savaşa bilsə və dünyaya inteqrasiya olunmaq yolunu davam elətdirsə, onda o, “gələcəyin kontinenti” olmaqdan çıxıb, indinin kontinentinə çevriləcəkdir.

Mən özümü heç vaxt Avropada – sözün düzü, elə dünyanın başqa yerlərində də–yadelli saymamışam.

Harada yaşamısamsa – Parisdə, Londonda, Barselonada, Madriddə, Berlində, Vaşinqtonda, Nyu-Yorkda, Braziliyada, Dominikan Respublikasında – özümü doğma evimdəki kimi hiss eləmişəm. Mən harada olmuşamsa, çox keçmədən, özümə hansısa bir “mağarada” yer eləyib, səssizlik içində yaşamağa, işləməyə, yenilikləri öyrənməyə, yeni arzulara qapılmağa, dost qazanmağa, yeni kitablar və süjetlər yaratmağa çalışmışam.

Mənə elə gəlir, bilərəkdən, “bütün dünyanın vətəndaşına” çevrilməyim məni öz kökümdən ayırmamış, doğma yurdumdan uzaqlaşdırmamışdır – bugün də, ana yurdum Peruda yaşayarkən görüb-götürdüklərim, bir yazıçı kimi, yaradıcılığımın başlıca qaynağı olaraq qalır və mənim əsərlərimin başlıca konusudur, bu əsərləri Perudan uzaqlarda yazsam belə, bu həmişə belə olmuşdur.

Mənim düşüncəmə görə, uzun bir müddətdə doğulduğum ölkədən qıraqda yaşamağım onunla doğmalıq bağlarımı daha da möhkəmlədir, onu biraz da yaxşı görməyimə kömək eləyir və bu durumun doğurduğu nisgilli duyğular, olub-keçənlərin içindən başlıca olanları önəmsiz olanlarından seçib ayırmaqla, doğma yerlərlə bağlı xatirələrimə yaşarılıq verir.

Öz doğma yurdunu sevmək: bütün başqa sevgilərdə olduğu kimi, üzərinə öhdəlik götürməklə yaranmır, bu, ürəyin təbii bir istəyi ilə baş verir və sevgililəri, uşaqlarla valideyinləri, dostları biri-biri ilə qovuşduran bir olay kimi ortaya çıxır.

Peru həmişə mənim ürəyimdədir, burada doğulduğum üçün, böyüdüyüm üçün, uşaqlığımın və gəncliyimin: mənim kimliyimi, nəçiliyimi üzə çıxaran sınaq illərini burada yaşadığım üçün, bu, belə də olmalıdır, mən burada sevginin, nifrətin nə olduğunu öyrənmişəm, sevinmişəm, ağrı-acılar yaşamışam, gələcəyə olan diləklərimi qurmuşam.

Burada baş verənlər dünyanın bütün başqa yerlərindəki olaylara baxanda məni daha çox həyəcanlandırır, kövrəldir və kədərləndirir. Yurdumla bağlı yaşadığım bu duyğular mənim iradəmdən, istəyimdən asılı deyildir – onlar təbii olaraq doğulurlar.

Peruda hakimiyyətdə olan sonuncu diktatura dönəmində mən, dünyanın demokratik ölkələrini bu rejimə qarşı diplomatik və iqtisadi sanksiyalar qoymağa çağıranda ölkəmin bir sıra insanları məni satqınlıqda suçlamışdılar, ancaq dünyanın harasında olmasından və hansı formanı seçməsindən asılı olmayaraq, bütün diktator rejimlərə qarşı münasibətim belə olmuşdur:

Mario Vargas Llosa oxucularla
Mario Vargas Llosa oxucularla

istər Pinoçet, ya da Kastro olsun, istər Əfqanıstandakı taliblər, İrandakı imamlar, CAR-dakı aparteid, istərsə də indi Myanma adlanan Birmadakı ordu generalları olsun, mən onların hamısına qarşı eyni kəskin baxışlarımı sərgiləməkdən çəkinməmişəm.

Nə taleyin, nə də peruluların buna bir də yol verə biləcəklərinə inanıram, ancaq birdən, sabah mənim ölkəm burada oturuşmağa başlayan kövrək demokratiyanın yox olmasına gətirib çıxaracaq hansısa dövlət çevrilişinin qurbanı olsa, mən yenə də belə bir addım atmaqdan çəkinməyəcəyəm.

Mənim bu davranışım heç də, hər şeyi özlərinin dardüşüncəliyi ilə dəyərləndirməyə alışmış, bir sıra qarayaxa yazarcıqların düşündüyü kimi, incik bir adamın tələsik və emosional hərəkəti sayıla bilməz.

Mənim qəti inamıma görə, diktatura – istənilən ölkə üçün mütləq bir şər deməkdir, qaniçənliyin və korrupsiyanın qaynağıdır, onun insan toplumlarına vurduğu yaralar çox dərin və gec sağalan olur, o, millətin gələcəyini zəhərləyir, insanları, bir neçə gələcək nəsillərin də qurtula bilmədiyi, yaramaz vərdişlərə alışdırır, demokratik inkişafı yavaşıdaraq gecikdirir.

Ona görə də, diktator rejimlərinə qarşı, heç bir tərəddüdə yol vermədən, əlimizdə olan bütün imkanlarla, o sıradan iqtisadi sanksiyalarla da vuruşmaq gərəkdir. Ancaq neyləyəsən, necə acınacaqlı olsa da, çox vaxt demokratik dəyərlərin daşıyıcısı olan Qərb ölkələru bu işdə örnəkverici ola bilmirlər, onlar Kubadakı “Ağgeyimli xanımlar” təşkilatı, Venesuela müxalifəti, Aun San, Su Çji, Lyu Syabo kimi, diktaturalara qarşı qətiyyətlə dirəniş göstərənlərə dayaq durmaq yerinə, bir də görürsən, onlara bu ağrı-acıları yaşadan diktatorların üzünə irişir, onlara yalançı sayğılarını sərgiləyirlər.

Ancaq nə baş verməsindən asılı olmyaraq, gərək bunu da unutmayaq: diktaturalara qarşı savaş açan bu qorxmaz insanlar, azadlıq uğrunda döyüşməklə, elə bizim hamımız üçün çalışırlar.

Mənim yurddaşım Xose Mariya Arqedas Perunu: “bütün qanların qarışığından yaranan insanların ölkəsi” adlandırmışdı. Məncə, bundan da yaxşı bir tərif tapmaq mümkün deyildir. Biz doğrudan da beləyik və bunu istəyib istəməməsindən asılı olmayaraq hər bir perulunun varlığında: ənənələrin, irqlərin və inancların çoxsaylı qatışıqları vardır.

Mən böyük bir qürur duyğusu ilə özümü ispanların buralara gəlişindən öncə yaranmış mədəniyyətin varisi sayıram:

lələklərdən paltar toxuyan Naska və Parakas uluslarının, gözəl keramika örnəkləri dünyanın ən böyük muzeylərində qorunub saxlanılan moçikalıların və inklərin, Maçu-Pikçu, Çimun, Çan-Çan, Kuelap, Sipan şəhərlərini, El-Bruxo, El-Mol və La-Luna kurqanlarını tikib qurmuş xalqlar nə yaratmışlarsa bunların hamısına dəyərli bir miras kimi yanaşıram; ispanlar bu ölkəyə at belində, əldə siyirmə qılınc tutaraq gəlsələr də, Peruya Yunan, Roma, yəhudi-xristian ənənələrini, İntibah dönəminin dəyərlərini, Servantesi, Kevedonu, Qonqoru və dəmir cingiltisinə bənzər, ancaq sonradan And dağlarının havası ilə yumşalan, Kastiliya dilini gətirmişdilər.

İspaniya ilə birgə buraya Afrika da ayaq açmış, özünün fiziki güc örnəyi ilə, coşqun musiqisi və qaynar təxəyyülü ilə Perudakı rəngarəngliyi biraz da dolğunlaşdırmışdı.

Jorge Luis Borges
Jorge Luis Borges

Biraz da dərinə getsək, Perunun, Borxesin bütün dünyanı minatür bir şəkildə sığışdıra bildiyi “Alefi” ilə eyni olduğunu görəcəyik. Bu ölkənin gözəlliyi onun ayrıca bir kimliyinin(identikliyinin) bəlli olmaması ilə ölçülür, axı burada bütün kimliklər biri-birinə qovuşaraq bütöv bir kimlik yaratmışlar!

Düzdür, Amerikanın işğalı, bütün başqa işğal faktları kimi, çox qanlı və amansız bir olay kimi baş vermişdi və bu qaniçənlik, sözsüz, qınanmalıdır.

Ancaq bu yanaşmalarımızda biz çox vaxt önəmli bir faktı unuduruq: bu çapqınçılıq və cinayətlərdə suçlu olanlar–Amerikaya üzüb gələn və sonradan burada amerikalı yaşam tərzini qəbul eləyən bizim babalarımız və ulu babalarımızdır, bura gəlməyi istəməyən ispanların bu törədilən işlərdə heç bir suçları yoxdur.

Belə qınaqların düzgün olması üçün biz gərək bu işdə əli olmayanları yox, özümüzü qınayaq. Axı iki yüz il öncə, biz İspaniyadan ayrılıb onun keçmiş müstəmləkəsində müstəqil dövlətlər quranda da hindilərə azadlıq vermədik, bu çağacan olan ədalətsizliyi aradan qaldırmadıq, onları, yadelli işğalçıların elədiyi kimi, eyni acgözlük və iyrəncliklə istismar eləməkdə davam elədik, bir sıra ölkələrdə isə yerli əhalini ya büsbütün, ya da qismən qırmaqla məşğul olduq.

Sözü birbaşa və bütün çılpaqlığı ilə desək: iki yüz il ərzində, bizim və yalnız bizim borcumuz olan, hindilərin azad olunması kimi insanlıq vəzifəmizi yerinə yetirmədik. Bu soru bugün də bütün Latın Amerikasında öz həllini tapmamışdır və bu bizim hamımız üçün utanmazlıq və biabırçılıq sayılmalıdır.

İspaniyanı Perudan az sevmirəm və mənim ona olan sayğılarım da, onun qarşısında olan borcum qədər çox böyükdür. Birdən

O qaranlıqda taleləri üzlərinə gülməyən çoxlu yazıçılar öz istedadlarını haçansa gələcək nəsillərin dəyərləndirəcəyinə ümid bəsləyərək, belə bir zəif arqumentlə, özlərini ovundururlar.

İspaniya olmasaydı, mən heç vaxt bu tribunada, sizin qarşınızda dayanmayacaqdım, haçansa adlı-sanlı ədəbiyyatçı ola bilməyəcəkdim və mənim işi düz gətirməyən çoxlu peşə yoldaşlarım kimi, qaranlıqda qalacaqdım.

O qaranlıqda taleləri üzlərinə gülməyən çoxlu yazıçılar bugün də çətinliklər içində yaşayırlar: ödüllər almır, kitabları çap olunmur, çap olunanda da oxunmur və onlar öz istedadlarını haçansa gələcək nəsillərin dəyərləndirəcəyinə ümid bəsləyərək, belə bir zəif arqumentlə, özlərini ovundururlar.

Mənim bütün kitablarım İspaniyada işıq üzü görüb və mən burada layiq olduğumdan qat-qat artıq dəyərləndirilmişəm desəm yanılmaram, yazdıqlarımın tanınmasında və öz oxucusunu tapa bilməsində isə dostlarım Karlos Barralın, Karmen Balselsin çox böyük əməkləri olmuşdur.

Bundan başqa, İspaniya, Peru vətəndaşlığımı itirmək qrxusu yarananda, mənə yardım əli uzadıb ikinci vətəndaşlıq vermişdi. Mən perulu ola-ola cibimdə ispan pasportu gəzdirməkdə heç vaxt qeyri-təbii bir şey görməmişəm və həmişə İspaniya ilə Peruya bir medalın iki üzü kimi baxmışam, habelə, bu təkcə elə mənim şəxsimə yanaşmada belə deyildir, bu ölkələr tarix, dil və mədəniyyətcə də bir özülün üstündə dayanmışlar.

İspan torpağında yaşadığım bu uzun illər boyu, ən çox, 70-ci illərin başlanğıcında, coşqun bir sevgi ilə vurulduğum Barselonada yaşadığım beş ili daha aydın və işıqlı duyğularla xatırlayıram.

General F.Franco
General F.Franco

Onda Frankonun diktaturası hakimiyyətdə idi və hakimiyyət hələ də insanlara güllə atmaqda davam edirdi, ancaq bütün bunlara baxmayaraq, bu diktatura artıq paltarı cındırlaşmış çürük bir mumiyaya dönmüşdü – o, artıq topluma, ən çox da mədəniyyət sahəsinə, nəzarət eləməyi bacarmırdı.

Onun ucaltdığı və xalqı içində dustaq kimi saxlamaq istədiyi divarda çatlar və yarıqlar yaranmışdı və artıq senzura da bunun qarşısında dayanmaqda aciz idi, beləliklə də, bu işıq ucu görünən çatlardan və yarıqlardan ispan toplumuna yeni ideyalar, kitablar, fəlsəfi cərəyanlar sızmağa başladı və indiyədək, bir qorxunc kabussayağı, yasaq qoyulmuş yeni ədəbi dəyərlərin və formaların da bu topluma gəlmək üçün yolu açıldı.

İspaniyanın heç bir başqa şəhəri bu liberallaşmanın başlamasından Barselona qədər yaxşı və yetərincə yararlana bilməmişdi və onlardan heç biri burada olduğu kimi ideya və yaradıcılıq yüksəlişini yetərincə yaşaya bilməmişdi.

Barselona İspaniyanın mədəni paytaxtına çevrilmişdi: ölkənin havasına qarışmaqda olan azadlığa canatma qatqısını duymaq, onunla nəfəs alıb canlanmaq, azadlıq uğrunda savaşda güc toplamaq üçün gərək bu şəhərdə yaşayaydın.

Hansısa anlamda bu şəhər elə Latın Amerikasının da mədəni paytaxtına dönmüşdü: Latın Amerikasından olan çoxsaylı rəssamlar, yazıçılar, naşirlər və artistlər ya daimi olaraq burada yaşayır, ya da çox tez-tez buraya gəl-get eləyirdilər: o çağlarda, siz yazıçı, şair, rəssam, bəstəkar olmaq istəyirdinizsə, gərək bu şəhərdə yaşayaydınız.

Mənim üçün bu illər dostluq və yoldaşlıq elədiyim gözəl insanlarla, tapdığım yeni süjetlərlə və məhsuldar yaradıcılığımla unudulmazdır.

Paris kimi, Barselona da “Babil qülləsinə” oxşar bir yer idi: bura, kosmopolit, ümumbəşəri bir şəhər olmaqla, insanı yaşamağa və işləməyə ruhlandırırdı, burada, Vətəndaş müharibəsindən sonra ilk dəfə, İspaniyadan və Latın Amerikasından olan yazıçıların qardaşlığı yaranmışdı, bunun qaynağı isə onların eyni bir ənənəyə, eyni diləklərə və eyni bir inama bağlı olmasında indi: onlar hamılıqla diktaturanın sona yaxınlaşdığını və yaradılacaq yeni, demokratik İspaniyada mədəniyyətin başlıca rol oynayacağını bilirdilər.

İspaniyanın diktaturadan demokratiyaya keçidində gözləntilərimizin hamısı sonacan doğrulmasa da, ancaq bu olay yaşadığımız epoxa üçün gözəl bir örnək idi, sən demə, sağlam düşüncə ilə ağıl üstünlük qazananda və siyasi rəqiblər ümumi manafe naminə biri-biri ilə didişmələrdən əl çəkəndə, “magik realizm” stilində yazılan romanlarda olduğu kimi, yaşamda da insanı ağgünlü eləyən möcüzələr yarana bilərmiş.

İspaniyanın avtoritarizmdən azadlığa, geriçilikdən çiçəklənməyə, “üçüncü dünya” ölkələrinə xas olan iqtisadi təzadlardan və bərabərsizliklərdən–özülündə “orta sinifin” dayandığı topluma gedən yolu, onun Avropaya inteqrasiyası və demokratikləşmə mədəniyyətini qısa bir zaman içində qavraya bilməsi, bütün dünyanı heyrətə gətirdi və bu, elə İspaniyanın özü üçün də yararlı oldu, onun modernləşməsini daha da yeyinləşdirdi.

Bütün bu baş verənləri yaxından izləyə bilməkdən, çox vaxt bu olayların birbaşa içində olmaqdan, mən də çox şeylər öyrənə bildim və o illərdə çoxlu həyəcanlı anlar yaşadım. Mən, çağdaş dünyamızın, eləcə də İspaniyanın, qorxulu xəstəliklərindən biri olan millətçiliyin, bu gözəl nağılın yaxşı bir sonluqla bitməsinin qarşısını ala bilməyəcəyinə ürəkdən inanıram.

Millətçilyin bütün formalarına–bu, istər məhəlli ideologiyaya(daha çox dini baxışlara), istərsə də daralınlığa və burnunun ucundan uzağı görməməyə arxalansın–nifrətlə yanaşıram.

Millətçilik intellektin çevrəsini daraldır, etnik və irqi dardüşüncəliliyə arxalanan yanlış inanclar doğurur, axı o, insanlığın ən yüksək dəyərlərinin, mənəvi və idraki üstünlüklərinin, büsbütün təsadüfi olan, haradasa doğulmaqla bağlı olan faktorlardan asılı olduğunu irəli sürür.

Dini baxışlarla yanaşı, millətçilik də tarixdə ən qanlı qırğınların səbəbi olmuşdur–baş vermiş iki dünya müharibəsi də, indi Orta Doğuda(Yaxın Şərqdə) baş verən qanlı qırığınlar da, millətçiliyin törətdiyi fəlakətlərdir.

Bugün Latın Amerikasında özünü göstərən “balkanlaşma” adlanan prosesi – milli zəmində baş verən qanlı savaşları, çəkişmə və didişmələri törədən ən böyük amillərdən biri də, elə bu millətçilikdir, ona görə də, buradakı ölkələrdə məktəblər, kitabxanalar, xəstəxanalar tikməkdənsə, astronomik rəqəmlərlə ölçülən məbləğdə pulları silah almağa xərcləyirlər.

Zorakılıq toxumu səpən dargözlü millətçiliyi və “gəlmələrə” öcəşən yerliçiliyi patriotizmlə qarışdırmaq olmaz, patriotizm–doğulduğumuz, ulu babalarımızın yaşadığı, ilk diləklərimizin yaranmağa başladığı, bizə doğma olan təbiətin və landşaftın yaddaşımızda canlanıb yalqızlığımızı qovduğu, bizim üçün sevimli olan insanların yaşadığı, dəyərli olayların baş verdiyi yerlərə, gözəl və nəcib duyğularla bağlanmaqdır.

Vətən–təkcə elə bayraq, himn və böyüklüyü danılmaz olan qəhrəmanlarla bağlı simvollardan ibarət deyildir, bura–bir parça torpağın və onda yaşayan insanların öz varlığı ilə bizim xatirələrimizdə nisgil yarada bildiyi yerdir, habelə, dünyanın harasında olsaq da, qayıda biləcəyimiz doğma evimizin olduğunu andırıb ürəyimizi qızdıra bilən bir dəyərdir.

Mario Vargas Llosa, 1982
Mario Vargas Llosa, 1982

Peru mənim üçün–doğulduğum, ancaq heç vaxt yaşamadığım Arekipa şəhəri deməkdir, mən bu şəhəri anamın, babamla nənəmin, xalalarımın nisgillə dolu xatirələtrindən tanımışam, axı mənim ailə ocağım bütünlüklə buradan olub köklü arekipalılardır və onlar hara köçüb getsələr də, bu “Ağ şəhəri” də öz ürəklərində daşıyıb aparmışlar.

Peru mənim üçün Piyura adlanan, səhranın ortasında yerləşən, meskit ağacları ilə çevrələnmiş şəhər məhəlləsi deməkdir, buranın–yerlilərin qüssəli bir nəvazişlə “ikinci ayaq” adlandırdıqları–cəfakeş eşşəklərini də yaxşı xatırlayıram və mən bu şəhərdə uşaqları ailələrə leyləklərin gətirmədiyini, onları kilsənin ölümcül suç saydığı bir işi görən kişi ilə qadın cütlərinin yaratdığını da öyrənmişdim.

Bu şəhər mənim üçün San-Migel məktəbi və ilk qısa pyesiminin tamaşaya qoyulduğu “Varyete” teatrı ilə də doğmadır.

Limanın Miraflores rayonundakı Dieqo Ferre və Kolum küçələrinin tinində yerləşən “xoşbəxt məhəllə” adlandırdığımız yer də kövrək xatirələrimin qaynağına çevrilmişdir: mən burada qısa uşaq şortumu yeniyetməlik şalvarımla dəyişmiş, birinci siqareti çəkmiş, rəqs eləməyi, sevməyi və sevdiyim qızlara öz ürəyimi açmağı öyrənmişəm.

Bura, tozlu-torpaqlı, enerjilərin qaynayıb daşdığı “La Cronica” qəzetinin redaksiyası deməkdir və mən onaltı yaşım olanda, qələmimlə yaraqlanıb, ilk dəfə, bu yerdə jurnalist kimi döyüşə atılmışam və bu peşə ədəbiyyatçılıqla yanaşı mənim bütün ömrüm boyu davam eləyən snətimə dönmüşdür, bu sənətin yardımı ilə bütün ölkələrdən və siniflərdən olan çoxsaylı qadınlar və kişilərlə görüşmüş, onların arasında qarşılaşdığım olduqca gözəl və yaxşı insanlarla yanaşı, habelə, pis və qorxunc adamlarla da üzləşmişəm, beləliklə də, oxuduğum kitablarla yanaşı, həm də, bu sənətin köməyi ilə dünyanı bütün dolğunluğu ilə tanıya bilmişəm.

Bura, mənim oxuduğum Leonsio Prado adına Hərbi akademiyanın olduğu yerdir və mən burada oxuyanda Perunun, heç də, içinə qapanıb qorxusuz və qayğısız yaşamaqda olduğum orta sinifin kiçik bir “qalasından” ibarət olmadığını, buranın çox böyük, qədim və yamanlıqlarla dolub daşan, bərabərsizliyin və başqa çoxsaylı ictimai tufanların hökm sürdüyü bir ölkə olduğunu öyrənmişdim.

Bura, mənim də qatıldığım, “Kaxide” təşkilatının gizli özəyi ilə də yadımda qalır, biz, San-Markos universitetinin bir ovuc tələbəsi burada dünya inqilabını başlatmaq üçün gizlin planlar qurur, onun gerçəkləşdirilməsi yollarını tapmaq üçün gecə-gündüz çalışırdıq.

Bundan başqa da, Peru – üç il ərzində, ara verməyən terror aktlarının baş verdiyi, elektrik işığının tez-tez kəsildiyi bir durumda, siyasi qətllərin baş alıb getdiyi bir dönəmdə, “Azadlıq uğrunda hərəkat” adlanan təşkilatdan olan dostlarımla birlikdə, yurdumuzda demokratiya və insan azadlıqlarının yaradılması uğrunda vuruşduğumuz yerdir.

Peru mənim üçün, uzaq əmiuşağım olan, körükburunlu və tərs xasiyyətli Patrisiya deməkdir və bəxtim üzümə güldüyü üçün, mən qırx beş il bundan öncə onunla evlənə bilmişdim: o isə, bugünəcən də, mənim yekəbaşlığıma, nevrozlarıma, məni yazmağa yönəldən sayagəlməz şıltaqlıqlarıma və qıcıqlanmalarıma dözüb dayanmaqdadır.

O olmasaydı, mənim ömrüm çoxdan yaşamın burulğanlarında batıb gedərdi, habelə, Alvaro, Qonsalo, Morqan kimi üç oğlum və ömrümüzü uzadan və sevinclərə bürüyən altı nəvəmiz də dünyaya gəlməzdilər. Onun əlindən hər şey gəlir və o bunların hamısını çox yaxşı bacarır.

O, qarşıya çıxan problemləri yerindəcə həll eləyir, ev təsərrüfatını yönətir, bütün qarmaqarışıqları aradan qaldırıb düzənləyir, mənim vaxtımı qoruyur, görüşlərim və səyahətlərimlə bağlı qərarlar verir, yol çantalarımı yığışdırıb qablaşdırır və bu qadın çox böyük bir ürək yiyəsi olduğundan, onun qınaqları da mənim üçün komplimentə çevrilir, baxın, onun mənə dediyi sevimli sözlərindən biri belə səslənir:

Mario Vargas Llosa bir kitab sərgisində, 2009
Mario Vargas Llosa bir kitab sərgisində, 2009

“Mario, sən elə ancaq yazmağı bacarırsan!”

Ancaq gəlin yenə də ədəbiyyatdan danışaq. Uşaqlıq cənnəti deyilən həyat mənim üçün kitablardan öyrəndiyim bir mif deyil, gerçək bir yaşam olmuşdu, mən özümün xoşbəxt uşaqlıq çağlarımı Koçabamba şəhərindəki, çoxsaylı qohum-qardaşların birgə yaşadığı, üçeyvanlı böyük bir evdə keçirmişdim, burada öz dayı və xala uşaqlarımla birgə Tarzanın və Salqarinin qəhrəmanlarının macəraları üzərində qurduğumuz oyunlarımızla əylənmişdik və buranın qızmar və ulduzlu yay gecələrində Pyure məhəlləsinin: çardaqlarında yarasaların yuva qurduğu evlərinin qarşısındakı ağacların səssiz kölgəliklərinə sığınmışdıq.

O illərdə yazıçılığım da ailəmin öyündüyü, alqışlarla qarşıladığı, cazibəli bir uşaq oyunu idi, onlar özlərinin atasız böyüyən nəvələrinə, bacısı uşaqlarına, qol-qanad verməyə çalışardılar, axı mənim atam ölmüşdü və göylərə köçüb orada yaşayırdı.

O, hərbi-dənizçi forması geyinmiş, ucaboylu, yaraşıqlı bir kişi idi və onun bu fotosu mənim yataq otağımdakı gecə stolunun üstündə özünə yer eləmişdi: yatmazdan öncə mən bu şəkilə baxıb onun üçün dua eləyər, sonra da onu öpərdim.

Ancaq günlərin birində anamdan məni sarsıdan bir xəbər eşitdim, – mənə elə gəlir, bu xəbərdən duyduğum sarsıntı indiyədək də sovuşmayıbdır – sən demə, mənim şəklinə səcdə elədiyim o senyor ölməyibmiş. Həm də, biz anamın bu xəbəri mənə çatırdığı gün, Lima şəhərinə, onunla birgə yaşamağa yola düşməli idik.

Onda mənim onbir yaşım vardı və o andan başlayaraq mənim ömrümdə hər şey kökündən dəyişildi. Mən artıq öz uşaqlıq bakirliyimi itirmişdim və o gündən sonra yalqızlığın, böyüklərin üzərimdə olan ağalığının, yaşa dolmağın və qorxunun nə demək olduğunu anlamağa başlamışdım.

Məni düşdüyüm bu sıxıntılardan və darlıqlardan kitablar qurtarırdı, bir macəranın o birisini əvəz elədiyi bu kitabları oxduqca, gözəl və ürəyəyatımlı bir dünyaya düşürdüm, beləliklə də, itirdiyim azadlıq və xoşbəxtliyimi yenidən qazanmış olurdum. Həm də yazırdım, özü də bu işi gizlində, sözə sığmayan bir yasaqlıq duyğusuna qapılaraq görürdüm.

Artıq ədəbiyyat mənim üçün oyun deyildi. O, mənim üçün düşdüyüm çıxılmaz durumlara qarşı göstərdiyim dirənişlərə, etirazlara, üsyana, dözülməz acılardan qurtulmaq üçün çıxış yoluna çevrilmiş, ömrümün anlamına dönmüşdü.

O çağlardan indiyədək, hər dəfə, sıxıntı və sarsıntılar duyduğum anlarda, bütün bu duyğular birləşərək dözülməzlik həddinə çatanda, hekayəçilik əməyi deyilən dənizə baş vurub onun dərinliklərinə dalmışam və o mənim üçün tunelin sonunda görünən işığın yönünü göstərən məsləhətçiyə, batan gəmidən suya tullanaraq, sahilədək üzə biləcəyim: son ümid yeri olan bir taxta parçasına çevrilmişdir.

Baxmayaraq, bu, qan-tər tökməli olduğun çox ağır bir işdir, habelə, bütün yazıçılarda olduğu kimi, burada duyğuların iflic olmaq həddinə yaxınlaşması, təxəyyülün quraqlığa düşüb saralıb-solması kimi ağrılı durumlarla da üzləşirsən, ancaq mən başqa heç bir işi görəndə buna bənzər bir həzz almamışam, – aylarla və illərlə, olduqca ağır əməklərə qatlaşaraq, ən ağlagəlməz qaynaqlardan götürülmüş materiallardan “qurulan” tarixlərə doğruluq donu geyindirirsən, keçmişin saxlanclarından götürülmüş obrazları yenidən bugünə gətirib onlara təpər verirsən və sənin coşqunluğunla gözüaçıqlığın, bir yağışlı buluda dönüb, cücərməkdə olan bu hekayə çəmənliyini suvarmağa, onu axar-baxarlı bir seyrangaha çevirməyə başlayır.

Gustave Flaubert
Gustave Flaubert

Flober deyirdi: “Yazıçılıq həyat tərzidir”. Düz də deyirdi, doğrudan da, yazıçılıq–illüziyaların, sevinclərin, od-alovların və qığılcımların başınıza töküldüyü bir həyatdır, siz bu həyatınızda ələkeçməz sözlərin arxasınca düşüb onları tora salmağa və əhliləşdirməyə çalışırsınız, bu həyatınızda, sakini olduğunuz bu böyük dünyada yaşamaqdan doğulan düşüncələrinizi doyurmaq və yaratdığınız tarixlərin getdikcə artan və ölçüyəgəlməz iştahının tələblərini ödəyə bilmək üçün ova çıxırsınız, ovunuzu gecə-gündüz axtarırsınız, pusqu qurursunuz və onu ələ keçirməyə çalışırsınız.

Romanın doğulmasında, boyuna uşaq düşən və onu doğub-bəsləyən qadının keçirdiyi durumlara çox böyük bir bənzərlik vardır.

Romanın doğulmasında, boyuna uşaq düşən və onu doğub-bəsləyən qadının keçirdiyi durumlara çox böyük bir bənzərlik vardır: burada da hamiləlik çağının başgicəllənmələri olur, dölün bir sıra mərhələlərdən keçib öz gerçək formasına düşməsi baş verir:

personajlar tərpəşməyə başalayır, sonra hərəkət eləyirlər, doğulub böyüməyə: düşünməyə, duymağa başlayırlar, özlərinə qayğı və diqqət tələb eləyirlər, artıq onları nəyəsə məcbur eləmək və azadlıqlarını əllərindən almaq olmur, onları zorla nəyəsə sürükləyəndə isə bu onların ölümünə və danışılan olayın inandırıcılığını itirməsinə gətirib çıxarır, – ilk romanımı yazanda yaşadığım bu sehirli duyğular, bugün də, yeni romanlarımı yazmağa başlayanda eyni güclə bütün varlığıma hakim kəsilir.

Bu parlaq duyğuların yaratdığı heyranlığı mən, vurğunu olduğun gözəl bir qadınla, günlərlə, həftələrlə və aylarla çəkən, doymaq bilmədiyin bir sevişməyə bənzədirəm.

Ədəbiyyatdan danışanda onun formalrından biri olan romana çox diqqət ayırıb, ancaq onun başlıca formalarından biri olan dramurtigiyadan çox az danışdım. Bu, sözsüz, çox böyük bir ədalətsizlikdir.

Arthur Miller, 1987
Arthur Miller, 1987

Dram – ədəbiyyat dünyasında mənim ilk sevgim olub, mən bu sənətə, ilk gəncliyimdə, Limanın Sequra teatrında Artur Millerin “Gəzərgi alverçinin ölümü” dramına baxanda vurulmuşdum və görünür, bu tamaşa emosiyalarımı çox bərk coşdurduğundan, onun təsiri ilə çox keçmədən, böyük bir qızğınlıqla, inklərlə bağlı bir pyes yazmağa girişmişdim.

Birdən, ötən yüzilliyin 50-ci illərində Limada teatrla bağlı qaynar ədəbi mühit olsaydı onda mən romançı yox, dramaturq olacaqdım. Ancaq belə bir mühit olmadığından, mən hekayəçilik formalarına üz tutmağa gəlib çıxdım.

Bütün bunlara baxmayaraq, mənim teatra olan sevgim sönmədi: o, qıvrılaraq romanlarımın kölgəsində mürgüləyir hər dəfə məni sarsıdan gözəl bir teatr tamaşası görəndə başını qaldırıb məndə nisgilli bir cazibə duyğusu yaradırdı.

Ötən yüzilliyin 70-ci illərində, yüz il yaşamış böyük nənəm Mamae ilə bağlı xatirələr mənə dinclik vermirdi, bu qoca qadın ömrünün son illərində yalqızlığa çəkilib yanyörədəki gerçək yaşamla bütün ilişkilərini qırmış və özünün keçmiş xatirələri və fantaziyaları ilə təkbətək qalmışdı, onun bu çox ilginc davranışı məndə onunla bağlı olan bir əsər yazmağa həvəs oyatmışdı.

Mən bu əsəri yazmaq istəyinə düşən kimi, onun bir teatr əsəri kimi daha uğurlu alına biləcəyini anlamışdım, doğrudan da, biri-birinin ardınca sıralanıb keçən xəyalları bütün parlaqlığı və dərinliyi ilə göstərmək üçün teatr səhnəsi ən əlverişli yer idi.

Mən bu pyesi yeni başlayan yazarlara xas olan bir çəkingənliklə yazmışdım və onun, Norma Aleandronun baş rolu oynadığı səhnə tamaşasını görəndə çox gözəl duyğular yaşamışdım, elə yaşadığım bu duyğuların gözəlliyi də, məni bir neçə dəfə, roman və hekayələrimi yazandan sonra yaranan boş vaxtlarımda, bu janrda da yazmağa gətirib çıxarmışdır.

Bunu da deməyin yeridir: mənim yetmiş yaşımda, bir aktyor kimi səhnəyə qalxıb, orada rol oynaya biləcəyim yatsam yuxuma belə, girməzdi. Bu dəliliyə oxşayan macəraçılıqla mən, bütün ömrü boyu başqa insanlarla bağlı düşünülmüş tarixlər yaradan birisinin indi özünün bir neçə saat ərzində bu obrazlardan birinə çevrilib onu tamaşaçılara tanıtmasını sınaqdan keçirməli olmuşdum. (davamı aşağıda)

Mənə bu gözəl anları yaşadan dostlarım: rejissor Xuan Olleyə və aktrisa Aytane Sançes-Qoxona, – belə bir fantastik təəsüratları onlarla birlikdə yaşamağa məni inandıra bildiklərinə görə – yetərincə təşəkkür eləyə bilmək üçün söz tapmağa çətinlik çəkirəm (baxmayaraq, mən bu işə qoşulanda çox böyük qorxu duyğusu yaşamalı olmuşdum).

Ədəbiyyat – uydurma həyat təsvirləri üzərində qurulmuşdur, ancaq buna baxmayaraq, o bizə, içində olduğumuz bu yaşamı daha yaxşı anlamaqda, doğulduğumuz, yaşadığımız və ölməli olduğumuz bu labirintdə düzgün yönləri tapmaqda çox böyük yardım göstərə bilir.

O, yaşadığımız gerçəkliyin qarşımıza çıxardığı uğursuzluqlardan yaranan sarsıntıları adlaya bilmək üçün əlimizdən tutur, habelə, insan varlığını dərkolunmaz bir yaradılış sirri sayan böyük çoxluğun bu sirri anlamasına da yol açmış olur – onun bu köməyi, ən çox, şübhələri inamını üstələyən, o biri dünyanın varlığına inanan, insanın fərdi yoxsa kollektiv varlıq olduğunu anlamaq istəyən, insan ruhunun və dünyanın mahiyyətinin anlamlı, yoxsa anlamsız olması ilə bağlı baş sındıran insanların, başqa sözlə desək, rasional bilikləri oturuşmayan və dünyanın mahiyyətini anlamaqda gəlib dalana dirənən insanların işinə də çox yarayır.

Mario Vargas Llosa
Mario Vargas Llosa

Danışıq dilinin yenicə yaranmağa başladığı, ulu babalarımızın biri-biri ilə yenicə danışmağa başladıqları və demək olar, onların heyvanlardan çox az fərqləndikləri o uzaq çağlarda: mağaralarda, tonqal başında dövrə vurub oturaraq, dünyanın anlaşılmaz qorxuncluqları ilə üz-üzə dayanan:

ildırımdan, göy gurultusundan, yırtıcıların nəriltisindən üşənən insanların arasından müxtəlif tarixlər düşünüb bunu başqalarına danışmağa başlayan şəxslərin ortaya çıxmasını xatırlayanda mən, insanlar arasında yaranmağa başlayan bu “yeniliyi”, heyranlıqla anmaya bilmirəm.

Bu, biz insanların taleyində həlledici dönüş yaradan anlardan biri idi, beləliklə də, bir yerə toplanmış bu ibtidai insanların arasında, ovsunlayıcı bir səslə və yaradıcı fantaziya ilə yaraqlanmış kimlərinsə müxtəlif tarixlər qoşub danışmağa başlaması ilə sivilizasiya da yaranmağa başlamışdı – onun keçdiyi uzun bir yol isə yarım-vəhşi varlıqları insanlara çevirmiş, şəxsiyyətin azadlığı ideyasının yaranmasına gətirib çıxarmış, daha sonra insanların, qəbilənin içində hökm sürən sürüləşmədən ayrılıb fərdiləşməsinə yol açmış, elmi, incəsənəti, qanunları, azadlıqları doğurmuş, bizi–təbəti, insan bədənini, kosmosu bütün dərinliklərinədək öyrənməyə yönəltmiş, ulduzlara uçmaq arzumuzu gerçəkləşdirməyə başlamışdır.

Bu nağıllar, təmsillər, miflər, əfsanələr, dünyanın tapmacaları və gizlinləri qarşısında qorxu duyan insanların qarşısında, ilk dəfə, bir tilsimli musiqi kimi səslənəndə, ürəyə sərinlik gətirən bir su təsiri bağışlamışdı, bu yeniliklər–varlığın anlamını yeməkdə, təbiətin şıltaqlarından sığınacaq axtarmaqda, öldürməkdə və cinsi ilişkilərdə olmaqda görən və daimi bir qorxu içində yaşayan adamların ruhunun yuyulub təmizləndiyi dup-duru suyu olan bir gölə bənzəyirdi.

Onların, bu ilhamlı hekayəçilərin, danışdıqlarının təsirindən insanların hamılıqla arzulara qapılması və bu arzularını biri-biri ilə bölüşməyə başlaması anlarından başlayaraq, artıq bu insanlar “fələyin çarxı” deyilən asılılıqdan və onun doğurduğu bayağı yaşamdan ayrılmağa can atırdılar, insanları kütləşdirən gündəlik qayğıların yaratdığı burulğandan qırağa çıxmağa başlayırdılar.

Onların ömrü diləklərlə, insani həzzlərlə, fantaziyalarla dolmağa başlamışdı və bu da, insanın yaşamında, çərçivələrdən qırağa çıxmaqla bağlı inqilabi bir dönüş yaratmışdı, bütün insanlıq dəyişilməyə, yetkinləşməyə, öz arzu və istəkləri uğrunda döyüşməyə başlamışdı, onların dünyanı öyrənməyə, onun tapmacalarını açıqlamağa yönələn maraqlarına arxalanaraq, öz təsəvvürlərində yaratmağa başladıqları dünya insanların yaxşılığa doğru dəyişilməsinin ilk qaynağı oldu.

Bu arasıkəsilməz proses yazının ortaya çıxması ilə biraz da zənginləşdi, bundan sonra hekayələr təkcə elə dinlənilməklə yox, oxunmaqla da yayılmağa başladı – onlar ədəbiyyata çevrildilər və deməli, əbədilik qazandılar.

Ona görə də, yeni yaranan nəsil bunu qavrayanadək, bu sözləri dönə-dönə, yorulmadan təkrarlamaq zərurəti vardır: ədəbiyyat – əyləncədən artıqdır, ağlın məşq etdirilməsi yolu ilə təkmilləşdirilməsindən də üstündür, o, duyğuların coşqunluğunu və tənqidi ruhu doğuran bir əməldir.

Sivilizasiyanın yaşaması üçün onun varlığı zəruridir, o, bizdə olan ən yaxşı insani keyfiyyətləri yeniləşdirir və qoruyub saxlayır.

Mario Vargas Llosa
Mario Vargas Llosa

Ədəbiyyatın varlığını zəruri edən amillərdən biri də, insanlığın yenidən özünütəcrid vəhşiliyinə qapılmasının və mütəxəssislərin həyatı öz praqmatizmlərinə gömməsinin qarşısını almaqdır, bu mütəxəssislərə gəlincə, onlar dünyadakı nəsnələri ayrı-ayrılıqda, bütün dərinliyinədək öyrənib araşdırsalar da, ancaq bununla yanaşı olaraq, bu nəsnələri içində olduqları bütövlükdən ayırır, onları doğuran və gələcəyə yönəldən səbəbləri gözdən qaçrırılar, bax bu yerdə ədəbiyyat işə qarışmalı, onları və onların tərəfdarlarını bu yanlışlardan çəkindirməli olur.

Ədəbiyyatın gördüyü işlərdən biri də, bizi, özümüzə qulluq eləmək üçün yaratdığımız maşınların köləsinə çevrilməkdən qurtarmaqla bağlıdır.

Ədəbiyyat olmasaydı, yaşadığımız dünyada diləklər və ideallar da olmazdı, dünya insan öcəşkənliyinin və avtomatların ağalığı altına düşərdi, insanın özünü başqasının və başqalarının yerinə qoymaq kimi, ideallar və arzular doğuran bacarığı da olmazdı və bununla da, insanı insan eləyən dəyərlər də ortalıqda olmazdı.

Mağaralardan göydələnlərə, dəyənəkdən kütləvi qırğın silahlarına, qəbilə həyatının yeknəsəqliyindən qloballaşma epoxasına gəlib çıxan bəşəriyyətdə ədəbiyyat–insan təxəyyülünün məhsulu olaraq–insanın təcrübəsini artırmağa xidmət göstərdi, bizi arxayınçılıq yuxusuna dalmağa qoymadı, qəzavü-qədərin köləsi olmaqdan və özümüzə qapılıb qalmaqdan qurtardı.

Ədəbiyyatın gücü ilə yaranan və gerçək yaşamımıza qatılan “yalançı” yaşam qədər heç nə bizim dincliyimizi poza, xəyal və diləklərimizi coşdura bilmir, biz ədəbiyyatın uydurduğu bu “yalançı” dünyada, yaşadığımız gerçəklikdə heç vaxt əlimizin çatmadığı:

ağlagəlməz macəraların qəhrəmanlarına, böyük ehtirasların yiyələrinə çevrilirik.

Ədəbiyyat – uydurmalar üzərində qurulsa da, onun bu “gözəl uydurmaları”, dəyişilməyə can atan, diləklərə yoluxan və öz təxəyyülünün gücü ilə boz-bulanıq gerçəkliyə şübhə ilə yanaşan biz oxucuların düşüncə və duyğularında yaşayan bir doğruluğa çevrilir.

Ədəbiyyatın ovsunlayıcı xüsusiyyəti də vardır və o, bu özəlliyi ilə bizi əlimiz çatmayanlara yetişə biləcəyimizə inandırır, bizi olduğumuzdan üstün kimliyə qovuşdura bilir, insanları, varlığı gerçək yaşamda mümkün olmayan bir kimliyə çevirir və bu durumda biz özümüzü çoxtanrılı dinlərdə olan tanrılar kimi: eyni zamanda həm ölümlü, həm də ölümsüz saymağa başlayırıq, ədəbiyyat bizə, bütün igidliklərin kökündə dayanan imtina və üsyançılıq ruhu aşılayır və bununla da insanlar arasındakı münasibətlərdə özünü göstərən zorakılığı azaldır.

Mən burada, aradan qaldırır yox, azaldır sözünü işlətməli oluram, axı, insanlığın tarixi, xoşbəxtlikdən, həmişə davam edəcək və bitməyəcəkdir. Ona görə də, gərəkdir bizi gələcəyə yönəldən diləklərlə yaşayaq, oxuyaq və yazaq – belə bir ömür isə, ölümün qaçılmaz olduğu yaşamımızı yüngülləşdirmək üçün tapa bildiyimiz ən önəmli bir yoldur, bununla biz zamanın aşındırma özəlliyini yenirik və mümkün olmayanları gerçəkləşdirə bilirik.

Stokholm, 7 dekabr 2010-cu il.

Rus dilindən Araz Gündüz çevirib.

XS
SM
MD
LG