Keçid linkləri

Təcili xəbərlər
2021, 02 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:13

Azərbaycan xəbərləri

Ombudsman baş prokurorluğa müraciət edib

Elmira Süleymanova

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova bir qrup Nardaran sakinindən daxil olan ərizə əsasında Baş Prokurorluğa müraciət edib.

Bu barədə APA-ya Ombudsman Aparatından məlumat verilib.

Aparatdan bildirilib ki, Ombudsman Baş Prokurorluğa bildirib ki, Nardaran hadisələrdə saxlanan şəxslərin ailə üzvlərinin onlar barədə məlumat almaq istəyir.

Ombudsman Aparatı bununla bağlı qanuna uyğun olaraq digər zəruri addımlar atılacağını bildirib.

Bütün xəbərləri izləyin

Nazir İsveçə gedib

C.Bayramov

Bu gün, dekabr 1-də Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Stokholma yola düşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, səfər çərçivəsində C.Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) xarici işlər nazirlərinin iclasında iştirak edəcək. Eyni zamanda, onun ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

ATƏT Nazirlər Şurasının 28-ci iclası 2-3 dekabr 2021-ci il tarixlərində İsveçin paytaxtı Stokholmda keçirilməlidir.

İllik görüş xarici işlər nazirləri üçün Avro-Atlantik və Avrasiya məkanında təhlükəsizlik vəziyyətini, eləcə də təşkilatın fəaliyyətini bütün sahələrdə nəzərdən keçirmək, qiymətləndirmək imkanıdır.

Prokurorluq: Helikopterin qəzaya uğramasında kənar müdaxilə istisna olunur

Helikopter. Foto arxiv

DSX rəisi: ‘Helikopter demək olar yenidir’

Bu gün, noyabrın 30-da baş verən helikopter qəzası ilə bağlı Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev mətbuat konfransı keçirib.

O deyib ki, Dövlət Sərhəd Xidmətinin helikopteri təlim məqsədi ilə Səngəçal aerodromundan qalxaraq "Qaraheybət" təlim meydanına eniş edərkən qəzaya uğrayıb.

Elçin Quliyev hadisə nəticəsində yaralanan şəxslərin Dövlət Sərhəd Xidmətinin hospitalında müalicə olunduqlarını söyləyib.

Onun deməsinə görə, pilot ən yüksək səviyyədə, ağır şəraitlərdə uçuşlara təlimatlı olan pilotlardan biri olub:

“Polkovnik Füzuli Cavadov. Hansı ki, hələ Birinci Qarabağ müharibəsində iştirak edib”.

DSX rəisi əlavə edib ki, "helikopter demək olar yenidir, qısa müddət öncə onun üzərində təmir işləri aparılıb".

***

“İstintaqın hazırki mərhələsində müəyyən edilib ki, noyabrın 30-u saat 10 radələrində döyüş təlimlərinin keçirilməsi məqsədilə uçuş həyata keçirmək üçün havaya qalxmış Mİ-17 markalı helikopterin qəzaya uğraması faktında hər hansı kənar müdaxilənin olması istisna olunur.”

Bu məlumatı noyabrın 30-da axşam saatlarında Azərbaycan Baş Prokurorlugu yayıb.

“Qara qutu…”

Açıqlamada qeyd edilir ki, hadisənin pilotun ehtiyatsızlığı, helikopterdə baş vermiş texniki nasazlıq, hava şəraiti, o cümlədən hər-hansı digər səbəbdən baş verməsi ilə bağlı bütün ehtimallar ətraflı yoxlanılır:

“Cinayət işi üzrə Baş Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin, eləcə də məhkəmə-ballistik, məhkəmə-texniki-yanğın və məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilib. Müdafiə Nazirliyindən cəlb olunmuş mütəxəssis tərəfindən qara qutunun götürülməsi təmin edilməklə hazırda onun tədqiqi aparılır”.

Bildirilir ki, hadisədə zərərçəkənlər Emil CəfərovRamin Ədilovun dindirilmələri təmin edilib, iş üzrə müvafiq ekspertizalar təyin edilib, o cümlədən zəruri sorğular verilib:

“Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir”.

***

Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin noyabrın 30-da qəzaya düşməsi ilə bağlı cinayət işi açılıb.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

"Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma- ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb. Cinayət işinin istintaqı Baş Prokuror tərəfindən xüsusi nəzarətə götürülüb".

+++

Dövlət Sərhəd Xidməti bildirib ki, hərbi helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər həlak olub, iki nəfər yaralanıb.

Məlumata görə, helikopter "Qaraheybət" aviasiya poliqonunda planlı təlim uçuşları keçirərkən qəza enişi edib: "Daha ətraflı məlumat Baş Prokurorluq tərəfindən veriləcək".

Həlak olanların biri polkovnik, biri polkovnik-leytenant, beşi mayor, qalanlarının da əksəriyyəti kapitan və leytenant rütbələrində olub.

+++

Bu gün, noyabrın 30-da saat 10:40 radələrində Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.

Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.

Bu barədə Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun birgə məlumatında bildirilir.

Təcridxanadakı şəraitdən narazıdır

A.Hümmətov

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü Aqil Hümmətov saxlanma şəraitindən narazıdır. Bu barədə onun həyat yoldaşı Aygün Hümmətova məlumat verib. Onun sözlərinə görə, ötən həftənin axırı yoldaşı ilə görüşəndə A.Hümmətov saxlandığı 3 saylı İstintaq Təcridxanasında şəraitin pis olmasından şikayət edib: "Qaldığı otaqda 12 nəfər saxlanılır. Otağın pəncərəsi sınıqdır və buna görə otaq çox soyuqdır. Üstəlik də, döşək pis vəziyyətdədir deyə, ona başqasının verilməsini istəyib, amma xahişi nəzərə alınmayıb. Mənə dedi ki, gödəkcəni altına qoyur yatır".

Penitensiar Xidmətin Mətbuat xidmətindən isə "Turan"a bildirilib ki, saxlanma şəraitindən hər hansı şikayət varsa, onlara rəsmi müraciət olunmalıdır.

Bu il noyabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Hümmətov 10 il azadlıqdan məhrum edilib. Rəsmi ittihama görə, A.Hümmətov üzərində gəzdirdiyi qatlanan cib bıçağı ilə Bakı şəhəri, Zirə qəsəbəsi, Bağ massivində fərdi yaşayış evinin həyətində Yamən Məmmədov adlı bir şəxsi qarın nahiyəsindən vurmaqla onun sağlamlığına ağır xəsarət yetirib.

A.Hümmətov Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilib. Amma AXCP onun saxta ittihamla şərləndiyini açıqlayıb.

Xatırlatma

2021-ci ilin avqustundan həbsdə olan A.Hümmətov məişət tullantılarını çeşidləyib təhvil verməklə, yaşadığı qəsəbədə zibillərin yığışdırılması və s. işlərlə məşğul olmaqla ailəsini dolandırırdı. O, bundan öncə də bir neçə dəfə inzibati qaydada həbs edilib, məcburi şəkildə psixiatriya xəstəxanasına yerləşdirilib. O zaman da Hümmətov özünü təqsirli bilmir, hökumətin ünvanına səsləndirdiyi tənqidlərə görə cəzalandırıldığını deyirdi. O, prezidentdən uşaqlara aylıq müavinətin verilməsini tələb edirdi.

1678 gündəlik yoluxma aşkarlanıb

COVID testi

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 min 678 yeni yoluxma faktının qeydə alındığı, bu virusa yoluxanlardan da 1 min 934 nəfərin sağaldığı bildirilir.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan noyabrın 30-da habelə bildirildiyinə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 23 nəfər də vəfat edib.

Qurumdan qeyd edildiyinə görə, indiyədək ölkədə ümumilikdə 588 min 318 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 554 min 749-u sağalıb, 7 min 856-sı vəfat edib, aktiv xəstə sayı 25 min 713-ə düşüb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 5.2 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

'Leonard' kometi Yerə yaxınlaşır

Komet. Foto arxiv

Bu il yanvarın 3-də Arizonada Maunt Lemmon Rəsədxanasında Qreqori Leonardın kəşf etdiyi C/2021 A1 (Leonard) kometi sürətlə Yerə yaxınlaşır.

Bu barədə bu gün, noyabrın 30-da Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Məlumatda qeyd edilir ki, komet saatda 70 km sürətlə hərəkət edir: "Bu səbəbdən onun fəzadakı vəziyyəti Yerdəki müşahidəçi üçün hər həftə dəyişir. Hazırda Şimal yarımkürəsində orta enliklərdə kiçik teleskoplarla "Leonard" kometini müşahidə etmək mümkündür".

Dekabrın ikinci yarısında komet artıq Cənub yarımkürəsinə keçəcək və 25-də Mikroskop bürcündə müşahidə ediləcək. Bildirildiyinə görə, onu hətta adi gözlə belə aydın müşahidə etmək mümkün olacaq: "Komet hiperbolik trayektoriya üzrə hərəkət edir. Bu isə o deməkdir ki, komet Günəş sistemini tərk edəcək və bir daha geri qayıtmayacaq".

Vəkil: 'Həkimlər deyir ki, vəziyyəti ağırdır'

S.Rüstəmov

Həbsdə olan və 24 gün öncə, noyabrın 5-də aclıq aksiyasına başladığını açıqlayan Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmovun səhhətinin pisləşməyə davam etdiyi bildirilir.

Bu barədə onun vəkili Bəhruz Bayramov məlumat verib. Onun sözlərinə görə, S.Rüstəmov artıq sümük ağrılarının şiddətləndiyini deyib: "Bu gün, noyabrın 29-da Saleh bəylə görüşdüm. Dedi ki, sümük ağrısından gecə yata bilməyib, artıq ağrıya dözə bilmir. Ancaq aclığı dayandırmaq təklifimlə razılaşmadı".

Vəkilin sözlərinə görə, həkimlər də S.Rüstəmovun vəziyyətinin ağır olduğunu deyir: "Analizlərin cavabı gəldi. Həkimlər deyir ki, vəziyyəti ağırdır".

Vəkil sonra da əlavə edib: "Çox güclə yeriyir. Dedim çəlikdən istifadə etsin. 58 yaşı var. Deməsinə görə, gecə ağrılardan yata bilməyib. Mənə söz verdi ki, sabaha qədər quru aclığa keçməyəcək. Sabah da görüşəcəyəm onunla".

Bu deyilənlərə, hələlik, Penitensiar Xidmətdən, bu qurumun tibbi müəssisəsindən və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

'Saleh Rüstəmov dediklərimi dərhal başa düşmürdü'

Bu gün, noyabrın 26-da vəkil Bəhruz Bayramov Gədəbəy rayonunun həbsdə olan keçmiş icra başçısı Saleh Rüstəmova baş çəkib.

Vəkil AzadlıqRadiosuna bildirib ki, S.Rüstəmovun vəziyyəti həddindən artıq ağır olaraq qalmaqdadır ( O, 21 gün öncə, noyabrın 5-də aclıq aksiyasına başladığını açıqlayıb): "Saleh Rüstəmovla şüşə arxasından görüşdük. O, çox zəifdir və güclə dayanırdı, ona görə çox az danışdıq".

B.Bayramovun sözlərinə görə, S.Rüstəmovun nitqi dolaşıq olub, dediklərini dərhal başa düşməyib: "Ailə üzvlərinin israrla aclığı dayandırmağı xahiş etdiklərini ona çatdırdım. Saleh etiraz etdi. Lakin sudan imtina etməmək xahişləri ilə razılaşdı".

Vəkil qeyd edib ki, həkimlər S.Rüstəmovun vəziyyətini həddindən artıq ağır qiymətləndirirlər və məcburi qidalandırmaya başlamaq məcburiyyətində olduqlarını deyirlər.

Bu deyilənlərə, hələlik, Penitensiar Xidmət, onun müalicə müəssisəsi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

+++

Vəkil Bəhruz Bayramov bu gün, noyabrın 23-də Gədəbəy rayonunun hazırda həbsdə olan keçmiş icra başçısı Saleh Rüstəmovla görüşüb.

Bu barədə AzadlıqRadiosuna vəkil Bəhruz Bayramovun özü məlumat verib: "Şüşə arxasından cəmi 5-6 dəqiqə görüşdük".

Vəkil qeyd edib ki, S.Rüstəmovun vəziyyəti pisdir: "Güclə yeriyir, sözlərini unudur. Həkim vəziyyətinin pis olduğunu və müdaxilə etməyə məcbur olduqlarını dedi. Saleh Rüstəmov isə buna qəti etiraz bildirdi".

Saleh Rüstəmov 18 gün öncə, noyabrın 5-də aclıq aksiyasına başladığını açıqlayıb.

Bu deyilənlərə, hələlik, Penitensiar Xidmətindən, qurumun müalicə müəssisəsindən və başqa rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.

Vəkil Saleh Rüstəmovla danışıb

Gədəbəy rayonunun hazırda həbsdə olan keçmiş icra başçısı Saleh Rüstəmovun səhhətinin günlər keçdikcə ağırlaşdığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna onun ailə üzvləri məlumat verib. Onların sözlərinə görə, bu gün, noyabrın 22-də Penitensiar Xidmətinin Müalicə Müəssisəsində artıq 17-ci gündür aclıq aksiyası keçirən S.Rüstəmova vəkil Bəhruz Bayramov baş çəkib: "Onlar şüşə arxasından telefonla danışıblar. Saleh bəy son dərəcə halsız olub, qırıq-qırıq səslə, güclə danışıb. Cəmi 10 dəqiqə dayana bilib. Deyib ki, aclığı davam etdirəcək…".

Bu deyilənlərə, hələlik, Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.

Son günlər bir sıra hüquq müdafiəçiləri, vətəndaş cəmiyyətinin təmsilçiləri S.Rüstəmovun azadlığa buraxılması xahişi ilə Prezident İlham Əliyevə müraciət ediblər. Onlar qeyd ediblər ki, S.Rüstəmovun ölkənin müstəqilliyi və ərazi bütövlüyünün qorunmasında xidmətləri olub. Hələlik, bu müraciətlərə də Prezident Administrasiyasından hər hansı münasibət bildirilməyib.

Yaxınları Saleh Rüstəmovdan narahatdır

Gədəbəy rayonunun hazırda həbsdə olan keçmiş icra başçısı Saleh Rüstəmovun keçirdiyi aclıq aksiyasının artıq onun orqanizmində fəsadları verməyə başladığı bildirilir.

Bu barədə onun ailə üzvləri məlumat yayıb.

Onların sözlərinə görə, artıq 13 gündür aclıq aksiyasını davam etdirən S.Rüstəmovun qan təzyiqi aşağı düşüb, bədənində ağrılar var: "O, artıq 15 kilo çəki itirib, nəbzi yüksək sürətlə vurur, ağzı yara içindədir. Dünən, noyabrın 17-də qardaşları ilə görüş olub, artıq yanına gəlməməyi tapşırıb".

Bu deyilənlərə, hələlik, Penitensiar Xidmət və onun hazırda yerləşdirildiyi müalicə müəssisəsindən münasibət öyrənmək mümkün olmayıb.

+++

"Ombudsmanın tapşırığı əsasında Ombudsman Aparatının əməkdaşları Milli Preventiv Qrupunun həkim üzvlərinin iştirakı ilə noyabrın 14-də Saleh Rüstəmovla görüş keçirib".

Bunu "Turan"a Ombudsman Aparatının mətbuat xidmətindən deyiblər.

Məlumata görə, S.Rüstəmovun vəziyyəti diqqətdə saxlanılır, ailə üzvləri və vəkili ilə görüşləri təmin olunur.

Saleh Rüstəmovun yaxınları: 'Çox halsız idi, ağzı bütün yaradır…'

Gədəbəy rayonunun hazırda həbsdə olan keçmiş icra başçısı Saleh Rüstəmovun artıq 10 gündür aclıq aksiyası keçirdiyi bildirilir.

Bu barədə AzadlıqRadiosuna onun yaxınları məlumat verib.

Yaxınları noyabrın 14-ü və 15-də Penitensiar Xidmətin Müalicə Müəssisəsində onunla görüşüblər: "Dünən noyabrın 14-də vəziyyəti nisbətən stabil olsa da, bu gün çox pis idi. Çox halsız idi, çətinliklə danışırdı, ağzı bütün yaradır, bədənində şiddətli ağrılar əmələ gəlib ki, onlar da yatmağa qoymur".

Vəkil Bəhruz Bayramov isə deyib ki, S.Rüstəmov 10 kilodan artıq çəki itirib: "Dünən, noyabrın 14-də onunla görüşdüm. Hərəkət etməkdə çətinlik çəkir, nəbzi çox yüksəkdir, halsızdır".

S.Rüstəmovun yaxınları əlavə ediblər ki, görüşdə onu aclığı dayandırmağa razı sala bilməsələr də, bir xahişlərinə müsbət cavab alıblar: "Xahişlərimizi nəzərə alaraq, hələlik, quru aclığa keçmək fikrindən daşınıb".

Bu deyilənlərə, hələlik, Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.

Yaxınları bildirib ki, S.Rüstəmov aksiyaya səbəb kimi icrasına başlanan Amnistiya Aktına düşməməsi, qanunsuz olaraq üç ildən artıqdır həbsdə saxlanması və ailəsinin mülkünün müsadirəsini qeyd edib.

Azərbaycan Milli Məclisi noyabrın 5-də Amnistiya Aktı haqqında qərar qəbul edib. Aktın bütünlükdə 16 min civarında şəxsə şamil ediləcəyi, onlardan 3 minınin sırf həbsdən azadlığa buraxılacağı açıqlanıb.

Xatırlatma

S.Rüstəmov 2018-ci il mayın 8-də narkotik ittihamıyla tutulub. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla saxlanıb. Sonra, mayın 25-dəAzərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üç funksioneri (Aqil Məhərrəmov, Babək Həsənov və Ruslan Nəsirov) tutulub. Bundan sonra ittihamların dəyişdiyi bəlli olub. Onların saxlanılması ilə bağlı yayılan rəsmi açıqlamaya görə, AXCP funksionerləri və S.Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda günahlandırılırlar.

AXCP ittihami yalanlamışdı. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Rüstəmov 7 il 3 ay, A.Məhərrəmov 4 il, B.Həsənov isə 3 il azadlıqdan məhrum edilib. V.Rüstəmli və R.Nəsirova şərti cəza verilib. Onların hamısı məhkəmədə ittihamları qəbul etməyiblər. B.Həsənov bu il martın 18-dəəfv sərəncamı ilə azadlığa buraxılıb.

Mülki şəxs minaya düşüb

Minanın zərərsizləşdirilməsi, arxiv foto

Noyabrın 29-da Cəbrayıl rayonunun işğaldan azad edilən Mehdili kəndi ərazisində 1980-ci il təvəllüdlü Natiq Mamedovun təmir-tikinti işləri apararkən minaya düşdüyü bildirilir.

Bu barədə Azərbaycan Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, N.Mamedovun minaya düşməsi nəticəsində sağ ayağı travmatik amputasiya olunub.

Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır.

Daxili Qoşunların iki hərbçisi minaya düşüb

Noyabrın 28-də Daxili Qoşunların iki hərbi qulluqçusu işğaldan azad olunmuş Füzuli rayonu ərazisində minaya düşüb.

Bu barədə Daxili İşlər Nazirliyinə istinadən APA məlumat yayıb. Nazirliyin mətbuat xidmətinin rəisi Ehsan Zahidovun verdiyi məlumata görə, hadisə rayonun Şukürbəyli kəndində qeydə alınıb.
Məlumata görə, N sayılı hərbi hissəsinin müddətdən artıq xidmətdə olan iki hərbi qulluqçusu iş başında olarkən piyada əleyhinə minaya düşüb.

Hər iki hərbi qulluqçu xəstəxanaya yerləşdirilib.

İndiyə qədər münaya düşənlər

Azərbaycanın rəsmi qurumlarının açıqlamasına görə, ötən il üçtərəfli bəyanatın imzalanmasından bəri 30 civarında vətəndaş işğaldan azad edilən ərazilərdə minaya düşmə səbəbindən həlak olub, 100-dən çoxu yaralanıb.

Onlar Ermənistan tərəfini minalanmış ərazilərin xəritələrini Azərbaycana verməməkdə günahlandırırlar. Hərçənd, bir neçə ay öncə Azərbaycanda tutulan Ermənistan hərbçilərindən bir neçə qrupunun təhvil verilməsi əvəzi bəzi rayonlara aid mina xəritələrinin geri alındığı açıqlanmışdı.

Amma sonradan Azərbaycan prezidenti həmin xəritələrin reallığı böyük ölçüdə əks etdirməməsi ilə bağlı narazılığını ifadə etmişdi.

Həmin narazılığa isə Ermənistanın rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb.

Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Cəbhəçi narkotik ittihamı ilə saxlanıb

Polis

Noyabrın 26-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Şahin Həsənovu Gəncədə polis saxlayıb.

Bu barədə AzadlıqRadiosuna AXCP-dən məlumat verilib. Məlumata görə, günorta saatlarında onun evində axtarış aparılıb: "Özünü isə qollarına qandal vurub aparıblar. Bizdə olan məlumata görə, ona narkotik ittihamı ilə cinayət işi açmaq istəyirlər".

AXCP-dən qeyd olunub ki, Ş.Hacıyev siyasi fəaliyyətinə görə həbs olunub: "O, öz siyasi fəaliyyətinə, sosial şəbəkələrdə fəallığına görə artıq iki dəfə inzibati qaydada həbs olunmuşdu".

Daxili İşlər Nazirliyindən də "Turan"a Ş.Hacıyevin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli şəxs qismində saxlanmasına dair bəzi media orqanlarında gedən məlumatı təsdiqləyiblər: "Hazırda araşdırma aparılır".

Müxalifətdə olan AXCP-nin hazırda beşə qədər fəalı müxtəlif ittihamlarla uzun müddətli həbsdədir. Habelə, bir sıra cəbhəçilərdən sutkalıq həbs edilənlər də var. AXCP onların şərlənərək, siyasi sifarişlə həbs edildiyini açıqlayıb. Amma rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmir. Rəsmilər vurğulayırlar ki, elə dəyərləndirilənlər məhz törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

İki nəfər Ermənistana qaytarılıb

Müharibədən sonra saxlanmış ermənilərlə bağlı iki fərqli mövqe
Gözlə

No media source currently available

0:00 0:04:00 0:00

Azərbaycan bu gün, noyabrın 26-da iki nəfər erməni əsilli şəxsi Ermənistan tərəfinə təhvil verib.

Bu barədə Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaydığı məlumatda bildirilir.

Məlumatda bu addım humanizm prinsipləri ilə izah edilir. Bildirildiyinə görə, sözügedən şəxslərdən biri 2021-ci il noyabrın 16-da dövlət sərhədində baş vermiş döyüş əməliyyatları zamanı yaralı vəziyyətdə saxlanılan 1993-cü il təvəllüdlü Arin Aramyandır.

Açıqlamaya görə, təhvil verilən digər şəxs -2000-ci il təvəllüdlü Mihran Musaelyan isə Ağdam rayonu istiqamətində Azərbaycan hərbi qulluqçularının xidmət etdiyi əraziyə daxil olarkən saxlanıb: "Aparılan ilkin araşdırmalar nəticəsində Musaelyan Mihranın mülki şəxs olduğu və yolu azaraq Azərbaycan hərbi qulluqçularının xidmət apardığı əraziyə daxil olduğu müəyyən edilib".

Ötən il 10 noyabr üçtərəfli razılaşmasından sonra istər Dağlıq Qarabağda, istərsə də Azərbaycan və Ermənistan sərhədində müxtəlif gərginliklər yaşanıb. Bütün bunların nəticəsində həlak olanlar, yaralananlar və əsir düşənlər olub.

Təkcə ötən ilin dekabrında Hadrut yaxınlığında 60 civarında Ermənistan hərbçisinin əsir düşdüyü açıqlanıb.

Bu məsələ iki ölkə arasında mübahisələrə səbəb olub. Ermənistan tərəfi hesab edir ki, onlar hərbi əsirlərdir və razılaşmaya uyğun qaytarılmalıdır. Azərbaycan rəsmiləri isə vurğulayırlar ki, onlar hərbi əsir yox, təxribat qrupunun üzvləridir və 10 noyabr razılaşmasından sonra saxlanıblar.

Həmin şəxslər Azərbaycan məhkəmələrində mühakimə ediliblər. İttihamları qəbul etməyiblər. Amma sonradan onlardan təqribən 30-nun minalanmış ərazilərin xəritələri əvəzi ölkələrinə qaytarıldığı açıqlanıb.

Düz 10 gün əvvəl isə iki ölkənin sərhədində baş verən toqquşmalarda 10-dan çox Ermənistan hərbi qulluqçusunun əsir götürüldüyü açıqlanmışdı. Azərbaycan isə həmin döyüşlərdi 7 hərbi qulluqçusunun həlak olduğunu, 10-nun isə yaralandığını bildirib. Ermənistan tərəfdən də ölən və yaralananlar olub. Tərəflər atəşkəsin pozulmasına görə bir-birlərini günahlandırıblar.

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Almaniyadan 43 mühacir qaytarılıb

Avropadakı siyasi mühacirlər axtarışa verildi
Gözlə

No media source currently available

0:00 0:02:33 0:00

43 nəfər Azərbaycan vətəndaşı Almaniyadan ölkəsinə geri qəbul edilib. Bu barədə bu gün, noyabrın 26-da Azərbaycan Dövlət Miqrasiya Xidməti məlumat yayıb.

Məlumata görə, bu, "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" Saziş çərçivəsində gerçəkləşib: "Geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya (koronavirusla bağlı) ilə əlaqədar müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib".

Qeyd edilib ki, fəaliyyətini Dövlət Miqrasiya Xidmətinin əlaqələndirdiyi Reinteqrasiya üzrə İşçi Qrup readmissiya olunan Azərbaycan vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həllini həyata keçirir.

Son illər Almaniyadan Azərbaycana yüzlərlə mühacirin qaytarıldığı açıqlanıb. 2014-cü ildə "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası (geri qaytarılma) haqqında" Saziş imzalanıb. Azərbaycan hökuməti readmissiya olunan şəxslərin iş yerləri ilə təmin edilməsində, yaşayış yerinin olub-olmaması ilə bağlı problemlərin həllində və psixoloji yardım məsələlərində kömək etməlidir. Amma son vaxtlar bu qaydada Azərbaycana qaytarılan mühacirlərdən Röya Rəfili yerləşdirilmədə üzləşdiyi çətinliklərlə bağlı dəfələrlə sosial şəbəkələrdə şikayətini ifadə edib.

Üstəlik, Almaniyadan qaytarılanlardan iki nəfər fəal narkotik ittihamı ilə həbs edilib. Onlardan biri müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Mütəllim Orucov, digəri isə Malik Rzayevdir. Onların yaxınları ikisinin də saxlandıqdan sonra işgəncəyə məruz qaldıqlarını bildirdiklərini açıqlayıblar. Amma rəsmi qurumlar bu şikayəti təsdiq etməyiblər.

Bloqerin yaxınları səfirlik önündə aksiya keçirdi

Noyabrın 25-də Fransa Respublikasının Azərbaycandakı səfirliyinin qarşısında Cəlilabadda həbs olunmuş bloqer Saməddin Məmmədovun yaxınları etiraz aksiyası keçirib. Onlar S.Məmmədovun həbsini sifarişli adlandıraraq məsələ ilə bağlı prezident İlham Əliyevlə görüşmək istədiklərini, əks halda sığınacaq üçün səfirliyə müraciət edəcəklərini bildiriblər.

"Cənab prezidentin bir əmri ilə gedib vətənimizi qoruduq. İndi bizi ya özü, ya da köməkçisi qəbul etsin, dərdimizi deyək. Biz sadəcə olaraq prezidentlə görüş istəyirik, rayon rəhbərliyin sifarişi ilə həbs olunan atamın azadlığını istəyirik. Atam bir aydır qanunsuz həbsdədir. O, rayon xəstəxanasının önündən vəziyyəti işıqlandırırdı. Elə ona görə də həbs olundu. Dəfələrlə prezidentlə görüş üçün teleqram vurmuşuq, cavab yoxdur", - S.Məmmədovun oğlu bildirib.

Səfirlikdən aksiya iştirakçılarının yanına heç kəs çıxmadığına görə onlar oranı tərk edib.

Aksiyada səslənən fikirlərə, hələlik, rəsmi qurumlardan, o cümlədən Cəlilabad Rayon İcra Hakimiyyətindən münasibət almaq mümkün olmayıb. Amma bir müddət əvvəl S.Məmmədovla bağlı polisə şikayət edən Cəlilabad rayon sakini Elşən Cəfərov AzadlıqRadiosuna bildirmişdi ki, həmin şəxs və onun yaxınları ona xəsarət yetiriblər. Onun sözlərinə görə, sosial şəbəkələrə düzgün olmayan məlumatları ötürməsinə görə S.Məmmədovla fikir ayrılığı olub.

S.Məmmədov bu il oktyabrın 29-da saxlanıb. O, Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.2.1 (Xuliqanlıq) maddələri ilə ittiham edilir. Bu ittihamla ona 5 il həbs cəzası verilə bilər.

Prezident Rusiya baş nazirinin müavinini qəbul edib

Görüş

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 24-də Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, söhbət zamanı ikitərəfli münasibətlərin, o cümlədən iqtisadi sahədə əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib, bu il ticarət dövriyyəsinin artdığı qeyd olunub.

Bildirilib ki, görüş keçirildiyi vaxtda Azərbaycan-Rusiya işgüzar dairələri arasında da danışıqlar davam edir.

Məlumata görə, görüşdə Rusiya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyəti, ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayə qoyuluşu məsələləri geniş müzakirə olunub.

Xəbərə görə, söhbət zamanı Rusiya-Azərbaycan-Ermənistan baş nazirlərinin müavinlərinin sədrliyi ilə üçtərəfli komissiyanın (Bu ilin əvvəlində yaradılıb) fəaliyyəti və gələcək planlar haqqında fikir mübadiləsi aparılıb.

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Azay Quliyevin yerinə Aygün Əliyeva gəldi

Azay Quliyev

Noyabrın 23-də Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının iclası keçirilib.

Agentlikdən AZƏRTAC-a bildiriblər ki, iclasda qurumun icraçı direktorunun təyinatı məsələsinə baxılıb və bu vəzifəyə Aygün Əliyevanın namizədliyi dəstəklənib.

Prezident İlham Əliyev bu ilin aprelində bu qurumun adını dəyişib. Bu, qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədi ilə izah edilib.

Ona qədər qurum Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası adlanıb. Şuraya deputat Azay Quliyev rəhbərlik edib. Azərbaycanda hazırda dördüncü dəfə deputat olan A.Quliyev habelə ATƏT Parlament Assambleyasında sədr müavinidir.

Aygün Əliyeva 1988-ci il iyulun 29-da Bakıda doğulub. 2010-cu ildə Azərbaycan Dillər Universitetinin Regionşünaslıq və beynəlxalq münasibətlər, 2015-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirib. 2012-2013-cü illərdə Yeni Azərbaycan Partiyasında baş təlimatçı, 2013-2020-ci illərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini, 2020-ci ildən TƏBİB-də İctimaiyyətlə əlaqələr, kargüzarlıq və vətəndaş müraciətləri ilə iş departamentinin rəhbəri vəzifəsində işləyib.

Karantinə görə 45 nəfər həbs edilib

Polis

2020-ci ilin martından indiyə kimi Azərbaycanda karantin rejimini pozmaqla xəstəliklərin yayılması üçün real təhlükə yaratmaq ittihamı ilə 1 min 186 cinayət işi üzrə 605 nəfər məsuliyyətə cəlb olunub.

Bu barədə yayılan məlumatı Daxili İşlər Nazirliyindən "Turan"a da təsdiqləyiblər.

Bildirildiyinə görə, həmin cinayət işləri üzrə məhkəmələr 45 nəfəri həbs edib, 58 nəfər polisin nəzarəti altına verilib, qalan 502 nəfər barəsində digər qətimkan tədbirləri seçilib.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 5.1 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Koronavirusla bağlı ötən ilin martından Azərbaycanda da karantin rejimi hökm sürür. Açıqlamaya görə, bu gün, noyabrın 23-nə kimi ölkədə ümumilikdə 574 min 799 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 539 min 494-ü sağalıb, 7 min 657-si vəfat edib, aktiv xəstə sayı 27 min 648-ə düşüb.

Ermənistan bir əsgərinin həlak olduğunu bildirir

Ermənistan əsgəri (Arxiv fotosu)

Ermənistan noyabrın 22-də Azərbaycan silahlı qüvvələrini Azərbaycan-Ermənistan sərhədində olan Norabak kəndi istiqamətində atəş açmaqda ittiham edib

Ermənistan noyabrın 22-də Azərbaycan silahlı qüvvələrini Azərbaycan-Ermənistan sərhədində olan Norabak kəndi istiqamətində atəş açmaqda ittiham edib.

Ermənistan Müdafiə Nazirliyi bunun nəticəsində 19 yaşlı bir əsgərinin həlak olduğunu bildirib.

Bundan əvvəl bu məlumatı AzadlıqRadiosunun Erməni xidməti Azatutyuna Geqarkunik vilayətinin qubernatoru Karen Sarkisyan vermişdi.

Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan tərəfinin ittihamını rədd edib və bildirib ki, Azərbaycan silahlı qüvvələri deyilən istiqamətdə atəş açmayıb.

Məlumatda bildirilir ki, Azərbaycan qüvvələrinin mövqelərində sakitlikdir və vəziyyət sabitdir.

Noyabrın 16-da Azərbaycan-Ermənsitan sərhədi boyunca ağır toqquşmalar baş vermişdi.

Bu, 44 günlük müharibədən sonra ən qanı döyüşlər idi.

Döyüş Rusiyanın vasitəçilyi ilə atəşkəs elan edildikdən sonra dayandırılmışdı.

Cəbhəçi polisin küçə ticarətinə mane olduğunu deyir

Tofiq Məmmədov

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Tofiq Məmmədov polis bölməsinə aparıldığını deyir. T.Məmmədovun sözlərinə görə, artıq dörd gündür ki, onun küçə ticarətlə məşğul olmasına maneə yaradılır: "Yasamal rayonunun ərazisində küçə ticarəti ilə məşğulam. Amma dörd gün əvvəl polislər gəlib mənə dedi ki, sən Saleh Rüstəmovun aclıq aksiyası keçirilməsi ilə bağlı sosial şəbəkələrdə yazıb dövlət başçısını tənqid edirsən, yazma. Mən də davam edəcəyimi deyəndən sonra küçə ticarəti ilə məşğul olmağıma imkan verilməyəcəyi söyləndi".

T.Məmmədov qeyd edib ki, bu gün, noyabrın 22-də buna və Saleh Rüstəmovun həbsinə etiraz olaraq ticarətlə məşğul olduğu yerdə divara qara boya ilə "Polisə istefa", "Siyasi məhbuslara azadlıq" yazıb: "Buna görə məni Yasamal rayon 29-cu polis bölməsinə apardılar. Amma rəhbərlik olmadığına görə məni sərbəst buraxıb sabah çağıracaqları ilə bağlı xəbərdarlıq verdilər".

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

T.Məmmədov müxalifətin aksiyalarında yaxından iştirak edir. O, bundan əvvəl də siyasi baxışlarına görə küçə ticarətinə maneə yaradılması ilə bağlı iddialar səsləndirib. Amma belə şikayətlər rəsmən təsdiq edilməyib.

Xatırlatma

Gədəbəy rayonunun hazırda həbsdə olan keçmiş icra başçısı Saleh Rüstəmovun artıq 17 gündür aclıq aksiyası keçirdiyi bildirilir. Onun həbsinə etiraz etdiyi vurğulanır. S.Rüstəmov 2018-ci il mayın 8-də narkotik ittihamıyla tutulub. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla saxlanıb. Sonra, mayın 25-də AXCP-nin üç funksioneri (Aqil Məhərrəmov, Babək Həsənov Ruslan Nəsirov) tutulub. Bundan sonra ittihamların dəyişdiyi bəlli olub. Onların saxlanılması ilə bağlı yayılan rəsmi açıqlamaya görə, AXCP funksionerləri və S.Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda günahlandırılırlar. AXCP ittihami yalanlamışdı.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Rüstəmov 7 il 3 ay, A.Məhərrəmov 4 il, B.Həsənov isə 3 il azadlıqdan məhrum edilib. V.Rüstəmli və R.Nəsirova şərti cəza verilib. Onların hamısı məhkəmədə ittihamları qəbul etməyiblər. B.Həsənov bu il martın 18-də əfv sərəncamı ilə azadlığa buraxılıb.

Azərbaycan Vatikanda səfirlik açır

Vatikan

Noyabrın 22-də Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda səfirliyinin təsis edilməsi haqqında" Qanun imzalayıb.

Qanuna əsasən, Azərbaycan Müqəddəs Taxt-Tacda (Vatikan) səfirlik açır.

Azərbaycan Xarici İşlər Nazirliyinə səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etmək tapşırılıb.

Şamaxıda zəlzələ olub

Zəlzələnin qeydə alınması, ümumi

Noyabrın 20-də Pirqulu seysmoloji stansiyasından 20 kilometr cənubda - Şamaxı rayonu ərazisində zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Azərtac-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 16:46-da qeydə alınıb.

Məlumata görə, ocağı 42 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 5.1-ə bərabər olub. Yeraltı təkanlar episentrdə 5, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.

Dağıntı və ya insan təlafatı haqqında hər hansı məlumat verilmir.

Azərbaycan nümayəndə heyəti İrana gedir

Tehran şəhəri , 30 dekabr 2020

Noyabrın 21-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Tehrana səfər edəcək.

Rəsmi xəbər agentliyi Azərtac-ın noyabrın 20-də yaydığı məlumatda bildirilir ki, səfər çərçivəsində İranın yollar və şəhərsalma, neft nazirliklərində görüşlər keçiriləcək, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə olunacaq.

Məlumatda həmçinin vurğulanır ki, nümayəndə heyətinin İranın birinci vitse-prezidenti Məhəmməd Muxbir ilə görüşü də nəzərdə tutulub.

Azərbaycan İranın ittihamlarına cavab verib
Gözlə

No media source currently available

0:00 0:01:58 0:00

Sərhəddəki döyüşlərdən paylaşım edən hərbçilərin işi hüquq-mühafizə orqanlarına göndərilib

Azərbaycanın Müdafiə Naziri Zakir Həsənov. 2 avqust 2021

Həmin hərbi qulluqçuların ordu sıralarından tərxis edilməsi barədə qərar qəbul olunub.

Azərbaycanın Müdafiə Nazirliyində keçirilən xidməti müşavirədə bir neçə gün əvvəl sərhəddə gedən döyüş əməliyyatları ilə bağlı sosial şəbəkələrdə qeyri-rəsmi foto və videolar paylaşan hərbçilərlə bağlı məsələ müzakirə edilib.

Azərbaycan Müdafiə Nazirliyinin noyabrın 20-də yaydığı məlumatda deyilir ki, həmin hərbçilərin əməlləri ilə bağlı toplanan materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

"Azərbaycan Ordusunun komandanlığı tərəfindən həyata keçirilən tədbirlər nəticəsində məxfilik rejimini kobud şəkildə pozaraq bu kimi paylaşımları edən bir qrup hərbi qulluqçu müəyyən edilib. Həmin hərbi qulluqçuların ordu sıralarından tərxis edilməsi barədə qərar qəbul olunub, onların törətdiyi əməllərə hüquqi qiymətin verilməsi üçün toplanılan materiallar hüquq-mühafizə orqanlarına göndərilib".

Sərhəddə toqquşmalar: Bakı və Yerevandan ekspertlər durumu şərh edirlər
Gözlə

No media source currently available

0:00 0:03:02 0:00

Məlumatda bildirilir ki, nazir Zakir Həsənovun sədrliyi ilə keçirilən xidməti müşavirədə dövlət sərhədi və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə mövcud vəziyyət, xüsusilə dövlət sərhədinin Kəlbəcər və Laçın sahələrində qarşı tərəfin təxribatları nəticəsində baş verən döyüşlər təhlil edilib.

Bundan başqa Nazir dövlət sərhədində xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

"Müdafiə naziri qoşunların döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması, şəxsi heyətin ayıq-sayıqlığının artırılması, təhlükəsizlik qaydalarına riayət edilməsi, həmçinin döyüş hazırlığı planlarının dəqiqləşdirilməsi barədə göstərişlər verib.
Azad edilən ərazilərdə dislokasiya olunan hərbi hissələrdə qoşun xidmətinin təşkili, ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi, hərbi infrastrukturun təkmilləşdirilməsi, eləcə də dağlıq ərazilərdəki yollarının daim işlək vəziyyətdə saxlanılmasının vacibliyi vurğulanıb".-Müdafiə Nazirliyinin məlumatında deyilir.

Xatırlatma

Ötən il 44 günlük Qarabağ müharibəsindən sonra Azərbaycan Qarabağın bir hissəsi və ətraf 7 rayona nəzarətini bərpa edib. Qarabağda ermənilərin yaşadıqları ərazilərə Rusiya hərbçiləri yerləşdirilib. Azərbaycanla Ermənistan sərhədlərinin delimitasiyası ilə hələ başlamayıb.

2021-ci il noyabrın 16-da isə Azərbaycan sərhədinin Kəlbəcər və Laçın rayonları istiqamətində yenidən Azərbaycan və Ermənistan ordusu arasında döyüşlər olub. Hər iki tərəfdən itkilər olub. Rusiya müdafiə nazirinin tərəflər arasında apardığı telefon danışıqlarından sonra döyüşlər elə həmin gün dayandırılıb.

"Sərhəddəki vəziyyəti elə Putin özü yaradıb"- Siyasi şərhçi Azər Qasımlı
Gözlə

No media source currently available

0:00 0:15:05 0:00

Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisi ilə danışıb

Ceyhun Bayramov

Karen Donfrid Azərbaycan Ermənistan sərhədində yaşanan gərginlikdən narahatlığını ifadə edib, hər iki tərəfi deeskalasiyaya və fikir ayrılıqlarını sülh yolu ilə həll etməyə çağırıb

Bugün, noyabrın 18-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridlə telefon danışığı olub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumata görə, Karen Donfrid Azərbaycan Ermənistan sərhədində yaşanan gərginlikdən narahatlığını ifadə edib, hər iki tərəfi deeskalasiyaya və fikir ayrılıqlarını sülh yolu ilə həll etməyə çağırıb:

“Nazir Ceyhun Bayramov son günlərdə Ermənistan tərəfindən məqsədyönlü şəkildə törədilən silsilə təxribatçı addımlar barədə qarşı tərəfə ətraflı məlumat verib. Nazir bölgədə vəziyyətin gərginləşməsi məsuliyyətinin bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü vurğulayıb”

Məlumata görə, o, Azərbaycanın beynəlxalq hüququn prinsipləri əsasında Ermənistanla delimitasiya prosesinə başlamağa hazır olduğunu, lakin Ermənistan tərəfindən buna qarşılıq verilmədiyini qeyd edib.

Azərbaycan XİN bildirir ki, telefon danışığı zamanı tərəflər, həmçinin digər regional təhlükəsizlik məsələləri ərtafında da fikir mübadiləsi aparıblar.

Son günlər Azərbaycan Ermənistan sərhədindən atəşkəsin pozulması ilə bağlı həyacanlı xəbərlər gəlib.

Azərbaycan tərəfi bildirib ki, təkcə noyabrın 16-da döyüşlərdə 7 hərbi qulluqçusu həlak olub, 10-u isə yaralanıb.Ermənistan tərəfi də bununla bağlı açıqlamasında 1 hərbi qulluqçusunun həlak olduğunu, 10-dan çoxunun əsir götürüldüyünü, 20-dən çoxundan isə məlumat olmadığını bildirib.

Tərəflər atəşkəsin pozulmasına görə də , qarşılıqlı olaraq bir-birlərini günahlandırıblar.

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Dirçəlişin 33-cü ili...

Bakıda Lenin meydanında mitinq. 1989

Bu gün, noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günü kimi qeyd edilir. Düz 33 il öncə, 1988-ci il noyabrın 17-də Bakının Lenin, indiki Azadlıq meydanında Qarabağla bağlı Azərbaycana ərazi iddialarına və SSRİ rəhbərliyinin bunun qarşısını almamasına etiraz olaraq mitinqlər başlayıb.

Az vaxt ərzində yüz minlərlə insan hərəkata qoşulub. Fasiləsiz mitinqlər dekabrın 5-nə kimi davam edib və həmin gün sovet ordusunun zorakılığı ilə dağıdılıb. Nümayişlərin təşkilatçıları və fəalları istintaqa cəlb edilib, bir çoxu həbs edilib. Lakin həbslər uzun sürməyib.

1992-ci ildə Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəyin prezident seçilməsindən sonra həmin gün rəsmi qaydada qeyd edilməyə başlayıb. 1992-ci ildə noyabrın 17-si bayramlar sırasına salınıb və qeyri-iş günü elan edilib.

Bundan bir il əvvəl, 1991-ci ildə isə Azərbaycanda Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilmişdi.

Milli Dirçəliş Günü Azərbaycanda dövlət səviyyəsində qeyd olunsa da, 2006-cı ilin dekabrında qanunvericiliyə edilmiş dəyişikliklərə görə, artıq qeyri-iş günü deyil.

Nazir Şərq Tərəfdaşlığı iclasında çıxış edib

C.Bayramov

Noyabrın 15-də Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Avropa Birliyi (AB) Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, o, iclasda çıxış da edib.

"Nazir münaqişə sonrası bölgədə yaranan yeni reallıqlar, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi və bir milyondan çox azərbaycanlının fundamental hüquqlarının bərpa edilməsi barədə danışıb", - nazirliyin məlumatında yazılıb.

O, dayanıqlı sülh, inkişaf və tərəqqinin Azərbaycanın gələcək vizyonunun əsasını təşkil etdiyini, bu xüsusda üçtərəfli bəyanatların tam icrasının mühüm olduğunu vurğulayıb.

Məlumata görə, nazir bölgədə bütün kommunikasiyaların açılmasının da əhəmiyyətindən bəhs edib: "Yeni mərhələdə minadan təmizləmə, kommunikasiyaların açılışı, ölkələr arasında yaxşı qonşuluq münasibətlərinin yaradılması üçün etimad quruculuğu tədbirlərini özündə ehtiva edən postmünaqişə siyasi və maliyyə dəstəyinin AB-nin yardımçı ola biləcəyi sahələr sırasında olduğu qeyd edilib".

Azərbaycan Avropa Birliyi ilə Şərq Tərəfdaşlığı proqramı çərçivəsində əməkdaşlıq edir. Bu proqram 2009-cu ildə altı keçmiş sovet respublikasının (Azərbaycan, Ukrayna, Gürcüstan, Moldova, Ermənistan və Belarus) AB ilə daha sıx inteqrasiyası məqsədilə yaradılıb. Gürcüstan, Moldova və Ukrayna artıq AB ilə assosiasiya sazişlərini imzalayıb. 2017-ci ildə isə Ermənistanla tərəfdaşlıq sazişi imzalanıb. Həmin ildən Azərbaycanla da eyni danışıqlar başlasa da, bu sazişin nə vaxt imzalanacağı bilinmir. Belarusla isə əməkdaşlıq tam dayanıb.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Bu il yanvarın 11-də də Moskvada yeni üçtərəfli bəyanat imzalanıb. Həmin bəyanat isə, əsasən, regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.

MN: 'Ermənistan Kəlbəcər istiqamətində təxribat törədib'

Yol işləri aparan traktor atəşə tutulub.

Azərbaycan Müdafiə Nazirliyi (AMN) bildirir ki, Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində növbəti təxribat törədib.

Nazirliyin açıqlamasına görə, Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 15-i gecə saatlarından başlayaraq öz mövqelərindən Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələrində yerləşən Azərbaycan ordusunun mövqelərini atəşə tutub: "Mövqelərimiz heç bir səbəb olmadan snayper tüfəngi və qumbaraatan da daxil olmaqla, müxtəlif çaplı atıcı silahlardan istifadə edən qarşı tərəfin intensiv atəşinə məruz qalıb. Bundan əlavə, bu istiqamətdə infrastrukturun bərpası məqsədilə yol işləri aparan traktorumuz və bölmələrimizə təminat daşıyan iki ədəd "KamAZ" markalı avtomobil də noyabrın 15-i səhər saatlarında Ermənistan hərbi bölmələri tərəfindən atəşə tutulub. Texnikaya zərər dəysə də, şəxsi heyət arasında xəsarət alan olmayıb".

Bu açıqlamaya, hələlik, Ermənistan Müdafiə Nazirliyinin münasibəti bəlli deyil.

Son günlər istər Azərbaycan-Ermənistan sərhədindən və istərsə də Dağlıq Qarabağdan atəşkəsin pozulmasına dair çoxsaylı məlumatlar gəlir. Hətta ölən və yaralananların da olduğu açıqlanıb. Tərəflər atəşkəs pozulmasına görə, bir qayda olaraq, bir-birlərini günahlandırırlar.

Xatırlatma

2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə yaranıb, Azərbaycan və Ermənistan arasında gərginlik, daha sonra da müharibə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

MN: Kəlbəcər və Şuşa ətrafındakı mövqelər atəşə tutulub

Azərbaycan əsgərləri işğaldan azad olunan Kəlbəcər rayonuna girərkən, 25 noyabr 2020

Azərbaycanın Müdafiə Nazirliyi yenidən Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini atəşə tutduğu barədə məlumat yayıb.

Laçın rayonu istiqamətində gərginlik

"Azərbaycan- Ermənistan dövlət sərhədinin Laçın rayonu sahəsində vəziyyəti gərginləşdirmək məqsədilə Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti təxribata cəhd göstərib."

Azərbaycan Müdafiə Nazirliyinin noyabrın 14-ündə yayddığı ikin xəbərdə belə deyilir.

"Noyabrın 14-ü səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bir qrup şəxsi heyətinin və texnikasının Laçın rayonunun sərhədi istiqamətində cəmləşdirilməsi, o cümlədən təxribata hazırlığı bölmələrimiz tərəfindən müşahidə edilib.
Ermənilərin növbəti təxribatının qarşısını almaq məqsədilə Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri təxirəsalınmaz tədbirlər həyata keçirib. Əməliyyat şəraitinə uyğun olaraq Ordumuzun bölmələri tərəfindən əvvəlcədən müəyyən edilmiş plana əsasən zəruri fəaliyyətlər icra olunub. Nəticədə qarşı tərəfin hərbi qulluqçuları ərazidən çəkilməyə məcbur edilib. Hazırda əməliyyat şəraiti nəzarətimiz altındadır." Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Məlumatda xatırladılır ki, "ötən həftə də Ermənistan tərəfi dövlət sərhədinin Laçın istiqamətində 60 nəfər şəxsi heyəti yerləşdirməklə təxribat törətməyə cəhd göstərmiş və iflasa uğramışdı".

Azərbaycanın Müdafiə Nazirliyi bildirir ki, "Ermənistanın hərbi-siyasi rəhbərliyi bu kimi hərbi avantüraya son qoymalıdır. Bütün bunlar bir daha onu göstərir ki, Ermənistan tərəfi iki ölkənin dövlət sərhədinin danışıqlar yolu ilə delimitasiyası və demarkasiyasında maraqlı deyildir"
Nazirlik hesab edir ki, "Ermənistan-Azərbaycan dövlət sərhədində yaradılan istənilən qarşıdurmanın nəticələrinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək".

Qarabağda gərginliyə görə Bakı ilə Yerevan bir-birini, təhlilçilər Rusiyanı ittiham edir
Gözlə

No media source currently available

0:00 0:04:00 0:00

Qarşı tərəfdən açıqlama

Ermənistanın Müdafiə Nazirliyi məlumat yayaraq yerli vaxtla saat 19:00-a vəziyyətin nisbətən sabitləşdiyini, atışma olmadığını bildirir. Nazirlik həm də Azərbaycana məxsus zirehli texnikanın Ermənistan ərazisinə daxil olması barədə sosial şəbəkələrdə yayılan məlumatların doğru olmadığını bildirir.

***

Bazar günü-noyabrın 14-də yayılan məlumatda qeyd olunur ki, Azərbaycan ordusunun Kəlbəcər rayonundakı mövqeləri müxtəlif növ silahlardan atəşə tutulub.

"Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 13-ü axşam saatlarından etibarən noyabrın 14-ü səhər saatlarınadək Basarkeçər rayonunun Yuxarı Şorca, Zərkənd, Əzizli və Cermuk yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik, Yellicə və İstisu yaşayış məntəqələrində yerləşən Azərbaycan Ordusunun mövqelərini snayper tüfəngi, qumbaraatan və müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə heç bir səbəb olmadan fasilələrlə intensiv atəşə tutub".

Ermənistanın Müdafiə Nazirliyi: Rusiyanın vasitəçiliyi ilə...

Ermənistanın Müdafiə nazirliyi də öz növbəsində noyabrın 14-də məlumat yayayaraq Azərbaycanı ittiham edib.

Məlumatda bildirilir ki, yerli vaxtla saat 13:00 radələrində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin şərq istiqamətində mövqelərinin irəliləməsini təmin etməyə cəhd göstərib. Gərgin atışma başlayıb. Vurğulanır ki, Azərbaycan ordusunun mövqe tutmaq cəhdlərinin qarşısı alınıb. Məlumatda vəziyyətin gərgin olaraq qaldığını bildirilir.

"Hazırda Rusiya tərəfinin vasitəçiliyi ilə vəziyyətin tənzimlənməsi üçün danışıqlar aparılır "-Ermənistan Müdafiə Nazirliyi bildirir.

Sülməramlıların cavabdeh olduğu ərazilərdən də xəbər var

Bundan başqa nazirlik həmçinin Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdən də Azərbaycan ordusunun mövqelərinə atəş açıldığını bildirir.

"Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri Muxtarkənd yaşayış məntəqəsi tərəfdən bölmələrimizin mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə heç bir səbəb olmadan fasilələrlə intensiv atəşə tutub".

Məlumatda vurğulanır ki, "qarşı tərəfin təxribatlarının, həmçinin döyüş mövqelərinin gücləndirilməsi məqsədilə apardıqları mühəndis işlərinin qarşısını almaq məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat tədbirlər görülüb".

Azərbaycan Ordusunun şəxsi heyəti və texnika baxımından itkisi yoxdur.
Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır- MN xəbərində deyilir.

Bu və noyabrın 13-də Şuşa yaxınlığındakı Azərbaycan əsgərlərinə qumbara atılması ilə bağlı xəbərlərə bölgədə atəşkəsə cavabdeh olan Rusiya sülhməramlıları hər hansı bir mövqeyi səsləndirməyib.

Xatırlatma

2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb.

Onda həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Davamı

XS
SM
MD
LG