-
«İslam Dövləti» (İŞİD) silahlı qruplaşması Suriyadan kənarda, Liviya və başqa yerlərdə də neft mənbələri axtarır. Bunu ABŞ rəsmisi çərşənbə axşamı deyib. Hazırda İŞİD Suriyada neft və qaz yataqlarının 80 faizinə nəzarət edir.
«Reuters» yazır ki, adının çəkilməsini istəməyən rəsmi Vaşinqtonda jurnalistlərə danışıb, deyib ki, Birləşmiş Ştatlar hücuma məruz qala biləcək neft yataqlarına, kəmərlərə, marşrutlara kimin nəzarət etdiyini araşdırır.
Rəsminin sözlərinə görə, həmin potensial hədəflər Liviya və Sinay yarımadasında yerləşə bilər: «Liviya və digər yerlərdəki neft mənbələrinə baxırıq. Buna hazır olacağıq».
Birləşmiş Ştatların hesablamalarına görə, İŞİD silahlıları ayda 40 milyon dollarlıq neft satır. Bu neft müharibənin içindən kənara daşınır. ABŞ bu yaxınlarda yanacaq maşınlarına zərbələr endirib. Rəsmi deyir ki, zərbələr nəticəsində İŞİD-in neft əməliyyatlarının xərci də yüksəlib: «Əməliyyat xərcləri artıb, onu davam etdirmək bacarığı isə düşüb», - rəsmi sözlərinə əlavə edib.
«Reuters» yazır ki, dünyada neftin qiymətinin ötən ilin iyunundan bəri 50 faiz düşməsi İŞİD-ə ikiqat zərbə ola, onun gəlirlərini azalda bilər. Ancaq məsələ ondadır ki, başqa yerlərdə də şirkətlər işçiləri ixtisar edir.
Həmin ABŞ rəsmisi onu da söyləyib ki, elə İŞİD qruplaşmasının tutduğu ərazilərdəki neftçilərin bəziləri xaricilərdir: «Daha çox neft və qaz işçisi işini itirir... və onları İŞİD sıralarına cəlb etmək də asanlaşır».
ABŞ NİYƏ YAXIN ŞƏRQDƏN ÇIXA BİLMƏZ
«Yaxın Şərqdə siyasi və sosial təlatümlər içində terrorçu qruplar bəslənməkdədir. Bu qrupların bəzilərinin ABŞ-ın maraqlarına hücum üçün motivasiyası və imkanları olacaq. Birləşmiş Ştatlar bu təhlükəni aradan qaldırmağa çalışdığı bir məqamda elə bir strategiya tapmalıdır ki, həm səmərəli olsun, həm də uzun müddətə duruş gətirə bilsin». «Stratfor» Araşdırmalar Mərkəzi yazır ki, ABŞ bu məqsədlə terrorçu qruplarla savaşan yerli oyunçuları təlim, kəşfiyyat, maddi-texniki bazayla təmin edəcək.
Ancaq təhlildə vurğulanır ki, bütün bunları həyata keçirmək üçün Birləşmiş Ştatlar birbaşa quru döyüş qüvvəsini artırmalıdır.
«Yaxın Şərqin ənənəvi hakimiyyət strukturları laxlamaqdadır. Bu da dağıntılar üzərində yeni qrupların, təhlükələrin meydana çıxmasına yol açır. Nəticədə Birləşmiş Ştatlar regiondakı strategiyasına yenidən baxmalı olacaq. «Əl- Qaidə»nin geriləməsi «İslam Dövləti» qruplaşmasını çiçəkləndirdi, eləcə də İŞİD-in çöküşündən sonra digər terrorçu qruplar boşluğu doldurmağa çalışacaq. Proqnozlaşdırılan gələcəkdə terrorçuluq ABŞ milli təhlükəsizliyinə hədə olaraq qalacaq. Vaşinqtondakı siyasətçilərin də bununla mübarizə məqsədilə daha davamlı yollar aramaqdan başqa seçimi yoxdur. Sonucda Birləşmiş Ştatlar regionda taktikanı dəyişməli olacaq. Həm yerli təhlükəsizlik qüvvələrinə səlahiyyət verəcək, həm də xüsusi təlim görmüş və təchiz olunmuş qüvvələrini selektiv üsulla yerləşdirəcək», - «Stratfor» yazır.
RUSİYA AVROPA MƏHKƏMƏSİNİN QƏRARLARINI VECİNƏ ALMAYACAQ
Rusiya prezidenti Vladimir Putin ölkənin beynəlxalq məhkəmə qərarlarını gözardı etməsinə icazə verən qanunu imzalayıb. Bununla da ölkənin Konstitusiya Məhkəməsi beynəlxalq hüquqdan daha üstün mövqeyə keçir. Beləliklə, Konstitusiya Məhkəməsi Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını, ölkə konstitusiyasına zidd sayılacağı halda, rədd edə bilər.
«The Independent» yazır ki, Rusiya Strasburq məhkəməsində çox işi uduzub və böyük məbləğdə kompensasiya tələb olunan işlər var.
Bəzi təhlilçilərin fikrincə, yeni qanunun bir məqsədi də YUKOS neft şirkətinin səhmdarlarına 1.9 milyard avronu ödəməməkdir. Avropa Məhkəməsi müvafiq qərarı 2014-cü ildə çıxarıb.
Bu qərardan sonra Rusiya Dövlət Dumasının 93 üzvü Konstitusiya Məhkəməsindən xahiş etdi ki, Avropa Məhkəməsinin qərarları konstitusiyaya uyğun gəlməzsə, necə icra olunmalıdır, bunu izah etsin.
Moskva Arbitraj Məhkəməsinin sədri Alexei Kravtsov iyulda «The Moscow Times»a deyirdi ki, «Konstitusiya Məhkəməsinin qərarı ictimaiyyət və müəyyən dərəcədə elitanın əhvalını göstərir. Rusiya xalqı, YUKOS işi də daxil olmaqla, Avropa Məhkəməsinin qərarının icrasını istəmir».
«The Independent» yazır ki, Rusiya Vyana Konvensiyasının üzvüdür və bu qanun hökuməti beynəlxalq sazişlər əsasında yaradılmış beynəlxalq insan haqları qurumlarının qərarlarının icrası öhdəliyindən azad etmir.