-
Xəyalə Sevil
Mən birinci dəfə idi
Mən birinci dəfə idi,
Belə xoşbəxt olurdum.
Yaz gəlmişdi baxışıma,
Kəpənəklər uçurdu.
Gülüşün toxunurdu üzümə,
Yanağımda
Qırmızı gülüşlər açırdı.
Məsələn, daha qorxmurdum
Gecənin qaranlığından,
Gözlərimdə sən varıydın.
Hər gün bir yeni şeirdə
Səslənirdi adın,
Sözlərimdə sən varıydın.
Ürəyim alınmayan qala qapısı,
Çoxdan açılmışdı üzünə...
Və günlərin bir günü,
Altını üstünə gətirdin bu sevginin.
Sən, cəsarətsiz oldun,
Sən, sonunu düşündün,
Mən sonuna kimi yaşamağı.
Anladımm ki, uzaqsan
Və günlərin bir günü,
Nə yaxşı ki gec olmamış,
Anladım ki uzaqsan...
Arxamızca əl eyləyən
Yarpaqlar da töküldü.
Küçələr də boşaldı,
Pərdələr də çəkildi.
Başımızın üstündə
Yanıb-sönən ulduz da
Söndü, daha yanmadı.
Gözlərimin yaşına
Qoşulub qaçdı həsrət,
Qaçdı və dayanmadı.
Anladım ki uzaqsan.
Uzaqlıq
Tək məsafəylə deyil ki...
Əllərim bir tənha qucaqdı sənsiz
Əllərim bir tənha
Qucaqdı sənsiz.
Həsrətin yamanca
Qoçaqdı sənsiz.
Stolumun üstündə
Titrəyən şamım üşüyür.
Sənsiz açılan səhərim,
Düşən axşamım üşüyür.
Çiynim bədənimdə intihar yeri,
Asılacaq qolum varmış.
Elə hər gün ürəyimdən keçirsən,
Nə tükənməz yolun varmış.
Ömrümü başıaşağı
Tutub boşaltmısan indi.
Səndən qalan tək xatirə
Təkliyimdi, təkliyimdi...
Evim kimi qucaq yoxdu
Yenə tutulub göy üzü,
Tutulub, yağan olub.
Dəymədüşər buludlar
Yaman ağlağan olub.
Ağaclar payız fəslidi,
Yarpaqlar sarı qız kimi.
Torpağın soyuq qoynuna
Yıxılır qarı qız kimi.
Bir tənha külək üşüyür,
Qızınmağa ocaq yoxdu...
Pəncərəmi açıq qoydum,
Evim kimi qucaq yoxdu.