Keçid linkləri

Təcili xəbərlər
2023, 27 Mart, Bazar ertəsi, Bakı vaxtı 11:54

Dünya xəbərləri

Qəndəharda 50-dən çox ölən olub

Qəndəharda öldürülən talibançılar, 9 dekabr, 2015-ci il

-

Taliban silahlılarının Qəndəhar aerodromuna hücumu zamanı 50-dən çox ölən olub. Bu barədə Əfqanıstanın Müdafiə Nazirliyi dekabrın 10-da açıqlama yayıb.

Ölənlərdən 38-i dinc sakinlər, 10-u əfqan ordusunun əsgərləri, 2-si polis zabitidir.

Ölənlər arasında qadınlar və uşaqlar var. 24 saatdan çox çəkən döyüşdə 30-dan çox insan yaralanıb. 11 taliban silahlısı da öldürülüb. Beynəlxalq koalisiya əsgərlərindən ölən olmayıb.

Dekabrın 8-də axşam düşəndən sonra intiharçılar ölkənin ikinci hərbi bazasının yerləşdiyi əraziyə hücum çəkiblər.

Bütün xəbərləri izləyin

Şimali Makedoniya Ukraynaya 12 döyüş helikopteri verir

Ukraynaya məxsus, Mi-24 hücum helikopteri, 9 iyul 2022

Vaxtilə həmin hücum helikopterlərini Şimali Makedoniyaya Ukrayna satıbmış

Makedoniya Silahlı Qüvvələrinin Baş Qərargahı 12 ədəd Mi-24 helikopterinin Ukraynaya təhvil verilməsini təsdiqləyib.

Bu barədə Şimali Makedoniyanın müdafiə naziri Slavyanka Petrovskaya bildirib. Onun sözlərinə görə, hökumət qərarı çərşənbə günü təsdiq edəcək.

Nazirin sözlərinə görə, qəbul edilən qərar Makedoniya ordusunun döyüş effektivliyinə təsir etməyəcək, çünki ölkə Qərbdən yeni döyüş helikopterlərini almağı planlaşdırır.

Bundan əlavə, Mi-24-lərin əksəriyyəti artıq döyüş növbətçiliyində deyil.

Söhbət Ukraynanın 20 il əvvəl Makedoniyaya satdığı sovet istehsalı olan helikopterlərdən gedir.

Onların bəziləri İsrailin “Elbit Systems” şirkətinin iştirakı ilə modernləşdirilib və NATO qüvvələri ilə qarşılıqlı əlaqəyə uyğunlaşdırılıb.

Müdafiə nazirinin sözlərinə görə, texnika Ukrayna tərəfinin istəyi ilə ötürülür. "Bu, Ukrayna ordusunun məharətlə istifadə etdiyi texnikadır", - Petrovskaya bildirib.

2022-ci ilin avqustunda Şimali Makedoniya Ukraynaya 4 ədəd Su-25 hücum təyyarəsi verib.

Mi-24 helikopterləri daha əvvəl Ukraynaya, xüsusən də Çexiyaya təhvil verilib. Bu yaxınlarda Polşa və Slovakiya sovet istehsalı olan MiQ-29 qırıcılarını Kiyevə göndərməyə qərarına gəliblər. Hələki həmin döyüş təyyarələri və helikopterlərin Ukraynaya çatdırılmadığı bildirilir.

İsrailin müdafiə naziri etirazlarla bağlı vəziyyəti ölkənin təhlükəsizliyinə təhdid sayır

İsraildə etirazlar

Nazir etirazlara səbəb olan islahatların ən azı bir neçə ay dayandırlmasını təklif edir

İsraildə planlaşdırılan məhkəmə islahatına qarşı kütləvi etirazlar davam edir. Etirazçıların fikrincə, hökumətin həyata keirmək istədiyi dəyişikliklər antidemokratikdir.

İsrailin müdafiə naziri Yoav Qalant islahat prosesini dayandırmağı təklif edib. O, mövcud vəziyyəti ölkənin təhlükəsizliyinə təhdid adlandırıb.

Qalant prosesin ən azı bir neçə ay dayandırılmasını təklif edir. Nazir etiraz əhval-ruhiyyəsinin İsrail ordusu və təhlükəsizlik xidmətlərində də mövcud olduğunu vurğulayıb.

Onu müxalifət lideri, İsrailin keçmiş baş naziri Yair Lapid də dəstəkləyib. Lapid Qalantın açıqlamasını İsrailin təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb edən cəsarətli addım adlandırıb.

İsraildə məhkəmə islahatlarına qarşı etirazlar 12-ci həftədir davam edir. Təşkilatçıların sözlərinə görə, martın 25-də 600 mindən çox insan küçələrə çıxıb.

Bu, əhalisi 8 milyondan bir qədər çox olan ölkənin tarixində ən böyük etiraz aksiyası sayılıb.

Benyamin Netanyahu hökumətinin irəli sürdüyü məhkəmə islahatına görə, parlament çoxluğu Ali Məhkəmə hakimlərinin seçimini müəyyən edir. Bundan başqa məhkəmə hökumətin qərarlarını ləğv etmək imkanını itirir.

İrəli sürülən təkliflər gələn həftə parlamentdə səsverməyə çıxarılmalıdır. Nümayişçilər hesab edirlər ki, layihənin qəbulu məhkəmələrin müstəqilliyinin itirilməsi deməkdir.

Ötən ilin dekabrında İsrailin baş naziri seçilən Benyamin Netanyahu hesab edir ki, etirazçıların məqsədi onu hakimiyyətdən uzaqlaşdırmaqdır.

Nümayişçilərdən bəziləri həqiqətən də Netanyahunun istefasını tələb edir. O, siyasi karyerasında altıncı dəfə baş nazir vəzifəsini icra edib. Hazırda Netanyahuya qarşı korrupsiya ilə bağlı üç cinayət işi aparılsa da o, özünü təqsirli saymır.

Ukraynadakı müharibə səbəbindən Rusiya Baykonuru tərk edə bilər

"Proton"un buraxılışı, Baykonur, Kazaxıstan, 21 iyul 2021

Ukraynada başladığı müharibə səbəbindən Moskva Sovet və Rusiya kosmonavtikasının tarixi və müasirliyi ilə sıx bağlı olan Qazaxıstandakı Baykonur kosmodromunu tərk edə bilər.

90-cı illərindən başlayaraq Baykodrom Rusiyadan uzaqlaşmağa başlayıb. Qazaxıstanla icarə müqaviləsi 2050-ci ilə qədər qüvvədə olsa da, Rusiyanın Baykonurda iştirakı addım-addım azaldılır.

Getdikcə daha az buraxılış kompleksləri istifadə olunur və bundan sonra nə baş verəcəyi sualı getdikcə aktuallaşır.

2023-cü ilin əvvəlində kosmodromun bölüşdürülməsi məsələsi yenidən kəskinləşib. Qazaxıstan Rusiyanın əmlakına həbs qoyub və 2 milyard rubl tələb edir, Rusiya isə 220 milyon dollarlıq öz əks iddiasını irəli sürür.

1994-cü ildə iki ölkə arasında bağlanmış müqaviləyə əsasən, Baykonur kosmodromu bütün buraxılış avadanlığı ilə Qazaxıstanın mülkiyyətinə keçib.

Bundan sonra Rusiya kosmos fəaliyyəti üçün lazım olan bütün ərazini və infrastrukturu ilə 115 milyon dollar ödəməklə icarəyə götürür.

Rusiya Baykonurdan öz milli proqramları, o cümlədən hərbi buraxılışlar və beynəlxalq layihələr üçün istifadə edir.

Baykonur "Roskosmos"un kommersiya fəaliyyətində də mühüm rol oynayır. Yalnız xarici peyklərlə birlikdə “Proton” raketlərinin buraxılması sayəsində Rusiya son 25 ildə təxminən 10 milyard dollar qazanıb.

Rusiyanın pul qazanmaq üçün kosmodromdan aktiv istifadə etdiyi, lakin sabit xərc ödəməsi Qazaxıstanı qane etmir. Üstəlik, "Roskosmos"a daha çox gəlir gətirən "Proton" raketi zəhərli yanacağı ilə Qazaxıstanın ətraf mühitini çirkləndirir.

Bu məsələ iki ölkə arasında raket buraxılışlarına müvəqqəti qadağaların qoyulmasına qədər böhranlı vəziyyətlərə səbəb olub.

Kosmodromdan istifadə imkanlarını saxlamaq, dövlətlərarası gərginliyi azaltmaq üçün iki ölkənin kosmik idarələri birgə “Baiterek” layihəsi hazırlayıblar.

Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı ölkənin xarici iqtisadi vəziyyətini xeyli gərginləşdirib. Rusiya tərəfdən “Baiterek” BM-nin şəriki olan "Xruniçev Mərkəzi" və “Soyuz-5”in tərtibatçısı və istehsalçısı "RCC Progress" birbaşa sanksiyalar altına düşüb.

Rusiya raketlərinin bütün Qərb müştəriləri və digər ölkələr "Roskosmos"dan üz çeviriblər. Belə şəraitdə “Baiterek”in iqtisadi perspektivləri daha da mürəkkəbləşib.

Layihənin hazırkı vəziyyəti qeyri-müəyyən vəziyyətdədir: Qazaxıstan layihədə gələcək iştirakdan asılı olan yeni texniki-iqtisadi əsaslandırmanı gözləyir.

Rusiya tərəfdən "Soyuz-5"-in tərtibatçıları çətin vəziyyətə düşüblər, hətta yeni hazırlanmış raketin hara buraxılması da problemdir. “Dəniz startı” mobil kosmodromu Rusiyaya təhvil verilsə də, onun üçün həm də modernləşdirmə tələb olunur ki, bu da “Baiterek”dən bir neçə dəfə bahadır. Super ağır daşıyıcının hazırlanması da qeyri-müəyyən müddətə təxirə salınıb.

Bu gün Baykonurda Rusiyanın "Soyuz-2" və "Proton" olmaqla yalnız iki raket buraxılış kompleksi var.

Rusiya 2028-ci ildə Baykonurdan tam gedə bilər.

Məqalədə qeyd olunur ki, bir sıra amillər "Roskosmos"un Qazaxıstanda mövcudluğunu qoruyub saxlaya bilər.

Bu isə Rusiyanın ABŞ-la kosmos sahəsində əməkdaşlığı davam edirməsi, Ukrayna ilə sülh imzalanması və Qərbin sanksiyalarının aradan qaldırılması halında mümkündür.

‘The Times’: Partlayışdan əvvəl yaxınlıqda Danimarka və İsveç gəmiləri görünüb

“Şimal axını 2” qaz kəmərinin yanında naməlum obyekt, 24 mart 2023-cü il

Partlayışdan əvvəl “Şimal axını” qaz kəmərləri yaxınlığında Danimarka hərbi gəmisi, İsveç patrul korveti və İsveç kəşfiyyat təyyarəsi görünüb.

Bu barədə Danimarka araşdırmalarına istinadən “The Times” yazıb.

Həmin araşdırmalara görə, hadisədən dörd gün əvvəl Rusiya gəmilərinin fəaliyyətinə nəzarət edən Danimarka patrul gəmisi gözlənilmədən kursdan çıxıb.

Gəmi bir neçə il ərzində ilk dəfə Bornholm adasının ətrafında dövrə vurub, yarım saat dayanıb, transponderləri söndürüb və radardan itib.

Araşdırma matreallarında qeyd olunur ki, bir neçə dəqiqədən sonra Danimarka gəmisinin dayandığı yerdən çox da uzaq olmayan İsveç kəşfiyyat təyyarəsi dövrə vurmağa başlayıb, daha sonra əraziyə İsveç korveti gəlib.

2022-ci ilin sentyabrında qaz kəmərlərində baş verən partlayışla bağlı Almaniya, İsveç və Danimarka tərəfindən araşdırmalar aparılır.

Martın 24-də Danimarka Enerji Agentliyi “Şimal axını 2” yaxınlığında dənizin dibində hündürlüyü 40 və eni 10 santimetr olan silindir formasında olan bir obyekt tapdığını bildirib.

Danimarka nümayəndələri partladılmış "Nord Stream 2 AG" boru kəmərlərinin operatoruna əşyanın tanınmasında kömək istəyi ilə müraciət ediblər. Operator obyektin suyun üzərinə çıxarılmasında iştirak etməyə razılaşıb.

Moskva Danimarkanın Nord Stream 2 AG-ni bu araşdırmada iştiraka cəlb etmə qərarını müsbət xəbər kimi qiymətləndirib.

2022-ci il sentyabrın sonunda Danimarkanın Bornholm adası yaxınlığında partlayış nəticəsində birinci “Şimal axını”nın iki xətti və “Şimal axını 2” nin bir qolunda təzyiq azalıb.
Mart ayında bir sıra Qərb mediası qaz kəmərinin zədələnməsinə səbəb olan hadisələrin mümkün inkişafı ilə bağlı məlumatlar dərc edib.

Həmin məlumatlarda təxribatı hansısa ukraynayönlü qruplaşmanın həyata keçirə biləcəyi ehtimal edilib. Amma Ukrayna hökuməti baş verən hadisənin Ukraynaya heç bir aidiyyəti olmadığını bəyan edib.

Ukrayna prezidenti Volodimir Zelenski bu cür nəşrləri çox təhlükəli adlandırıb və Kiyevin bu məsələdə iştirak etmədiyini bir daha təkrarlayıb.
ABŞ, Böyük Britaniya və Avropa İttifaqının hakimiyyət orqanları hadisəni məqsədyönlü təxribat adlandırıblar.

Moskva baş verən hadisədə ABŞ və müttəfiqlərini maraqlı sayır. Vaşinqton isə bu ittihamları rədd edir.
Baş vermiş partlayışla bağlı Rusiyada beynəlxalq terror aktı maddəsi ilə cinayət işi açılıb.

‘The Guardian’: Rusiya vətəndaşlarının ABŞ-dan deportasiyası bərpa edilir

Arxiv foto

Amerika Birləşmiş Ştatları immiqrasiya qanunlarını pozan Rusiya vətəndaşlarının deportasiyasını yenidən bərpa edib.

Beləki Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından sonra bu cür deportasiyalar dayanmışdı, indi isə yenidən həyata keçirilir.

Bu barədə Britaniyanın “The Guardian” qəzeti məlumat yayıb.

Qəzetin vəkillərə istinadən verdiyi məlumata görə, səfərbərlikdən qaçaraq ABŞ-a sığınan rusiyalı gənc bu həftə yenidən geri, öz ölkəsinə deportasiya edilib.

Həmin gəncin bir sıra digər rusiyalılar kimi ötən il ABŞ-dan sığınacaq istədiyi iddia olunur.

“The Guardian” yazır ki, Rusiyadan olan digər sığınacaq axtaran şəxslər indi ABŞ hakimiyyətinin onları Rusiyaya göndərə biləcəyindən narahatdırlar.

ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Agentliyi xarici vətəndaşları, o cümlədən rusiyalıları “ölkəyə məxsus təlimatlara uyğun olaraq” deportasiya etdiyini bildirib.

Yəni agentlik rusların deportasiyasının yenidən başlandığını inkar etməyib. "The Guardian" bu məsələlərlə bağlı Ağ Evə ünvanladığı sorğunun cavabsız qaldığını yazır.

Məlumatlarda o da vurğulanır ki, bir çox rusiyalı Amerika vizası olmadan Meksikaya uçaraq oradandan qanunsuz yolla ABŞ-a keçib. Bu zaman Ukraynadakı müharibə səbəbindən deportasiyaların dayandırıldığına əmin olaraq Amerikadan sığınacaq istəyiblər.

Hüquqşünaslar indi müştərilərinin deportasiya oluna biləcəyindən qorxduqlarını deyirlər.

İddia olunur ki, məhkəmələr artıq bir neçə işdə sadəcə hərbi xidmətə çağırılma imkanının sığınacaq verilməsi meyarlarına cavab vermədiyi barədə qərar çıxarıblar.

ABŞ 2022-ci il martın əvvəlində, Rusiya qoşunlarının Ukraynanı işğal etməsindən iki həftə keçməmiş Rusiya, Ukrayna, Belarus və bir sıra digər ölkələrə deportasiyaların dayandırıldığını elan edib.

Amma bu qərarın ləğvi barədə rəsmi məlumat verilmədiyi bildirilir.

Putin Krımda və Mariupolda olub-Kiyevdən reaksiya

Putin Sevastopolda

"Cinayətkarı həmişə cinayət yeri özünə çəkər". Bu sözləri Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak Rusiya prezidenti Vladimir Putinin işğal olunmuş Mariupola səfərini şərh edərkən deyib.

“Sivil dünya ölkələri “müharibə rejissorunun” (Putin nəzərdə tutulur) sərhədi keçdiyi halda həbs olunacağını elan edərkən, minlərlə Mariupol ailəsinin qətlinin təşkilatçısı şəhərin xarabalıqlarına və kütləvi məzarlıqlara heyran olmağa gəlib...”, – Podolyak Twitter-də yazıb.

Kremlin sözçüsü Dmitri Peskov Putinin səfər zamanı şəhərdə nəqliyyatın hərəkətinin dayandırılmadığını deyib.

Mariupol merinin köməkçisi Pyotr Andryuşşenko isə deyib ki, Putinin olduğu müddətdə şəhərin səması və mobil rabitə sistemi bağlı olub.

***

Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin barəsində həbs qərarı çıxarmasından bir gün sonra, martın 18-də Rusiya prezidenti Vladimir Putin ilhaq edilmiş Krımda və müharibənin ilk günlərində dağıdılmış Mariupolda olub.

Bunu Moskvanın təyin etdiyi qubernator Mixail Razvojayev yazıb. Daha sonra məlumat Kremlin saytında yer alıb.

(Bir gün əvvəl, martın 17-də Putin Krımla bağlı video formatda toplantı keçirib-red.)

Bu Putinin Rusiyanın Ukraynaya qarşı başladığı genişmiqyaslı işğal müahribəsindən sonra Krıma ilk səfəridir. Məlumatda qeyd edilir ki, Putinin bu səfəri Krım yarımadasının ilhaqının doqquzuncu ildönümü ilə bağlıdır.

Rəsmi məlumatlara görə, Putin bundan əvvəl Krımda 2021-ci ilin noyabrında olub. İlhaqın ildönümünə isə ilk dəfə 2020-ci ildən səfər etməyə başlayıb. Ötən il və ondan qabaq Putin 18 mart tarixində Moskvada olub.

Razvojaev teleqram kanalında bu səfərin planlaşdırılan səfər olmadığını qeyd edib. Onun sözlərinə görə, Sevastopolda, Xersonese Tauride yaxınlığındakı incəsənət məktəbi və uşaq mərkəzi "Korsun"un videobağlantı vasitəsilə açılması planlaşdırılsa da, Putin bu açılışa şəxsən gəlib.

Razvojayevin yazdığına görə, Putin “sükan arxasınada” gəlib. Amma o, hava məkanı bağlı olan Krıma Putinin necə gəldiyini dəqiqləşdirməyib.

Yayımlanan videoda Putin heç bir siyasi bəyanatla çıxış etmir, sadəcə müşayətçilərin ona göstərdiklərini şərh edir.

Putin həm də Mariupolda olub

Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, Putin Ukraynanın şərqində yerləşən Mariupol şəhərində olub. Ukraynanın bu şəhəri Rusiya tərəfindən müharibənin əvvəlində işğal olunub. Rusiya mətbuatının yaydığı məlumata görə, Putin baş nazirin müavini Marat Xusnullinin müşayiəti ilə vertolyotla oraya uçub və şəhəri gəzib.

Qeyd olunur ki, Putin sahil xətti boyunca ərazilərə baxıb, "Nevski" rayonunda yerli sakinlərlə söhbət edib".

Rusiyanın dövlət qurumu olan RİA Novosti tərəfindən yayımlanan videoda Putinin sükan arxasında baş nazirin müavini ilə şəhərin bərpası üçün kreditləri müzakirə edir. Daha sonra Filarmoniya olduğu iddia edilən binanın içərisinə daxil olur.

Rusiya KİV-ləri yazırlar ki, Putin Mariupoldan sonra Rostov-na-Dona gedib və orada “xüsusi hərbi əməliyyat” (Kreml Ukraynadakı müharibəni belə adlandırır-red.) komanda məntəqəsində görüş keçirib.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi zamanı Mariupol şəhəri artilleriya atəşi nəticəsində demək olar ki, tamamilə dağıdılıb. Rusiya və Ukrayna ordusu arasında gərgin döyüşlərdən və uzun blokadadan sonra 2022-ci ilin mayında Mariupol işğal edilib.

Rus qoşunları orada çoxsaylı hərbi cinayətlər törətməkdə şübhəli bilinir.

Vladimir Putin Krımın ilhaqını 2014-cü il martın 18-də Moskvada rəsmən elan edib. Rəsmi elandan əvvəl isə Rusiyanın tərkibinə daxil olmaqla bağlı Krımda referendum keçirilib.

Bu səsvermənin nəticələri dünyanın əksər ölkələri tərəfindən tanınmayıb.

Həmin vaxt yarımada Rusiya ordusunun nəzarəti altında idi. Rusiya hakimiyyəti əvvəlcə silahlı şəxslərin Rusiya ordusunun üzvləri olduğunu etiraf etməkdən imtina edib.

Amma bir müddət sonra Putin onların rus əsgərləri olduğunu etiraf edib.

2022-ci il fevralın 24-də Rusiya yenidən Ukraynaya hücum edib və hazırda bu işğal davam edir.

Bu işğala görə, Beynəlxalq Cinayət Məhkəməsi (The International Criminal Court - ICC) “Ukraynada yaranmış vəziyyət kontekstində” martın 17-də Rusiya prezidenti Vladimir Putinin həbsi üçün order verdiyini bəyan edib.

Putin muzdluları gözdən salma cəzasını sərtləşdirən qanunu imzalayıb

Putin, Yerevan, 1 oktyabr 2019

Rusiya prezidenti Vladimir Putin müharibə iştirakçılarını, o cümlədən könüllüləri gözdən salanları cinayət məsuliyyətinə cəlb edən qanunu imzalayıb.

Düzəlişlər Dövlət Duması tərəfindən martın 14-də qəbul edilib.

Qanun Cinayət Məcəlləsinin iki maddəsinə dəyişikliyi - "saxtakarlıq" və Rusiya ordusunu "nüfuzdan salma"-nı nəzərdə tutur.

Yeni qanuna görə, cəza 3 illik həbs cəzası 5 ilə qaldırılır. Ağır nəticələrə səbəb olan "saxtakarlığa" görə cəza elə 15 illik həbs cəzası olaraq qalır.

Ordunu nüfuzdan salmağa görə, əməllər sağlamlığa zərər vurduqda və kütləvi iğtişaşlara səbəb olduqda, cəza beş ildən yeddi ilədək artırılır.

Belə bir dəyişikliyi "Vaqner PMC"-nin yaradıcısı Yevgeni Priqojin istəyib. Beləki onun hərbi şirkətinin muzdluları könüllülərlə bərabər tutulur.

Bundan əvvəl də Rusiya ordusu, Ukraynadakı müharibə haqqında rəsmi xəbərlərdən kənar məlumat yayanlar cəzalandırılır.

Qanun layihəsinin müəllifləri arasında Dövlət Dumasının rəhbəri Vyaçeslav Volodin və onun müavini İrina Yarovaya da var.

Rusiya məhkəmələri müharibə ilə bağlı rəsmi məlumatlara zidd olan hər hansı məlumatı nüfuzdan salan və bilərəkdən yalan məlumat yaymaq kimi tanıyır.

Hüquq müdafiəçilərinin məlumatlarına görə, Moskva Ukraynaya qarşı müharibəyə başlayandan bəri Rusiyada 450-dən çox insan müharibə mövqeyinə görə cinayət məsuliyyətinə cəlb edilib. Onlardan 100-dən çoxu həbsdədir.

Martın 17-də isə Beynəlxalq Cinayət Məhkəməsi (The International Criminal Court - ICC) “Ukraynada yaranmış vəziyyət kontekstində” Rusiya prezidenti Vladimir Putinin həbsi üçün order verdiyini bəyan edib.

Rusiya üzərindən ABŞ-a uçuşlara qadağa qoyulması istənilir

ABŞ-ın Delta Hava yolları şirkətinə məxsus təyyarə, Ronald Reyqan limanı, 8 avqust 2016

Amerika aviaşirkətləri Ağ Evi və Konqresi xarici aviaşirkətlərin Rusiya hava məkanından ABŞ-a uçmasını qadağan etməyə çağırırlar.

Bu barədə "New York Times" öz mənbələrinə istinadən xəbər verir.

Amerika aviaşirkətləri Asiyaya ən qısa marşrutlarla - Şimal Buzlu Okean və Rusiyadan keçməklə uça bilmədiklərinə görə, Asiya rəqibləri ilə müqayisədə əlverişsiz vəziyyətdə olduqlarından şikayətlənirlər.

Beləki Ukraynaya müdaxiləyə görə ABŞ-ın Rusiya aviadaşıyıcılarına qoyduğu qadağalardan sonra Rusiya da qarşılıq olaraq öz hava məkanını ABŞ təyyarələrinə bağlayıb.

Bu səbəbdən də Amerika aviaşirkətləri yollarını uzatmalı və faydalı yükləri azaltmalı olurlar. Onlardan fərqli olaraq digər xarici şirkətlər uçuşa daha az vaxt sərf edir və bu da qiymət fərqinə səbəb olur.

ABŞ Hava yolları lobbi qrupu hesab edir ki, Amerika şirkətləri bir il ərzində təxminən 2 milyard dollar itiriblər. Bu səbəbədən də qrup ABŞ hakimiyyətini Amerika və xarici hava daşıyıcıları arasında rəqabət üçün bərabər şərait yaratmağa çağırır.

“New York Times” Nəqliyyat Departamentinin Çin aviaşirkətlərinə ABŞ-a uçuşlar zamanı Rusiya hava məkanından istifadə etməyi qadağan edən sərəncam layihəsi hazırladığını yazır.

Qəzetə görə, Bayden administrasiyası Hindistan aviaşirkəti ilə bağlı da eyni addımı atmağın Dehli ilə arzuolunmaz nəticələrə səbəb ola biləcəyindən ehtiyat edir.

Belə qadağa təklifinə müsbət yanaşan Senatın Xarici Siyasət Komitəsinin sədrləri Bob Menendez və Cim Riş Dövlət və Nəqliyyat Departamentinə göndərdikləri məktubda qeyd edirlər ki, Rusiya ərazisi üzərindən uçuşlar zamanı təyyarələr təcili və ya məcburi eniş etməli olduqları vəziyyətə düşə bilərlər.

Senatorlara görə, belə hallarda təyyarədəki Amerika vətəndaşları Rusiya hakimiyyətinin diqqət obyektinə çevrilə bilərlər.

Qadağanın tərəfdarları həmçinin vurğulayırlar ki, Rusiya müharibə şəraitindədir və bu, onun ərazisi üzərində uçuşlar üçün təhlükə yarada bilər.

ABŞ 'Siyasi partiyalar haqqında' qanuna münasibət bildirib

Ned Prays

ABŞ-dan Azərbaycanın "Siyasi partiyalar haqqında" yeni qanunu ilə bağlı açıqlama olub.

Açıqlamanı martın 16-da ABŞ Dövlət Departamentinin nümayəndəsi yayıb.

"Biz hakimiyyəti Venesiya Komissiyasının və ATƏT-in tövsiyələrini nəzərə almağa və əsas azadlıqlara, o cümlədən birləşmək azadlığına hörmət etməyə çağırırıq", - Dövlət Departamentinin sözçüsü Ned Prays (Ned Price) Twitter hesabında yazıb.

Bu yaxınlarda Avropa Şurasının Venesiya Komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) Azərbaycanın siyasi partiyalar haqqında yeni qanunu haqqında birgə rəy açıqlayıb. Sənəddə qanunda "problemli müddəalar" şərh olunub.

Birgə rəydə yeni qanunda siyasi partiya üzvlərinin minimum sayının min nəfərdən 5 minə nəfərə qədər artırılması, artıq qeydiyyatdan keçmiş partiyaların təkrar qeydiyyatı, dövlət qeydiyyatı olmayan partiyaların fəaliyyətinə qadağan qoyulması kimi müddəalar tənqid olunur.

Xatırlatma

Ötən ilin dekabrında Azərbaycan Milli Məclisi siyasi partiyalar haqqında yeni qanun qəbul edib. Müsavat və AXCP kimi müxalifət partiyaları qanunu tənqidlə qarşıladılar. Onlara görə, hakimiyyət bununla real müxalifəti sıradan çıxarmağa çalışacaq.

Amma rəsmilər belə fikirləri qəbul etmirlər. Onların fikrincə, yeni qanun cəmiyyətin yeni çağırışlarına uyğun hazırlanıb və ölkədə dinc, sərbəst fəaliyyətə tam imkan yaradır.

ABŞ-nin bombardmançı təyyarəsi Sankt-Peterburqdan 200 kilometr məsafədə uçub

Arxiv foto

Nüvə silahı daşımaq qabiliyyətinə malik Amerikanın B-52 strateji bombardmançı təyyarəsi Rusiyanın Sankt-Peterburq şəhərindən təxminən 210 kilometr aralıda Rusiyanın şimal-qərb sərhədi üzərində uçub.

Bu zaman B-52-ni Polşanın qırıcı tyyarələri müşayiət edib.

Polşanın müdafiə naziri Mariuş Blaşçak da tvitter hesabında bombardmançı təyyarəni Polşalı qırıcıların müşayiət etdiyini yazıb.

Flightradar24 xidmətinin məlumatına görə, uçuş şənbə günü axşam Finlandiya körfəzi ərazisində olub.

Polşa aerodromundan havaya qalxan təyyarə Baltik dənizi üzərindən uçaraq Estoniyanın Saaremaa adası yaxınlığında Sankt-Peterburqa tərəf dönüb. Rusiyanın Qoqland adası ərazisində o, kursunu dəyişib və bundan sonra Baltikyanı ölkələr üzərində uçub.

Məlumatlarda etimal edilir ki, Rusiya ordusu bu uçuşun qarşısını ala bilməyib.

Qeyd edilir ki, uğurlu aşkarlanma olanda adətən NATO-nun bombardmançı təyyarələrini Rusiya qırıcıları müşayət edir, amma bu dəfə bu baş verməyib.

Rusiyanın Qərb Hərbi Dairəsinin mətbuat xidməti “Moskovski Komsomolets”ə bildirib ki, əgər B-52 “sərhədlərə kritik məsafədə” uçsa idi Hava Hücumundan Müdafə Qüvvələri buna reaksiya verərdi.

Rusiyanın sutka ərzində Ukraynadakı itkilərinin mini keçdiyi bildirilir

Ukrayna, Baxmut, 27 fevral 2023

Ukrayna ordusu baş qərargahının martın 12-də yaydığı məlumatda iddia olunur ki, Baxmut şəhərinə qarşı döyüşləri davam etdirən Rusiya tərəfi son 24 saat ərzində 1090 hərbçi və 8 tank itirib.

Müstəqil, anti-Putin media orqanı olan "Mediazona" isə martın 11-də bildirib ki, onun hesablamalarına görə, son iki həftədə Ukraynada gedən döyüşlərdə Rusiya 1638 hərbçi və "Vaqner "muzdlusu itirib.

O da qeyd olunur ki, bu "Mediazona", "BBC" və könüllülərin hesablamalarında ən böyük itkilər sayılır.

“Vagner” döyüşçüləri arasında itkilərin artdığını yazan "Mediazona" vurğulayır ki, ən çox itki şirkətin döyüşlərə cəlb etdiyi məhbuslar arasında olub.

Jurnalistlər və könüllülər ölən 800 Rusiya hərbçisinin adını müəyyən edə biliblər.

Amma “Mediazona” vurğulayır ki, bu itkilərin real səviyyəsini əks etdirməyə də bilər və say bir-neçə dəfə böyük ola bilər.

Nəşrin məlumatına görə, ən çox dəfn mərasimləri Sverdlovsk və Çelyabinsk vilayətlərində, Başqırdıstan, Buryatiya və Dağıstana olub.

O da qeyd olunur ki, digər bölgələrlə müqayisədə Krasnodar diyarından müharibəyə aparılanlar arasında itkilərin daha çox olması ilə bağlı məlumatların yayılması könüllülərin qəbiristanlıqları gəzərək hərbçi məzarlarının şəklini çəkib paylaşmaları ilə bağlıdır.

Britaniya kəşfiyyatı və digər Qərb analitikləri, Rusiya tərəfinin Baxmutu mühasirəyə almaq cəhdi zamanı böyük itkilər verdiyini bildiriblər.

Ukrayna quru qoşunlarının komandanı Aleksandr Sırski bildirib ki, Baxmutun inadla müdafiəsi Ukrayna qüvvələrinə qarşıdakı əks hücuma hazırlaşmağa kömək edib.

Rusiya və Ukrayna itkilərlə bağlı məlumatları açıqlamırlar. Qərb kəşfiyyatının hesablamalarına görə, Rusiya ordusunun ölən və yaralananlarla itkisi 200 min nəfərə çata bilər - onlardan 60 minə qədəri ölə bilər.

Pentaqonun ötən ilin noyabrında açıqladığı məlumatda hər iki tərəfin itkilərinin 100 min ola biləcəyi qeyd edilib.

Amma hərbi əməliyyatlar şəraitində döyüşən tərəflərin itkilərlə bağlı səsləndirdikləri rəqəmləri tez yoxlamaq çətindir.

Rusiya 2022-ci ilin fevralında Ukraynaya hücum edib. Hələ də davam edən müharibədə Ukraynada onlarla yaşayış məntəqələri, infrastruktur obyektləri dağıdılıb.

Minlərlə insan həlak olub, yüzminlərlə insan evlərini və ümumiyyətlə ölkəni tərk etməyə məcbur olub. Ukraynaya qarşı müharibəni dayandırması üçün Qərb ölkələri Rusiyaya qarşı çoxsaylı sanksiyalar tətbiq ediblər.

İsraildə yüzminlərlə insan hökumətin məhkəmə islahatlarına etiraz edir

İsraildə etiraz aksiyası

İsraildə məhkəmə islahatlarına qarşı mitinqlər keçirilir. Nümayişlərə artıq yarım milyon insanın qoşulduğu bildirilir. Bu, İsrail tarixində ən böyük etiraz aksiyası sayılır. İsraildə 8 milyona yaxın əhali yaşayır.

Benyamin Netanyahu hökumətinin təklif etdiyi məhkəmə islahatına qarşı kütləvi etirazlar artıq 10 həftədir ki, davam edir.

Təklif edilən yeni islahatlara görə, parlament çoxluğu faktiki olaraq Ali Məhkəmənin hakimlərinin seçimini müəyyən edə bilər, məhkəmənin özü isə hökumətin qərarlarını ləğv etmək imkanını itirir.

Etirazçılara görə, belə bir islahatın reallaşması məhkəmələrin müstəqilliyini itirməsi deməkdir.

Ötən ilin dekabrında İsrailin baş naziri seçilən Benyamin Netanyahu isə hesab edir ki, etirazçıların məqsədi onu hakimiyyətdən uzaqlaşdırmaqdır.

Nümayişçilərdən bəziləri həqiqətən də Netanyahunun istefasını tələb edirlər.

O, siyasi karyerasında altıncı dəfə baş nazir vəzifəsini icra edib. Netanyahuya qarşı korrupsiya ilə bağlı üç cinayət işi başlansa da o, bütün ittihamları rədd edir.

Təklif olunan qanun layihəsinə gəldikdə isə Netanyahu özü isə hesab edir ki, hökumətin həyata keçirmək istədiyi məhkəmə islahatları hakimiyyətin qollarını tarazlaşdıracaq.

Keçmiş baş nazir Yair Lapid də daxil olmaqla İsrail müxalifəti ya qanun layihəsinin tamamilə ləğvini, ya da etiraz edən tərəfin nümayəndələrinin də bu islahatlarla bağlı birgə müzakirələrə qoşulmasını tələb edir.

Yunanıstan bayrağı altında üzən tanker partlayışdan əvvəl kəmər yaxınlığında olub

Dənizdə qaz kəmərinin partladığı

Yunanıstan bayrağı altında Baltik dənizində üzən "Minerva Julie" tankeri 2022-ci il sentyabrın 6-dan bir həftə ərzində "Şimal axını" qaz kəmərinin keçdiyi ərazi sularında olub.

Bu barədə "Business Insider" məlumat yayıb. Qaz kəmərində partlayış sentyabrın 26-da baş verib.

Məlumatda qeyd olunur ki, tankerin qaz kəməri ərazisində dayanmasına ilk diqqət yetirən danimarkalı analitik Oliver Alexander olub. Onun sözlərinə görə, təxminən tankerlə eyni yerdə bir yaxta da olub.

Almaniya mətbuatına görə, bu, sözügedən yaxtanın orada olması partlayıcı maddələrin çatdırılması ilə bağlı ola bilər.

"Minerva Julie" sahibi "Business Insider"-ə gəminin Baltik dənizində olduğunu təsdiqləyib. Amma o deyib ki, tankerin ekipajı səfərlə bağlı yeni təlimatlar gözləyirmiş və bu da standart təcrübədir.

Nəşr yazır ki, sözügedən tankerin uzun müddət partlayış baş verən ərazidə dayanması sosial şəbəkələrdə xeyli fərziyyələrə səbəb olsa da mövcud məlumatlar ekipajın təxribatda iştirakını göstərmir.

2022-ci il sentyabrın sonunda baş verən partlayışda “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərinin dörd xəttindən üçü zədələnib.

Hələ istifadəyə verilməyən bu kəmər Rusiya qazını Almaniyaya, ordan da digər Avropa ölkələrinə nəqlini nəzərdə tuturdu.

İsveç, Danimarka və Almaniyanın araşdırmaları göstərir ki, qaz kəmərləri partladılıb, lakin günahkarlar hələ də müəyyən edilməyib.

ABŞ, Böyük Britaniya və Avropa İttifaqının hakimiyyət orqanları bunu məqsədyönlü təxribat elan ediblər.

Qərb mətbuatının yazdığına görə, partlayışda Kiyevlə hərəkətlərini koordinasiya etməyən, ukraynayönlü qruplaşmanın əli ola bilər.

Ukrayna prezidenti Kiyevin partlayışlarda iştirakı barədə məlumatları dezinformasiya adlandırıb və deyib ki, bu Ukrayna ordusuna hərbi yardımı ləngitmək istəyən ölkələr üçün faydalıdır.

Rusiya hakimiyyəti qəzada ABŞ və müttəfiqlərinin maraqlı olduğunu düşünür.
“The Wall Street Journal” yazır ki, Mərkəzi Kəşfiyyat İdarəsi hələ ötən ilin yayında Avropa ölkələrinə mümkün terror aktı ilə bağlı xəbərdarlıq edib.

Finlandiya Kiyevə qırıcılar verə bilər

F/A-18E Super Hornet təyyarələri, arxiv foto

Yeni F-35 qırıcıları almağı planlaşdıran Finlandiya hazırda malik olduğu "Hornet" qırıcılarını Ukraynaya verə biləcəyini deyir

Finlandiya mediası baş nazir Sanna Marinin Ukraynaya ABŞ istehsalı olan qırıcı təyyarələrin verilməsini müzakirə etməyə hazır olduğunu bildirib.

Martın 10-da Kiyevə səfər edən Marin bildirib ki, Helsinki 62 "Hornet" qırıcısını əvəz etmək üçün 64 müasir F-35A qırıcısı almağı planlaşdırır.

Baş nazir deyib ki, "Hornet" lər Ukraynaya verilə bilər, baxmayaraq ki, o, müzakirələrin ilkin mərhələdə olduğunu qeyd edib.

Müharibə başlayandan bəri Ukrayna müttəfiqlərindən müasir qırıcı təyyarələr istəyir.

Fevralın 8-də Parisdə keçirilən danışıqlarda Ukrayna prezidenti Volodimir Zelenski Donetsk vilayətinin şərqində Rusiyanın hücumlarının qarşısını almaq üçün Fransa və Almaniyadan “mümkün qədər tez” Kiyevə təyyarələr verməyə çağırıb.

Rusiya 2022-ci ilin fevralında Ukraynaya hücüm edib. Hələ də davam edən davam edən müharibə nəticəsində Ukraynanın onlarla yaşayış məntəqələri dağıdılıb, yüzminlərlə insan evlərindən və ölkədən didərgin düşüb.

Son vaxtlar Ukraynanın Baxmut şəhəri uğrunda Ukrayna və Rusiya orduları arasında döyüşlər gedir.

Bloomberg: Türkiyə ABŞ-ın təzyiqi ilə Rusiyaya malların tranzitini dayandırıb

Arxiv foto

Agentlik bu məlumatı Türkiyənin yüksək çinli məmurundan aldığını bildirir

Türkiyənin martın 1-dən ABŞ və Avropa İttifaqı sanksiyaları altında olan malların Rusiyaya tranzitini dayandırdığı bildirilir.

Bu barədə “Bloomberg” Türkiyənin yüksək səviyyəli rəsmisinə istinadən məlumat yayıb.

Məlumatda vurğulanır ki, Türkiyə hökumətinin belə bir qərar qəbul etməsi Vaşinqtonun təzyiqlərindən sonra mümkün olub.

Agentliyə görə, Türkiyə keçən il Rusiya üçün əsas malların təkrar ixracatçılarından birinə çevrilib. Beləki 2021-ci ildə ticarət dövriyyəsi 6 milyard dollara yaxın olubsa sonradan bu doqquz milyard dolları ötüb.

Türkiyənini Rusiyaya sanksiya tətbiq olunan malların tranzitini əngəlləməsi faktını martın 9-da “Kommersant-FM” logistika şirkətlərinin nümayəndələrinə istinadən yayıb.

Nəşrin həmsöhbətləri tranzitin dayandırılmasını ABŞ dövlət katibi Entoni Blinkenin Türkiyəyə son səfəri ilə əlaqələndiriblər.

Səfərdən əvvəl ekspertlər Vaşinqtonun Türkiyənin Moskva ilə yaxın münasibətindən narahat olduğunu qeyd ediblər.

Rusiya 2022-ci ilin fevralında Ukraynaya hərbi təcavüz edib. Hələ də davam edən işğala görə, Avropa İttifaqı və ABŞ Moskvaya qarşı çoxsaylı sanksiyalar tətbiq edib.

Yunanıstanda iki qatar toqquşub, 36 nəfər ölüb

Hadisə yeri

Yunanıstanda qatar qəzasında ölənlərin sayı 36-nı keçib. Azı 85 nəfər xəsarət alıb, onlardan 66-sı xəstəxanaya yerləşdirilib, üçü reanimasiyadadır.

+++

Yunanıstanın şimalında sərnişin qatarının yük qatarı ilə toqquşması nəticəsində 32 nəfər həlak olub, azı 85 nəfər xəsarət alıb.

Ötən gecə Larisa şəhəri yaxınlığında baş verən hadisə nəticəsində çoxsaylı vaqon relsdən çıxıb, azı üçü alovlanıb.

Hazırda axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilir.

Hadisənin şahidləri toqquşma nəticəsində bir neçə sərnişinin qatarın pəncərələrindən çölə atıldığını deyir. Digər sərnişinlər isə qatar dayanandan sonra xilas olmağa çalışıblar.

Paytaxt Afinadan 380 km şimalda yerləşən bu ərazidə böyük magistral yollar, dəmiryolu tunelləri keçir. Qatarlar Tempe Vadisi yaxınlığında toqquşublar.

“Orada böyük polad parçaları vardı. Qatarlar tamamilə dağılıb, hər ikisi”, – hadisə yerinə ilk çatmış yerli sakinlərdən biri AP-yə deyib.

Hadisənin səbəbi aydın deyil. İki dəmiryolu rəsmisinin polis tərəfindən dindirildiyi, ancaq saxlanan olmadığı bildirilir.

Pulkovo aeroportu bu səhər bütün uçuşları dayandırıb

Pulkovo aeroportu, arxiv fotosu

Rusiyanın Sankt-Peterburq şəhərindəki Pulkovo aeroportu fevralın 28-də səhər bütün uçuşları müvəqqəti dayandırıb. Rusiya mediasında gedən təsdiqlənməmiş məlumatlara görə, ərazidə drona oxşar naməlum obyekt görünüb.

Şəhər hökuməti rəsmi Telegram kanalında aeroportun bağlandığını elan etsə də, səbəb göstərməyib.

Rusiya xəbər agentlikləri yerli vaxtla günorta 12-də uçuşların bərpa olunduğunu xəbər verib.

RIA Novosti xəbər agentliyi şəhərin fövqəladə xidmətlərindəki mənbəyə istinadla aeroport üzərində naməlum obyekt göründüyünü, məkanın bu səbəbdən qapadıldığını yazıb.

Rusiyanın iki onlayn media orqanı isə yazıb ki, təhqiqat üçün iki qırıcı təyyarə göndərilib, ancaq heç nə tapılmayıb. Bu xəbər də təsdiqlənməyib.

“FlightRadar24” vebsaytı bu gün səhər Sankt-Peterburqa uçan bir sıra təyyarələrin geri qayıtdığını, günorta isə artıq uçuşların bərpa olunduğunu göstərib.

İtaliya sahillərində baş verən qəzada ən azı 45 miqrant həlak olub

Hadisə yeri

İtaliya sahillərində miqrantları daşıyan gəmi qəzaya uğrayıb. Rəsmi qurumlardan verilən məlumatlata görə, aralarında uşaqların da olduğu ən azı 45 adam həlak olub.

80-dən çox miqrantın xilas edildiyi, onlardan 20-dən çoxunun xəstəxanaya yerləşdirildiyi bildirilir.

Sağ qalanların sözlərinə görə, gəmidə 140-150 nəfər olub.

Gəmi bir neçə gün əvvəl Türkiyənin İzmir limanını tərk edib. Qəza İtaliyanın şərq sahillərində, Kalabriya əyalətində baş verib. Gəmi qayalara çırpılıb. Gəminin göyərtəsində əsasən Əfqanıstandan olan miqrantlar, həmçinin Pakistan, İran və Somali vətəndaşları olub.

İtaliya Yaxın Şərq və Şimali Afrikadan qeyri-qanuni miqrasiya üçün əsas istiqamətlərdən biridir. Miqrantlar Avropa İttifaqına sığınacaq üçün müraciət etmək üçün ilk növbədə gəmi və ya qayıqlarla İtaliyaya getməyə çalışırlar.

Bu riskli miqrasiyalar bir çox hallarda insan təlafatı ilə nəticələnir.

“İtkin Miqrantlar Layihəsi” beynəlxalq təşkilatının məlumatına görə, 2014-cü ildən indiyə qədər Aralıq dənizini keçmək istəyən 20 min 333 nəfər miqrant həlak olub və ya itkin düşüb.

Yeni baş verən faciə yenidən İtaliyada miqrantlara kömək edən hakimiyyət və təşkilatların nə etməli olduğu ilə bağlı məsələlər müzakirələrə səbəb olub.

İtaliyanın Baş naziri Giorgio Meloni miqrantlara yardım göstərən Qeyri Hökumət Təşkilatlarını (QHT) dəniz yolu ilə Avropaya çatmaq cəhdlərini təşviq etməkdə və beləliklə, miqrantların həyatını riskə atmaqda ittiham edib. QHT-lər isə bu iddiaları təkzib ediblər.

Fransa 2 aydan artıq davam edəcək hərbi təlimlərə başlayır

Fransa, "təkərli tank" adlanan yüngül döyüş zirehli maşını AMX-10 RC, arxiv foto

Fransa son onilliyin ən böyük hərbi təliminə başlayır. Bu barədə media Fransanın müdafiə naziri Sebastien Lekornu-ya (Sébastien Lecornu) istinadlə məlumat yayıb.

Məlumatda bildirilir ki, 20 minə yaxın əsgər və zabitin iştirak edəcəyi “Orion 23” adlanan təlim bütün mühitlərdə - dənizdə, quruda və havada tammiqyaslı müharibəni simulyasiya edəcək.

O da vurğulanır ki, bu təlimlərə kiberhücumlar və informasiya əməliyyatları kimi yeni hərbi aspektlər də cəlb olunacaq.

İki aydan çox davam edəcək təlimlərdə hərbi “Qriffon” zirehli texnikası, “Leclerc” tankları, hava hücumundan müdafiə sistemləri, döyüş təyyarələri, həmçinin “Şarl de Qoll” aviadaşıyıcı gəmisinin də iştirak edəcəyi bildirilir.

Dörd fazada keçiriləcək "Orion 23" hərbi təlimləri Fransanın cənubunda və Korsika adasında, daha sonra ölkənin Atlantik sahillərinə doğru ərazilərdə davam etdiriləcək.

Fransa Müdafiə Nazirliyinin məlumatına görə, təlimin məqsədi Fransanın "əvvəlcə əməliyyat teatrına daxil olmaq və çoxmillətli koalisiyaya rəhbərlik etmək" qabiliyyətini nümayiş etdirməkdir.

Bundan əvvəl Fransa Ukraynanı AMX-10 zirehli texnikası və "Sezar" özüyeriyən artilleriya qurğuları ilə təchiz etməyə hazır olduğunu bəyan edib.

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketini qəbul edib

Avropa İttifaqının bayrağı

Avropa İttifaqı (Aİ) Ukraynaya təcavüzünə görə Rusiyaya qarşı yeni sanksiyalar paketini qəbul edib. Bu barədə Avropa Xarici Siyasət Departamentinin rəhbəri Jozep Borrel Tvitter hesabında məlumat paylaşıb.

Diplomat qeyd edib ki, yeni sanksiyalar ən azı altı min ukraynalı uşağın deportasiyası və məcburi övladlığa götürülməsinə görə məsuliyyət daşıyanlara da təsir edəcək.

Yeni sanksiya siyahısına 121 nəfər, o cümlədən 96 təşkilat daxil edilib.

Brüssel 10-cu məhdudiyyətlər paketini Rusiyanın Ukraynaya təcavüzünün ildönümünə, fevralın 24-nə qədər qəbul etməyi planlaşdırsa da Polşanın etirazları səbəbindən gecikib.

Beləki Polşa Rusiyaya qarşı təklif olunan sanksiyaların çox yumşaq olduğunu bildirib. Bu səbəbdən də müzakirələr uzanıb və sənəd bir gün sonra qəbul edilib.

Fevralın 25-nə keçən gecə Varşava Rusiyanın almaz, rezin və nüvə sənayesi müəssisələri üçün də gələcəkdə sanksiyaların tətbiq ediləcəyi şərtindən sonra razılığa gəlib. Polşanın əsas rəqibləri Almaniya və İtaliya olub.

Aİ-nin yeni sanksiyalarla bağlı bəyanatına əsasən, məhdudiyyətlər ikili təyinatlı malların Rusiya ərazisindən tranzitinə şamil edilir. Rusiyaya xüsusi avadanlıq, ehtiyat hissələri və elektronikanın ixracı qadağandır.

Bundan əlavə, üç bank məhdudiyyətlərə məruz qalır. Onların adları hələ dəqiqləşdirilməyib.

“RT Arabic” və “Sputnik Arabic” telekanallarının yayımına da qadağa qoyulub.

ABŞ Kəşfiyyatının direktoru: Çin Rusiyaya silah verməyi düşünür, lakin hələlik qərar yoxdur

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Armenia-CIA Director William Burns looks on during a Senate Select Committee on Intelligence hearing about worldwide threats, on Capitol Hill in Washington, DC, U.S., April 14, 2021. Graeme Jennings/Pool via REUTERS

ABŞ kəşfiyyatında Çin rəhbərliyinin Rusiyaya Ukraynadakı müharibədə istifadə üçün silah vermək imkanını ciddi şəkildə nəzərdən keçirdiyinə dair sübutlar var.

Bunu Amerika Birləşmiş Ştatlarının (ABŞ) Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Direktoru Uilyam Börns (William Burns) "CBS News"-a müsahibəsində deyib.

Amma Börns Pekinin hələ yekun qərar qəbul etmədiyini bildirib.

Börnsə görə, Çinin artıq Rusiyaya silah tədarük etdiyinə dair ABŞ-da heç bir sübut yoxdur. MKİ direktorunun dediyi kimi, Amerika rəhbərliyinin bu yaxınlarda bu mövzunu gündəmə gətirməsi Çini silah tədarükdən imtina etməyə inandırmaq məqsədi daşıyır.

CNN: Çin Rusiyaya təkcə dron deyil, döyüş sursatları da verə bilər...

Çin Ukraynaya qarşı müharibə aparan Rusiyanı təkcə pilotsuz aparatlarla deyil, həm də döyüş sursatları ilə təmin etməyi düşünür.

Bu barədə ABŞ kəşfiyyat məlumatları ilə tanış olunduğunu bildirən CNN məlumat yayıb. Məlumatda vurğulanır ki, hazırda Moskva ilə Pekin tədarükün qiyməti və həcmi ilə bağlı danışıqlar aparır.

Zelenski: "Rusiya Ukraynada məğlub olacaq"
Gözlə

No media source currently available

0:00 0:04:06 0:00

Amerikanın “The Wall Street Journal” nəşri də Çinin Rusiyaya hərbi yardım göstərmək niyyətindən yazır.

Almaniyanın “Der Spiegel” jurnalı yazır ki, yüzə yaxın kamikadze dron istehsal olunaraq aprelin əvvəlində Rusiyaya təhvil verilməlidir.

Çin dəfələrlə neytral olduğunu və münaqişə zonalarına silah satmadığını bəyan edib.

O da vurğulanır ki, ABŞ Dövlət Departamenti Çinin Rusiyaya öldürücü silahların tədarükü halında Vaşinqton və Pekin ikitərəfli münasibətlər üçün real nəticələr barədə xəbərdar edib.

Bundan əlavə, şənbə günü avtoritar Belarus avtoritar lideri Alyaksandr Lukaşenkanın saytında onun fevralın 28-dən martın 2-dək Pekinə səfəri ilə bağlı rəsmi məlumat dərc olunub.

Məlumatda Belarus ərazisinin Rusiya hərbçiləri tərəfindən Ukraynaya qarşı döyüş əməliyyatlarında istifadə olunduğu vurğulanır, amma o da bildirilir ki, müharibənini ilk həftələri ilə müqayisədə bu fəaliyyət çox az aktivdir.

Lukaşenka bəyan edib ki, Minsk öz qoşunlarını Ukrayna ərazisinə göndərmək fikrində deyil və Belarus ordusu yalnız Kiyevdən təcavüz olacağı təqdirdə müharibəyə qoşulacaq.

Qərb ölkələri və Ukrayna kəşfiyyatı hesab edir ki, Belarus ərazisindən hücum mümkün olsa da, indiki vəziyyətdə bu reallığa o qədər də yaxın deyil.

Fevralın 24-də Rusiyanın Ukraynaya hərbi təcavüzünün bir ili tamam olub.

Zelenski Çin prezidenti ilə görüşmək istəyir

Ukrayna prezidenti Volodimir Zelenski Çin prezidentilə ölkəsinin Ukraynada müharibəyə son qoymağa yönəlmiş atəşkəs təklifini müzakirə etmək üçün görüşməyi planlaşdırdığını bildirib. O, belə bir görüşün “dünya təhlükəsizliyi üçün vacib” olacağını deyib.

Rusiyanın Ukraynaya səbəbsiz işğalının birinci ildönümündə danışan Zelenski Çinin atəşkəs təklifinin bəzi elementlərini alqışlayıb, lakin bunun konkret plan olmadığını bildirib. Beləki Çinin “siyasi nizamlanma”ya çağıran 12 bəndlik sənədi Rusiyanı Ukraynanı tərk etməyə çağırmır.

ABŞ prezidenti Co Bayden Çinin Ukraynada sülhməramlı rolunu oynaması fikrinin “rasional” olmadığı fikirini səsləndirib.

Bayden fevralın 24-də ABC News-a deyib ki, “mən planda başqalarının xeyrinə olacaq bir şeyin olduğunu göstərən heç nə görməmişəm..."

2022-ci il fevralın 24-də Ukraynaya hücum edən Rusiya bu ölkənin çoxsaylı çəhər, qəsəbə və digər yaşayış məntəqələrini dağıdıb. Minlərlə insan həlak olub, evlərindən didərgin düşüb, ölkəni tərk etmək məcburiyyətində qalıb.

Ukraynaya təcavüzünə görə, ABŞ və Avropa ölkələri Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq ediblər.

ABŞ Rusiyanın Ukraynada 'insanlığa qarşı cinayətlər' törətdiyi qənaətinə gəlib

Kamala Harris, Münhen Təhlükəsizlik Konfranasında

ABŞ-ın vitse-prezidenti Kamala Harris Münhen Təhlükəsizlik Konfransındakı çıxışında deyib ki, ölkəsi Rusiyanın Ukraynaya qarşı əsassız müharibəsində “insanlığa qarşı cinayətlər” törətdiyi qənaətinə gəlib.

Harrisə görə, Rusiya hərbi qüvvələri Ukraynada mülki əhaliyə qarşı “geniş və sistemli” hücumlar həyata keçirib.

O, ABŞ-ın sübutları araşdırdıqdan sonra bu nəticəyə gəldiyini bildirib.

"ABŞ rəsmi olaraq Rusiyanın bəşəriyyətə qarşı cinayət törətdiyini müəyyən edib" deyən Harris, Rusiyanın törətdiklərinin ortaq dəyərlərə və ümumi insanlığa hücum olduğunu əlavə edib.

Harris Ukraynada Rusiya hərbi qüvvələri tərəfindən törədilən zorakılıqlara işgəncə və zorlama, o cümlədən Mariupol doğum evinin bombalanması kimi halları misal çəkib.

Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya hücum edib.

Makron: Qərb Ukraynanın qələbəsini istəyir, Rusiyanın dağılmasını yox

Fransa Prezidenti E. Makron

Fransa prezidenti Emmanuel Makron Münhendə keçirilən Beynəlxalq Təhlükəsizlik Konfransı zamanı Fransa mətbuatına verdiyi müsahibəsində Qərbin Ukraynaya hərbi yardımları genişləndirməyə hazır olduğunu deyib.

Müharibənin uzun sürən bir mərhələyə keçdiyini bildirən Makrona görə, Qərb Ukraynanın qələbəsini istəyir, Rusiyanın dağılması yox.

Makron deyib ki, Fransa heç vaxt Rusiyanı darmadağın olunmasını istəməyib və istəməyəcək də. O, Rusiyaya öz ərazisində hücum tələb edənlərin də fikirlərini bölüşmədiyini vurğulayıb. Amma həm də etiraf edib ki, indi “Moskva ilə dialoq zamanı deyil”.

Fransa Prezidenti ümidvar olduğunu bildirib ki, Ukraynanın Qərb müttəfiqləri tərəfindən dəstəklənən hərbi uğurları Kremli danışıqlar masası arxasına keçirə bilər.

Rusiyada hakimiyyət dəyişikliyi imkanlarına toxunan Makron bunun yaxın gələcəkdə mümkün olacağına şübhə ilə yanaşdığını bildirib.

Onun fikrincə, rejimin kənardan dəyişdirilməsi cəhdləri artıq bir çox ölkələrdə iflasa uğrayıb və Rusiya prezidenti Vladimir Putinin mümkün xələfləri kimi görünə bilən namizədlər ondan qat-qat pisdirlər.

Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya hücum edib. Hələ də davam edən müharibə nəticəsində Ukraynanın çoxsaylı şəhər, qəsəbə və digər yaşayış məntəqələri dağıdılıb. Minlərlə insan həlak olub, öz evlərin, ölkələrini tərk etmək məcburiyyətində qalıb.

Almaniya kəşfiyyatının əməkdaşı Moskva üçün HIMARS haqda məlumat toplamağa cəhd edib

Almaniya Federal Kəşfiyyat və Əks Kəşfiyyat Xidmətinin (BND) baş ofisi , Berlin

Ötən ilin dekabrda həbs edilən Almaniya Federal Kəşfiyyat və Əks Kəşfiyyat Xidmətinin (BND) əməkdaşı Karsten L. Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin(FSB) göstərişlərini yerinə yetirməyə cəhd edib.

Bu barədə “Der Spiegel” nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, adı çəkilən kəşfiyyat əməkdaşı ötən ilin payızında Ukraynadakı Amerika istehsalı olan HIMARS və alman İris-T hava hücumundan müdafiə sisteminin yerləşdirilməsi barədə məlumat əldə etməyə çalışıb.

Nəşrdə qeyd edildiyi kimi, Rusiya tərəfi casusluqda şübhəli bilinən şəxsin xidmətlərinə görə yaxşı pul ödəyib. Baxış zamanı Almaniya kəşfiyyat əməkdaşının üzərində 6 rəqəmli avro məbləği olan zərflər aşkar edilib.

İstintaq zamanı məlum olub ki, FSB vasitəçi Artur E. (o da bu yaxınlarda həbs olunub) vasitəsilə Karsten L.-yə ABŞ və Almaniyadan Ukraynaya gətirilən bütün qurğuların GPS məlumatlarını mümkün qədər dəqiq öyrənməyi tapşırıb.

Məlumatlara görə, hələlik bu məlumatların Rusiya xüsusi xidmətinə ötürülməsi ehtimalı azdır.

O da qeyd olunur ki, həbs olunan hər iki şəxsə qarşı Almaniya baş prokurorunun rəhbərliyi altında vətənə xəyanət ittihamı ilə araşdırma aparılır.

BND əməkdaşı Qərb kəşfiyyat orqanlarından birinin mümkün məlumat sızması nəticəsində əldə etdiyi məlumat nəticəsində saxlanılıb. Həmkarları saxlanılan Karsten-in ifrat sağçı baxışları olduğunu bildiriblər.

Bu şübhələr BND-də müntəzəm təhlükəsizlik yoxlaması zamanı təsdiqlənsə Bavariyadan Berlinə dəvət edilən Karsten L.in vəzifəsi yüksəldilib, o, işçilərin yoxlanış şöbəsinin müdiri təyin edilib.

Carsten L. əvvəllər Almaniya kəşfiyyatının Bavariyadakı texniki analiz bölməsində rabitədə casusluq və alınan məlumatların təhlili ilə məşğul olub. Yerli mətbuatın məlumatına görə, o həbsindən bir-neçə ay əvvəl BND-nin Berlindəki mərkəzi ofisinə köçürülüb və daha sonra vəzifəsi böyüdülüb.

Onun şübhəli ortağı Artur E. ABŞ-dan geri qayıdarkən Münhen hava limanında saxlanılıb. Məlumatlarda bildirlir ki, Rusiya kökənli alman iş adamı yanvarın sonunda ABŞ-dan çıxarkən hava limanında nəzarət zamanı Mərkəzi Kəşfiyyat İdarəsinin şübhəsi altına düşüb.

İddiaya görə, o, Karsten L. ilə ailəsi ilə birlikdə yaşadığı Veylhaym şəhərində (Bavariya) əyləncə gecəsində tanış olub.

Artur E. ifadələrində Alman kəşfiyyatının əməkdaşından əldə etdiyi məxfi materialları ən azı iki dəfə FSB-yə təhvil verib. Almaniya xüsusi xidmət orqanlarının məlumatına görə, ötürülən məlumatların əvəzində Karsten L. Artur E.-dən pul alıb.

İş adamının iddia eddiasına görə, ona verilən bağlamaların içindən xəbəri olmayıb. "Der Spiegel"-ə görə, Artur E. həmçinin Carsten L.-yə mükafat zərfləri verib. BND hesab edir ki, Rusiya kəşfiyyat xidməti ikili agentin uzunmüddətli istifadəsini planlaşdırırımış.

ABŞ ordusu Suriyada İŞİD-ə qarşı reyd keçirib

Suriya, arxiv foto

ABŞ hərbçiləri Suriyada İslam Dövləti terror qruplaşmasına (İŞİD) qarşı əməliyyat keçirib.

“Amerikanın səsi”nin Rusiya xidmətinin ABŞ Mərkəzi Komandanlığına istinadən yaydığı məlumata görə, cümə axşamı helikopterlərlə həyata keçirilən hücum zamanı qruplaşmanın yüksək rütbəli lideri Həmzə əl-Xomsi öldürülüb.

Əməliyyat zamanı 4 amerikalı hərbçinin və bir xidmət itinin yaralandığı bildirilir.

ABŞ Mərkəzi Komandanlığının sözçüsü polkovnik Co Bakçino bildirib ki, əməliyyat kürd qüvvələrinin böyük rol oynadığı Suriya Demokratik Qüvvələri ilə birgə həyata keçirilib. Mülki əhali xəsarət almayıb.

Co Baçino, həmçinin siyasi sui-qəsdlər üzrə ixtisaslaşmış terror qruplaşmasına rəhbərlik edən daha bir İŞİD liderinin öldürüldüyü başqa bir əməliyyat haqqında məlumat verib.

ABŞ ordusunun həyata keçirdiyi reydlərin digər təfərrüatları hələlik açıqlanmayıb.

Davamı

XS
SM
MD
LG