-
Azad Yazarlar Ocağının dünən keçirilən toplantısında şair-tərcüməçi Fərican Yarən 1 il müddətinə AYO-nun sədri seçilib.
Fərican Yarən rus və türk poeziyasından tərcümələri ilə tanınır, 2010-cu ildən bu qurumun üzvüdür.
AYO 2001-ci ildə yaradılıb. İlk sədri Rasim Qaraca olub. Daha sonra quruma Rafiq Tağı, Seymur Baycan, Aqşin Yenisey, Günel Mövlud və Namiq Hüseyinli rəhbərlik ediblər.
Bundan əlavə, dünənki toplantıda AYO-nun da hər il Rafiq Tağı mükafatı verməsi qərara alınıb; ilin ən yaxşı hekayəsi və ilin ən yaxşı essesi nominasiyaları üzrə qaliblər müyyən ediləcək.
Fərican Yarən yeni vəzifəsiylə bağlı deyib:
"Bildiyiniz kimi, ölkəmizdə ədəbiyyat sahəsi mədəni dünyada qəbul olunan normalara uyğun deyil. Sovet dövründən qalma idarəçilik mexanizmi yazarlara, xüsusən gənc yazarlara heç bir stimul verməməkdədir. Buna görə də dünyada gedən ədəbiyyat proseslərinə qoşula bilmirik.
Nəticədə, ədəbiyyatımızda həm mövzu darlığını, həm yaradıcılıq axtarışlarının rəngarəng olmadığını görürük. Bu mənada Azad Yazarlar Ocağının missiyası çox qiymətlidir.
İndi məni sədr seçiblər, lap uçmağa qanadım yoxdur. İnanıram ki, sədr olacağım bir il ərzində faydalı işlər görə biləcəyəm."