-
Noyabrın 29-u axşam saatlarından Nardaran qəsəbəsində sakinlərin toplaşdığı İmam Hüseyn meydanı boşaldılıb. Sakinlər gecəni evlərində keçiriblər.
Bu barədə AzadlıqRadiosuna Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov məlumat verib. Onun dediyinə görə, meydanda quraşdırılmış çadır artıq sökülüb və hazırda kənd sakinləri təmizləmə işləri aparırlar:
«Dünən polislə danışdım, dedilər ki, icra hakimiyyətindən də təmizləmə işlərinə yardım edəcək adamlar ayıracaqlar. Bu gün onların da bu işə qoşulacağını gözləyirik».
Natiq Kərimov Nardaran Ağsaqqallar Şurasının Azərbaycan hökumətinə müraciət hazırladığını deyir. Müraciətdə qeyd olunur ki, Nardaran sakinləri tərəfindən ilk addım atılıb, meydan boşaldılıb, indi sakinlər meyitlərin qaytarılmasını və qəsəbəyə elektrik enerjisinin verilməsini tələb edirlər.
Şura sədrinin dediyinə görə, elektrik enerjisinin bərpası üçün artıq işıq dirəklərində işlərə başlanıldığı xəbər verilir.
Rəsmi məlumata əsasən, noyabrın 26-da polisin Nardaranda keçirdiyi əməliyyatda 6 nəfər ölüb. Onlardan dördü mülki vətəndaş, ikisi polisdir. Bir çox sakinlər bu reydə etiraz olaraq mitinqə çıxıblar.