Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:06

Məktəbdəki əzbər məcburiyyəti məni ədəbiyyatdan soyudub


Cavid Ağa
Cavid Ağa

- "Təəssüf ki, mən çox vaxt küçəyə çıxıb sosiallaşan yox, evin bir otağına qısılıb kitab oxuyan tip olmuşam."

Tərcümələri və bloq yazılarıyla tanınan Cavid Ağa ilə söhbət

- Gəlin bundan başlayaq ki, Ağa nədir? Soyadınızın qısaldılmış şəkli, hansısa mənsubiyyət göstəricisi, yoxa özünə-ironiya?

- Soyadım Ağayevdir. Bizim babalarımız böyüklərimizin dediyinə görə, nə vaxtsa ağa sinfindən olublar, amma buna dəxli yoxdur.

Niyə "Ağa" olaraq tanınmaq istədiyimi isə özüm belə, xatırlamıram. Başqası deyəndə özümə də qəribə gəlir. Amma bu vaxtdan sonra dəyişmək istəyim yoxdur deyə, saxlayıram.

Cavid Ağa
Cavid Ağa

- Bildiyim qədər, Türkiyədə yaşayırsınız. Səbəbi təhsil, işdir, yoxsa başqa səbəblər də var?

- Səbəb əsasən təhsildir, bundan əlavə, atam da burada işləyir, bacım da burada oxuyur deyə, ailəlikcə köçmüşük.

- Azərbaycanda ədəbi çevrələrlə kontakt qurmamağınızın səbəbi uzaqda yaşamağınızdır, yoxsa onlar sizə maraqlı deyillər?

- Mənim uşaqlıqdan ədəbiyyatla əlaqəm birmənalı olmayıb. İlk oxuduğum əsər Servantesin “Lamançlı Don Kixot”u olub. Zaman ötdükcə məktəbdəki əzbər məcburiyyəti məni ədəbiyyatdan soyudub.

Ümumiyyətlə, son vaxtlar bədii (fictional) ədəbiyyat heç oxumuram.

Çox güman, həm də uzağam deyə. Məsələn, Seymur Baycan mənə kitabını hədiyyə etmişdi son görüşümüzdə. Söz vermişdim ki, bir resenziya yazım, amma hələ də vaxt tapmamışam.

- Resenziya yazmağa vaxt tapmamısınız, yoxsa kitabı oxumağa da vaxtınz olmayb?

- Kitabı oxumuşam, amma resenziya yazmağa vaxtım olmayıb. Çətinlik çəkirəm bu mövzuda. Çünki müqayisə etmək üçün müasir yerli ədəbiyyat nümunələri ilə də çox tanış deyiləm.

Əsasən elmi-fantastika və tarixi janra önəm verirəm. Xarici ədəbiyyatda da bu janrlara üstünlük verirəm. Amma təəssüf ki, Azərbaycanda bu istəyimə uyğun kitablar tapa bilmirəm.

Gündəlik həyatdan götürülmüş hekayələr, romanlar mənim marağımı cəlb etmir. Çünki bu hekayələri biz hər gün yaşayırıq. Elmi fantastika və tarixə marağım da buna görədir.Hər iki janr da günümüzlə əlaqəli deyil - biri gələcəkdir, biri də keçmiş.

Azərbaycan gündəmi ilə yaxından maraqlanıram. Hətta nə vaxt Bakıya gəlsəm, dostlarım məndən soruşurlar ki, nə əcəb sənin danışığın "türkləşməyib"?

Çünki uzaqda olsam da, daim Azərbaycan mediasını izləyirəm. Həm də özümə görə, gələcəkdə almaq istədiyim təhsilə görə sosial media vasitəsilə cəmiyyətimizin hadisələrə reaksiyası məni maraqlandırır.

Azərbaycanda baş verən hər şey məni maraqlandırır - xüsusilə hər hansı bir yeniliyin mənə təsiri varsa.

- Ədəbiyyat, Azərbaycan gündəmi, dünyada baş verən hadisələr, təhsil.... bunlardan kənarda sizin həyatınız necə keçir, həyatınızda nələr baş verir? Maraqlarınız, həvəsiniz, hobbiniz, sosial həyatınız...

- Tərcümə etməyə həvəsim var. Bəlkə də dilimi qorumağa səbəb olan əsas amildir. Nəsə maraqlı məlumat, məqalə, hekayə tapdıqca dilimizə tərcümə etməyə çalışıram.

Müasir filosoflarla maraqlanıram, köşə yazılarını izləyirəm. Musiqi ilə, əsasən də metal musiqi ilə maraqlanıram.

Virtual instrumentlərlə hərdən özüm də həvəskar işlər görürəm.

Ən böyük həvəsim dil və onun insana təsirini araşdırmağadır. İmkan olsa, gələcəkdə bu barədə daha geniş araşdırma aparmaq istəyirəm.

Sosial həyatım elə də rəngarəng deyil. Təəssüf ki, mən çox vaxt küçəyə çıxıb, sosiallaşan yox, evin bir otağına qısılıb kitab oxuyan tip olmuşam.

Nadir hallarda Bakıdan kimsə gəlsə və ya universitet uşaqları ilə yığışıb bir məkana getsək, onda çıxıram.

- Psixoloqlar iddia edirlər ki, hər introvertin ekstravert olduğu ortam, hər ekstrovertin də introvert olduğu ortamlar var. Siz hansi ortamlarda introvert, hansi ortamlarda ekstrovert olursunuz?

- Mən insanlara fərdi yanaşmağı sevirəm. Ona görə hər insanın yanında başqa əhval-ruhiyyədə oluram. Buna görə də hansı vəziyyətdə necə olduğumu dəqiq bilmirəm. Amma bir yerdə dörddən çox insan varsa, avtomatik orda səssiz qalan tərəf mən oluram.

Çünki çox vaxt danışılan, müzakirə edilən mövzu mənə maraqlı olmadığı üçün deyiləcək bir şey də olmur. Bu say dörddən az olanda mövzunu özüm qoyub yönləndirə bilirəm deyə, ekstrovertə də çevrilirəm.

- Tərcümələrinizi demək olar ki, həmişə oxuyuruq. Maraqlıdır, onları necə seçirsiniz? Özünüzə maraqlı olanı seçirsiz, yoxsa düşünürsüz ki, oxuculara maraqlı olacaq?

- Özümə maraqlı olanları seçirəm. Sözün düzü, saytımın statistikası mənə deyir ki, oxucularım sosial mediada mənimlə daha çox maraqlanırlar, nəinki saytımdakı tərcümələrlə.

Lakin çox vaxt elə gətirir ki, auditoriyaya da maraqlı olur. Yəqin ki, 6-7 ildir sosial mediada olduğum üçün zaman öz işini görüb, sadəcə maraqlanan şəxsləri saxlayıb.

- Məşhurluq sizin üçün nə deməkdir?

- Əlbəttə, öz fikirlərimi ətrafıma aşılamağa çalışıram. Amma bu, birtərəfli deyil, başqalarının da fikirlərinə önəm verib, fikir mübadiləsi yaradıram.

Düşünürəm ki, məhz bu açıqfikirlilik sayəsində 6 ilin içində radikal millətçidən fərdiyyətçi anarxistə çevrilə bilmişəm. Mənim əsas marağım ətrafımın da mənim kimi fərdiyyətçi olmağınadır. Qazandığım məşhurluğu da bu yöndə istifadə edirəm.

- Bəs, maddi olaraq nə ilə yaşayırsız? Qonorar, ailə köməyi, oxucu dəstəyi?

"Eristik Dialektika" kitabı
"Eristik Dialektika" kitabı

- Qonorar da alıram (4 yazıma gələn qonorar aylıq xərclərimi qarşılayır), ailəmdən dəstək də alıram.

Bir də keçən yay Artur Şopenhauerin "Eristik Dialektika" kitabından qazandıqlarım var.

Kitab tərcüməsinə davam etmək fikrindəyəm.

- Fikirləriniz, həyat tərziniz, xasiyyətiniz sevdiyiniz və dəyər verdiyiniz insanlarla aranızda problem yaradırmı?

- Nadir hallarda. Biz ailədə 4 nəfərik, dördümüz də fərqli ideologiya və düşüncələrdə olan insanlarıq. Hər axşam yeməyində Azərbaycan və dünyada olan hadisələri öz dünyagörüşümüzə görə müzakirə edirik.

Fikirlərim onlara problem olmayıbsa, başqa insanlarla da problemim olacağını düşünmürəm. Xasiyyətim bəzən problem yarada bilir. Buna da bəziləri artıq alışıb, bəziləri də alışmağa çalışır (özüm də özümü dəyişməyə çalışıram).

- Hansı xasiyyətiniz problem yarada bilir?

- Bəzən hər şeyi öz arşınıma görə ölçürəm."Əşi, bu elə də önəmli deyil" dediyim şeylər başqaları üçün önəmli ola bilir.

Aqressiv şəxs də deyiləm, çox pasifistəm deyə, belə şəxsləri anlamaq, onlara ölçü götürməyi bacarmıram. Bu da problem yaradır.

Kompleks bolluğundan da əziyyət çəkmirəm, amma özümün aşa bilmədiyim sərhədlərim var deyə, digər "aşmışlarla" da hərdən aramda anlaşılmazlıq olur.

Tək məndə belə deyil. Hər insan fərqlidir. Heç kim bir-birini tam anlaya bilməz, hətta ata və oğul belə.

- Axırıncı dəfə nə vaxt borc almısınız və ya vermisiniz?

- Kredit kartından istifadə etmək borc almaq sayılırsa, 1 həftə əvvəl. Ən son bu yay Bakıda bir tanışa borc vermişəm.

G.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG