Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 12:00

"Yer kürəsi bəşəriyyətin təkotaqlı mənzilidir"


Rafiq Tağının portreti
Rafiq Tağının portreti

- Dörd il əvvəl, 19 noyabrda azadfikirli yazıçı Rafiq Tağı işdən evinə gedəndə qaranlıq küçədə naməlum kəs onu bıçaqlamışdı.

OxuZalı Rafiq Tağının esselərindən və müsahibələrindən özü haqda dediklərini seçdi.

- Həyatda mənim şəxsi intibahlarım çox olub; indi onların həsrətindəyəm. Mənim intibahlarım yenə cücərir, ancaq hələlik hakim siyasətdəki çirkab onları artmağa qoymur.

- Mənim sözlərim özüm kimi tərsdirlər. Onlar “ora get”, “bura gəl” göstərişlərimi ideoloji “ustanovka” sayır, bəlkə elə bu səbəbdən də məni saymırlar...

- Əvvəllər kimsə desəydi ki, şöhrət mənə mane olur, şübhələnərdim. Elə bilərdim hoqqabazlıq edirlər. Amma indi görürəm ki, doğrudan da, hərdən şöhrət adamın özünə qarşı çevrilir. Mənim üçün yaradıcılıq özünü izhar etməklikdir. Boris Posternak necə deyib:

Цель творчества самоотдача,

А не шумиха, не успех.

- Həbsxanaya nə üstə düşdüyümü mən ora çatmazdan əvvəl bilirdilər, orada da müxtəlif radiostansiyaları dinləyən, mətbuatı izləyənlər var. Hamı da təəccüblənirdi: necə olur ki, adamı söz yazması üstündə tutsunlar. Mən deyərdim ki, bəlkə heç bir sənəti olmayan, adı qaragün dustaq insan azadlığını bizim əksər hakimlərdən düzgün başa düşür.

Rafiq Tağının kitablarından
Rafiq Tağının kitablarından

- Bu, mənim illərcə formalaşmış üslubumdur. Hamı bilir ki, ən sərt ifadələrimdə də heç bir nifrət hissi yoxdur.

Təmtəraqlı çıxmasın, hər şey millətimə sevgidəndir. Axı insanlarının başının altına balış qoymaqla onları tərəqqiyə çatdırmaq olmaz. Gərəkdir cəmiyyəti silkələyəsən.

- Mən həmişə millətimin aldanışlardan qurtulmasını istəmişəm. Biz çox nəcib millətik, öz qədrimizi bilmirik.

- Mən Allahı 16 yaşımda Tibb İnstitutuna qəbul olunanda tanımışam. Ona qədər isə kor-koranə ateist idim, çünki sovet məktəbi bunu tələb edirdi. Amma tibb sahəsinə gələndən sonra gördüm ki, bu cür dərin, gözəl şeylərin mütləq bir yaradıcısı olmalıdır. 16 yaşımdan bu günə kimi heç kim deyə bilməz ki, sən ateistik fikir demisən. Amma Allahdan aşağı olan bir çox fırıldaqları həzm eləmirəm.

- Din xadiminin Allahın adı ilə başqasının ölümünə fitva verməsi absurddur. Mən hələ ayətullahlar kimi dini kitablar oxumamışam, daha çox elmi kitablar oxuyuram. Amma kiməsə ölüm arzulaya bilmərəm. Nə qədər yaşada bilirsənsə, yaşat, öldürmə!

- Artıq məni yuxudan durğuzsalar da, dərhal deyə bilərəm ki, bizdə hansı yazar və haçan içəridə oturdula bilər.

- Biz qanlı döyüşlər aparmırıq. Biz terapevtik effektli tənqidlərə baş vururuq. Mən özüm hərdən əsib-coşub kimisə yamanlayıramsa da, az sonra bunu unuduram. Mənim içimdə kin-küdurəti, düşmənçilikləri neytrallaşdıran mexanizmlər işləyir.

- Mən həmişə kiçik qüsurdan yox, böyük şərdən yapışmışam. Kiçik insanı böyükdən qorumuşam. Böyüklərə kiçikləri xatırlatmışam.

- “Yer kürəsi bəşəriyyətin təkotaqlı mənzilidir,” – bir vaxt mən yazmışdım. Dünyadakı bütün insanlar yerdaşlardır.

XS
SM
MD
LG