Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:43

Sənin Qırmızıbilet baban haqlıdı


Aliq Nağıoğlu
Aliq Nağıoğlu

- “Bir-birinin təkrarı olan daha bir günün dalından dəydik”, - o qəmgin-qəmgin qımışdı.

Aliq Nağıoğlu

Ayama

(hekayə)

Məktəbə gedəndə Util Akif qabağını kəsdi:

- Uşaqlarına kitab al, - dedi. - Baha deyil, öz qiyməti iki manatdı, bir çaynikin pulunu verərsən.

Uşaqları yoxdu, amma “Uşaq nağılları”nı aldı.

“Bircə direktorla rastlaşmayaydım”, - giriş qapısından içəri keçib uzun dəhlizlə addımladı.

Tərs kimi kabinetdən çıxan direktor harasa tələssə də, onu görcək deyinməyə başladı:

- Sənin sinfində Qırmızıbiletin nəticəsi yenə uşaqların üzünə tüpürüb. Bu gün Həyasız Mələyin oğlan nəvəsinin üzünə...

Canını tez qurtardı. Bir neçə ay qabaq infarkt keçirmiş direktor sağ əli ürəyinin üstündə uzaqlaşdı.

“Bu da canını tapşırsa, day üçüncü əbləh, əşhədənbillah, risk edib bura direktor gəlməz”,- arxayınlıqla öz-özünə söyləndi.

Dörd saatı vardı. İki altıncılara Azərbaycan dilini, iki yeddincilərə ədəbiyyatı keçəcəkdi.

Dərslər bitəndə it kimi yorulmuşdu. Yenə yatmaq istəyirdi.

Məktəbdən evə qayıdanda yolun üstündəki çayxanaya döndü. Balaca kənddə çayxana çox da olsa, həmişə bələdiyyə binasının həyətindəkində otururdu.

Kənddə ən yaxın dostu da burda idi. Üzbəüz oturan saat məktəbli oğlan qıvraq armudu stəkanda xoruzquyruğu çay gətirdi.

Çox nadir hallarda kəlmə kəsirdilər.

- İndi necəsən?- birdən ən yaxın dostu soruşdu.

- Arabir mator sancır,- gileyləndi.

- Çərəz ye,- həmişəkitək məsləhətindən qalmadı.

Yolu o üzə keçib böyük marketə girdi. Bir manatlıq fındıq içi aldı. Paketi açıb evəcən içindəkini yedi.

- Salamməleyküm, uçi! Nətə...nətə...nətərsən?..- sözlər Dəli Amanın ağzından tökülürdü.

- Yaxşı, yaxşı, Aman xala...- beş bayramacan aralarında fərq olar-olmazdı; hər iki quruluşda o kənddən bu kəndə sədəqə yığmaq üçün bəzən iki dəfə yol ölçən qarımış qızı eyni cürə dindirdi. Bu səfər əlindəki kitabı ona uzatdı. Onsuz da hər nə versən müzayiqə etməzdi.

Arvadı qonşu kənddən müəllim həmkarı ilə üzüm tənəkinin altında oturub söhbətləşirdilər.

- Budur e, bu da evimin yaraşığı, - görününcə ucadan dilləndi.

- Keçən səfər mənnən bərk inciyib, amma günah məndə deyildi, Allah haqqı,- müəllim həmkarı yerində qurcuxub mızıldadı.

- Yeməyini gətirimmi?- arvadı tez əl-ayağa düşdü.

- Yox,- dedi, - yol boyu bir paket fındıq içi yemişəm.

- Elə eləmə, kişi, fındıq səni götürər...- arvadı bic-bic gülümsündü.

- Çərəz matora xeyirdi, - əli ilə sol döşünə sığal çəkdi.- Yenə sancır...

- Ürək nağayırsın,- arvadı ətli baldırını şappıldatdı, qəribə təşvişlə ərinə baxdı,- bundan qabaq zəlzələdən evi dağılmış müəllimin kreditində başı bərk ağradı. Yeddi ay sərasər maaşının düz yarısını tutdular. Zamin durmayanda da olmur, küsüb-inciyillər... Kənddə işləyənlər onsuz da çox deyil, yerindən qalxan gəlir üstünə...

- Cöngəyə baxmamısan?- cavab gözləmədən çönüb həyətin sol dirsəyindəki tövləyə sarı yön aldı.

- Su göstərməmişəm,- arvadı arxadan qışqırdı.

İşini qurtarıb kandara çıxdı. Sinfinin şagirdi Qırmızıbiletin nəticəsi böyük marketdən qayıdırdı.

- Bacıoğlu, keçən səfər sənnən söhbətimiz oldu axı, bir daha onun-bunun üzünə tüpürməyəcəksən. Yenə şikayətlər var. İndi də Həyasız Mələyin oğlan nəvəsinin üzünə tüpürübsən?- soruşdu.

- O, başdanqrijadı, müəllim.

- Hə də,- başını buladı,- nə təhər başdanxarabdı ki, qiymətlərinin hamısı əladı.

- Mənim nemeslərə qan udduran babam deyir: kim ki dərslərindən beş alır, onlar böyüyəndə həyatdan mütləq iki alacaqlar.

“Sənin Qırmızıbilet baban haqlıdı”,- o fikrə getdi.

- Bilirsiniz, müəllim, sinfimizin uşaqları sizə necə ad qoyublar?

O bilmirdi.

- İtqulaq!

“İtqulaq?!”

Müəllim həmkarı kor-peşman gedəndən sonra arvadı fikirləşirdi: ”Yaxşı mənə elçi göndərmiş bu mağmına o vaxtı yox dedim, indi dərddən-fikirdən quruyub çöpə dönmüşdüm”.

Şam yeyilib qurtardı.

- Kuxnaya nə vaxt əncam eləyəcəksən, kişi?- çirkli qab-qaşığı yumağa başlayanda arvadı hirslə çımxırdı,- indi heç kəsin evində belə şər-şərait yoxdu.

- Eşidirsən...- çalışırdı məzəli danışsın,- sinfimdə mənə qəribə ad qoyublar,- amma alınmırdı.- İtqulaq...

- Əcəb...

- Bu uşaqlar keçən il əmək müəlliminin axırına çıxdılar. Bax hələ, qulaqlarım it qulağına oxşayır bəyəm?..

- Nə bilim, a kişi,- arvadı bozardı.- İtimiz də heç vaxt olmayıb ki, qulaqlarına fikir verim. Gecə vaxtı bu hardan yadına düşdü. Amma sənin adın nataraz ayamaya oxşayır bir az...

Televizorda intiharlardan, oğurluqlardan, yol nəqliyyat hadisələrində ölənlərdən süjetlər verilirdi. “Bir-birinin təkrarı olan daha bir günün dalından dəydik”, - o qəmgin-qəmgin qımışdı.

Yerinə girməzdən qabaq gündəlik yazdığı dəftəri açdı. Bu səfər də yenə eyni sətiri yazdı: ”Heç nəyi vecinə alma!”

XS
SM
MD
LG