- "Hə, məni qucaqladı, yanağımdan öpdü. Söz verdi, sənə görə mənə hədiyyə alacaq. Elə günü sabah. Bahalı hədiyyə, çox bahalı."
Əziz Rzazadə
AN
hekayə
Hər şey bir anda oldu: işıqforun işarəsinə önəm verməyən sürücünün miniyi qarşısına çıxan maşına çırpıldı.
Bir an.
Sürücü sərxoş idi. Yaralı olsa da, içkinin təsiri ağrını duymasını əngəlləyirdi.
Miniyinin çırpıldığı maşındasa dörd nəfər vardı: sükan arxasındakı kişi, arxa oturacaqlardakı qadın və azyaşlı uşaq – qızcığaz.
Dörd adamdan ikisi artıq ölmüşdü. İkisi hələ canını tapşırmamışdı. Son nəfəsdəydi . Yox, ölümlə dirilik qovşağında, zamanla ölçülə bilməyəcək aralıqda, ruhun bədəndən çıxış anında.
Dayan-dayan, deyəcəksən, necə yəni dörd, axı üç nəfərdilər...
– Nə baş verdi? Anlamadım...
– Qəza!
– Yəni?
– Qayğısız-dərdsiz yolumuzla gedirdik. Toya. Bacımın, yəni xalanın toyuna. Hamımız sevincək idik, kefimiz də kök. Xüsusi bir səbəb də vardı sevincimizə... Bu gün sənin haqda atana demişdim. Elə sevindi ki...
– Doğrudan?
– Hə, məni qucaqladı, yanağımdan öpdü. Söz verdi, sənə görə mənə hədiyyə alacaq. Elə günü sabah. Bahalı hədiyyə, çox bahalı.
– Nə?
– Üzük. Brilyant qaşlı üzük.
– Deməli, sabah.
– Hə... yox... daha almayacaq.
– Anlamadım. İndicə demədin ki...
– Hə... amma... artıq ölürük, əlvida, dünya!
– Başa düşmürəm, ana... ölüm nə deməkdi?
– Sən bunu anlamazsan... heç dünyaya gəldin ki... Bəxtsiz oğlum!