Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 06:59

İkimiz də pencək havasında doğulmuşuq


Xuraman Hüseynzadə
Xuraman Hüseynzadə

-

Xuraman Hüseynzadə

Yeni şeirlər

Ağ sap

İlk dəfə

qara köynəyinin düyməsinin

ağ sapla tikilməyindən bildim

evinin

qadın əllərindən ötrü darıxdığını...

sonra mənə hədiyyə etdiyin kitabların tozu

saralmış vərəqlərdəki tənhalıq qoxusu

anlatdı həyatını...

ürəyim sənindi

bilirəm

saçlarım

gözlərim

ruhum...

amma daha çox əllərim sənin olsun istəyirəm...

saçını tumarlayar

üstünü örtər yatarkən

xörək hazırlayar

süfrə bəzəyər sənə

əllərim

bir də

qara köynəyinə

qara,

ağ köynəyinə ağ sapla tikər düymələri...

Pencək havası

ağır aysan,-deyirlər,

may ayı!

Düşər, düşməzin olar...

günəş elə gözəl gülümsəyər səndə

elə gözəl çiçəklər açar...

təbiət səsləyər adamı

qərar tutmarıq evdə

amma

ağır aysan,-deyirlər,

düşər, düşməzin olar...

adamlar sevinmək istəmir

ağlamağı sevir adamlar

bir də kədəri

göz yaşını

qışın şaxtasını

yayın qızmarını

rənglərin qarasını...

sevgilim səndə doğulub

özüm oktyabrda

o, üzü yaya gedərək böyüyüb

mən qışa...

ortaq sevgimiz var onunla

bir də ilıq

günəşimiz

ikimiz də pencək havasında doğulmuşuq...

Dekabr ayı

Yeni fəsil gəlib

yeni ay

və yepyeni gün...

təkcə günəş köhnədir

bizim evdə saat yatır

təqvim dünəni göstərir

divar kağızımız köhnə...

günəşin istisi keçmiş şüalarını

silirəm pəncərədən

hava boz üzünü göstərir...

divar kağızlarının solğun bənizinə

baxaraq anlayıram:

bu dünyada

köhnə tarixli təqvim

və yatmış saat qədər

kədərli heç nə yoxdu...

Sarışın payız

qara buludlarla yaşmaqlandı günəş

yorğun göylərin

təri səpələndi yerə...

etibarsız quşlar

günəşi axtarmağa getdi

qayğısız sərçələrin

səsi qarışdı

yağışın səsinə...

sarışın payız

yenə küçədə dilənən uşağı

yırtıq ayaqqabılarından tanıdı...

XS
SM
MD
LG