Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:12

Azərbaycana səfərə görə moratorium çağırışları


Konqres.
Konqres.

-

Bir qrup ABŞ konqresmeninin Azərbaycana qalmaqallı səfərindən sonra Konqresə nəzarət qrupları yeni çağırış edib. Onlar Nümayəndələr Palatasının yeni spikeri Paul Ryan-ı çağırırlar ki, yeni qaydalar qüvvəyə minənədək xaricə özəl mənbələrdən maliyyələşən səfərləri təxirə salsınlar.

Xatırladaq ki, konqresmenlərin 2013-cü ildə Bakıya səfərini Dövlət Neft Şirkətinin maliyyələşdirməsi ABŞ-da qalmaqal yaradıb. Konqresmenlər bundan xəbərsiz olduqlarını bildiriblər, elə təhqiqat da onları təmizə çıxarıb. SOCAR enerji konfransını Hyustonda mənzillənən qeyri-kommersiya təşkilatları vasitəsilə maliyyələşdirib. Şirkət sponsorluğunu gizlətmədiyini də bəyan edib.

Konqresə nəzarət qrupları isə Ryan-a məktubda yazırlar ki, həmin «utancverici açıqlamalar Palatanın bütövlüyünü qorumaq üçün hazırkı səyahət qaydalarının yetərli olmadığını üzə çıxarıb». Qruplar təklif edir ki, səfərlərə sponsorluqla bağlı qaydalara ictimaiyyətin inamı yarananadək özəl mənbələrdən maliyyələşən səfərlər ertələnsin. Bu qruplar arasında, Kampaniya Hüquq Mərkəzi, «Demokratiya 21», Qadın Seçicilər Liqası və digərləri var.

Həmin səfərə Palatanın Etika Komitəsi razılıq vermişdi. Komitə iyulda qərar çıxardı ki, səyahətin maliyyəsi, iştirakçılara hədiyyə verilməsi düzgün olmayıb, ancaq konqresmenlər pulun əsl mənbəyindən xəbərsiz olublar.

Qruplar Ryan-ı çağırırlar ki, məsələnin araşdırılması üçün bitərəf işçi qrup yaratsın. Spikerin idarəsindən məsələyə açıqlama almaq mümkün olmayıb.

Joschka Fischer.
Joschka Fischer.

AVROPAYA GEOSİYASƏTİN QAYIDIŞI

«Rusiyanın Krıma hərbi müdaxiləsi və anneksiyası, daha sonra Ukrayna müharibəsi vasitəsilə prezident Vladimir Putin aydın şəkildə bildirdi ki, sərhədlərin toxunulmazlığı və beynəlxalq hüquq normalarına hörmət etmək niyyəti yoxdur. Avropalıların hüququn aliliyinə söykənən qitə düzəni barədə düşüncələrinə son qoymağın vaxtıdır. Təəssüf ki, dünya o deyil. Daha çətindir, gücə dayanan qaydalar işləyir». Bunu «New Europe» saytında Almaniyanın keçmiş xarici işlər naziri, 20 ildir Yaşıllar Partiyasının lideri olan Joschka Fischer yazır.

«Rusiyanın Suriyaya hərbi müdaxiləsi və Avropa qaçqın böhranı da bu məqamı önə çıxarır. Avropa anlamalıdır ki, geosiyasi maraqlarının qeydinə qalmasa, tez ya gec qonşu regionlardakı böhranlar onun da qapısını döyəcək. Avropa Birləşmiş Ştatlar kimi okeanlarla təcrid olunmuş qitə deyil. Avrasiya məkanının qərb küncüdür. Şərqi Avropa, Yaxın Şərq, Şimali Afrika birbaşa qonşularıdır və qonşuluğundakı sabitsizlik 21-ci əsrdə Avropaya da təhlükəsizlik riskləri yaradır».

Joschka Fischer sual edir ki, Avropa Rusiya ilə necə davranmalıdır? Keçmiş xarici işlər nazirinin fikrincə, Avropa Çinlə insan haqları məsələsinə görə qarşıdurma siyasəti əvəzində, geosiyasi riskləri və öz maraqlarını düşünməlidir. Çin Orta Asiya və Rusiyadan keçərək Avropaya istiqamətlənən İpək Yolu layihəsini işə salmağı planlaşdırır.

«Rusiya ilə münasibətlərdə Avropa Birliyi özünün və NATO-nun prinsiplərindən sapmamalıdır. Çinlə də yaxşı münasibətlər qurmalı, İpək Yolu layihəsinin qarşısını almamalıdır».

Müəllif son baş verənlərin Türkiyəni də Avropaya və Qərbə doğru itələdiyini, yeni başlanğıc üçün real şans yarandığını vurğulayır. Ancaq Avropanın Yaxın Şərqə potensial təsiri aşağı görünür və bu region uzunmüddətli perspektivdə təhlükəli olaraq qalır. «Avropa münaqişədə şiə və sünnilərin və ya İran ya Suriyanın tərəfini saxlamamalıdır», - yazan Joschka Fischer vurğulayır ki, geosiyasətin qayıdışı bir şeyi ortaya çıxarır: Avropanın 21-ci əsrdə üzləşdiyi fundamental seçim öz müqəddəratı və xarici nüfuzdur. Avropanın bu məsələsi necə həll etməsi isə təkcə öz taleyini deyil, Qərbinkini də müəyyənləşdirəcək.

Aşqabad.
Aşqabad.

TÜRKMƏNİSTAN UKRAYNANIN SUVERENLİYİNİ DƏSTƏKLƏYİR

«The Diplomat» saytında isə Casey Michel yazır ki, bu günlərdə Ukrayna prezidenti Petro Poroshenko türkmən həmkarı Gurbanguly Berdymukhamedov ilə Aşqabadda görüşüb. Əslində bu iki ölkənin münasibəti həmişə yaxşı olub. Ancaq bu sön görüşün fərqli cəhəti o idi ki, Türkmənistan Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstək bildirib. Poroshenko da bundan məmnunluğunu ifadə edib.

Rusiya Ukraynanın cənubuna soxulandan Türkmənistan səsini çıxarmayıb. Qırğızıstan və Qazaxıstan Krım «referendum»unu tanısa da, Aşqabad susub, Moskvanı gərəksiz yerə təxribata çəkmək istəməyib.

Ancaq son olaylara baxanda bütün bunlar qəribə görünmür. Türkmənistanın iqtisadiyyatı yavaşıyır və yeni müştəri axtarışındadır. Rusiyanın bu yaxınlarda Xəzərdə başlatdığı militarizm postsovet dönəmində görünməyib və Türkmənistanın ziyanına işləyərək trans-Xəzər layihəsinə istənilən an zərbə vura bilər. Üçüncüsü, Rusiya-Türkmənistan münasibətləri qaz ticarətinin azalması səbəbindən soyuyur. Getdikcə Moskva Aşqabaddan daha az qaz idxal edir. Bir neçə ay öncə Türkmənistan «Gazprom»u borcunu ödəmədiyi üçün açıq tənqid edib.

XS
SM
MD
LG