İlahiyyatçının istintaq müddəti uzadıldı
Dövlət çevrilişə cəhddə ittiham olunan ilahiyyatçının istintaq müddəti uzadılıb...
Vəkilin dediyinə görə, Ceyhun Cəfərov ona qarşı irəli sürülən ittihamı «cəfəngiyyat» adlandırıb
Dövlət çevrilişinə cəhddə ittiham olunan şiə teoloq və tərcüməçi Ceyhun Cəfərovun istintaq müddəti növbəti dəfə uzadılıb.
Bu barədə AzadlıqRadiosuna onun vəkili Cavad Cavadov məlumat verib.
Vəkilin dediyinə görə, Ceyhun Cəfərov barəsində həbs qətimkan tədbirinin uzadılması təqdimatına noyabrın 8-də Səbayel Rayon Məhkəməsində baxılıb. Təqdimat Cinayət Prosessual Məcəllənin tələblərinin pozulması ilə verilib:
«Təqdimat həbs müddətinin bitməsinə azı beş gün əvvəl verilməli idi, amma iki gün qalmış verilib. Məhkəmənin qərarında da ümumi abstrakt frazalar yer alıb. Konkret ciddi əsas göstərilmir. İstintaq orqanının irəli sürdüyü ittihamı təsdiq edəcək hər hansı sübut heç məhkəməyə də təqdim olunmadı. Məhkəmədən ittihamın qanunsuz və əsassız olmasını, heç bir sübutla təsdiq olunmadığını və iklin sübutların tələb edilməsinə dair vəsatətimiz, o cümlədən həmin iş üzrə adı keçən Elşən Mustafayevin dindirilməsinə dair vəsatətlərimiz təmin edilməyib. Həbs qəti imkan tədbirinin istər seçilməsi, istərsə də uzadılması da qanuna əsaslanmır».
Cavad Cavadov deyir ki, istintaq 2016-ci il 26 yanvaradək uzadılıb. Vəkilin dediyinə görə, ilkin həbs qərarı ilə bağlı müdafiə tərəfinin şikayəti artıq Avropa Məhkəməsinə göndərilib. O, dəlil yetərsizliyi səbəbindən Ceyhun Cəfərovun işinə istintaq orqanı tərəfindən xitam veriləcəyinə ümidlərinin olduğunu deyir.
«DİNİ FƏALİYYƏTİM KİMİNSƏ XOŞUNA GƏLMƏYİB»
Cavad Cavadovun dediyinə görə, məhkəmədə Ceyhun Cəfərov da özünü təqsirli bilmədiyini qeyd edib:
«Ceyhun Cəfərov özünü qətiyyən bu ittiham üzrə təqsirli bilmir. Təkidlə bildirdi ki. Bunlar hamısı qondarma, cəfəngiyyatdır və bu ittihamın ona heç bir aidiyyatı yoxdur. O, heç bir halda Azərbaycan dövlətinə xəyanət etməyim. Həbsinin əsil səbəbini apardığı dini fəaliyyətin kiminsə xoşuna gəlməməsi ilə bağlayır».
«Təkamül» Tərcümə Mərkəzinin direktoru, ilahiyyatçı Ceyhun Cəfərov mart ayının 10-u MTN əməkdaşları tərəfindən həbs olunub. 42 yaşlı Ceyhun Cəfərov həm də «Space» televiziyasında «Gecə söhbətləri» verilişinin aparıcı olub. Dini mərasimlərdə moizələr deyib, dini tədris həyata keçirmək və dini kitabların azərbaycan dilinə tərcüməsi ilə məşğul olub. O bütün islam dünyasında böyük uğur və rəğbət qazanmış «Həzrəti Yusif» filminin və bir neçə başqa filmin də azərbaycan dilinə dublyaj olunmasında iştirak edib.
Hazırda dövlət çevrilişinə cəhddə ittiham olunur. Özünün iddiasına görə, Azərbaycanda din və inanc azadlığından istifadəyə görə cəzalandırılan şəxslərdəndir.