Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:50

Ailənin üzünü güldürən xəbər (VİDEO)


Ailənin üzünü güldürən xəbər
Gözlə

No media source currently available

0:00 0:03:37 0:00

Ailənin üzünü güldürən xəbər

«Atan harda işləyir?» soruşanda Rəhim deyib ki, «atam işləmir, tutulub, türmədədir... Sual verən qadın da deyib ki, bunu mənim yanımda dedin, başqasının yanında demə...»

-

«Axır ki... Yaxşı bir hadisə baş verdi. Gözləyirdim, düzü. Ancaq adam yenə tərəddüd edirdi. Bizim üçün gecikmiş qərardır, olsun. İlk qələbəmizdir, çox sevinirik», - Nigar Yaqublu ilə üz-üzə oturmuşuq. Həmişəki kimi şux danışır, atası ilə bağlı son qərara sevinir. Aylardan bəri bu ailənin üzünü azacıq da olsa güldürən bir xəbər var. Ötən həftə Avropa İnsan Haqları Məhkəməsində Tofiq Yaqublunun dərhal azad edilməsi ilə bağlı qərar çıxarıldı, İsmayıllı hadisələrinə görə 5 il azadlıqdan məhrum edilən Müsavat Partiyası başqanı müavininə 24 min avro təzminat ödənməsi tələb edilir.

Nə qədər sevinsə də, Nigar bu qərarın yerinə yetiriləcəyinə inanmır:

«Ən həssas dönəm Nərgiz dönəmiydi... O dönəmdə belə hakimiyyətin ruhu incimədisə...»

«İnamım yoxdur, bunu ölkədə gördüyümüz təcrübələr deməyə əsas verir. İlqar Məmmədov haqqında da eyni qərar var idi. Ancaq azad edilmədi. Əksinə ona həbsxanada olmazın işgəncələr verildi. Sadəlövh deyilik. Artıq bilirik ki, hakimiyyət dəyişməsə, nəyinsə reallaşması mümkün deyil. Bəlkə də reallaşar, Avropadan daha sərt sanksiyalar, basqılar olsa...»

«ƏN HƏSSAS DÖNƏM NƏRGİZ DÖNƏMİYDİ...»

Nərgiz Yagublu
Nərgiz Yagublu

Cəmi bir neçə ay öncə Tofiq Yaqublunun ana olmağa hazırlaşan gənc qızı Nərgiz Yaqublu xəstəlikdən vəfat edəndə bir qrup hüquq müdafiəçisi, siyasətçi, millət vəkili ailə başçısının əfv edilməsini, azadlığa buraxılmasını istəmişdi. Bununla bağlı prezidentə bir neçə müraciət göndərilmişdi. Amma qızının dəfnində, yeddi mərasimində iştirak edən ata bir həftə sonra həbsxanaya qaytarılmışdı.

Nigar Yaqublu: «Ata möhkəm adamdır. Özünü belə şeylərə hazırlamır. Mən özüm də artıq narahat olmuram ki, ata həbsxanadadır. Düzdür, orda çətinlik çəkir, ancaq alışdıq. Bəlkə uzun zamandır həbsxanaya gedib-gəlirik, bəlkə də ailədə çox adam həbsxanaya düşdü deyə bizim üçün adiləşdi. Ata da daha düşünmür, «nə olacaq, necə olacaq». O qədər müraciətlər oldu. Bizim üçün də ən həssas dönəm Nərgiz dönəmiydi. Ondan o yana hədd yox idi. O dönəmdə belə hakimiyyətin, necə deyim... ruhu incimədisə, bu addımı atmadısa, indən belə onlardan nəsə gözləmək anormallıq olardı».

«NƏRGİZ BU QƏRARA HAMIDAN ÇOX SEVİNƏRDİ»

Bu evin böyük qızıdır Nigar. Nərgizlə aralarında bir yaş fərq vardı. Həyatdolu, ümiddolu iki bacıydılar. Onların pozitivliyi, səmimiyyəti, həyatsevərliyi, üzlərindən əskik olmayan gülüşü az qala hamını heyran qoyurdu. Adama elə gəlirdi ki, dərd-qəm bu qızların üzlərindəki təbəssümü silə bilməz... Onlar son bir neçə ildə ailənin yaşadığı hər cür çətinliyi də elə bu cür gülərüzlə, hər şeyin yaxşı olacağına ümid edərək yola verirdilər... Nigar həbs ediləndə də, Tofiq Yaqublu tutulanda da, evin xanımı həbsxanadan qayıdarkən avtomobil qəzasına düşüb onurğasını zədələyəndə də... Ta Nərgizin ölümünə kimi...

Tək qalmışam. Dərd ortağın yox, danışmağa adam yox...

Nərgizin ölümündən sonra Nigar əvvəlki deyil. Düzdür, üzündə yenə həmin təbəssüm var, yenə həbsxana yollarındadır, ailənin yükü yenə çiynindədir. Yenə dik durur, gülümsəyir, danışır, zarafat edir. Ancaq hərdən... səsi qırılır, gözlərini qaçırır. Üzündəki təbəssüm də yoxa çıxır. Adama elə gəlir ki, nəfəs almaq da çətindir ona. Bu anlarda onun daşıdığı yükün altında necə əzildiyini görürsən, bu gülüşün, təmkinin necə baha başa gəldiyini sezirsən... Qəhərin boğazında necə düyünləndiyinə, necə çətinliklə udqunduğuna baxıb susmaqdan başqa əldən bir iş gəlmir... Amma tələsik də toparlanır...

«Nərgiz olsaydı, bu qərara hamıdan çox sevinərdi. Heyf... Daha çox uğurumuz olacaq, daha yaxşı işlərə imza atacağıq, buna inanıram. Amma keşkə Nərgiz də bizimlə olardı. O da görəydi... Yəqin ömrümüzün axırına qədər «keşkə» deyəcəyik. Keşkə o da olardı...», - bunu da Nigar deyir.

«ANAMIN YANINDA AĞLAMIRAM»

Nigar söhbətin sonunda etiraf edəcəkdi ki, Nərgizin qəbrini az-az ziyarət edir. «Bilirəm ki, getsəm, daha çox canım yanacaq, ona görə də ana qədər tez-tez gedə bilmirəm. Hər dəfə deyirəm gedim. Ancaq dururam... Ayaqlarım getmir. Gedə bilmirəm. Mənim üçün belədir ki, o, Rusiyadadır. Bütün yuxularımda istəyirəm ona toxunum, getməsin. Hiss etmək istəyirəm onu. Qorxuram ki, gedəcək, toxuna bilməyəcəm... Tək qalmışam. Dərd ortağın yox, danışmağa adam yox. O yoxdur deyə hər şey yarımçıq qalıb. Bölüşməyə kimsə yoxdur. Dostlar sağ olsun, amma heç kim Nərgizin yerini vermir».

Rəhim Yaqublu, noyabr, 2015
Rəhim Yaqublu, noyabr, 2015

Tofiq Yaqublunun sonbeşiyi, birinci kurs tələbəsi olan oğlu Rəhimdən soruşuram: «Çətin deyil bu xanımları sakitləşdirmək?» Qısaca «Çətindir, amma məcburuq» cavabını verir.

Nigar davam edir: «Adətən belə durumda kimsə yükü öz üzərinə götürür, balansı qorumağa çalışır, artıq olan olub, geriyə dönüş yoxdur, maləsəf... Ana üçün daha çətin oldu. Ananın yanında ağlamıram. İstəmirəm ki, üzülsün. Gərək belə olmayaydı. Ən çox üzüldüyüm odur ki, biz onun son anlarında yanında ola bilmədik. Ana getdi, heç olmasa Nərgizi gördü, ona toxundu, biz heç onu da edə bilmədik. Ata bilmirdi. Ona görə mən gedə bilməzdim. Ona yalan danışırdım. Tez-tez Anar Məmmədli, İlkin Rüstəmzadə zəng edib soruşurdular, deyirdim ki, «durum belədir, başını qatın, çalışın zəngə gəlməsin, vaxtı ötürsün». Sağ olsunlar, əllərindən gələni etdilər. Bir həftə bu cür davam etdi. Sonda məcbur qalıb dedim ki, Nərgiz sarılıq keçirib, ana da yanına gedib. Nə yaxşı ki onu dedim, Nərgizin xəstə olduğunu bildi. Bilməsə, bir anda o xəbəri televiziyadan eşitmək daha dəhşətli olardı».

«YAXŞI Kİ O SİYASİ MƏHBUSLAR ORDADILAR»

Atasından danışanda bir təsəllisini də gizlətmir: «Adam deməz ki, «nə yaxşı başqa siyasi məhbuslar var». Ancaq yaxşı ki, o siyasi məhbuslar atayla eyni cəzaçəkmə müəssisəsindədirlər. Altı-yeddi nəfərdilər. Başı qarışır, qəribçilik çəkmir. Əli İnsanov, İlkin Rüstəmzadə, Anar Məmmədli, Əbdül Həmidov, Fərəc Kərimov, Pərviz Həşimli... Həbsxanada fərqli düşüncəli, fərqli təfəkkürlü insanlar olur. Hər kəsdən də kiminsə kədərinə sayğı göstərməsini gözləmək olmur... Mən özümü atamın yerini qoyurdum, mən o ağrını içəridə daha çətin keçirərdim, o ağrının altından qalxmaq daha çətin olardı mənim üçün. Amma yaxşı ki, o biri məhbuslar ordadır. Onlar ona dəstək oldular. Əsasən də Əli İnsanovun orda olması bizim üçün bir avantajdır. Ata çox xəstəydi. Onu müalicə etdi».

NƏRGİZİN OĞLU KƏNAN

Sonda məcbur qalıb dedim ki, Nərgiz sarılıq keçirib, ana da yanına gedib...

Nigar Nərgizin oğlu Kənanın şəkillərini göstərir: «Nərgiz yatanda həmişə ağzı açıq yatardı. Böyük olanda da. İndi Kənan da onun kimi yatır. Ana danışır ki, Nərgiz balaca vaxtı yatanda yorğanın ucunu sorurdu, indi Kənan da elə edir. Oxşayır anasına. Burnu, yanaqları oxşayır, mən oxşadıram. Yanına getmişdik, 10 gün qaldıq. Ata «Hər günə bir şəklini çək» demişdi... Hiperaktvdi. Qığıldayır, gülür... Bizim balaca meymunumuzdur. Atasi mütəmadi həkim nəzarətindən keçirir, şükür, yaxşıdır... Dekabrın 28-i Nərgizin ad günüdür, onda gedəcəm yanına Kənanın».

«MAŞIN ALMAQ LAZIMDIR»

Nigar Yaqublu, november, 2015
Nigar Yaqublu, november, 2015

Rəhim baş verənlər haqqında danışmağı çox sevmir. «Jurnalistlər sual verirlər, «atan həbs olundu, bacın öldü, nə hiss edirsən?» Nə hiss edəcəm? Sevinim? Belə sual olmaz», - deyir.

Rəhim Yaqublu hər şeyi zarafata salmağı sevir. İndi maşın almaqdan danışır. Nigar deyir ki, Avropa İnsan Haqları Məhkəməsinin ailəyə təzminat ödənməsi haqda qərarını eşidəndə tələsik 24 min avronu manata çevirib və deyib ki, «gəl maşın alaq».

«Sən qərarı necə qarşıladın?» deyə soruşanda gülür. Nigar dillənir: «Ura, pul gəlir» dedi». Rəhim astadan əlavə edir: «Nəsə az verirlər... 18 yaşım olur, maşın almaq lazımdır. Yol yorur, dəhşət basabasdır. Hər səhər avtobusda yarıçöldə gedirəm, qapı bağlanmır...»

«Atan harda işləyir?» soruşanda Rəhim deyib ki, «atam işləmir, tutulub, türmədədir»...

Rəhim də bacısı kimi Avropa Məhkəməsinin qərarının yerinə yetiriləcəyinə inanmır.

Bəlkə də bu evdə yaşananları ən çətin o keçirib, cavabını verə bilməyəcəyi suallarla çox erkən rastlaşıb. Yeniyetməlik çağında bacısı həbsxanaya düşüb, az sonra atası tutulub. Buna görə çox sevdiyi peşəkar futbolla vidalaşmalı olub. Ali məktəb imtahanlarına bir neçə ay qalmış bacısı vəfat edib... Bütün bunlar haqda danışmağa yox, susmağa üstünlük verir Rəhim. Danışdıqlarını da zarafatla çatdırır.

RƏHİM: «DEDİM Kİ, ATAM TÜRMƏDƏDİR İŞLƏMİR, BACIM DA...»

Rəhim və Nigar Yaqublu, noyabr, 2015
Rəhim və Nigar Yaqublu, noyabr, 2015

Qardaş-bacı - ikisinin danışdığı bir əhvalat yazacam indi.

Nigar: «11-ci sinifdə hərbi komissarlığa göndərirlər uşaqları. Rəhimə də bir qadın ailə tərkibi haqqında suallar verib. «Atan harda işləyir?» soruşanda Rəhim deyib ki, «atam işləmir, tutulub, türmədədir». «Bəs, bacın harda işləyir» soruşanda deyib ki, «bacım da işləmir, türmədən təzə çıxıb, hələ iş tapa bilmir». Qadın şoka düşüb ki, ata türmədə, bacı təzə çıxıb...»

Rəhim əlavə edir: «Qadın nəsə yazır, sonra üzümə baxır, yazır, bir də baxır...»

Nigar davam edir: «Qadın deyib ki, bunu mənim yanımda dedin, başqasının yanında demə».

Sonra ikisi də gülüşürlər. Elə bu ovqatda da evi tərk edirik. Bu söhbəti başqa nə cür bitirmək olardı?.. Yaqublular üçün həyat davam edir, çətin də olsa. Balaca Kənanın varlığı, Avropa Məhkəməsinin qərarı... Kim bilir, bəlkə bunlar Yaqublular üçün qara zolağın sonu olacaq?..

XS
SM
MD
LG