-
Gələn həftə Azərbaycan «İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya»nın həyata keçirilməsi ilə bağlı BMT-də hesabat verəcək.
report.az xəbər verir ki, BMT-nin İşgəncələrə qarşı Komitəsinin sessiyası noyabrın 9-da başlayacaq. Azərbaycanla yanaşı Avstriya, Danimarka, İordaniya, Çin və Lixtenşteynin də hesabatlarına baxılacaq.
Azərbaycanın hesabatına 11-12 noyabr tarixlərində baxılması planlaşdırılıb.
Azərbaycan BMT Konvensiyasına qoşulmuş 158 iştirakçı-dövlətdən biridir və müntəzəm olaraq Komitə qarşısında hesabat verməlidir. Komitəyə isə 10 müstəqil ekspert daxildir.
«İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya» 1984-cü ildə BMT-nin Baş Assambleyası tərəfindən təsdiq edilib. İndiyədək 156 dövlət onu ratifikasiya edib. Hər dörd ildən bir bütün iştirakçı-dövlətlər onun həyata keçirilməsi üçün qəbul olunmuş qanuni və inzibati tədbirlər barədə hesabat verir.