Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:43

Polis: "Gedin kitabınızı evdə oxuyun da!"


- "Bizi elə acıqla qovdular ki, ordan. Elə bil deyirdim ki, dünənki seçkilərdə o nə saxtakarlıq idi?! Niyə o qutuya büllütenləri beş-beş atırdınız?!"

Vasif Əlihüseyn

Stiven Blumberqi həbs edən polisin “Torqovı”dan məni qovması

Cibimdə pulum, telefonumda konturum və bir də oxumağa kitabım olmayanda darıxıram.

Tanrı yaradıcı insana istedad verəndə elə bir mütaliə ehtiyacı da verir ki, adam bir gün nə isə oxumayanda həmin günün boşluğunu ancaq və ancaq kitab doldura bilir.

Təbii ki, bunu da hər kəsə aid etmək olmaz. Belə tərifləmək kimi çıxmasın, oxumağa kitabım olmayan günü özümü siqareti qurtarmış adam kimi hiss edirəm. Az qalıram kiməsə deyəm ki, mənə bir gilə kitab ver.

İnternetdə elə bir araşdırma apardıqda görürük ki, dünyada 130 milyon adda kitab mövcuddur.

Statistik göstəricilərə gəldikdə isə, kişilərə nisbətdə qadınlar daha çox kitab oxuyurlar. Hazırkı göstəricilərə görə, dünyada kitab alıcıları 45 yaşdan yuxarı olan adamlardır.

Kitab oğruları dünyada bibliokleptoman adlanır. Dünyanın ən məşhur bibliokleptamanı Stephen Blumberg (Stiven Blumberq) sayılır. O, 268 kitabxanadan 23 min kitab oğurlayıb. Stivenin şəxsi kitabxanasının dəyəri 20 milyondan artıq qiymətləndirilir.

Kitab oxumağa alışmaq, oxumağı daha yaxşı öyrənmək üçün ən yaxşı yaş dövrü 4-6 yaşdır. Kitab oxuyanların 90 faizdən çoxu bir dəqiqəyə 210 söz oxuyur.

İnternetin kəşfi isə, kitaba qarşı sanki bir soyqırım oldu. Bununla da insanlar bir çox məlumatları internetdən oxumağa başladılar. Amma nə qədər yaxşı olur, olsun, bir romanı internetdən oxumaqdansa, kitabdan oxumaq daha xeyirlidir.

Son zamanlar kitaba laqeyd yanaşan bizim adamları da, əlində kitab metroda, avtobusda görmək olur. İnsanlarda az da olsa, kitaba qayıdış var.

Amma bu qayıdışa kömək etmək lazımdır. Bu qayıdışa təkan vermək lazımdır.

Noyabrın 3-də sosial şəbəkədə “Book flashmob” təşkil edilmişdi. Tədbir şəhərin mərkəzində, Fəvvarələr meydanında baş tutdu.

Lider, ANS kimi televiziya kanalları çəkilişlər etməyə başladılar. Aksiyada oturaq kitab oxuyan kitabsevərlər şəhər əhalisi tərəfindən çox maraqla qarşılandı.

Aksiyaya mən də öz kitabımla getmişdim və düşünürdüm ki, sonda kitabımı hansısa bir oxucuya hədiyyə edərəm.

Amma çox keçmədi ki, əraziyə iki polis çavuşu gəldi. Soruşmağa başladılar ki, nə baş verir. Biləndə ki, kitab oxuyuruq polislərdən biri belə cavab verdi:

- Gedin kitabınızı evdə oxuyun da!

Bildirdik ki, biz oxuyuruq. Amma məqsədimiz bu aksiyayla insanlarda da kitaba marağı artırmaqdır. Polis çavuşu yenə anlamazlıqdan gəldi. Götürüb öz rəislərindən kiməsə zəng vurdu.

Sonra dəstəyi Lider TV-nin aparıcısına verdilər. Bu dəfə xanım jurnalist rəisə məsələni yenə anlatdı. Polislər hamını ayağa qaldırdılar, "Dağılışın" – deyərək, bizi ərazidən uzaqlaşdırdılar.

Özüm-özümə xəcalət çəkdim ki, polisi belə çavuşlar olan dövlətin nəinki mülki sakinləri, ilk növbədə belə çavuşları kitab oxumalıdır.

Bizi elə acıqla qovdular ki, ordan.

Elə bil deyirdim ki, dünənki seçkilərdə o nə saxtakarlıq idi?! Niyə o qutuya bülletenləri beş-beş atırdınız?!

İndi yadıma düşdü axı, Stiven Blumberqi də həbs edən polislər idi. O, kitab oğurlamışdı. Buna görə həbs edildi. Nə küçədə söyüş söymüşdü, nə də ictimai asayişi pozmuşdu.

Allah haqqı mən polis ola bilmərəm.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG