Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:33

Yazıçı Vaqif Nəsibin gənc yazarlara məsləhətləri


Vaqif Nəsib
Vaqif Nəsib

- Yazıçı Vaqif Nəsib Oxu Zalının "Gənc yazıçılara məsləhətlər" rubrikasına danışıb.

Vaqif Nəsibin Gənc yazarlara məsləhətləri

İstedadlı adamların hamısını, yaşından asılı olmayaraq, özümə yaxın hesab eləyirəm.

Əlisəmid Kürə, Mübariz Məsimoğluna və başqalarına da demişəm bunu, 20 yaşdan sonra istedadı olan yazıçıların hamısını eyni yaşda hesab eləyirəm.

Nəsihət - didaktika, bilirsizmi, başaldadan yalançı təskinliklərdi bizə. Ən çox məsləhət verən fars şairləri olub, ən çox da nəsihətə qulaq asmayan İran dövləti olub həmişə.

Kimin ki, yaradıcılıq məhəbbəti qanındadır, mən o adamları həmişə alqışlayıram, elə adamların yanında olmaq istəyirəm.

Məzahir Daşqın adlı şair var idi, yazığın ömrü sürgünlərdə keçmişdi. O, bəlkə də Səməd Vurğun səviyyəsində istedadlı adam idi.

Səməd Vurğun münbit torpağa düşdü, yeri gələndə cavidlərə də ölüm hökmü oxudu. Məhəmməd hadilərə, cavadxanlara düşmənəm, yadam - dedi. Heç olmasa, Azərbaycan ədəbiyyatına xidmətlərilə öz günahlarını ört-basdır elədi.

Yaradıcılıq məhəbbəti də hansı gəncdə varsa, onu silməsinlər, həvəsdən düşməsinlər

Demək, Məzahir Daşqının bir şeiri vardı ki, "Məhəbbət qandasa, silmək çətindi"; bu yaradıcılıq məhəbbəti də hansı gəncdə varsa, onu silməsinlər, həvəsdən düşməsinlər.

Mənim 75 yaşım var, heç bir qayğı görməmişəm, heç bir. 1991-ci ildə AYB üzvlüyündən ayrılmışam. Ondan əvvəl üzv idim...

Gənc dostlarıma demək istəyirəm ki, yalançı şöhrətə uymasınlar.

Mir Cəlalı tərifləmək indi dəb düşüb, onun yaradıcılığını bir yana qoyuram, "Bir gəncin manifesti" vardı, Sovetin qurulmasına həsr olunmuşdu, bütün Şura hökumətni quranların heykəlini yıxdılar, onu isə dünya səviyyəsində bir şeyə çevirdilər. Nə isə, indi bunun məsələyə dəxli yoxdur, onun bir yaxşı sözü vardı ki, ədəbiyyatın şöhrət tərəfi tez görünür, zəhmət tərəfi gec.

Ədəbiyyatın zəhmət tərəfini qəbul eləsinlər. Zəhmətin sıldırımlı yollarını keçsinlər, ildırımlarını ötürsünlər, heç çəkinməsinlər.

Mən indi cavanlarımıza deyirəm ki, ədəbiyyatın zəhmət tərəfini qəbul eləsinlər.

Zəhmətin sıldırımlı yollarını keçsinlər, ildırımlarını ötürsünlər, heç çəkinməsinlər.

Prezident təqaüdü təyin eləyiblər. Qoy cavanlar təqaüddən-zaddan ötrü canfəşanlıq etməsinlər. Pərt olmasınlar ki, prezident təqaüdünə layiqik, ala bilmirik.

Vaqif Nəsib
Vaqif Nəsib

Üzümü tutub istedadlı Seyran Səxavətə deyirəm, qələminə çox hörmət elədiyim şairlərə deyirəm, hamıya deyirəm ki, prezident təqaüdü indiyə qədər alanların siyahısını alıb çap eləsəniz, görərsiz ki, hamısı istedadsız adamlara verilib.

Adlarını desəm, heç bəlkə də tanımayacaqsız. Fətəli Zahid, Xanımana Əlibəyli, bir dənə “Dovşanın ad günü”nü yazıb, Ramiz Heydər, sonra Ramiq Muxtar, heç kitabı da yoxdu, savadı yoxdu, heç nəi yoxdur, Xeyrəddin Qoca… biabırçılıqdı, belə adamlara prezident təqaüdü veriblər.

Az-maz layiq olanlar var. Mən o adamları dibək yazıçıları adlandırıram. Mən heç olmasa, ağacların, palıdı-zadın özünü görmüşəm, onlar palıdı botanika bağlarında görüblər.

Az-maz layiq olanları guya Anardı, üç badam-bir qoz üstə nəğmə mətnləri bəstələyən Fikrət Qocadı, bir-iki nəfər əsasən şeirlərindən naftalin iyi gələnlərdi.

Bir dəfə mən də prezident təqaüdü almaq iştahasına düşmüşdüm, Anar haqda məqalə yazmışdım, sonra əl çəkdim. Anarın məqaləsinə cavab yazmışdım.

O demişdi ki, prezident təqaüdü almayanlar başa düşmürlər ki, prezident təqaüdü yazıçıların sosial vzəiyyətinə görə yox, istedadına görə verilir.

Mən də Anara yazmışdım ki, sənin atan Rəsul Rza “Rənglər” poeması yazıb, az qala rənglərin simfoniyasını bəstələyib, sən rənglərdən yalanların üçün istifadə eləyirsən.

Yeddi rəngli yalanını yazmışdım. Məsələn, Ramiz Muxtar istedadlıdırmı – ağ yalan, Xeyrəddin Qoca istedadlıdırmı – qırmızı yalan, belə-belə yeddi istedadsız və dəxli olmayan adamların adlarını çəkmişdim.

Qələm dostlarım həvəsdən düşməsinlər.

75 yaşım var. Heç mənim xidmətlərimi bilmirlər.

Axırıncı dəfə məni Türkiyəyə dəvət etmişdilər, ispandilli yazıçılarla türkdilli yazıçıların simpoziumuna. Orda Oljas Sülaymanov gəlməmimşdi, türk dünyası adına dəyirmi masanı mən aparası oldum.

Sonra xəbəri AZTV-də verdilər, mənim adımı çəkmədilər, heç təqvimdə də adımı çəkmədilər. Elə bil mən xalq düşməniyəm. Gör indi xalq düşmənləri o vaxt nə çəkiblər.

Cavanlara möhkəm əzm, möhkəm mətanət arzu eləyirəm.

Ad günümdə beş-altı adamın iştirakıyla elə-belə bir məclis qurmuşdum, orda dedim ki, nəyə görəsə dünyada xeyirxahların sayı azalır, şərxahların sayı çoxalır.

Mən də o şərxahların acığına qara qarğa kimi yox, sarı qarğa kimi (çünki sarı rəngdəyəm) 300 il yaşayıb bütün sinəmdəkiləri boşaldacam.

Gənclərə də aruzulayıram ki, mətin olsunlar, öz əqidələrindən dönməsinlər.

Nəsihətim bundan ibarətdir.

Bir də, bir şeir yazmışdım, arada cavan şairlərdən dostum Əlisəmid Kür həvəsdən düşmüşdü, ona ithaf eləmişdim şeiri, elə şeiri haqqını almayan cavanların da hamısına aid eləyirəm.

"Nə istəyirlər bu suda köpəkbalıqları,

quruda köpək oğulları."

P.S. Vaqif Nəsib onu da deyir ki, hər gün yazır. Hər gün yazmasa, paslana bilər. Yazıçılıq misgərlik kimidir.

XS
SM
MD
LG