Keçid linkləri

2024, 16 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 06:12

Cənub rayonları sel fəlakəti ilə üz-üzə qalıb


Son günlər güclü yağışa görə sel altında qalan qəsəbələrdən birindən görüntü.
Son günlər güclü yağışa görə sel altında qalan qəsəbələrdən birindən görüntü.

Oktyabrın 29-dan 30-a keçən gecə Lənkəran və Masallı rayonlarına aramsız yağan yağışlar problemlərə səbəb olub. Hər iki rayonun bir sıra yaşayış məntəqələrində evləri, həyətyanı və əkin sahələrini su basıb.


“Əkin sahələrimiz, evlərimiz, mal-heyvanımız, toyuq-cücəmiz – hamısı suyun altında qaldı. 9 nəfərik, əynimizdəki paltardan başqa heç nəyimiz yoxdur”.

Bunu “Qaynar xətt”ə Lənkəranın Sütəmurdov kəndinin sakini Allahverdi İmanov deyir:

“7 uşaq, arvad və mən… Başımızı itirmişik. Uşaqların ayaqqabısı da yoxdur. Deyirlər, “gözləyin, yardım olunacaq”. Uşaqlar da qızdırma içindədilər. Başmı itirmişəm. Nə edəcəyimi bilmirəm”.

Buna da bax: QaynarXətt proqramımıza siz də şikayətlərinizi göndərə bilərsiz

“DEDİK ƏVVƏLLƏR DƏ DAŞIB...”
Lənkəranın Vilvan kəndində daşqın nəticəsində ev-eşiyini, mal-qarasını itirən Xanhüseyn İbrahimov isə deyir ki, əslində kəndlilər vəziyyətin tezliklə qəlizləşəcəyini əvvəldən hiss edirlərmiş. Hətta kənd icra nümayəndəliyinə, bələdiyyəyə də üz tutublarmış:

“Dedik, “bu yağış kəsmir. Getdikcə də güclənir. Ətrafımız da çaylardır. Əvvəllər də daşıb, acısını görmüşük”. Dedilər,” gedin oturun evinizdə, dövlət özü nə vaxt nəyi necə etməyi yaxşı bilir”. Bu da dövlətin, ya da o icra nümayəndəsinin bildiyinin sonu… Heç sənədim də yoxdur…”

Xanhüseyn İbrahimovun sözlərinə görə, hazırda Astarada bir qohumunun evinə sığınıb:

“Lənkəranın icra hakimiyyətinə getdim, nömrəmi götürdülər, dedilər, “yer tap, qal. Başçı özü səninlə əlaqə saxlayacaq, kömək edəcək”. Hələ səs-səmir yoxdur. Məhəllədə su o qədər hündürə qalxmışdı ki, maşınımı tapa bilmədim”.

Son günlər – xüsusilə də oktyabrın 29-dan 30-na keçən gecə Lənkəran və Masallı rayonlarına aramsız yağan yağışlar problemlərə səbəb olub. Hər iki rayonun bir sıra yaşayış məntəqələrində evləri, həyətyanı və əkin sahələrini su basıb. Lənkərançayda və bölgədəki digər çaylarda, kanallarda və arxlarda güclü selin əmələ gəlməsi nəticəsində Yuxarı Nüvədi və Sütəmurdov kəndlərində sahilyanı evlər su altında qalıb. İcra hakimiyyətindən deyilənə görə, həmin ərazidə 18 ailə köçürülüb. Bürcəli çayının daşması nəticəsində 15, Şürük kəndində kiçik çayların daşması nəticəsində isə 20 ev su altında qalıb.

Buna da bax: Masallı su altında qalıb

YÜZLƏRLƏ EVİN SAKİNLƏRİ KÖÇÜRÜLÜB
İstisu qəsəbəsində də çayın daşması nəticəsində çay sahilindəki evləri su basıb. Nəticədə 100 ailə köçürülüb. Qəsəbənin mərkəzində Lənkəran-İstisu-Havzava yaşayış məskənlərini birləşdirən yeganə magistral avtomobil yolu üzərindəki dəmir-beton konstruksiyalı, Havzava kəndində isə digər oxşar körpü uçub.

Girdəniçayın daşması nəticəsində200 evin sakinlərinin köçürülməsinə başlanıb. Selin səviyyəsi artmaqda davam edir.

Vilvan kəndi ərazisində Vilvançayın daşması 50-yə yaxın evi su altında qoyub, çayın üzərindəki körpünün bir hissəsi uçaraq yararsız vəziyyətə düşüb, nəticədə 120-dən çox ailənin yaşadığı məhəllə ilə əlaqə kəsilib.

Veravul çayında selin səviyyəsi çox qalxdığından, Lənkəran-Masallı magistral avtomobil yolu üzərindəki körpü qəzalı vəziyyətə düşüb. Tuədo kəndində dağlardan gələn sel suları nəticəsində avtomobil yolu bağlandığından, yaşayış yeri ilə nəqliyyat əlaqəsi kəsilib.

ZİYAN HESABLANIR
Jidi-Gəgiran kəndləri arasında torpaq uçqunu nəticəsində kəndarası yol bağlanıb, üç piyada körpüsünü sel yuyub aparıb. Girdəni kəndi ilə İstisu qəsəbəsini birləşdirən yeganə magistral avtomobil yolunun bəzi yerləri yarğanların uçması nəticəsində istifadə üçün təhlükəli vəziyyətə düşüb. Havzava kəndi ərazisində Havzava gölünün qoruyucu bəndinin isə aşmaq təhlükəsi yaranıb. Siyobili kəndində avtomobil körpüsünü sel dağıdıb.

Sel suları həmçinin rayonun Şağlaser, Xarxatan, Cil kəndlərinin, həmçinin qonşu Masallı rayonunun Mahmudavar, Mollaoba kəndlərinin, Boradigah qəsəbəsinin sakinlərinə də ciddi ziyan vurub.

Lənkəranın icra hakimiyyətindən “Qaynar xətt”ə bildiriblər ki, yerli icra strukturları, əsasən də fövqəladə hallar komissiyası təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına çalışır. Əhaliyə dəymiş zərər hesablanır.
Cənub bölgəsində yağıntılı hava şəraiti davam edir.

XS
SM
MD
LG