Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:58

Bu dəfə 8-ci sinif dərsliyində səhv tapıldı


Orxan Bahadırsoy
Orxan Bahadırsoy

- "Dörd müəllifin birlikdə ərəsəyə gətirdiyi bir kitabda belə ciddi qüsurun olması nə deməkdir? Bunlardan biri səhv etdi, ikisi səhv etdi, anladıq. Dördü də səhv etdimi?"

Orxan Bahadırsoy

Dərsliklərdəki ciddi səhvlər, yoxsa “kütləşdirmə” siyasəti?

İndiyə qədər dərsliklərdə bir neçə səhvlər görmüşük. Həm də çox ciddi səhvlər olub bunlar. Bəzən bunlara texniki qüsur adı qoyublar, bəzən də özlərini haqlı çıxarmaq üçün müəyyən əsassız bəhanələr gətiriblər.

Amma bu dəfə rastlaşdığım məsələ o qədər ciddidir ki, bu texniki səhv də olsa, bağışlanmazdır.

Bacım orta məktəbin 8-ci sinfində oxuyur. Dərsləri ilə tez-tez özüm məşğul oluram. Gəlib məndən soruşdu ki, “Maestro gülümsədi” cümləsində maestro neçənci şəxsdədir? Dedim, üçüncü şəxs.

Səhvin olduğu səhifə
Səhvin olduğu səhifə

Dedi ki, kitabda birinci şəxsdə olduğu yazılıb. İnanmadım. Kitabı gətirdi. Gördüm ki, uşaq haqlıdır.

Kitabda, bu cümlədə masetro sözünün birinci şəxsdə olduğu yazılıb. Düşündüm ki, mən orta məktəbi çoxdandır bitirmişəm. Bəlkə dilə dəyişiklik ediblər.

Tanıdığım yazıçılarla, dilimizi mükəmməl bilən mütəxəssislərlə, Azərbaycan dili müəllimlərilə bunu dəqiqləşdirdim. Hamısı da təsdiqlədi ki, bu cümlədə maestro üçüncü şəxsdədir.

Bəs niyə 8-ci sinif Azərbaycan dili dərsliyində birinci şəxsdə olduğu yazılıb? Bu texniki səhvdir?

Deyək ki, texniki səhvdir. Bunu orta məktəbin 8-ci sinif şagirdi texniki səhv kimi qəbul etmir. O, inanır ki, cümlənin mübtədası olan maestro üçüncü şəxsdir. Çünki o, kitabdan belə öyrənir.

Çünki onun dərsliyində belə yazılıb. Bütün 8-ci sinif şagirdləri o qədər böyük biliyə sahib deyillər ki, dərslikdə yazılana şübhə edib, böyüklərdən dəqiqləşdirsinlər.

Dərsliyin ilk səhifəsində kitabın müəlliflərinin adı yazılıb: Tofiq Hacıyev, Samirə Bektaşi, Mehriban Vəliyeva və Yeganə Hüseynova.

Dörd müəllifin birlikdə ərəsəyə gətirdiyi bir kitabda belə ciddi qüsurun olması nə deməkdir? Bunlardan biri səhv etdi, ikisi səhv etdi, anladıq. Dördü də səhv etdimi?

Hələ bu, kitabın 34-cü səhifəsində yer almış bir səhvdir. 158 səhifəlik kitabın digər səhifələrində hansı səhvlər var, kim bilir?!

Bir müddət əvvəl də Biologiya dərsliyində sual qoyulmuşdu: Aşağıdakı sxemdə sinir impulslarının mərkəzi sinir sistemində ötürülmə ardıcıllığı göstərilmişdir. “X”-in yerində nə yazılmalıdır?

X à baş beyin à onurğa beyni

Əgər siz 8-ci sinifin Biologiya dərsliyini əvvəldən axıracan varaqlasanız, sinir impulslarının hardan baş beyinə, sonra da onurğa beyninə ötürüldüyünü oxuya bilməzsiniz.

Çünki kitabda bu məlumatın yer aldığı bir cümlə belə, yoxdur.

Dərslikdə prezidentin qızının şeiri
Dərslikdə prezidentin qızının şeiri

Sən şagirddən hansısa sualın cavabını almaq istəyirsənsə, əvvəl öyrətməlisən, sonra soruşmalısan da.

Bu sualın cavabını bacımın oxuduğu sinifdə bir uşaq belə, yaza bilməmişdi. Necə yazsınlar? Hardan öyrənib yazsınlar axı?

Bundan əlavə, sualın qoyuluş tərzi yanlışdır. Çünki sinir impulsları həm birbaşa baş beyinə, ordan onurğa beyninə ötürülə bilər, həm də onurğa beyninə, ordan baş beyinə, sonra təkrar onurğa beyninə də ötürülə bilər.

Bunun üçün sualın öz tərkibində şərt qoyulmalıdır. Çünki hissi və hərəki sinirlərin ötürülmə formaları fərqlidir.

Bu cür səhvlər və mürəkkəb sxemlər, cavabı dərslikdə olmayan çalışmalar çoxdur. Güya təhsil sisteminə yenilik gətiriblər.

Şagirdlər bütün çalışmaları evdəki böyüklərinin vasitəsilə edirlər. Kitab şagirdə heç bir şey öyrətmir.

Mən valideynləri təhsilsiz olan, özündən böyük bilikli bacısı, qardaşı olmayan uşaqların halına həqiqətən acıyıram. Yenə biz öz bildiklərimizdən nəsə öyrədirik. Bəs onlar kimdən öyrənsin? Necə öyrənsinlər?

Test imtahanında “Maestro gülümsədi” cümləsində masetro sözü hansı şəxsdədir deyə sual düşərsə, bu dərsliyi oxuyan uşaq, əlbəttə ki, birinci şəxs yazacaq.

Sonra da TQDK o cavabı səhv kimi qəbul edəcək. Halbuki dərslik şagirdlərə belə öyrədib. Bu isə açıq-aşkar gələcək nəsli kütləşdirmə siyasətidir.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG