Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:44

Vaşinqtonda Azərbaycandakı vəziyyət müzakirə olunacaq


ABŞ bayrağı.
ABŞ bayrağı.

-

ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq – Helsinki Komissiyası noyabrın 5-də Azərbaycanla bağlı brifinq keçirəcək. Tədbir «Azərbaycanda hüququn aliliyi və vətəndaş cəmiyyəti» adlanır.

Komissiyanın yaydığı açıqlamada deyilir ki, son iki ildə Azərbaycanda hüququn aliliyinə hörmət və insan haqları sahəsində durum pisləşib. Çoxsaylı vətəndaş cəmiyyəti təşkilatları qanunvericiliyin sərtləşdirilməsi, təhdid, rəhbərlərinin həbsi səbəbindən bağlanmalı olub. Müstəqil media sıxışdırılıb və ya bağlanıb. Müxalifət partiyaları təqib olunur, seçki prosesindən kənarda qalıb. Tanınmış siyasətçilərə uzunmüddətli həbs cəzaları kəsilib.

Komissiya bildirir ki, brifinqdə hüququn aliliyi məsələsinə xüsusi diqqət ayrılacaq, Azərbaycan hökumətinin tənqidçilərini qorxutmaq və həbsə atmaq məqsədilə məhkəmə sistemindən istifadəsi götür-qoy olunacaq. İştirakçılar həmçinin 1 noyabr seçkisinin nəticələrini, bu seçkinin ölkənin gələcəyinə təsirini təhlil edəcəklər.

Brifinqdə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, Atlantik Şurasının Qlobal Enerji Mərkəzinin təsisçisi Richard Motningstar, Avrasiya Beynəlxalq Mərkəzinin vitse-prezidenti Natalia Bourjaily, həbsdə olan hüquq müdafiəçiləri Leyla və Arif Yunusların qızı Dinara Yunus iştirak edəcək.

Azərbaycan hakimiyyəti ölkədə hüquq və azadlıqların məhdudlaşdırılmasına dair tənqidləri qəbul etmir. Hökumət mediası oxşar tədbirləri, bəyanatları ölkəyə qarşı xüsusi idarəolunan qərəzli kampaniya kimi dəyərləndirib.

XS
SM
MD
LG