Keçid linkləri

2024, 16 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 12:40

Senator Durbin: «Səfir Cekuta inanmır ki…»


Dick Durbin.
Dick Durbin.

-

ABŞ-ın aparıcı senatoru deyir ki, hökumət tənqidçilərinin həbsdən azad edilməsi üçün Azərbaycan rəsmilərinə təzyiq göstərəcək.

İllinoys ştatından senator, Senatda statusuna görə 2-ci Demokrat Dick Durbin oktyabrın 29-da AzadlıqRadiosunun müxbiri Carl Schreck-ə qısa müsahibə verib. Onun sözlərinə görə, ABŞ-ın Bakıdakı səfiri Robert Cekuta onu insan haqlarının durumu ilə bağlı Azərbaycan hökuməti ilə dialoqa başlamağa həvəsləndirib.

«Cekuta-nın fikrincə, Qərb təslim olmamalıdır»,- Durbin deyib. «O, inanır ki, ölkədə, hökumətdə hələ də düzgün istiqamətdə irəliləmək istəyən nüfuzlu şəxslər var».

ONLAR NƏHAYƏT ANLAMALIDIRLAR Kİ...

«Onlar doğrudan da elə bir həddə çatıblar ki, insan haqları siyasəti, daha açıq və dözümlü cəmiyyət məsələlərində aşırı pozuntulara yol verdiklərini anlamalı, durumu düzəltməyə çalışmalıdırlar. Məncə, bu, öz xalqlarının maraqlarına uyğundur», - Durbin söyləyib.

Senator deyib ki, oktyabrın 28-də Cekuta ilə danışıb, gələn həftə isə Azərbaycanın Vaşinqtondakı səfiri Elin Süleymanovla görüşməyə ümid edir:

«Səfirləri ilə görüşümdə və daha sonra çalışacağam onları inandırım ki, bu məhbusların buraxılması ölkənin maraqlarına cavab verir».

Hazırda Azərbaycanda onlarla fəal, jurnalist, hökumət tənqidçisi həbsdə yatır. Qərb, beynəlxalq insan haqları qrupları bu həbslərin siyasi motivli olduğunu deyir. Bakı isə ittihamları rədd edir, fərdlərin konkret cinayətlərə görə saxlandığını bildirir.

CEKUTA İLƏ YUNUSLARDAN DA DANIŞIB

Durbin bu həftə həbsdə olan hüquq müdafiəçiləri Leyla və Arif Yunusların qızı Dinara Yunusla Vaşinqtonda görüşüb. Dinara Yunus oktyabrın 28-də ABŞ-da keçirilən brifinqdə valideynlərinin həbsdə ölə biləcəyindən narahatlığını dilə gətirib.

Durbin deyib ki, Yunusların məsələsini də Cekuta ilə müzakirə edib: «Onların hər ikisinin səhhətində problemlər var və bundan çox narahatıq».

Senator Durbin Azərbaycanda insan haqlarının durumunun açıq tənqidçisidir.

Avqustda o, daha iki ABŞ senatoru ilə birlikdə Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib, onu həbsdəki dinc fəalları buraxmağa çağırıb.

XS
SM
MD
LG