Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:30

Axı niyə bu gənclər transformatora girməlidir?!


Orxan Bahadırsoy
Orxan Bahadırsoy

- "Axı toplum onları buna məcbur edir."

"Bu gün səhər xəbərlərdən transformatorda elektrik cərəyanının vurduğu qızla oğlan haqqında oxuyanda bir hadisəni xatırladım. Əminliklə deyə bilərəm ki, onları elektrik cərəyanı yox, bu cəmiyyətin mentaliteti, mənəvi dəyərləri, əxlaq normaları vurub."

Orxan Bahadırsoy

Transformator sevişmək üçün deyil

Bəs onlar bilmirdilər ki, bu ölkədə sevişmək ancaq doğmaq üçündür?

Sevişmək üçün yer tapmayıb transformatorun içinə girən qızla oğlanın aqibəti günün həm faciəvi, həm də komik hadisəsidir.

Hadisənin komik tərəfi odur ki, bu boyda şəhərdə sevişmək üçün yer tapmadılarmı? İnsan gərək ehtirasın hansı həddinə çatsın ki, transformatorun içində sevişməyə qərar versin. Amma hadisənin faciəvi tərəfi təkcə cütlüyü elektrik cərəyanının vurması deyil. Burda həm də xalqın, gənc nəslin, bilavasitə gələcəyin faciəsi var.

İllüstrasiya
İllüstrasiya

Bir cəmiyyətdə ki, sevgililərin bir-birinə sarılması, öpüşməsi, sevişməsi əxlaqsızlıq hesab olunur, həmin cəmiyyətdə belə bir hadisənin yaşanması qeyri-adi görünməməlidir. Axı toplum onları buna məcbur edir.

Toplum məcbur edir ki, siz ancaq blokda, liftdə, ağaclıqda, tualetdə, lap elə transformatorun içində sevişməlisiniz.

Sizin ərəb dilində dualar yazılmış kəbin kağızınız və möhürlənmiş nikah sənədiniz yoxdursa, sizin sevginiz də, ehtirasınız da haramdır, günahdır, zinadır, cinayətdir.

Bir dəfə Koroğlu metrosunun yanında bir-birinə sarılan cütlük gördüm. Qız oğlanın sinəsinə qısılmışdı, oğlan isə qızın belindən yapışmışdı. Hava da soyuq idi. Hiss olunurdu ki, qızcığaz soyuqdan qorunmaq üçün sevgilisinin ağuşuna sığınıb. Gözucu bu iki aşiqə nəzər yetirib ürəyimdə “nə gözəl cütlükdür, xoşbəxt olsunlar!” demişdim ki, gördüm yaşlı bir qadın qışqırır:

- Elə yapışmısan gədədən ki, elə bil indicə əlindən alacaqlar! Ləçər! Heç utanıb yerə girmirsən? Abırsızlar! Nə böyük qalıb, nə kiçik qalıb! Qucaqla, möhkəm yapış, birdən qaparlar əlindən. Tərbiyə görməmisən də. Sahibin yoxdur da. Neyləyəsən? Böyüyünün başını yerə soxum...

Fikirləşdim ki, mənim gözüm dəydi onlara. Hərçənd ki, bu gözdəymə cəfəngiyyatına inanmıram. Sonra anladım ki, yox, mənim gözüm dəyməyib, onlara bu cəmiyyətin metaliteti, mənəvi dəyərləri, əxlaq normaları dəyib.

Qadın susmaq bilmirdi. Sanki o, qıza həsəd aparır və onu hər şeydən məhrum etmək istəyirdi. Öz gəncliyində eyni nifrətin içində boğulmuş, bütün həzzlərdən, əyləncələrdən uzaq düşmüş bu qadın, iki gəncdən intiqam almağa çalışırdı.

Əxlaq, namus, qeyrət, ağsaqqal, ağbirçək deyib qışqıran yaşlı qadına onun yanındakı adamlar da hayan çıxdı.

Bu qədər nifrətlə silahlanmış adamların içində təklənən, qəribsəyən iki aşiq bir-birindən ayrıldı. Heç əl-ələ də tutmadılar. Dayanacağın önündəki taksilərdən birinə minib ordan uzaqlaşdılar.

Bu gün səhər xəbərlərdən transformatorda elektrik cərəyanının vurduğu qızla oğlan haqqında oxuyanda həmin hadisəni xatırladım.

Bu məsələdə də əminliklə deyə bilərəm ki, onları elektrik cərəyanı yox, bu cəmiyyətin mentaliteti, mənəvi dəyərləri, əxlaq normaları vurub.

Niyə evlərin isti yataqları qala-qala bu gənclik transformatorda sevişməlidir? Gənc oğlanlar evə qız gətirə bilməzlər, qızlar da harasa gedə bilməz. Qohum-əqrəba var, dost tanış var, camaatın anası-bacısı var.

Görən-bilən olsa onların ikisini də öldürər. Axı biz parkda sevgilisini qucaqladığına görə bir gənc oğlanı öldürən bir xalqın nümayəndəsiyik.

Niyə bizim insanımız sevişmək üçün bloka, liftə, ağaclığa, tualetə, transformatora müraciət edir?

Axı blok və lift binanın yuxarı mərtəbələrinə qalxmaq üçündür, ağaclıq bizi oksigenlə qidalandırmaq, ətrafa gözəllik vermək üçün, tualet sidik və nəcis ifrazı kimi təbii ehtiyacları ödəmək üçündür.

Transformator isə sabit cərəyanı dəyişən cərəyana çevirib əhaliyə ötürmək üçündür. Axı transformator sevişmək üçün deyil.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG