Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:05

Azərbaycan dilində səslər gəldi (Qamsaxurdianın hekayəsi)


Konstantin Qamsaxurdia
Konstantin Qamsaxurdia

- Hekayənin müəllifi yazıçı Konstantin Qamsaxurdia (1893-75) Gürcüstanın 1991-93-cü illərdə prezidenti olmuş sovet dissidenti Zviad Qamsaxurdianın atasıdır.

Konstantin Qamsaxurdia 20-ci əsrdə Gürcüstanın yetirdiyi iki böyük romançıdan biri hesab olunur.

Konstantin Qamsaxurdia

QADIN SÜDÜ

(Novella)

Orta Asiya düzənliyi az qala Tbilisinin girəcəyinədək gəlib uzanır.

Qarayazı çöllərində ova çıxmağı həddindən çox sevirəm. Kim bilir, bəlkə ona görə ki, əcəl məni hərləyir, çünki bu ətrafda yalqız gəzib dolanmaq old­uqca təhlükəlidir.

Axı iş günləri ovçu yoldaşlarımın vaxtı olmur. Dostlarım mənə öyüd-nəsihət verirlər: ya yolunu çaşacaqsan, ya da qaçaq düşmüş hansısa azərbaycanlı siyirmə xəncərlə üstünə gəlib, tüfəngini almaqdan ötrü səni öldürəcək.

Ötən çərşənbə axşamı heybəmi axtarıb tapdım. Vəznələrə iri qurğuşun saçmaları doldurub Qardabaniyə yola düşdüm (bu adı “Kartlinin həyatı”nda tez- tez çəkirlər, bu yerlərdə gəzməyi yəqin ona görə çox sevirəm).

İşıqlaşar-işıqlaşmaz yürüşə başladım. Düzənlik, kol-kos, çəmənlik, lal sü­kut. Yerə-göyə, sağa-sola, hara baxırsan göz işlədikcə uzanıb gedən düzənlik görünür.

Çılpaq düzənliklə irəliləyirsən.

Zviad Qamsaxurdia (solda) və Merab Kostava, 1980-ci illərin sonunda milli hərəkatın liderləri
Zviad Qamsaxurdia (solda) və Merab Kostava, 1980-ci illərin sonunda milli hərəkatın liderləri

Heç yandan səs-səmir eşidilmir. İlanlar qıvrıla-qıvrıla qarşına çıxır, tənbəl-tənbəl sənə baxır. Yolda ötüb keçir və fışıltı ilə özlərini kol-kosa soxurlar.

Təbiətlə təkbətək qaldıqda məndə qəribə hisslər yaranır. Düşünür, xəyala qapılır, öz-özümə götür-qoy edirəm. Bu sonsuz nəhayətsizlikdə adam balacalaşır.

Nəfəsin təngiyir, ötüb keçən dəqiqələrinə və hiss-həyəcanlarına gülməyin tutur. Yerdə-göydə sayrışan ilğımlardan gözlərin alacalanır, tez-tez ucsuz-bucaqsız bomboş düzənlikdə yolu çaşlrsan.

Ucu-bucağı görünməyən bu çılpaq düzənlər kimi, uzaqdan nəzərə çarpan təpəciklər belə, səhərdən qaş-qabaqlıdır. Gözlərin önündə bomboz dağlar görünür. Bu rəng çalarları Şərqi Gürcüstan mənzərəsinin eynidir.

Qaş qaralanadək beləcə tənha dolaşdım. İt yanımda yox idi.

Təbiətlə tənha keçirdiyim bir gün mənə bir il göründü. Mənə elə gəldi ki, nəfəsim tutulacaq və ruhum bədənimi tərk edəcək.

Əlbəttə, belə halda adamın ürəyi darıxır. Kolun dibindən dovşan sıçrayıb çıxır və mən tüfəngi çiynimdən endirənə qədər heyvancıq uzaqlaşıb gözdən itir.

O gün üç dəfə gülləm boşa çıxdı. Ürəyiyumşaqlıq hər şeydən çox ovçuluq işində təhlükəlidir. Boynuma alıram: bir qara tülkünün ardınca yeddi kilometrədək yüyürdüm.

Öz-özümə düşünürəm: xalq arasında bu heyvanın hiyləsi barədə oxunan nəğmələr, söylənən rəvayətlər nə qədər təbiidir.

Xramın sahilində yamaca sərilmiş tülkünün başının üstünü kəsdim. Görünür, heyvan özünü günəşə verirdi. Quş qırması doldurulmuş patronu atan kimi, yu­maq olub dik atıldı, yumurlana-yumurlana düz çayın qırağına düşdü.

İkinci lülədəki iri qırma patron idi (tüfəng hərisi olan qaçaqlardan qorunmağa ehtiyat üçün saxlamışdım). Tülkünün dərisindən müqəvva düzəltmək istədiyimdən ik­inci dəfə atmadım.

(Bu həmişə belədir: ova, ya da düşmənə atmasan o sənə atacaq).

Mən lüləyə təzə patron qoyanadək tülkü sıçrayıb qalxdı və qaçmağa başladı.

Ovumun boşa çıxması məni yaman pərt elədi, ayağa durdum. Tülkü dərənin içi ilə qaçırdı.

Təqribən yüzmetrliyinədək yaxınlaşmışdım ki, vadidən qalxanadək tülkü artıq düzənlikdə qaçırdı. Əslində qaçmırdı, sürün-sürün sürünürdü.

Dayandı, şöngüyüb mənə baxdı.

Mən yaxınlaşanda təzədən bir də götürüldü.

Gürcüstandan bir mənzərə, 2014
Gürcüstandan bir mənzərə, 2014

Yenə də çatdım. Dal ayaqlarının üstündə oturdu.

Həyasızcasına gözlərini mənə zilləyib elə bil deyirdi utan, ovçu, yaralı vaxtımda da mənə çata bilmirsən.

Qaranlıq düşənədək belə yüyürdük.

Komalıq və bataqlıq başladı.

Ümidimi tamam itirdikdə bir balaca dincimi aldım.

Torpağın başı üzərində görünən günəşin xəlbirləşmiş son şüaları qüruba endi. Vadi qaranlığa büründü, çılpaq düzənlikdə adda-budda istiyə düşüb qurumuş ağacların nağıllardakı kimi yazıq görkəmi vardı.

Ayaqlaram yığışdırıb qumlu torpağın üzərinə uzandım.

Eh, kişilik vüqarını sındırmaq üçün insana o qədər səy göstərmək lazım gəlirmiş.

Lal vadidə oturmuşam. Güneyin bütün vahiməsi qəlbimə dolub. Elə bil bu sonu görünməyən vadi ağzını hər tərəfdən açdığı kimi məni də udmaq istəyir.

Dünyanın bütün dərdi-səri üstümə ələndi. Elə bil balacalaşdım. Gözlərim alacalandı, dizlərim taqətdən düşdü, əzələlərim gəlirdi, nəfəsim az qala kəsiləcək, boğulmağa başladım.

Hardasa gur işıqların şölələndiyini unutdum, nə vaxtsa işıqlanacağı və yenə də ayağa qalxaraq tüfəngimi götürüb bu sonu görünməyən Qarayazı düzənliyinə ova çıxmaq ümidini tamamilə itirdim.

Bilmirəm və heç maraqlanmıram da haradayam, Qardabaniyə, ya Tbilisiyə neçə kilometr mənzil olar. Çünki vadinin məni birdən-birə yaxalayan vahiməli qaranlığı varlığımı məngənətək sıxmaqdadır.

Sonra öz-özümə təskinlik verir, cınqırımı belə, çəkmirəm. Yaxşı bilirəm ki, vahiməli çöllərdə birdən-birə axşam qaranlığına düşdüyündən heç kəsin xəbəri yoxdur.

Bu düzənlikdə qəfil zərbədən yıxıldığımı heç kəs bilmir, şam yandırıb heç kəs yolumu gözləməyəcək ki.

Birdən sevincim acı kədərə çevrilir. Düşünürəm ki, işıqlaşanadək çətin sağ qala biləm. Güneyin zülmət ağzı açılaraq məni udmağa çalışır, qatı qaranlıq varlığıma hakim kəsilib.

“Əşi, istəyir lap qaçaq düşmüş azərbaycanlı gəlsin: budur, bu mənim qoşalülə tüfəngim, bu da mənim neçə dəfə ölüm kürsüsündə cəhənnəm əzabı çəkmiş canım”.

Müqavimət göstərilməyəcək, bir güllə də xərcləmək lazım gəlməyəcək. Tüfəngimi alnıma söykəmişəm. Bununla yalnız pörtmüş alnımı soyuduram.

“Qoy tüfəng azarkeşi azərbaycanlı yox, lap şeytanın özü gəlsin, canımı alıb qoşalüləmi aparsın”.

Sonra fikrimin çözəyi qırıldı, üzü üstə qumun üstünə uzandım.

“Gəlmişəm ölüm.

Şirin ölüm”.

Beynimdə kimsə yavaşdan, lap alçaqdan zümzümə edirdi.

Yadımda deyil, mürgüləyir, yoxsa yatırdım. Zil qaranlıq çökmüş düzənlikdə iki dəfə dalbadal tüfəng səsi eşitdim. Qeyri-ixtiyari əlimi tüfəngə atıb atəşə atəşlə cavab verdim. Lakin kimə hey verdiyimi bilmədim.

Kimsə yenə atəş açdı və qulağıma hardasa lap yaxınlıqdan Azərbaycan dilində səslər gəldi:

- Kimsiz orda?

- Mənəm, gürcüyəm, gürcü - dedim.

Düşüncəsiz cavab verdim, həm də fikirləşdim: “Ölüm məni yaman yerdə yaxaladı”.

Bu qaranlqıda onsuz da qaralmış qanım daha da qaraldı, qəlbimdə yenə də yaşamaq və müdafiə olunmaq arzusu baş qaldırdı, tüfəngin lülələrinə iri qırmalı patronlar qoydum.

- Ehey-y-y, kimsən orda?

- Bu dəfə gürcücə soruşdular.

- Mənəm, Konstantin Qamsaxurdia.

- Ayə, atma, mən də Tamaz Vardanidzeyəm.

Qaranlıqda ucaboylu, iri bədənli adamın silueti göründü, tüfəngi çiynindən aşırmış halda inamla mənə doğru addımlayırdı.

On ildən bəri görmədiyim köhnə dostumu qaranlıqda bağrıma basdım.

Zülmət gecədə dəvdələyə-dəvdələyə xeyli yol getdik, bir neçə təpə aşıb dayandıq. Uzaqdan işıqların zəif işıltısı görünürdü.

- Kənddir, yoxsa stansiya? -Tamaz alçaqdan soruşdu:

- Sıx işıqlardır... Gərək ki, stansiya olmasın.

- Yox, Böyük-Kəsik stansiyasıdır, - Tamaz inandırmağa çalışırdı. Uzaqdan, işıqların lap qənşərindən çaqqalların vıqqıltısı eşidilirdi.

Biz irəlilədikcə işıqlar bizdən uzaqlaşırdı. Taqətdən düşmək üzrəyik, dizlərimiz bükülür, yol isə qurtarmaq bilmirdi. Bir azdan işıqlar da gözdən itdi.

Hansısa qurumuş bir çayın məcrasına düşürdük, qamışlı bataqlıqda topuğadək bata-bata irəliləyirdik. Susuzluqdan dil-dodağımız təpiyib, su isə heç yerdə görünmür. Heç birimizin ovçu qumqumasında bir damcı belə su yoxdur.

- Bu təpəni aşaq, gərək ki, o tərəfdə vahəyə bənzər nəsə olsun -Tamaz inandırmağa çalışır.

Ehtiyatla irəliləyirdik, gah da orda-burda kol-kosa ilişib yıxılır, qalxır və beləcə addımlayırıq. Təpələrin arxasmdan ayın işığı görünməyə başlayır.

Qarşıdakı yoldan tükürpədici bir ulaşma eşidirik.

- Toxta, - deyə Tamaz dillənir.

- Görəsən nədir?

Nəfəsimizi içimizə çəkib dinləyirik.

- Yalın başında kalmık papağına oxşayan şeyi görürsən?

- Görürəm.

- O yalın başında şöngüyən qurddur - Tamaz Vardanidze izah edir.

Qurd ulayırdı.

Yox zarıyır, ağlayırdı.

İlahi, bu yalqızlıqda nə böyük narahatlıq vardı, nə də böyük ələm hiss ol­unurdu.

İkimiz də qulaq kəsilmişdik.

Qurd öz nisgilini, yalqızlığını elə yazıq-yazıq, elə ürək ağrısı ilə ifadə edirdi ki, mən Konstantin Qamsaxurdia - son dərəcə soyuqqanlı bir ovçu kimi tüfəngi çiynimdən endirmədən yavaşca ona yaxınlaşıb başını tumarlayar və deyərdim:

- Niyə ağlayırsan, ay yazıq, kimi itirmisən, bu qaranlıq biyabanda kimi çağırırsan, əziz qardaş, ay qurd?

Shutterstock
Shutterstock

Tamaz Vardanidze dillənir: - Görürsən, qurd qurddur, o da məhəbbət odun­da qovrulur.

Bilirsən, o kimi çağırır? Öz sevgilisini, uzağa yola saldığını, ya da yolda öldürülmüşü, mən onu dinləyə bilmirəm.

Səbr kasası dolmuş Tamaz Vardanidze deyinə-deyinə tüfəngini çiynindən endirdi.

- Qardaşımsansa, atma!

- Bacarmaram, gərək qəlbini elə öyrədəsən ki, yazıqlamaq hissləri oraya yer tapa bilməyə. Kimin bu dünyaya yazığı gəlirsə dünyanın ona heç vaxt yazığı gəlməz.

Bunu deyən kimi atəş açıldı, qurd səsini kəsdi.

Qaranlıq düzənlikdə getdikcə getdik, nəhayət, bir aulun üstünə çıxdıq.

- Azərbaycanlı tüfəngli adamları evə buraxmaz.

- Bəs neynəyək?

- Necə olursa-olsun, gərək çayçını tapaq.

- İtlər ardı-arası kəsilmədən üstümüzə cumurlar.

- Atma, yoxsa azərbaycanlılar bizi salamat buraxmazlar - Tamaz xəbərdarlıq

etdi.

Doqquz it üstümüzə birdən cumur, sinə-sinə üstümüzə atılmaq istəyir.

Otururuq, çığırıb-bağırır, hədələyir, qılıqlayır, tüfənglərlə özümüzü qoruyuruq. Azərbaycanlılar tuman-paça harayımıza çatır, itləri bir təhər sakitləşdirirlər.

Tamaz Vardanidzenin onlarla nə barədə danışdığını başa düşə bilmirəm, təkcə arabir o danışıqlardan mənə tez-tez təkrar olunan “çayçı” sözü gəlib çatır.

Zülmət qaranlıqda bir-birindən azacıq aralı torpaq daxmaların arası ilə yavaş-yavaş irəliləyirik.

Ətraf üfunət içindədir, itlər sürü ilə üstümüzə yenidən hücum edir.

Damlardan bayıra çıxmış adamlar cır səslə nəsə çığırır, görünür, itləri sakitləşdirməyə çalışırlar.

Budur, nəhayət, kənd arxada qalır.

- Bu sonu görünməz düzənlikdə çayxananı necə tapacaqsan, Tamaz?

- Biz artıq onun doqqazındayıq. Eh! Bu axşam taxtabitiləri bizim əhədimizi kəsəcək.

Tamaz əlimdən tutaraq məni torpaq dama enən pillələrlə aşağı dartıb aparır.

Geniş damda çıraq yanırdı. Üçbucaq şəkilli ağac dükanın bir küncündə samovar poqquldayırdı. Bir az aralıda əlini başının altına qoyub uzanmış kəkilli çayçı şirin yuxuya getmişdi.

Tamaz dükanın lap girəcəyindən Azərbaycan dilində soruşdu:

- Canım, çay var?

Çayçı ağır-ağır qalxıb, nəsə burnunda mızıldana-mızıldana qonaqların qarasına deyindi.

Yalnız burada, qara damda Tamazla mən bir-birimizə diqqətlə baxa bildik.

Onun saçları artıq gümüşü rəngə çalırdı, üzündə qırışlar əmələ gəlmişdi. Əynində rəngi solmuş frenç və çox yerinə yamaq salınmış süvari brinc (şalvarı) vardı. Uzun düm-düz ayaqlarına ot rəngli dolaq sarınmışdı.

Bu çirkli heymədə birbaş torpaq döşəməyə salınmış kirli döşəklərdə bir neçə əldən düşmüş ovçu şirin yuxuya getmişdi.

Biri tüfəngi başının altma qoymuşdu, o biri istəklisi kimi bağrına basmışdı. Üfürülmüş dağarcığa oxşayan yekəqarın bir kürənin xorultusu daxmanı başına götürmüşdü.

Hər dəfə qara dama girəndə məni qəribə hisslər bürüyür. Belə bir qaranlıq ko­maya ayaq basırsan və birdən elə bil özünü tarixdən əvvəlki eraya köçmüş hesab edirsən.

Bu müasir texnika, sivilizasiya sənə boş-boş sözlər kimi görünür, çünki sən bütün varlığınla, mənən və cismən insanın memarlıq dərsini köstəbəkdən aldığı o qaranlıq keçmişə qovuşursan.

Bütün gecəni səhərədək divarın dibində salınmış döşəyin üstündə əziyyət çəkdik. Bütün divar boyu çayçının və qonaqların barmaqları ilə əzişdirdikləri taxtabitilərin izləri ilk baxışdan qədim mixi yazıları xatırladırdı.

Tamaz taxtabitilərin qorxusundan heç uzanmadı da. O, döşəyin üstündə bardaş qurub rahatlandı və dalbadal bir neçə stəkan çay içdi. Çay içə-içə həm də şirin söhbət edir, mənim güzəranımla maraqlanırdı.

- Canım, çay! - deyə Tamaz arabir səslənir, yuxusuna haram qatdığımız ev sahibi isə donquldana-donquldana növbəti stəkanı gətirib onun qarşısına qoy­urdu.

- Bunlar çox yaxşı, bəs a köpək oğlu, sən tək başma bu biyabana çıxmağa necə cürət etdin. Allaha şükür ki, biz bir-birimizi öldürmədik.

- Eh, Tamazcan, elə dəqiqələr olur ki, çar Silen təki özün-özünə ölüm axtarırsan.

- Canım, mən özüm on ildir ki, ölüm axtarıram, lakin o lənətə gəlmiş məndən yan ötür. Bax, beləcə sahibsiz it kimi dünya üzünü sərgərdan dolanıram. - Tamaz başına gələnləri danışmağa başlayır. -Üç il Türkiyə cəbhəsində vuruşdum, bir il alman cəbhəsində. Lemberq döyüşlərinin dəhşətlərini gördüm. Peremışl uğrunda vuruşlarda iki dəfə yaralandım. Sonra məni Fransaya göndərilən rus korpusuna qatdılar.

Marseldə rus korpusunda bolşevik üsyanı baş verdi. Qisas almaq üçün fransızlar bizi Mərakeşə qovdular. Biz tropikin cəhənnəm istisində üç il qaya çapdıq.

Əqrəblər qarışqa kimi ayaqlarımız altında o tərəf, bu tərəfə qaçırdı. Nə qədər öz-özümə düşünmüşəm: nə türkün gülləsi məni deşib keçə bildi, nə də almanlar öz qazları ilə öldürə bildilər. Təkcə əqrəblərin mənə yazığı gəlib dişləmədilər, canım birdəfəlik qurtara.

Fransadan məni menşeviklər ələ keçirib Soçidə Denikinə qarşı vuruşmağa göndərdilər.

Orda denikinçilərin pəncəsinə keçdim. Yenidən əsirlik, alçalmaq, ordusuna daxil oldum. Varşava yaxınlığında polyaklara qarşı vuruşdum. Bax, taleyim bu cür keçdi. Lakin ölüm mənə yaxın düşə bilmədi.

İndi sürücüyəm. Bildir yox, inişil maşınım Manqlisi yolunda yarğana diyirlənib aşdı. Beş sərnişin həlak oldu. Mən yenə sağ qaldım.

Bax, təkcə ötən il ölüm lap başımın üstünü almışdı.

Sən ki, bilirsən, bu yerlərin kəndliləri əsl ovçudurlar. Mən onlardan çaqqal və vəhşi hindtoyuqlarmı ovlamağı öyrənmişdim.

Zəmilər bir balaca sünbül bağlayan kimi, hindtoyuqları sahələrə səpələnirlər.

Bir yabının böyrünə qısılaraq zəmiyə oturmuş quşlarm ətrafına dolanır, quşların dairəsini get-gedə daraldırsan. Məsafə nişangaha münasib gəldikdə, tüfəngi atın ayaqları arasından uzadıb atırsan.

Bilirsənmi çaqqalları necə ovlayırlar? Tilovun qarmağına bir parça ət tax­araq çox da uca olmayan ağacdan elə asırlar ki, dal ayaqlan üstünə qalxanda çaqqalın boyu zorla çata bilsin.

Sonra tilovu budağa bərkidib yuxarıdan aşağı sallayırlar, özləri də dalda yerdə gizlənib pusurlar.

Yaxınlıqdan ötən çaqqal ətin iyini duyan kimi tikəni qapmağa tələsir, elə orada da tələyə düşür. Bu vaxt ovçu gizləndiyi yerdən çıxaraq çaqqalı ölənə qədər qamçılayır.

Mən də onlar kimi ovlamaq öyrənmişəm. Tez-tez Tbilisidən buraya gəlir və çox uğurla ov edirdim. Çaqqal dərilərini dövlətə satır və bununla çörək pulu qazanırdım.

Bir dəfə axşamüstü Candar gölünə doğru gedəndə qəflətən atəş səsi eşitdim. Səsdən müəyyən etdim ki, “beşaçılandır”. Yaxınlıqda da heç kəs yox. Tərpənmək istəyirdim ki, yenidən atəş açıldı, özü də üç dəfə dalbadal.

Daha bir atəş.

Məndəmi atəş açım? Axı, üstümə haradan kimin atəş açdığım bilmirəm. Bir də ki, mən öz qoşalüləmlə nə edə bilərdim?

Axırıncı güllə düz qulağımın dibindən keçdi. Tüfəngimi sinəmə sıxmışdım. Bir də gördüm nə, bir az aralıda qamışların arasından “beşaçılan”lı adamın kölgəsi göründü.

O, tüfəngini çiyninə aşıraraq rahatca mənə doğru gəlməyə başladı. Ondan bir az qabaqda isə iri, qıllı çoban iti qaçırdı.

Nino Burcanadze keçmiş prezident Zviad Qamsaxurdianın ikinci dəfn mərasimində, 2007
Nino Burcanadze keçmiş prezident Zviad Qamsaxurdianın ikinci dəfn mərasimində, 2007

Aramızda qırx addımlıq məsafə qalanda mən bu başı qırxılmış yekəpər, tanrı törpüsü dəyməmiş, yanağının sümükləri irəli çıxmış, Teymurləng döyüşçülərinin Qarayazı düzənliyində böyümüş bu əsl törəməsinə diqqətlə baxa bildim. Onun üzündə özündən razılıq ifadəsi, qələbə qazanmış sevinc hissləri sezilirdi.

Yekəpər lap hündürdən itinə nə isə deyirdi.

Soma mən onun itinə azərbaycanca “Gətir!” dediyini eşitdim, nəfəsimi bir az da içimə çəkdim.

İt qaça-qaça gəlib məni imsiləyən kimi zingildədi. Elə bil bununla sahibinə “sağdır, o hələ sağdır” - deyə xəbərdarlıq edirdi.

Qorxudan donub qalmışdım. Mənə elə gəldi ki, indicə heyvan insan kimi dil açıb sirrimi bildirəcək.

Lakin qaçaq tüfəngini çiynindən endirənə qədər mən tətiyi çəkib atəş aça bildim.

Üstümə doğru yeriyən nəhəng bahadır dibindən qopmuş ağac kimi yerə sərildi. Mən hər ehtimala qarşı bir güllə də boşaltdım.

Quduzlaşmış it üstümə atıldı. Məni cəsədin yaxınlığına buraxmamaq üçün bir görəydin, necə əlləşirdi.

Sərrast atəş açdığımdan güllə düz onun başına dəymişdi.

Qan nədir ki?

Kim qan görəndə vahimələnirsə, o heç nəyə nail ola bilməz. Mən qandan qorxmuram.

O siz yazıçılarsınız ki, dünyanı öz “Humanist ideallarımzla” korlayırsınız. Siz adamları yumşaq bədənli iradəsizlərə çevirirsiniz, onların başını hər cür zir-zibillə, məhəbbət, sevgi macəraları ilə qatıb vecsiz məxluqlara döndərirsiniz...

İt heç cür məndən əl çəkmirdi.

O, çox xeyirxah, sadiq və ağıllı heyvandır. Mən onu yer üzündəki bütün canlılardan üstün tuturam.

Mən-varlı-hallı adam olsaydım, bir sakit meşəyə çəkilər, özümə geniş bir ev tikər, cins itlər yığar, bezməzdim.

Bax, bu, itlərə məhəbbətimdən idi ki, o bədbəxt çobanın itinə qıymadım.

O sahibinin ətrafında fırlanır, mən bir balaca cəsədə yaxm getmək istəyəndə mırıldayır, quduz dəymiş üstümə atılırdı.

Tüfəngin qundağı ilə bir neçə dəfə dişlərinə vurmalı oldum, - meyitin cəsədini axtarırdım ki, bəlkə üstündə kağızdan- zaddan tapılaydı.

Axşam düşdü, getmək lazım idi. Lakin ölü məni özündən uzaqlaşmağa qoy­murdu. Bu intəhasız düzənlikdə bir mənəm, bir də meyit.

Mən insan olduğumu yenidən duydum. İçimdən bir səs elə bil deyirdi: bu ölünü burada qoyub getməyə haqqın yoxdur. Düşmənin də olsa, o sənin həmcinsindir; qoyma qarğa-quzğun və vaşaq didib parçalasm.

Hər halda çox qəribə məntiqsizlikdir: adamı öldürəsən, həm də qeydinə qa­lasan ki, vəhşi heyvanlar cəsədi murdarlamasınlar.

Ölünün üstündə onun şəxsiyyətini təyin edə biləcək heç bir sənəd yox idi. Onun cibindən yalnız bir neçə “beşaçılan” gülləsi götürdüm.

Tüfəngin çaxmağını çıxartdım, cəsədin üstünə və sifətinə barıt səpələdim.

Onun yaşadığı yeri tapmaqda mənə təkcə it kömək edə bilərdi, iti qabağıma qatıb qovmağa başladım.

Yazıq heyvan axsaya-axsaya çuxurlarla, dərə-təpələrlə, xəndəklərlə qaçırdı. Yaralı olsa da, itə güclə çatırdım.

Hər tərəf ucu-bucağı görünməyən düzənlikdi. Sükutu yalnız çaqqalların ulaşması pozurdu.

Yolda dəhşət içində dərk edirəm ki, it məni kəndə aparıb çıxara bilər. Yox, yox, onda dərhal geri dönərəm - axı, ölünün yaxın adamları baş vermiş hadisəni bilsələr, mənim başımı üzərlər.

Bəlkə, o, çoban imiş, səhradakı alaçıqlardan birində yaşayırmış.

Qaranlıqda hər cür oriyentasiyanı itirərək mən itin qaçdığı tərəfə tələsirəm ki, onun qaraltısını gözdən itirməyim. Var-bədənimdən tər axır, ürəyim amansızcasına sıxılır, susuzluqdan dil-dodağım quruyub, yolun isə sonu görün­mür, heç yandan işıq gəlmir.

Dayanıb kibrit yandıraraq saata baxdım. Gecə yarı olmuşdu.

Düz iki saat beləcə itin dalınca qaçdım, elə bil qəsdən olan kimi birdən onu gözdən itirdim.

Of, bircə bilsəydiniz bu lal, insansız, ini-cini olmayan düzənlikdə məni necə qorxulu, yalnızlıq vahiməsi bürüdü.

Hər tərəfə cansıxıcı sükut çökmüşdü. Nə insan, nə heyvan, nə də həşərat səsi eşidilirdi. Düzənlikdə təkcə zülmət ağzını açıb uyuyan səssizlik hökm sürürdü.

Qorxudan bütün vücudum titrəyirdi. Beynimdə birdən-birə uşaqlıq illərində eşitdiyim cin-şeytan barədə fantastik hadisələr canlanmağa başladı.

Tüfəng tətikdə idi, lakin buna baxmayaraq, bu boş və qaranlıq düzənlikdə yalnız sayıqlayaraq elə müdhiş hisslər keçirirdim ki, özümü tanıyandan bəri belə qorx­ulu təsvirolunmaz duyğular yaşamamışdım.

Birdən nəsə mırıldayıb üstümə atıldı. Mən xəncəri sıyırıb var gücümlə endirdim... İt xırıldaya-xırıldaya düz ayaqlarımın altına düşdü.

Tez kibrit yandırdım. Sən demə it meşənin kənarındakı tək qazmanın girəcəyində məni pusurmuş.

Səsə qazmanın qapısı aralandı və ucaboy qadın silueti göründü.

- Kimsiz orada? - Azərbaycanca təşvişli səslə soruşdu.

Qadını qarşımda görüb bir qədər ürəkləndim, dəvət gözləməyib özümü içəri soxdum.

Biz dinməz-söyləməz çırağın zəif işığı altında bir-birimizi iti nəzərlərlə süzdük.

Qorxmuş kişi nə qədər iyrəncdirsə, qorxudan həyəcanlanmış qadın bir o qədər gözəldir.

Bu zülmət gecədə gəlişimlə onun həyatına nə isə çox qorxunc bir fəlakət gətirdiyimi duymuş kimi, qadın mənə elə nifrətlə baxırdı ki, bu cür qanlı-qanlı yalnız cəhənnəmin qatı yerindən gəlmiş iblisə baxa bilərdi.

  • Bu sizinmi itdir? İlk sualım bu oldu.
  • Hə, mənimdir. Niyə onu öldürdünüz?! - Qadın gözlərini hiddətlə ağardaraq qulun kimi bağırdı, hirsindən onun səsi yarıda qırıldı.

Bu ilk sözlərdən sonra o bir küncə çəkildi, örpəyini başına örtüb ocağın qırağında mənimlə üz-üzə dayandı.

Çadralılar arasında gözəllərdən gözəli bu anda mənim aləmimdə taleyin göndərdiyi qismət payı idi. Hətta cod kətandan tikilmiş paltarı belə onun yaraşıqlı bədənini, vüqarlı, qamətli vücudunu gizləyə bilmirdi. Səliqə ilə hörüb arxaya atdığı qoşa hörükləri örpəyin altmdan çıxaraq düz topuqlarını döyürdü.

O, qarşımda məğrur və acıqlı dayanaraq nifrət dolu baxışları ilə sanki mənim deməli olduğum sirri söyləməyi tələb edirdi.

Maraqlıdır, görəsən bu qadın cəsədi düzün ortasında qalmış və bəlkə də indi vaşaqlarm parçalayıb dağıtdıqları o bədbəxtin nəyidir? — fikri ani olaraq beynimdən keçdi və mən o dəqiqə şövqi-təbii hiss etdim ki, qarşımda duran onun arvadıdır.

Çaş-baş qalmış, müti günahkar kimi bu qadının qarşısında durmuşdum. Bir balaca cürətlənib ehtiyatla soruşdum:

- Bəs ərin indiyədək haradadır?

- Ərim, - o, titrəyən səsi ilə dilləndi (elə bil ərinin artıq sağ olmadığmı qa­baqcadan duymuşdu), ərim bu itlə bərabər səhər tezdən çıxdığıdı... - qadının sözü yarımçıq qaldı.

Birdən onun şux qaməti yay kirişi kimi əyildi, dizləri büküldü və yanmdakı kobud kətilin üstünə çökərək qara örpəyi ilə üzünü örtdü.

Mən səssizcə onun başının üstündə duraraq qadının çiyinlərinin necə titrədiyinə baxırdım.

Qadın dərd-ələmə qərq olmuş, matəm kədərinə bürünmüş abidə kimi oturmuşdu. Onun kədəri önündə ifadə olunmaz ehtiram hiss etdim.

Həmin dəqiqələrdə mən əllərimdə qan duydum, insan qanı və tərəddüd içində əziyyət çəkərək o qadının ayaqları altına düşüb bütün olub-keçənləri söyləməyə, əlimi məcburən insan qanına bulamağımı qadına etiraf etməyə hazır idim.

Xeyli vaxt qətiyyətsiz, dişlərimi bir-birinə sıxaraq, durduqdan sonra qapıya doğru addımladım. Sən demə qapı açıq qalıbmış! Dəhşətdən titrəməyə başladım: yerli sakinlər hər dəqiqə buraya gələr, qana qan ala bilərlər.

Bəs nə etməli, düzənliyə, açıqlığamı qayıtmalı? Axı, orada müdafiə olunmaq daha çətindir.

Mən qapıya doğru atıldım, qapını örtüb ağır dəmir zirzəsini keçirdim və sonra bu qəti hərəkətimdən mənəvi aləmimdə bir dönüş baş verdiyini hiss etdim. Axıradək qətiyyətli olmağı qərara aldım. Daha ölənin yaxın adamları qoşunla gəlsələr də, mən bu qara damı alınmaz qalaya çevirə bilərdim.

Yenidən qadına yaxınlaşdan. Təlatümlü qəlbimdə bu qadını ələ almaq niyyəti öz-özünə baş qaldırmışdı.

Öz qəm və kədərinin məngənəsində oturduğu yerə yaxınlaşıb dayananda, qadın mənim pünhan niyyətimi gözlərimdən oxuyurmuş kimi yerindən dik atıldı, bütün varlığı ilə qarşımda ucalıb yaxamdan yapışaraq silkələməyə başladı və dəlicəsinə bağırdı:

- Sən nə fikrə düşmüsən, gavır?!

Örpəyi başından sürüşdü, inadla və eyni zamanda incə, zərif bədəninin bütün əzələləri gərilmiş halda qapıya doğru atılarkən örpəyi qürurla çiyninə örtdü.

Mən onun bu şahanə hərəkəti ilə məzələnməyə başlamışdım, lakin qadın qapının zirzəsinə əl atan kimi bir sıçrayışla ona çatıb arxadan yumru, yumşaq əllərini tutdum. İsti və zərif qadın bədəninin təmasım hiss edən kimi, elə bil, məni elektrik cərəyanı vurdu.

Qadının yönünü özümə tərəf çevirərək, bütün bədənimlə ehtirasla ona sıxıldım və bu gözəl məxluqun qoşa buynuz kimi irəli çıxmış məmələrinin is­tisini duydum. O başını yana Əydiyindən qara örpəyi sürüşüb yerə düşdü. Ən nəzakətli kişi kimi örpəyi götürüb ona uzatdım.

Qadın dartındı, güc verdi, çabalayıb qollarımın arasından çıxmağa can atdısa da, əbəs yerə çırpındığını hiss edib, itaətkarcasına ruhdan düşdü.

İllüstrasiya
İllüstrasiya

Onun solğun bənizi, yorğunluqdan qapanmış gözləri itaət etməməyin mümkün olmayacağını ifadə edirdi.

Çırağın işığında mən onun göz qapaqlarında incə mavi damarcıqları aydınca seçirdim.

Qadın sifətindəki bu mavi damarcıqlar mənim ağlımı başımdan alırdı.

O dəqiqələrdə öz-özümə dedim: əgər bu qadın mənə təslim olmasa, bu gecə səhərə sağ çıxa bilmərəm. Mən tüğyan edən yanğımı söndürmək üçün hər cür tədbirə əl atmağa hazır idim.

O maral kimi mavi gözlərini mənə zillədi və qadının kirpikləri bir cüt gecə böcəyi kimi titrəşirdi. Aqil məhz bu cür gözlər barədə deyib: “Onlar abxaz oxatanları kimi kəsirlər”.

Onun çiyinlərini nəvazişimlə tumarlayaraq bir əlimlə qadını bağrıma basdım, o biri əlimi isə yaxasından salıb döşlərinə toxundum. Bu əziyyətverici “işgəncədən” sarsılmış məsum məxluq gözlərini yumub bütün varlığı ilə mənə qısıldı.

Onun göz qapaqlarında yenə də mavi damarcıqları gördükdə ifadəolunmaz xoşbəxtliyin duyumunda vücudum titrədi və elə bu vaxt qadın sürüşkən balıq kimi qollarımın arasından sivişib çıxaraq özünü torpaq damın qaranlıq küncünə verdi.

Mən öz ovumun dalınca atıldım. Lakin onu tutanacan qadın aradan çıxıb qazmanın o biri küncünə keçdi. Mən bir də onun üstünə atıldım, qadın məndən cəld tərpənərək çırağı keçirdi. İndi biz onunla zülmət qaranlıqda qalmışdıq.

Mən onun addımlarının səsini və paltarının xışıltısını duya-duya qazmanın içində gic qoyun kimi fırlanırdım. Lakin qara damın divarları boyu o qədər qa­zan, sənək, sandıq və digər ev əşyaları düzülmüşdü ki, mən gah bu, gah da o biri əşyaya toxunaraq güclə irəliləyirdim, o isə vəhşi pişik kimi sıçrayırdı.

Hərdən onu tutub öpə-öpə əzizləyirdimsə, bu şeytan yenə də fürsət tapıb əlimdən çıxır, kip örtülmüş qapıya doğru atılırdı. Bir dəfə az qaldı ki, qapının zirzəsini çəkib açsın. Mən tez tutub uşaq kimi qollarımın üstündə yatağa apardım. Ancaq bu vaxt qaranlıqda uşaq ağlaması səsi eşidildi.

- Əllərimi burax, eşitmirsən uşaq ağlayır, - o mənə azərbaycanca dedi. Al­laha and olsun, mən yenə gələcəm.

Bu sözləri eşidən kimi onun yanağından öpdüm və cavab öpüşü aldım.

Qadın qara damın o biri küncünə keçdi. Döşünü yarı yuxulu uşağın ağzına soxan kimi uşaq kiridi.

Cansıxıcı sükut içində tənha qalan kimi çox qəribə bir işə düşdüyümü götür- qoy etdim. Lakin qəlbimin dərinliyində qəti yəqin etmişdim ki, bu qadını özümə təslim etməmiş burdan çıxıb getməyə məndə tab qalmamışdı.

Hara getməli? Elə indi? Mübarizənin nəhayət mənim xeyrimə qurtardığı və bu qəribə məxluq, bu inadkar şeytan özü məni öpüşə qərq eləyəndən sonramı? Yox, daha qaçmaq rüsvayçılıqda!

Hansı səssə məni fikrimdən ayırdı və səksənib yataqdan qalxaraq qapıya doğru sıçradım. Qadın yenə də zirzədən yapışıb qapını açmağa çalışadı. Onu yenə qollarımın üstünə aldım.

Qadın yenidən mənimlə əsl çarpışmaya başladı. Bir azdan qara damın bacasından içəriyə artıq səhərin zərif işığı süzülürdü.

Qadın qollarımın üstündə uzanmış halda uzun qara kirpiklərinin qapadığı iri kərtənkələ rəngli gözləri ilə mənə baxırdı. Döşlərini sıxanda və nəvazişlə sığallayanda o daha nifrin etmir, yalnız yorğunluqdan göz qapaqlarını yumurdu. Onun göz qapaqlarında mavi damarcıqları gördüm.

Qadının gözlərini, boyun buxağını, məmələrini ehtirasla öpürdüm. Lakin dodaqlarına toxunmağa, heç vəchlə icazə vermirdi. Əgər mən onun dodaqlarından güc-bəla ilə bir öpüş qopara bilirdimsə, qadın o saat dodaqlarını əlinin arxası ilə silirdi.

Mən uşaq kimi onun qoltuğunun altını qıdıqlayanda qadın qəhqəhə ilə gülməyə başladı, rəngi duruldu, ağzındakı sədəf dişləri parıldamağa başladı.

Xoşbəxtlikdən özümü göylərin yeddinci qatında hiss edirdim. O, bir əli ilə başımı sığallayaraq sinəsinə sıxdı, o biri əli dəlik-deşik olmuş xalatının cırığından məməsini sürətlə çıxardaraq tez ağzıma soxdu.

Ağzım bir anda ilıq, şirintəhər maye ilə doldu. O saat bu füsunkar iblisin əllərini kənara itələyib üstünə qaynar su tökülmüş adam kimi yataqdan sıçradım, atılıb su bardağmı götürərək ağzımı bərk-bərk yaxaladım.

Sonra heç qadına tərəf çevrilmədən, tüfəngimi götürüb qazmadan bayıra qaçdım, sürətlə düzənliyə doğru addımladım.

Lap uzaqlarda Qafqazın yüngül zərif çadraya bürünmüş ametist rəngli tacı görünürdü. Yaxındakı dağlar sübh tezdən göy rəngə çalırdı,

Qıqqıltı ilə Candar gölü üzərində havaya qalxmış vəhşi ördəklərin qatarı po­zuq halda qalay rənginə çalan səmada qırıq xətlər cızıb keçdi.

Mən tələsir, lakin hara getdiyimi özüm də bilmirdim. Beynimdə ötən gecənin hadisələri bir-birinə qarışmış, həqiqət yalanla çulğalaşmışdı, beynimdə alnına güllə dəymiş adamın qanlı sifəti canlanırdı…

Gürcü dilindən tərcümə: Emin Mahmudov

XS
SM
MD
LG