Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:47

"Gürcü ədəbiyyatından bu yazıçıları oxumağa dəyər" - Müsahibə


Oqtay Kazımov
Oqtay Kazımov

-

“Satqınlığa gəlincə gürcü ədəbiyyatında da xeyli belə adamlar vardı. Onlardan biri tənqidçi Beso Jqenti idi...”

“Gürcü insanı televiziyada, mətbuatda kimisə əməllərinə görə ittiham etməkdən çəkinmir. Gürcü cəmiyyəti indi tam açıqdır.

Keçmişdə baş verən hadisələr açıqca müzakirə edilir, hər kəs kimin kimə şər atdığını, tutdurduğunu bilir”.

“Qamsaxurdiyanı hakimiyyətdən uzaqlaşdırmaqda yazarların böyük rolu oldu”.

Oqtay Kazımov gürcü ədəbi mühitində tanınan azərbaycanlı tərcüməçi, tənqidçi və ədəbiyyatşünasdır.

O indi Tbilisidə Şota Rustaveli adına Ədəbiyyat İnstitutunda çalışır. Onun gürcü ədəbiyyatına aid “Ədəbiyyat haqda 129 səhifə” kitabı 2012-ci ildə gürcü dilində nəşr olunub.

Oqtay Azərbaycan yazarlarını gürcü dilinə, gürcü yazarlarını isə Azərbaycan dilinə tərcümə edir.

Onunla Tbilisidə söhbətləşirik.

- Oqtay bəy, Azərbaycan oxucusunun gürcü ədəbiyyatı haqda elə çox məlumatı yoxdur. Maraqlıdır ki, yazılı gürcü ədəbiyyatı hardan başlayır? Azərbaycan ədəbiyyatı ilə nə kimi əlaqələri olub?

- Gürcü ədəbiyyatının 1500 illik tarixi var. Yazılı gürcü ədəbiyyatının tarixi gürcülər xristianlığı qəbul edəndən sonra başlayır. İlk dövrlərdə gürcülər əsasən yunancadan dini mətnləri tərcümə etməklə yazı ənənəsini yaradıblar, bundan sonra kilsə ayinlərində istifadə olunan mətnlər və müqəddəslərin həyatı, şəhadəti haqda ədəbi mətnlər yazılmağa başlayıb.

Shota Rustaveli
Shota Rustaveli

XI əsrdə gürcü ədəbiyyatı dünyəvi ədəbiyyatla bağlarını qurur, ədəbiyyatda bir canlanma baş verir, bu da mütəmadi tərcümələrin nəticəsi idi. O dövrdə farscadan Fəxrəddin Qurqaninin “Veys və Ramin” poeması çox ideal tərcümə olunub və bu günə qədər də gəlib çatıb. Həmçinin, Şota Rustavelinin əsərlərindən bilinir ki, XI əsrdə gürcülər, Nizamini, Firdovsini tanıyırdılar.

Rustaveli öz əsərində Nizaminin “Leyli və Məcnun”unun adını çəkir. Bundan başqa Şirvanşahlarla gürcü dövlətləri arasında dostluq münasibətləri vardı. Gürcü çarı Qurucu Davidin qızı Tamara Şirvanşah Axsitanın arvadı idi. Davidin oğlu I Demetre öləndə Fələki Şirvani ona farsca mərsiyyə də yazmışdı.

- Bəs gürcü ədəbiyyatının Şərq ədəbiyyatından ayrılıb Qərbə yönlənməsi necə baş verdi?

- Gürcü ədəbiyyatı əvvəldən bəri avropayönümlü idi və dünyada gedən ədəbi proseslərdən geri qalmırdı, bu əvvəllər Yunanıstandakı gürcü kilsələri vasitəsi ilə olurdusa, sonradan Rusiya vasitəsilə oldu.

Rustavelidən sonra gürcü ədəbiyyatında bir ədəbi durğunluq yaranmışdı, bu durğunluğa gürcü çarı, həm də şairi olan I Teymuraz son qoydu. O, Şərqdə məşhur olan ədəbi mətnləri ya tərcümə edir ya da məşhur mövzuları götürüb özü nəzmə çəkirdi. Məsəlçün, I Teymuraz “Leyli və Məcnun”u nəzmə çəkmişdi. Ondan sonra gürcü çarı Arçil uydurma əhvalatları, əfsanələri ədəbiyyatda istifadə etməyib, yeni yolla getdi, o, gerçək həyatdan götürülmüş sujetlər üzərində yazmağa başladı.

Oqtay Kazımov və şair Səlim Babullaoğlu
Oqtay Kazımov və şair Səlim Babullaoğlu

Beləliklə, gürcü ədəbiyyatı ərəb-fars ədəbiyyatından uzaqlaşdı. Həmçinin, gürcü çarları Rusiyaya ümid yeri kimi baxırdılar, Arçil də, VI Vaxtanq da Rusiyaya hicrət etmişdilər. XVII əsrdə dini xadim, lüğətçi Sulxan-Saba Orbeliani “Kəlilə və Dimnə” əhvalatları əsasında, kiçik həcmli, Avropa tipli nəsr formasında təmsillər yazır. O, Şərq ədəbiyyatındakı uzunçu təsvirlərdən, təşbehlərdən imtina edib, əhvalatların, əfsanələrin məğzini qısa şəkildə təqdim edirdi.

- Gürcüstan Rusiyaya birləşəndən sonra, gürcü ədəbiyyatı hansı yolla inkişaf etdi?

- Əvvəla, Azərbaycan teatrından bir qədər əvvəl 1850-ci illərdə gürcü teatrı yaradıldı, ilk dram əsəri kimi Giorgi Eristavinin “Ayrılma” əsəri yazıldı. Ancaq, onu da deyim ki, gürcü dramları Axundzadənin yazdığı dramlardan çox-çox zəif idi. Birincisi, dramlar Axundzadənin dramlarından fərqli olaraq xalq dilində deyil, o dövrün ədəbi dilinə xas köhnəlmiş ifadələr və sözlərdən qaçınmaq üçün, amma yeni ədəbi dil də formalaşmadığına görə küçə-bazar danışıq dilində yazılırdı.

Dramaturgiyadan əlavə bu dövrdə gürcü ədəbiyyatına romantizm də daxil oldu. İlk romantik gürcü şairi Peterburqda doğulub böyümüş Aleksandr Çavçavadze oldu. Onun ardınca Qriqol Orbeliani və romantizmin ən parlaq nümayəndəsi Nikoloz Barataşvili ortaya çıxdılar. Onu da deyim ki, Barataşvili şair olmaqdan əlavə dayısı Qriqol Orbelini kimi həm də çar məmuru idi (bircə o fərqlə ki, Qriqol Orbeliani hərbçi idi, Nikolozsa yox) və əvvəl Naxçıvanda, sonra isə Gəncədə çalışmış, elə Gəncədə də vəfat etmişdi. Avropa tipli ilk gürcü romanı (Anton Purseladze, Vaxtanq Orbelianinin romanları) da Azərbaycandakından tez, XIX əsrdə yazılıb. 1860-cı illərdə isə gürcü ədəbiyyatında İlya Çavçavadzenin rəhbərliyi ilə güclü bir realizm cərəyanı meydana gəlir. Gürcü dilində islahatlar aparılır, yeni, daha müasir bir ədəbi dil yaradılır.

- Bildiyimə görə, gürcü ədəbiyyatında futurizm, simvolizm kimi avanqard ədəbi cərəyanlar da mövcud olub. Bu ədəbi cərəyanlar gürcü ədəbiyyatına necə gəlib çıxmışdı və onların aqibəti necə oldu?

Galaktion Tabidze
Galaktion Tabidze

- Gürcü ədəbiyyatına realizm gələndən sonra, naturalizm də gəldi, amma bu, qısa bir müddət davam etdi. Yazıçı Paolo İaşvili Parisdən Bodlerin fransızca əsərlərini Gürcüstana gətirdi və Titsian Tabidze, Qalaktion Tabidze, Valerian Qaprindaşvili, Nikoloz Çitişvili, Kolau Nadiradze, Qriqol Robakidze simvolizm üslubunda yazmağa başladılar və “Mavi buynuzlular” ordenini yaratdılar. Həmçinin eyni zamanda futurizmin ən parlaq nümayəndəsi kimi, Simon Çikovani ortaya çıxdı.

Ölkədəki avanqard cərəyan nümayəndələri “H2O” adlı bir dərgi çap edirdilər ki, bu da Gürcüstanın 1918-20-ci illər müstəqillik dövründə çıxdı. Kommunistlər Gürcüstanı işğal edəndən sonra şairlər simvolizmdən, futurizmdən, dadaizmdən imtina etdilər, sosrealist şeirlər yazmağa başladılar.

Qalaktion Tabidze Titsian Tabidze ilə doğma əmioğlu olmasına baxmayaraq, sonradan onunla birlikdə fəaliyyət göstərdikləri “Mavi buynuzlular” ordeninindən sözdə imtina etdi, halbuki onun 1916-cı ildə çap etdirdiyi şeirlər kitabı başdan-ayağa simvolizm üslubunda yazılmış şeirlərlə dolu idi.

- Maraqlıdır ki, Gürcüstanda sovet hakimiyyəti qurulandan sonra, gürcü yazarları özlərini necə apardılar? Onlar bir-birlərini satdılarmı? Hakimiyyətə müqaviət göstərənlər oldumu?

- Gürcüstanda sovet hakimiyyəti qurulandan sonra yazarlara qarşı böyük qırğınlar başladı. Paolo İaşvili elə sovet hakimiyyətinin ilk illərində, kommunistlərin yazarlara bu cür yanaşmasına etiraz olaraq Gürcüstan Yazıçılar İttifaqının binasındaca özünü tüfənglə vurub öldürür.

Qalaktion Tabidze də özünü öldürdü. Titsian Tabidzeni, Mixayıl Cavaxişvilini isə güllələdilər. Avropada təhsil alıb gəlmiş elm adamlarını, ziyalıları təqib edib güllələməyə, sürgün etməyə başladılar. Yazıçı Qriqol Robakidze mühacirətə getdi.

Satqınlığa gəlincə gürcü ədəbiyyatında da xeyli belə adamlar vardı. Onlardan biri tənqidçi Beso Jqenti idi, o kimin haqqında tənqid yazsaydı, mütləq həmin adam həbs olunmalıydı. Yazarlar arasında Konstantin Lorkipanidze, İrakli Abaşidze, Cansur Çarpiani kimi dostlarını satmaqda şübhəli bilinənlər vardı.

- Bəs bütün bu hadisələrə sovet hakimiyyəti süquta uğrayandan sonra, necə münasibət göstərildi? Maraqlıdır, ideoloji təbliğatda iştirak etmiş yazarları cəmiyyətə necə təqdim edirlər?

Mikheil Javakhishvili
Mikheil Javakhishvili

- Sovet ideoloji təbliğatında xüsusi canfəşanlıq göstərən ədəbiyyat adamları, Gürcüstan müstəqilliyini qazanandan sonra çox əziyyət çəkdilər, bu xüsusilə prezident Zviad Qamsaxurdiyanın dövründə oldu.

Qamsaxurdiya onları “qırmızı intelligensiya” adlandırdı və elan etdi ki, biz sizləri qəbul etmirik, sizin sözlərinizi dinləmirik. Gürcü cəmiyyətində belə adamlara qarşı ictimai qınaq var, daha çox da gürcü gəncliyi belə adamlara nifrət edir, xüsusilə də əgər bir yazarın satqınlığı başqasının həyatını itirməyinə səbəb olubsa.

Gürcü insanı televiziyada, mətbuatda kimisə əməllərinə görə ittiham etməkdən çəkinmir. Gürcü cəmiyyəti indi tam açıqdır. Keçmişdə baş verən hadisələr açıqca müzakirə edilir, hər kəs kimin kimə şər atdığını, tutdurduğunu bilir.

Düzdü, şair İrakli Abaşidzenin də bir neçə yazarı satdığı haqda faktlar bilinir, amma o gürcü ədəbiyyatının görkəmli nümayəndəsi olduğu üçün, bəzi şeirləri hələ də dillərdə gəzir, gürcü cəmiyyəti onu ideallaşdırmasa da, unutmur.

- Bəs sovet hakimiyyəti süquta uğrayandan sonra gürcü ədəbiyyatı hansı yolla inkişaf etdi?

​- Sovet hakimiyyətinin son illərində bir neçə dissident yazıçı ortaya çıxdı. Cabua Americibi “Data Tutaşxia”nı yazdı, Konstantin Qamsaxurdiya “Ayın oğurlanması” romanını əslində kommunizmə qarşı yazmışdı, sonra Stalin haqqında roman yazaraq çətinliklə canını qurtara bildi, Otar Çxeidze demək olar ki, çap oluna bilmirdi. 90-cı illərdən sonra gürcü ədəbiyyatında böhran baş verdi.

Əvvəla sovet yazarlarına qarşı bir kampaniya başladı, onları kommunizmə xidmət etməkdə, satqınlıqda ittiham etməyə başladılar, ölkədəki kasıblıq və müharibə insanlarda bir növ depressiv əhval-ruhiyyə yaratmışdı. Ortalığa yeni ədəbi nəsil çıxdı, ki, onların əsərlərində dərin nihilizm və depressiya hiss olunurdu.

O dövrdə gürcülər Abxaziyada, Cənubi Osetiyada müharibələrdə məğlub oldular, vətəndaş müharibəsi baş verdi. Qamsaxurdiya rejiminə qarşı bir çox yazarlar çıxdılar, hətta demək olar, onu hakimiyyətdən uzaqlaşdırmaqda yazarların böyük rolu oldu.

Yazıçı Naira Gelaşvili Qamsaxurdiya rejimini tənqid edən “İlk iki dövrə və geridə qalanlar” romanını yazdı. O həm də gürcü ədəbiyyatında ilk postmodernist yazıçılardan hesab olunur. Şota İataşvili, David Çixladze, Georgi Kaxidze (Bundovani təxəllüsü ilə yazır) də 80-90-cı illərin çətinliklərini görmüş yazarlardır. 2000-ci illərdə Saakaşvili hakimiyyətə gələndə gürcü ədəbiyyatı Avropa ədəbiyyatına daha da yaxınlaşdı.

- İndi gürcü ədəbiyyatında dünyaya çıxacaq yazarlar varmı? Azərbaycan oxucuları gürcü ədəbiyyatından kimləri oxumalıdır?

- Ən çox Aka Morçiladzenin təbliğatı aparılır, Dato Turaşvili də başqa dillərə tərcümə edilir, Laşa Buğadze “BBC” ədəbiyyat müsabiqəsinin qalibi olub. Bu və bu kimi yazarlar Gürcüstan Mədəniyyət Nazirliyinin ayırdığı qrantlarla dünya dillərinə tərcümə edilir.

Azərbaycan oxucusu gürcü ədəbiyyatı ilə tanışlığa XX əsrin əvvəllərində yaranmış əsərlərlə başlamalıdır. Mixayıl Cavaxaşvili, Konstantin Qamsaxurdiya, Otar Çxeidze, Otar Çiladze, Cabua Americibi, 80-ci illər ədəbi nəslindən olan Naira Gelaşvili, Cemal Karçxadzeni oxumalıdırlar.

Söhbətləşdi: Namiq Hüseynli

XS
SM
MD
LG