-
Virtualaz.org saytı Dubay şahzadəsi Hamdan bin Mohammad bin Rashid al-Maktumun bir neçə gün əvvəl ov etmək üçün Hacıqabulun Qarasu kəndində olmasından yazıb.
Kənd sakinləri sayta bildiriblər ki, ərəblər Qarasu kəndində artıq iki mülk də alıblar.
“Hər iki ev ikimərtəbəlidir və müasir üslubda, zövqlə tikilib. Hazırda alqı-satqı üzrə sənədləşmə işləri aparılır. Zəngin ərəblərin iki ev üçün 500 min manat ödədiyini bildirilir. Hazırda şeyxin əshabələri həmin evlərin həyətlərində əlavə təmir-tikinti işləri aparır, yeni yardımçı binalar tikirlər. Qarasu sakinləri ərəblərin istifadəsində 50-dək JEEP-in olduğunu da deyiblər”.
ABŞ-DA 59 MİN, BAKIDA 75 MİN
“Bizim Yol” qəzeti yazır ki, Qərbdə qiymətlər o qədər əlçatandır ki, vətəndaş bir il ərzində işləyib gözəl bir avtomobil sahibi ola bilər.
“Birləşmiş Krallıq saytlarında 2012-ci il istehsalı olan BMW 3 avtomobili 10806 və 12000 avrodur. BMW i3-ün yenisi 31 min, bir il sürülmüş isə ondan 7-12 min avro ucuzdur. Azərbaycanda isə BMW X5-in 2010-cu ildən sonrakı buraxılışı 70 min dollardan başlayır. Qiyməti Amerikada 59800 dollara olan BMW X6-nın bütün rüsumları 24353 manat təşkil edir, üstəgəl 1000 dollar daşınma xərci. 2015-ci il buraxılışlı bu avtomobil Bakıda 132500 dollaradır. İngiltərədə 90-93 min avro arası olan BMW X5 M və BMW X6 M modelləri bizdə 169900 və 173900 dollardır”.
HÜQUQ RƏSMƏN DƏFN OLUNUR
“Azadlıq” qəzeti xuliqanlıqda ittiham olunan AXCP sədrinin müşaviri Məmməd İbrahmin haqda 2 aylıq həbs seçilməsindən yazıb. Həbslə bağlı qəzer AXCP sədri Əli Kərimlinin fikilərini dərc edib.
Əli Kərimli bildirib ki, xuliqanlıq maddənin sanksiyasında ictimai işlər, ilədək müddətə islah işləri, ya da bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılmaq nəzərdə tutulur: “Sanksiyada nəzərdə tutulan cəzaların ikisi azadlıqdan məhrumetmə ilə bağlı deyil. Cinayət işinin özünün saxta olması bir tərəfə, bu maddə ilə ittiham olunan şəxsə qarşı 2 aylıq həbs qətimkan tədbiri seçmək hüquqi absurddur, ölkədə hüququn rəsmən dəfn edilməsidir.Gen və dərin qazın. Əlbəttə, bir gün qazdığınız hüquqsuzluq quyusuna özünüz də düşərsiniz”.
AVROPANIN DEMARŞI
“Azərbaycan” qəzeti yazır ki, parlament seçkiləri ərəfəsində Azərbaycana təzyiqlər artır.
“Bakı milli maraqlarının pozulması hesabına Brüssellə birgə çalışmayacaq və Avropa bununla barışmalıdır. Avropalı müşahidəçilərin iştirak edib-etməməsindən asılı olmayaraq, istənilən halda, Azərbaycan parlamentinə seçkilər baş tutacaq. Qitənin digər ölkələrindən müşahidəçilər gələcək və əmin olacaqlar ki, ali qanunverici orqana seçkilər şəffaflıq və demokratiya şəraitində baş tutur. Amma növbəti mərhələdə Bakı ilə Brüssel arasındakı münasibətlər daha çox avropalı tərəfdaşlarımızın siyasətlərində lehinə və əleyhinə amilləri ciddi ölçüb-biçərək özlərini necə aparmalarından asılıdır”.