Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:18

Gündəlik gerçəkliklə bədii gerçəklik arasında daimi get-gəl


Viktor Yerofeyev
Viktor Yerofeyev

- "Bu oyunla mütərəqqi rus ziyalılarına belə bir yalanı aşılamağa çalışırdılar: düzdür, kommunistlər azğınlıq eləyirlər, ancaq biz Rusiya üçün çalışırıq!"

"...o vaxt atam da SSRİ-nin Vyanadakı səfiri idi, mən onun altında mina basdırmaq istəməzdim."

"İnqilabi çevriliş çağırışları, hakimiyyətin dəyişilməsi ilə ölkəni idarə eləməyə gələcək yeni adamların devrilənlərdən yaxşı olacağına zəmanət vermir."

MƏN ÖZ KİTABLARIMI DAĞINIQ BİR JANRDA YAZIRAM

Viktor Yerofeyevin rus mətbuarına müsahibəsi. 16 yanvar 2013-cü il.

Rus dilindən Araz Gündüz çeviribdir

Viktor Yerofeyevin yeni “Akimudlar” romanı birmənalı qarşılanmadı, ancaq burası da var, bu kitab heç kimi laqeyd qalmağa da qoymadı.

Hələ sovet dönəmində “Rus gözəli” kitabı ilə gündəmdə hay-küy yarada bilmiş yazıçı indi də bu satirik-qorxunc yanrda yazdığı romanı ilə gündəmə gəldi.

Kitab özünün son dərəcə avtobioqrafik olması ilə də seçilir. Viktor Yerofeyevin öz yaradıcılığında, bu romanda olduğu kimi, gözlənilməz dönüşləri ilə oxucularını təəcübləndirməsi birinci dəfə deyildir.

Bu kitabın mövzusu haradan qaynaqlanır, yaşadığı toplumdakı hansı proseslər yazıçını həyəcanlandırır? Bütün bunlarla bağlı yazıçı “Exo”nun müxbiri ilə danışdı.

–“Akimudlar” romanını yazmaq çoxmu uzun çəkdi?

–Bu romanı üç ilə yazmışam. Bu, səhifələrinin sayına görə, mənim ən böyük romanımdır. Roman, demək olar, 500 səhifədir.

Təbiətdə “Akimudlar” deyilən bir nəsnə yoxdur, ona görə də sizdən bir istəyim var: bu sözü yozmağa çalışmayın. Bu, tutalım elə, Bermud kimi təsadüfi bir sözdür.

Bu ad mənim beynimdə özü-özünə yaranıb ortaya çıxmışdır. “Akimudlar”a bəlli bir janra aid olan kitab demək olmaz.

Mən ortalıqda olan kitabların çoxunun poetikasından seçilib ayrılan yeni və aydın bir poetika yaratmaq istəmişəm, başqa sözlə desəm, gündəlik gerçəkliklərlə bədii gerçəkliklər arasında daimi bir gəl-get yaradacaq yol salmağa çalışmışam.

–Siz nə üçün bu romanınızı “Master və Marqarita” əsərinə yazılmış özünəməxsus parodiya sayırsınız?

–“Master və Marqarita” əsərini dönə-dönə oxuyandan sonra məndə çoxlu suallar yaranmışdı.

Mənə elə gəlir, Moskvaya gəlib çıxan Voland burada baş verənlərin mahiyyətini sonacan anlaya bilməmişdi. O dönəmdə paytaxt qorxunc və gerçək bir qiyamət gününü yaşamaqdaydı.

Burada bizim gözəl rus mədəniyyətini məhv eləyirdilər. Romanın istər komik, istərsə də tragikomik səhnələrində, üzdən də olsa belə, bu dediyim məqama toxunulmur. Buna görə də, mən bu əsərə cavab yazmaq istədim.

Mən Bulqakovun əsərlərini çox bəyənirəm və 1966-cı ildə, ilk dəfə “Master və Marqarita” romanını oxuyanda o məni yandırıb yaxmışdı. Bu mənim bəsirət gözümün açılması idi...

Bulqakov sovet hakimiyyətini sevmirdi, ancaq o, OQPU-ya yetərincə dözümlü yanaşırdı (OQPU – Объединённое государственное политическое управление – Birləşmiş dövlət siyasi idarəsi) XX yüzilliyin iyirminci illərində OQPU yetərincə hiyləgər bir oyun oynayırdı.

Bu oyunla mütərəqqi rus ziyalılarına belə bir yalanı aşılamağa çalışırdılar: düzdür, kommunistlər azğınlıq eləyirlər, ancaq biz Rusiya üçün çalışırıq!

Belə bir oyunla onlar xalq ilə bağlı olan çoxlu sayda ziyalıları öz tərəflərinə çəkə bilmişdilər.

Biz indi, bütün bunların ardınca 1937-ci il qırğınlarının gəldiyini bilirik, o çağın bu qurğuya aldanan ziyalıları isə bu işlərin gedişinin haraya aparıb çıxaracağını anlamırdılar.

Romanın bugünümüzə gəlib çatan qaralamalarından Bulqakovun sonradan “Master və Marqarita” romanındakı çoxlu kəskin yerləri yumşaltdığı bəlli olur.

Bunun sonucu olaraq roman gülməli alınsa da, yetərincə kəskin deyildir.

Sizin 1979-cu ildə nəşrini təşkil elədiyiniz “Metropol” almanaxı sovet hakimiyyətinə qarşı savaş açmaq idi. “Akimudlar” romanınızın da belə bir özəlliyi varmı?

–“Metropol” almanaxının ideyasını düşünəndə 30 yaşım vardı. Mənim bu ideyama yoluxan Vasili Aksyonov bu ideyanı praktiki bir işə çevirə bildi.

Bilirəm, bu dediklərimə inanmaq çətindir, ancaq bizim sovetlərə savaş açmaq düşüncəmiz yox idi. 1974-ci ildə, Moskvada rəssamların “buldozer sərgisi” oldu və bəlli olduğu kimi hakimiyyət onu güc işlədərək dağıtdı.

(Burada 15 sentyabr 1974-ci ildə avanqardçı rəssamların Moskvada, açıq havada keçirdikləri rəsm sərgisindən söz açılır. Hakimiyyət strukturları çox keçmədən çoxsaylı milis dəstələrini, susəpən maşınları və buldozerləri buraya yönəltməklə sərgini dağıtmışdı. Sərginin dağıdılmasına buldozerlər də qatıldığı üçün sonradan bu olaya “buldozer sərgisi” adını vermişdilər.)

Ancaq bu olaydan sonra, çox keçmədən, rəssamlara bəlli bir yaradıcılıq azadlığı verdilər.

Ölkədə tanınmış sürrealistlər və abstraktsionistlər meydana çıxa bildilər. Mən onlara bərk həsəd aparırdım. Axı, o çağlarda yazıçılar üçün senzuranı adlamaq olduqca çətin idi.

Axı deyirlər, o vaxt belə yazıları senzuraya gedib çatmamış, redaktorlar kəsib doğrayırmış.

-Hə, elədir. Biz böyük bir almanax düzəltmək istəyirdik, məqsədimiz heç də onu Qərbdə çap elətdirmək deyildi, biz bu almanaxı çap olunmaq üçün Yazıçılar İttifaqına vermək istəyirdik.

İstəyirdik, yazıçıların indiyədək senzuradan keçə bilməyən əsərlərini çap elətdirib oxuculara çatdıraq.

Ona görə də bu almanax siyasi bir aksiya kimi düşünülməmişdi, üstəlik, o vaxt atam da SSRİ-nin Vyanadakı səfiri idi, mən onun altında mina basdırmaq istəməzdim. Ancaq sonucda “Metropolun” başlıca qurbanı, işini itirmiş atam oldu.

“Akimudlara” gəlincə, bildiyiniz kimi, mən öz əsərlərimi bəlli bir janrda deyil, dağınıq janrda yazıram, ona görə də, bu kitabın hakimiyyətə savaş açıb-açmadığını özünüz oxuyub ayırd eləyin.

Yazıçı ucuz uğurlar dalınca qaçmırsa, onda onun yazıları ilə bağlı qalmaqallar yazıçının öz istəyi ilə yaranmır, bu qalmaqalların niyəsi ictimaiyyətin onun düşüncələrini qəbul eləməməsi, ya da qəbul eləməyə hazır olmaması olur.

Savaşmaqla isə başqa peşə sahibləri məşğul olurlar.

İnqilabi çevriliş çağırışları, hakimiyyətin dəyişilməsi ilə ölkəni idarə eləməyə gələcək yeni adamların devrilənlərdən yaxşı olacağına zəmanət vermir.

Bugün hakimiyyətin siyasətinə qarşı səsini ucaldan insanların çoxu mənim dostlarımdır. Onlar ədalətli seçki keçirilməsini istəyirlər, onlar aldanmaq istəməyən insanlardır.

XS
SM
MD
LG