Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:18

«Məhkəmə qərarını İ.Əliyevin qərarı kimi qəbul edəcəyəm»


«Məhkəmə qərarını İ.Əliyevin qərarı kimi qəbul edəcəyəm»
Gözlə

No media source currently available

0:00 0:03:34 0:00

«Məhkəmə qərarını İ.Əliyevin qərarı kimi qəbul edəcəyəm»

-

31 yaşlı jurnalist Rasim Əliyevin ölümündən 40 gün keçir.

Avqustun 8-də yaşadığı evin yaxınlığında döyülüb çoxsaylı bədən xəsarətləri almışdı. Bir gün sonra Kliniki Tibbi Mərkəzdə əməliyyat olunarkən son nəfəsini vermişdi.

Onu döyənlərin kimliyi bəllidir – hazırda bu işdə əli olan 6 nəfər həbsdədir, istintaq gedir.

Ailəsi, dost-tanışları, həmkarları isə Rasimi məzarı başında yad edirlər.

Rasimin döyülməsinə səbəb onun sosial şəbəkədə futbolçu Cavid Hüseynovu tənqid etməsi olmuşdu.

Çoxsaylı bədən xəsarətləri alsa da, Rasim xəstəxanada onu ziyarətə gələnlərlə söhbətləşmiş, hətta deyib-gülmüşdü də, müsahibə də vermişdi.

Həkimlərinin dediyinə görə, halı birdən pisləşmiş və əməliyyat zamanı bəlli olmuşdu ki, dalağı dağılıb, mədəaltı vəzinin quyruğu partlayıb və qarnında qan yığılmağa başlayıb.

Baxmayaraq ki, xəstəxanaya daxil olan zaman Rasim bütün lazımi laborator, ultrasəs, rentgen və travmatoloji müayinələrdən keçibmiş. Həkimlər təcili əməliyyata ehtiyac görməmişdilər.

RƏYDƏN XƏBƏR YOXDUR

Ailəsi, yaxınları Rasimin ölümünə həm də həkim səhlənkarlığının səbəb olduğunu iddia etsələr də, hüquq-mühafizə orqanları hələ ki, bununla bağlı araşdırma aparmaqdadırlar. Prokurorluğun ailəyə verdiyi məlumata görə, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəyini gözləyirlər. 40 gün keçməsinə baxmayaraq, rəy hələ də hazır deyil.

Məmmədəli Əliyev
Məmmədəli Əliyev

Rasimin atası Məmmədəli Əliyev deyir ki, bu günədək iki dəfə Bakı şəhər Prokurorluğuna çağırılıb dindiriliblər. Prokurorluqdan ona ekspertiza rəyinin ən geci bir aya hazır olacağı deyilsə də...

«Bizə deyiblər ki, Səhiyyə Nazirliyinin rəyi olmalıdır, ondan sonra biz də ona uyğun işimizi görəcəyik. Rəy hələ ki, yoxdur. Demişdilər ki, ən uzağı bir aya rəy hazır olmalıdır, amma indiyədək nə mənim, nə də vəkilimizin rəydən xəbəri var».

Ailə hüquq-mühafizə orqanlarının, istintaqın işindən də razı deyil. Atanın dediyinə görə, hiss olunan, sadəcə, odur ki, Cavid Hüseynovun cəzasını yüngülləşdirməyə çalışırlar:

«Görünən odur ki, Cavid Hüseynovun cəzasını yüngülləşdirmək istəyirlər. Onsuz da ona qarşı yumşaq ittiham irəli sürülüb, həqiqət odur ki, o, işin təşkilatçısıdır».

5 nəfərlə bağlı qəsdən insan ölümünə səbəb olan ağır xəsarətlərin yetirilməsi maddəsi ilə cinayət işi qaldırılsa da, Cavid Hüseynov cinayəti qabaqcadan bilib xəbər verməmə ittihamı ilə həbs edilib. Cavid Hüseynov «Rasim Əliyevin döyülməsindən xəbərim olmayıb» desə də, Əliyevlər ailəsi Rasimin döyülməsini elə onun təşkil etdiyini düşünür.

«MƏHKƏMƏ QƏRARININ MƏSULİYYƏTİNİ PREZİDENT DAŞIYIR»

Mehman Əliyev
Mehman Əliyev

Rasimin ölümündən dərhal sonra prezident İlham Əliyev də məsələyə münasibət bildirib. Olayı ölkədə söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətinə təhlükə və təhdid kimi qiymətləndirib. Prezident hadisəni nəzarətə də götürdüyünü deyib. Elə həmin 6 nəfərin həbsi də bundan sonra baş verib.

Media eksperti Mehman Əliyev istintaqın ədalətli aparılması, məhkəmənin ədalətli qərar çıxarmasının da ölkə başçısından asılı olduğunu deyir:

«İstintaqın və məhkəmənin verəcəyi hər hansı qərarın məsuliyyətini prezident daşıyır. Çünki bizdə müstəqil məhkəmə sistemi yoxdur, məhkəmə siyasi hakimiyyətdən asılıdır. Ona görə də məhkəmənin verəcəyi qərarı şəxsən mən prezident İlham Əliyevin qərarı kimi qəbul edəcəyəm. Gözləyirəm ki, prezident bir dövlət başçısı, konstitusiyanın və hər bir vətəndaşın təhlükəsizliyinin qarantı, bir ata və vətəndaş kimi bu məsələ ilə bağlı düzgün və ədalətli qərar çıxaracaq».

RASİM ƏLİYEV TƏNQİDİ FİKİRLƏRİNƏ GÖRƏ HƏDƏLƏNİB

Rasim Əliyevin ölümü əksər beynəlxalq qurumlar və ölkələr tərəfindən də narahatlıqla qarşılanıb. Avropa Parlamenti sentyabrın 10-da Azərbaycanla bağlı qəbul etdiyi qətnamədə də bu olaydan yan keçməyib. Qətnamədə deyilir ki, Rasim Əliyev sosial şəbəkədə prezident Əliyevin ünvanına tənqidi fikirlərinə görə də hədə və təhdidlərə məruz qalıb. Qurum hakimiyyəti jurnalistin ölümü ilə bağlı şəffaf araşdırma aparmağa, bütün günahkarların müstəqil məhkəmə qarşısına çıxarılmasına, qanunda nəzərdə tutulmuş şəkildə cəzalandırılmasına çağırıb.

​Amma hakimiyyət nümayəndələri bütövlükdə qətnaməyə olduğu kimi, buradakı Rasim Əliyevlə bağlı qeydlərə də sərt reaksiya veriblər, jurnalistin ölümünün əsassız olaraq siyasiləşdirildiyini bildiriblər.

Jurnalist, keçmiş siyasi məhbus Əvəz Zeynallı deyir ki, o da Rasimi tənqidçi jurnalist kimi tanıyır və kim olmasından asılı olmayaraq, belə bir qətlin ədalətli araşdırılmasının vacibliyini vurğulayır:

«Rasim uzun illər ciddi tənqidi mövqeyini qoruyub saxlayan bir jurnalist olub. Tənqidçi mediada fəaliyyət göstərdi və dünyasını dəyişdi. İndi bu məqama kölgə salmağa çalışırlar. Hesab edirəm ki, biz bu məsələnin üzərində dayanmalıyıq, hazırda istintaqın nəticəsini gözləyirik».

Rasim Əliyev son 10 ildə Azərbaycanda öldürülən dördüncü jurnalistdir. İllər keçməsinə baxmayaraq, daha öncə eyni aqibəti yaşamış Elmar Hüseynov, Alim Kazımlı, Rafiq Tağının qatilləri hələ ki, cəzalarını almayıb.

XS
SM
MD
LG