- Oxucular son günlər Oxu Zalı ədəbiyyat, mədəniyyət səhifəsinə göndərdikləri şeirlərdə ölkədəki vəziyyətdən, maddi dolanışıqdan narazılıq edirlər. Həmin şeirlərdən bir neçəsini təqdim edirik.
“Kredit çıxandan pozuldu işlər
Çoxaldı lazımsız pis-pis vərdişlər
Sanki bu millətə torba tikmişlər
Banklar quduzlaşıb somurur qanı
Allahım, xilas et Azərbaycanı!
Çoxları yeməyə tapmayır çörək
Dövlət hara baxır soruşmaq gərək
Axırda dözməyir dayanır ürək
Niyə ucuzlaşıb insanın canı
Allahım, xilas et Azərbaycanı
Dövlətin heç vaxtı gözü doymadı
Öz millətin it yerinə qoymadı
Avropanı Amerikanı saymadı
Müxaliflər diktatura qurbanı
Allahım, xilas et Azərbaycanı
Məmurlar yeyirlər millətin varın
Haram yeyə-yeyə yekəldir qarın
Hamısı satıbdı həyasın arın
Adların qoyublar dövlət orqanı
Allahım, xilas et Azərbaycanı " (Ağdamsız Aqil)
***
“Qonşum 300 manat yaşayış krediti götürdü,
Gəldi qonşuların toyuna saldı
Sonra qaytara bilmədi, özünü asdı.
İndi evlərində yasdı.” (Tarıyel Əziz)
***
“Qardaşım, bu nə yurd, bu nə məmləkət?
Adamın əti tökülür.
Hansısa gədənin,
Yolötənin biri
Nə oturanı dinc qoyur,
Nə durana imkan verir.
İnsanlar qayğı-qayğı ölür,
Kredit-kredit can verir.
Hara getsən, hara baxsan eyni mənzərə,
Eyni ağıl,
Eyni nağıl
Hər addımda bir daş göyərib,
Hər işdə bir əngəl bitib.
Dünən sevgilinlə kölgəsində öpüşdüyün ağacın yerində
Bu gün görürsən ki, heykəl bitib...
Qardaşım, bu nə yurd, bu nə məmləkət?
Yaşayirsan yaşa, görüm..." (Araz Səməd)
***
“Yetimə gəl-gəl deyən çox olar, kredit verən az olar.
Qonşu qonşu olsa evə "levi" işıq çəkdirmək olar…” (Rüfət Ağayev)
***
“...Çökən bədənlərin üzərində villalar ucaltmaq,
Pul haradan gəlir gəlsin fərqi yox, nə olsun,
Halal olsun, haram olsun fərqi yox ,
Əsas odu pul olsun,
Kimin pulu varsa hər şeyim ona qul olsun.
Üzdə özümü göstərirəm Qarabağ deyə-deyə,
İçdə özümü yeyirəm pul hara getdi, necə oldu deyə.
İlahi, bu millət nə vaxta kimi susacaq, qusacaq” (Habil Yaşar)
***
“Məmləkətin başçılarının eynək taxmaları
daha məntiqlidir.
Xalq utanır
gözsüz sifət görməkdən.” (Nəriman Tolışi)