Britaniyda müxalif Leyborist Partiyasının yencə seçilmiş lideri Jeremy Corbyn Londonda miqrantları dəstəkləyən minlərlə nümayişçinin qarşısında çıxış edərək Avropa ölkələrini qaçqınlara qucaq açmağa çağırıb.
O Avropa liderlərini “ürəklərinin və ölkələrinin qapılarını qaçqınlara açmağa” dəvət edib.
Londonda on minlərlə insan Dauninq stritin qarşısına toplaşaraq ölkənin sərhədlərinin açılmasını tələb edib.
Britaniyanın Edinburq, Kardif və Qlazqo kimi şəhərlərində də miqrantlara dəstək aksiyaları keçirilib.
Britaniya Şengen zonasına daxil olmadığından Avropanın qaçqın kvotasını qəbul etmir.
Kopenhagendə keçirilən 30 minlik nümayişdə “Qaçqınlar xoş gəlib” şüarları səsləndirilib.
Stokholmda keçirilən mitinqdə etirazçılar ölkə hökumətini qaçqınlara yardımı artırmağa çağırıblar.
Almaniya, Fransa, Avstriya və Hollandiyada da qaçqınlara dəstək mitinqləri olub.
Lakin Şərqi Avropada keçirilən mitinqlərdə “Avropanın qaçqınla doldurulmasına” etirazlar edilib.
Varşavada keçirilən 5 minlik mitinqdə qaçqın axınının dayandırılmasına çağırışlar edilib.
Bratislavada keçirilən aksiyalarda “Qaçqınlar, evinzə qayıdın” plakatları olub.
Praqada keçirilən mitinqdə “Mən Çexiyada qaçqın və İslam istəmirəm” şüarları səslənib.