Keçid linkləri

2024, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:23

Onlar çəkiblər, biz də çəkə bilərik


Anar Rafiqoğlu
Anar Rafiqoğlu

- "Bəs gerçəkdən də əsas problem büdcədirmi? Gəlin indi bunu bir neçə məşhur filmin üzərində araşdırma apararaq təhlil edək."

Anar Rafiqoğlu

Film hazırlamaq çoxmu çətindir?

Bir rejissorun, aktyorun ən böyük arzularından biri odur ki, filmlərdə iştirak etsin. Film hazırlamaq isə son bir qərinədə bizim post-sovet ölkələrinin əksəriyyətində, həmçinin bizlərdə möcüzə yaratmaq kimi bir şey olub.

Birincisi, çox ciddi kadr çatışmazlığı var. Peşəkar səviyyədə, sırf ssenari yazmaqla məşğul olan ssenaristlərimiz çox azdır. İllərlə aktyor kimi çalışıb, həyatı boyunca filmə çəkilməyən aktyorlarımız da çoxdur.

Ən əsas problemlərdən biri də büdcə və maliyyədir. Çünki yetərli büdcə olmadan nə aktyor tapa bilərsən, nə ssenarist, nə də ki, rejissor.

Bəs gerçəkdən də əsas problem büdcədirmi? Gəlin, indi bunu bir neçə məşhur filmin üzərində araşdırma apararaq təhlil edək.

BURIED - “Torpaq altında”

Rejissorluğunu Rodrigo Cortesin (1973) etdiyi, ssenarisini Chris Sparlingin yazdığı “Torpaq altında” filmi bir tabutun içində çəkilib. İşin bir digər qəribə yönü də ondadır ki, filmdə sadəcə bir aktyor var.

90 dəqiqəlik bu film, tək məkan və tək aktyor ilə çəkilib. Buna baxmayaraq, başdan sona filmin həyəcanı bir dəqiqə də olsun azalmır.

Aktyor Ryan Reynolds rolunu peşəkarlıqla canlandırır. Film boyunca izləyici indi nə olacaq, bu bədbəxtin o tabutda nə işi var, görəsən, o tabutdan çıxa biləcəkmi deyə öz-özünə sual verir.

Və bir anlıq insan təsəvvürünə gətirir ki, eyni şey öz başımıza gəlsə, tabutun
içində nə edərdik?

Tək nəfərlə, tək məkanda bu hissi yaşada bilən rejissora, ssenaristə və aktyora doğrudan da böyük mükafatlar mükafatı düşür.

127 HOURS – “127 saat”

Rejissorluğunu və ssenaristliyini Danny Boyle'un (1956) etdiyi bu film də böyük marağa səbəb olmuşdu. Yaşanmış hekayədən yola çıxılaraq çəkilən bu film vizyona girdiyi 2011-ci ildə, həmin ilin ən çox izlənilən filmləri sırasında öz yerini almışdı.

Bu filmin də böyük bir hissəsi tək məkanda, tək aktyor ilə çəkilib. Aktyor James Franco, alpinist Aron Ralstonun gerçək həyatda başına gələn hadisəni özü yaşamış kimi canlandırır.

Qəza nəticəsində sağ əli böyük bir qayanın arasında qalan və 127 saat oradan xilas olmaq üçün çırpınan bu gəncin ölüm və həyat arasındaki mübarizəsi izlənməyə dəyər.

Paranormal Activity – “Paranormal fəallıq”

Bu film yuxarıda qeyd etdiyim filmlərdən fərqlənir. Birincisi ona görə ki, "Paranormal Activity" bir qorxu filmidir.

Sevgili olan iki gəncin bir evdə yaşadığı qorxu dolu anlar üzərində qurulmuş bu filmin büdcəsi cəmi 15 min dollardır.

Əldə edilən gəlir isə yəqin ki, bir çoxunuzu heyrətə salacaq. Bu filmdən, nə az, nə çox - 193 milyon 355 min 800 dollar qazanc əldə edilib.

İşin bir qəribə yönü də ondadır ki, film adi bir əl kamerası ilə çəkilib. Filmin rejissoru və ssenaristi Oren Peli qeyd edir ki, film çəkildikdən sonra aylarca kinoteatrlarda göstərişə girməsi üçün çalışdım.

Heç bir kinoteatr rəhbərliyi bu qədər ucuz və əl kamerasi ilə çəkilmiş bir filmi yayımlamaq istəmirdi.

Nəhayət, bir müddət sonra filmin nümayişinə başlandı. Və göstərişə girdiyi ilk həftədəncə izlənmə rekordları qırdı. Daha sonra filmin bənzər formada 2-ci, 3-cü, 4-cü bölümü də çəkildi.

Bax belə, əziz oxucular. Verdiyim nümunələrdən iki cür fikir çıxarmaq olar.

Ya "əşşi, onlar amerikalıdı, avropalıdı, onlarla özümüzü müqayisə etməyin" deyək. Ya da film hazırlamaq üçün əslində heç nə bahanə deyil, bunu qəbul edək...

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG