Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:23

Faktlaşdırmaq lazımdır


Sahilə İbrahimova
Sahilə İbrahimova

- "Hərdən mənə elə gəlir ki, Yer Yaradanın silməyə əli gəlmədiyi, amma həm də bəyənmədiyi, artıq düzəltməyə cəhd eləmədiyi işidir."

"Ay çox parlaq və gözlərimi yaşardacaq dərəcədə mehriban görünürdü. Onda kainat mənə balaca və doğma gəldi."

"Artıq “insan hər şeyə qadirdirmi?” sualının cavabı var. İndi “Allah hər şeyə qadirdirmi?” sualına cavab vermək gərəkir. Sual təzəlikcə verilməyib, antik dövrdən bəri səslənir."

HƏYATA ŞƏRH VERMƏK

- Sahilə xanım, yaradıcılığınızda nə yeniliklər var? Bu barədə bizə geniş məlumat verin lütfən.

- Hazırda haqqında geniş danışa biləcəyim yaradıcılıq yeniliklərim yoxdu. Hekayələrimdən ibarət səsli kitab çıxmalıdır.

Qadın dilindən yazılan hekayələri özüm səsləndirmişəm. Bir ilə yaxındı, roman üzərində çalışıram.

Az-az, yavaş-yavaş yazıram. Bu templə bir-iki ildən tez bitirmərəm. İndiyə kimi bundan qaçsam da, bir saytla və bir jurnalla mütəmadi əməkdaşlıq etmək üzərində düşünürəm.

Bu aralar oxumağa, öyrənməyə, təhlil eləməyə həvəsliyəm.

- Bu qədər yaşayandan sonra indi nə deyə bilərsən, həyat nədir, yaşamaq necə bir şeydir?

- Bəzən xaricdə qəbirüstü yazılar maraqlı olsun deyə, üzərilərinə “doğum tarixi 1905, ölüm tarixi 1982, amma 5 il yaşadı” kimi ifadələr həkk eləyirlər. Qəlibdən çıxmış kimi bir-birinin surətinə bənzəyən günləri, illəri yaşamağın tərkibindən çıxarırlar.

Razı deyiləm. Ölənə qədər etdiyimiz və etmədiyimiz hər şey yaşamaqdı. Həyatı doğumla ölümün çərçivələdiyi, üzərində müxtəlif üslub və janrlarda səhnələr, peyzajlar, yaxud sadəcə cızıqlar çəkilmiş nəhəng şəklə bənzədək.

Deistlərin fəlsəfəsinə əsaslansaq, bu şəklin çərçivəsini - doğumla ölümü Yaradan düzəlib. Şəklin özünü isə insan özü çəkməlidir. İnsan öz taleyini yaza bilir deyirlər. Ola bilər. Lakin bizim taleyimizi həm də başqa insanlar yazırlar.

Kimsə qəfildən həyatımıza girə, onu şəkilləndirə, öz dəsti-xətti ilə tablomuzun bir ucunu rəngləyə, yaxud bir müddət bir köşədə rahatlanıb əməlli-başlı sujetli bir rəsm çəkə bilər.

Həyat tablomuz melanxolik abstrakt rəsmdən tutmuş, dəqiq konturları olan portretlərin, peyzajların, yayğın çevrələrin, azbilinən kölgələrin, qarışıq səhnələrin, riyazi hesablamalarla cızılmış həndəsi fiqurların əks olunduğu polifonik, çoxrəngli bir məkandır.

Həyata şərh vermək üçün söz seçmək də əhval məsələsidir. Bu, ruh halından asılı olaraq dinləmək üçün musiqi seçimimizə bənzəyir. Bəzən ritmik, bəzən melodik havanın müşaiyətinə ehtiyac duyuruq.

Həyat həm Hegeli oxumaq, həm də Şabanın zarafatlarına gülməkdi.

Həm caz dinləmək, həm də toyda-bayramda bayağı musiqi altında rəqs eləməkdi, həm günlərlə “art house” filmin təsirində qalacaq qədər emosional, həm də “vaxtın idarəedilməsi” təliminə yazılıb rasional adam olmağa meyillənməkdi.

Həyatın dəqiq janrı yoxdu. Doğuşla ölüm isə bayaqdan haqqında danışdığım həyat deyil. Deyək ki, şəkillər kətan üzərində çəkilir, çərçivə isə taxtadandı.

Beləliklə, həyatın, doğum və ölümün nə qədər fərqli olduğunu görə bilərik. Çərçivəni başqa varlıq düzəldib, materialı da ayrıdı.

Əvvəl deyirdim olumda ölümdən çox şey var. Ölüm oluma sızır. Amma yox, olumda ölüm yoxdu, onun qorxusu var. Qorxu həyat elementidi. Ölüm isə yenə də deyirəm, başqa materialdı.

- Sonsuz müəmmalı kainat, uzaq qalaktikalar haqqında fikirləşdiyin olur? Məsələn, NASA-nın çəkdiklərinə İnternetdə rast gələndə baxıb nə hiss keçirirsən? Kədər, qorxu, yalnızlıq, “İnsan hər şeyə qadirdir”, yoxsa “Onlar bizim zəkamızın hüdudu xaricindədir”?

- Uşaq vaxtı yuxum tez-tez qaçırdı. Sonra eşitdim ki, Aya baxmaq yuxunu qaçırdır. Aya çox baxırdım. Bürcümün elementi Aydı, yəqin intuitiv olaraq bu səbəbdən ona meyillənmişəm. Sonra yuxum qaçmasın deyə, göyə uzun müddət baxmamağa çalışırdım.

Ancaq təxminən bir neçə gün öncə yenidən Ayı uzun-uzun seyr eləməyə cəsarətləndim.

Yuxumu qaçırtmaq istəyirdim. Yatağanam. Yuxumun qaçmağına ümid elədim, alınmasa da, seyrdən zövq aldım.

Ay çox parlaq və gözlərimi yaşardacaq dərəcədə mehriban görünürdü. Onda kainat mənə balaca və doğma gəldi. Daha öncə kinoteatrda Kristofer Nolanın “İnterseller” filmini seyr eləyəndə isə qorxu, yalnızlıq və kədər yox, acizlik duymuşdum, bəlkə də bir az qısqanclıq.

Bəzən proqramistlər bir proqram yaradırlar, məhsul o qədər də xoşlarına gəlmir, onu tamamilə silmirlər, komputerin bir qovluğuna göndərirlər, diqqətlərini yeni iş üzərinə cəmləyirlər. Köhnə proqram yenilənmir, sadəcə vaxtı, enerjisi gedib deyə Yaradıcısının heyfi gəlir onu tamamilə silməyə.

Hərdən mənə elə gəlir ki, Yer Yaradanın silməyə əli gəlmədiyi, amma həm də bəyənmədiyi, artıq düzəltməyə cəhd eləmədiyi işidir.

İnsan məhdud imkanlı varlıqdı və qaydalarını bilmədiyi oyunun içindədi. Şopenhauer mizantrop idi, “insan artımını dayandıraq, Allaha etiraz eləyək, biz belə oynamırıq” deyək fikrini yayırdı. “Axı biz qaydalarını bilmədyimiz oyunda niyə iştirakçı olaq?" qəzəblə sual edirdi.

Məncə, artıq “insan hər şeyə qadirdirmi?” sualının cavabı var. İndi “Allah hər şeyə qadirdirmi?” sualına cavab vermək gərəkir. Sual təzəlikcə verilməyib, antik dövrdən bəri səslənir.

Sual belə qoyulurdu: "Allah qaldıra bilmədiyi daş yarada bilərmi?" Bilərsə, deməli o heç də hər şeyə qadir deyil. Cavablardan biri də belə idi, Allah öhdəsindən gələ bilmədiyi şeyi yaradıb – bu, insandır.

Bu mətləbləri dəqiqliyi ilə mən bilmirəm, kimsə bilmir. (Hə, din bildiyini iddia edir. Bu, bəlkə də yaxşıdı. Çünki şübhə dağıdıcıdı, tərəddüdləri insanı məhv edə bilər. Din insanlara həqiqət təklif edir. Onun yerinə doğru yol seçir, insan taleyindən məsul olur.)

İnsan çox şeyə qadir deyil. Özü də elm sübut edir ki, insan beyninin yalnız on faizini istifadə edir fikri mifdir. Beynin 100 faizini də işlənir, sadəcə növbə ilə. Ona görə nə varsa, budur, ümid edək ki, nə vaxtsa bizə daha çox iqtidar veriləcək.

- Dünyanın bugünkü vəziyyətindən razısan, yoxsa narazı? Səncə, dünyanı necə dəyişdirmək olar?

- Məncə, normal adam dünyanın bugünkü vəziyyətindən razı olmamalıdır. Söhbət ucuz dərd, şikayət kostyumu geyib adamların zəhləsini tökməkdən getmir. Belə adamlar xərçəng xəstələrinin yanında sağlamlıqdan şikayətlənən barmağı cızılananlara bənzəyirlər.

Söhbət insanları duymaq və həyatı onlar üçün daha yaşanmalı yerə çevirməyə cummaqdan gedir. Dalğaların üçyaşlı günahsız körpə cəsədini sahilə çırpması fonunda kiminsə dünyanın bu günündən razı qalmağı həyasızlıqdı.

Bəzən olur ki, doğmanı itirirsən, sarsılırsan, birdən güldüyünün, sevindiyinin fərqinə varırsan və xəcalət çəkirsən. Bu günlərdə yenilənən həyat eşqimin fonunda güləndə, özümü xoşbəxt hiss eləyəndə o uşaq yadıma düşür.

Dünyanın hər bucağında milyonlarla adamın gözünün qarşısından qırmızı köynəkli uşaq çəkilmir. Müşahidələrim deyir ki, dünyada mərhəmətli, yaxşı insanlar çoxdu.

Lakin həm də görünən odur ki, onlar səpələnmiş şəkildədirlər, mobilləşməyə, şəbəkələşdirməyə ehtiyac var.

İnsanları mərhəmət, empati hissi altında birləşdirməyə çalışan ictimai fiqurları izləyirəm, onlardan yaxşı insan olmağı öyrənməyə çalışıram.

Mən hələ də hərdən ədəbiyyatın, ümumiyyətlə, incəsənətin insanlığı daha yaxşı gələcəyə aparmağa qadir olduğuna inananlardanam.

Bacardıqca həqiqəti üzə çırpmaq lazımdı. Əzabı və haqsızlığı faktlaşdırmaq lazımdı.

Fotoqrafiya, əhvalat danışma – göstərmə önəmlidi. Hamı dünyada günahsız uşaqların öldüyünü bilirdi, lakin üzüüstə düşüb məsumca canını tapşırmış oğlan insanları ayağa qaldırdı, problem qabardı, dövlətlər belə, insafa gəldi, dünənə kimi tutaq ki, beşdən çox qaçqın qəbul eləməyən dövlətlər limiti qaldırdılar.

Faktdan qaçmaq olmur. İnsanların qarşısına fakt qoyanda onları daha çox silkələmək olur. Kino, musiqi, şəkil, hekayə - incəsənət dünyanı daha yaxşı yerə çevirmək üçün, ədalətsizliyi faktlaşdırmaq üçün bütün şanslarından istifadə etməlidir.

XS
SM
MD
LG