Keçid linkləri

Təcili xəbərlər
2022, 01 Dekabr, Cümə axşamı, Bakı vaxtı 01:46

Dünya xəbərləri

Putin Rusiya-Cin münasibətlərindən danışıb

Putin

“Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Rusiya biznesinin Çinə keçməsinin stimullaşdırılmasına kömək edib”.

Bunu Rusiya prezidenti Vladimir Putin Çinə 2 günlük səfəri ərəfəsində bildirib.

Putin Rusiyanın TASS və Çinin Sinxua agentliklərinə birgə müsahibədində Çinin Rusiyanın aparıcı ticarət tərəfdaşı olduğunu bildirib.

“ 2010-cu ildən başlayaraq, Çin Rusiyanın aparıcı ticarət tərəfdaşıdır.Qlobal iqtisadiyyatdakı əlverişsiz tendensiyaya baxmayaraq, biz ticarət dövriyyəsini qoruyub saxlaya bildirk və bu 88,4 milyard dollar təşkil elədi”.-deyə o bildirib.

Amma Blooberg agentliyi Rusiyanın gömrük xidmətinin məlumatlarına əsasən yazır ki, Putin bu ilin birinci rübündə ticarətin həcminin 29 faiz, 30 milyard dollar düşməsinə toxunmur.

Bu göstərici Rusiya ilə Çinin 2015-ci ildə ticarət dövriyyəsini 100 milyard dollara qaldırmaq planlarına cavab vermir.

Putin Çinin Rusiyanın Uzaq Şərq regionuna sərmayə qoymaqda maraqlı olduğunu vurğulayıb.

Kremlin siyasi məsələlər üzrə müşaviri Yury Ushakov jurnalistlərə bildirib ki, Putinin sentyabrın 2-3-də Çinə səfəri zamanı əsasən ticarət və iqtisadi məsələlər müzakirə olunacaq.

Bundan başqa tərəflər gələcəkdə bir sıra birgə iri layihələr həyata keçirmək fikrindədirlər.

Bütün xəbərləri izləyin

Starlink Ukrayna sakinləri üçün tarifləri qaldırır

Ukraynada Starlink antenası

Starlink şirkəti Ukrayna sakinləri üçün tarifləri qaldırıb. Abonentlərə belə bir məzmunlu məktub göndərilib.

Dekabrın 29-dan fərdi şəxslər üçün peyk internetinin qiyməti ayda 60 dollardan 75 dollara qaldırılır. “İnsayder” Telegram-kanalının yazdığına görə, Starlink terminalı və antenasının qiyməti 500-dən 700 dollara qalxacaq.

Fevralın 24-də Rusiya Ukraynaya tammiqyaslı hücuma başlayandan SpaceX şirkəti Ukraynada 20 minədək Starlink terminalı quraşdırıb. İnternetə digər qoşulma vasitələri işləməyəndə bu terminallar köməyə gəlir. Hərbi əməliyyatların təşkili üçünsə əlaqənin olması vacibdir.

Sentyabrda isə SpaceX ABŞ Müdafiə Nazirliyinə məktub göndərərək Ukraynaya peyk əlaqəsi terminalları göndərməyin xərcini daha çəkə bilməyəcəyini bildirib, Pentaqondan maliyyələşdirməni öz üzərinə götürməyi xahiş edib.

Şirkət rəhbəri, milyarder İlon Mask (Elon Musk) oktyabrın ortasında deyirdi ki, SpaceX Ukrayna üçün Starlink peyk əlaqəsi üçün ödənişi davam etdirəcək.

Oktyabrın sonunda Starlink-in 1300 terminalı maliyyə problemi ucbatından bağlanıb.

20 NATO ölkəsinin Ukraynaya hərbi yardımlarının tükənməkdə olduğu bildirilir

NATO Baş katibi Jens Stoltenberq, Brüssel, 30 sentyabr 2022

NATO üzvü olan 30 ölkədən 20-sinin Ukraynanı silahla təmin etmək üçün ayırdığı hərbi resursları əhəmiyyətli dərəcədə tükənib. Bu barədə “The New York Times” hərbi-siyasi birliyin nümayəndəsinə istinadən xəbər verir.

Qəzetin həmsöhbəti aydınlaşdırıb ki, qalan ölkələr - əsasən əsas müttəfiqlər - Fransa, Almaniya, İtaliya, Hollandiya hələ də Kiyevə hərbi yardım göstərmək iqtidarındadır.

Mənbənin bildirdiyinə görə, ümumilikdə NATO Ukraynaya indiyə qədər 40 milyard dollar dəyərində silah göndərib ki, bu da Fransanın müdafiə büdcəsi ilə müqayisə oluna bilər.

Məlumatda o da vurğulanır ki, Avropa Birliyi Avropa Sülh Fondundan Ukraynaya göstərdikləri yardıma görə üzv ölkələrə ödədiyi üç milyard avrodan çox vəsaitin 90 faizi tükənib.

2021-ci ilin martında Avropa Birliyi 2021-2027-ci illər üçün büdcəsi təxminən 5 milyard avro olan Avropa Sülh Fondunu (APF) təsis edib. Fond Avropa İttifaqına üzv dövlətlərin töhfələri hesabına maliyyələşdirilir.

“New York Times” ekspertləri həmçinin qeyd edirlər ki, hərbi əməliyyatlar zamanı münaqişənin hər iki tərəfi İkinci Dünya Müharibəsindən bəri görünməmiş sürətlə silah və sursat istehlak edir.

Belə görünür ki, Qərb ölkələri belə bir ssenariyə hazır olmayıblar. Qəzet NATO əsgərlərinin gündə 300 artilleriya atəşi açdığı Əfqanıstanı misal gətirir.

Qəzet yazır ki, Ukrayna silahlı qüvvələri gündə min raket ata bilir. Bundan başqa onların hərbi yardım və Rusiya mərmilərindən müdafiə vasitələrinə ehtiyacları var.

Şimali Koreya dünyanın nüvə nəhəngi olmaq istəyir

Kim Çen In qızı ilə

Şimali Koreya dünyanın ən güclü nüvə gücünə çevrilməlidir. Bu barədə bazar günü Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) rəhbəri Kim Çen In hərbçilərə və alimlərə etdiyi müraciətində deyib.

O, həmçinin noyabrın 18-də “Hvason-17” qitələrarası ballistik raketinin buraxılışında iştirak edən texniki heyətin mükafatlandırılması barədə göstəriş verib.

Kim Çen In "Hvason-17"-nin sınaqdan keçirilməsinə böyük ümidlər bəsləyir. Şimali Koreya lideri raketi ölkə ordusu üçün ABŞ ərazisinə çatmağa və “Amerikanın nüvə təhlükəsini” dəf etməyə qadirdir əsas vəzifə hesab edir. O, "Hvason-17"-ni dünyanın ən güclü strateji silahı adlandırıb.

Kim Çen In raket sınağına həyat yoldaşı və adı açıqlanmayan 12 yaşlı qızı ilə qatılıb.

Bu, Kim Çen İnin qızının ictimaiyyət qarşısında ilk çıxışı sayılır. Şimali Koreyada hakimiyyət faktiki olaraq miras qaldığından ekspertlər bu yolla Kim Çen Inın mümkün varisini nümayiş etdirdiyi qənaətindədirlər.

Noyabrın 21-də ABŞ Şimali Koreyanın nüvə sınaqlarını müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasının çağırılmasını tələb edib.

Şimali Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin sədr müavini, Kim Çen Inın bacısı Kim Yo Conq BMT Təhlükəsizlik Şurasını təxribatda və “ikili standartlar siyasəti”ndə ittiham edib.

Belarusun xarici işlər naziri vəfat edib

Vladimir Makey, Minsk, 13 fevral 2020

Belarusun xarici işlər naziri Vladimir Makey vəfat edib. Bu barədə noyabrın 26-da dövlət agentliyi BelTA məlumat yayıb.

Agentlik bu məlumatı Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaza istinadən verib.

Nazirin qəfil vəfat etdiyi bildirilir. Mətbuat katibi nazirin xəstəliyi ilə bağlı hələlik hər hansı əlavə təfərrüatların olmadığını deyib. Vladimir Makeyin 64 yaşı var idi.

O, 2012-ci ildən xarici işlər naziri idi. Bu həftə o, Belarus nümayəndə heyətinin tərkibində İrəvanda keçirilən KTMT sammitində iştirak edib, bir gün əvvəl isə Vatikanın nümayəndəsi ilə görüşdüyü bildirilir.

2020-ci ilə qədər Rusiyanın Kremlyönlü mediası və Telegram kanalları Makeyi dəfələrlə Belarusla Qərb arasında münasibətləri Rusiyanın maraqlarına ziyan vurmaqla yaxşılaşdırmağa çalışmaqda ittiham ediblər.

Qərb ölkələrindən yalnız Kanada Makeyə qarşı sanksiyalar tətbiq edib.

NYT: Ukraynaya verilən Qərb haubitsalarının üçdə biri sıradan çıxıb

Baxmut, Ukrayna, Donetsk regionu, 20 noyabr 2022

Qərb ölkələrindən Ukraynaya verilən təxminən 350 haubitsanın üçdə biri ağır istifadə və ya döyüşdə dəyən ziyana görə sıradan çıxıb.

Bu barədə “The New York Times” Amerika və Ukrayna mənbələrinə istinadən məlumat yayıb. Məlumatda qeyd olunur ki, Ukrayna ordusu gündə 2000-4000 arası, Rusiya ordusu isə daha çox artilleriya atəşindən istifadə edir.

Qeyd olunur ki, haubitsalardan belə çox istifadə onların sürətlə aşınmasına, dəqiqlik və atəş sürətinin itirilməsinə səbəb olur.

Zədələnmiş silahların təmiri üçün ABŞ Müdafiə Nazirliyinin Polşada təmir məntəqələri yaratdığı bildirilir.

“The New York Times” yazır ki, Ukrayna zədələnmiş silahların daha tez xidmətə qaytarılması üçün cəbhə xəttinə yaxın bölgələrdə artilleriya xidmət məntəqələri təşkil etmək istəyir.

Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

Ukraynaya 'Patriot' hava hücumundan müdafiə sistemləri verilə bilər

"Patriot", Hava Hücumundan Müdəfiə sistemi

Polşa ərazisinə raket düşməsi və iki nəfərin həlak olması hadisəsindən sonra Polşa-Ukrayna sərhəddinin necə qorunması məsələsi müzakirə olunmaqdadır.

Əsas məsələ də Amerikaya məxsus "Patriot" hava hücumundan müdafiə raketlərinin harada yerləşdirlməsidir.

Almaniyanın müdafiə naziri Kristin Lambrext hesab edir ki, NATO tərəfdaşlarının razılığı ilə zenit-raket kompleksləri Ukraynaya verilə bilər.

"Patriot" kompleksi əlliyə qədər hədəfi idarə edə və eyni zamanda onlardan beşini vura bilər. Bu zaman vurulması lazım olan raket, təyyarə və ya pilotsuz aparatların ölçüsü və uçuş hündürlüyü heç bir əhəmiyyət kəsb etmir.

"Patriot" Amerika istehsalı olan hava hücumundan müdafiə sistemidir. O, ABŞ və bir sıra NATO ölkələrinin arsenalındadır. Kompleks qırx il əvvəl istifadəyə verilsə də, o vaxtdan bir neçə dəfə ciddi şəkildə modernləşdirilib.

Bu müdafiə sistemi qanadlı raketləri və dronları effektiv şəkildə vura bilir. O da vurğulanır ki, nəzəri olaraq, bu sistem Polşa ərazisindəki faciənin qarşısını ala bilərdi.

Beləki noyabrın 15-də ya Rusiya tərəfindən atılan raket, ya da onun qarşısını almalı olan Ukrayna raketinin düşməsi nəticəsində Polşada iki nəfər həlak olub.

Polşa prezidenti Anjey Duda faciədə Rusiyanı günahlandırıb. Müdafiə naziri isə "Ukraynanı daha çox itkilərdən və elektrik enerjisinin kəsilməsindən qorumaq və Polşanın şərq sərhədində təhlükəsizliyi artırmaq" üçün "Patriot" komplekslərinin Ukraynanın qərb sərhədlərində yerləşdirilməsini təklif edib.

Hərbi nöqteyi-nəzərdən bunu effektiv sayan Polşa prezidentinə görə, bu raketlər həm Polşanı, həm də Ukraynanı qorumaq üçün Ukrayna ərazisində yerləşdirilsə daha yaxşı olar.

Polşa-Ukrayna sərhədini tam təmin etmək üçün iki "Patriot" kompleksinin yetərli olduğunu bildirən hərbi ekspertlər hesab edirlər ki, bu raketlər iki ölkənin sərhəddində yerləşdirlsə belə 100 kilometr radiusda hər iki ölkənin ərazisini müdafiə etmiş olur.

Varşava ilk "Patriot" komplekslərini Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından sonra alıb. Polşa ərazisinə raket düşməsindən sonra Almaniya Polşaya hava hücumundan müdafiə sistemləri təklif edib.

Nazir deyib ki, Varşavanın Ukraynada “Patriot” hava hücumundan raket kompleksləri yerləşdirilməsi ilə bağlı müstəqil qərar vermək hüququ olmasa da bu müzakirə oluna bilər:

"Bu "Patriot"lar NATO-nun inteqrasiya olunmuş hava hücumundan müdafiə sisteminin bir hissəsidir, yəni NATO ərazisində yerləşdirilmək üçün nəzərdə tutulub. NATO ərazisindən kənarda istənilən istifadə üçün NATO müttəfiqləri arasında ilkin müzakirə tələb olunur."-Almaniyanın müdafiə naziri vurğulayıb.

O da qeyd olunur ki NATO Ukraynada hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi ilə razılaşarsa, bu zaman müttəfiqlərin həll etməli olduğu daha bir mühüm məsələ var. Bu da hava hücumundan müdafiə sistemlərini kimin-NATO hərbçilərinin yoxsa Ukrayna silahlı qüvvələrinin idarə edəcəyi ilə bağlıdır.

Tokayev Qazaxıstan prezidenti vəzifəsinin icrasına başlayıb

Q.J. Tokayev, Astana, 26 noyabr 2022

Erkən prezident seçkilərində qalib elan edilən Kasım-Jomart Tokayev növbəti 7 il ərzində Qazaxıstanın dövlət başçısı vəzifəsinin icrasına başlayıb.

İnauqurasiya mərasimi noyabrın 26-sı paytaxt Astanadakı Müstəqillik Sarayında keçirilib.

"Qazaxıstan milli maraqların qorunmasına yönəlmiş balanslaşdırılmış, konstruktiv xarici siyasət həyata keçirməyə davam edəcək. Əsas diqqət qonşu dövlətlərlə - Rusiya, Çin və Mərkəzi Asiyanın qardaş ölkələri ilə, inteqrasiya üzrə tərəfdaşlarla qarşılıqlı faydalı əməkdaşlıq və strateji tərəfdaşlıq məsələləri olacaq.”, - “İnterfaks” Tokayevin çıxışından sitat gətirir.

Tokayev həmçinin əlavə edib ki, Qazaxıstan “ABŞ, Avropa İttifaqı, Asiya, Yaxın Şərq və Qafqaz dövlətləri, eləcə də bütün maraqlı ölkələrlə çoxşaxəli əməkdaşlığın inkişafı üçün hər cür səy göstərəcək”.

Noyabrın 20-də Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilib.

Erkən prezident seçkiləri Qazaxıstan Konstitusiyasının yenilənmiş variantına uyğun olaraq keçirilib. Prezident yeddi illik müddətə (əvvəllər müddət beş il idi) və yalnız bir dəfə seçilir.

Konstitusiyaya dəyişikliklər bu ilin yanvarında kütləvi etiraz və iğtişaşlardan sonra edilib.

Avropaya üz tutan miqrantların sayı artır

Belarus-Polşa sərhədində miqrant

Avropa İttifaqının (Aİ) miqrasiyaya cavabdeh nazirləri noyabrın 25-də Brüsseldə bir araya gələcəklər. Onlar blok ərazisinə miqrant axınındakı artımı müzakirə edəcəklər.

Bu il İtaliyaya Aralıq dənizi ərazisindən keçməklə 94 mindən çox miqrant üz tutub. Ötən il bu rəqəm 67 mindən yuxarı idi. Məlumatı Beynəlxalq Miqrasiya Təşkilatı yayıb.

Xorvatiyaya isə bu il 24 minədək miqrantın getdiyi bildirilir. 2021-ci ildə onların sayı 17 mindən çox idi.

Bu ilin iyununadək Böyük Britaniyaya təmiz miqrasiya rekord həddə – 504 minə çatıb. Özəlliklə qeyri-Aİ ölkələrindən gedənlərin sayının artdığı bildirilir.

Milli Statistika İdarəsinin məlumatına görə, COVID-19 pandemiyasından sonra səyahətin bərpası üstəgəl pandemiya dövründə məsafədən təhsil alan beynəlxalq tələbələrin axını miqrasiya sayını yüksəldib.

Ümumilikdə bu müddət ərzində 1.1 milyon uzunmüddətli immiqrant Britaniyaya gedib ki, bu da bir il öncəylə müqayisədə 435 min nəfər çoxdur.

Beynəlxalq Miqrasiya üzrə ONS Mərkəzinin direktoru Jey Lindop (Jay Lindop) “Reuters”ə deyib ki, bu ilin iyununadək 12 ay ərzində bir sıra beynəlxalq tədbirlər də miqrasiyaya təsirini göstərib: “Ümumilikdə, bu tendensiyalar misilsiz olub”.

update

İndoneziyada zəlzələdə 252 nəfər ölüb

Yavada zəlzələ

İndoneziyada noyabrın 21-də baş vermiş zəlzələdə ölənlərin sayı 252-yə yüksəlib. Azı 377 nəfər xəsarət alıb, 31 nəfər itkin sayılır. Xilasetmə işlərinin davam etdiyi bildirilir.

Paytaxt Cakartadan 74 km cənub-şərqdə zəlzələ nəticəsində 7 mindən çox insan köçkünə çevrilib.

+++

İndoneziyanın Yava adasında ötən bazar günü baş vermiş zəlzələdə azı 162 nəfər ölüb, 300-dən çox insan xəsarət alıb. Zəlzələnin gücü 10 ballıq Rixter şkalası ilə 5.6 bal olub.

14 minədək yavalı evsiz qalıb, düşərgələrə yerləşib.

Qərbi Yava vilayətinin qubernatoru Ridvan Kamil mediaya deyib ki, ölü və yaralı sayı arta bilər. Xilasetmə işləri davam edir.

Azı 2300 ev, dörd məktəb dağılıb. Məscid və xəstəxana binalarına ziyan dəyib.

İndoneziya planetin seysmik aktiv zonalarından birində yerləşir. 2004-cü ildə Sumatra adasında 9.1 bal gücündə zəlzələ sunamiyə səbəb olub, 14 ölkəyə ziyan dəyib. Təbii fəlakət nəticəsində həlak olan 226 min nəfərin yarısı indoneziyalılar idi.

Moskvada yanğında 7 nəfər ölüb

Komsomolskaya meydanı

Moskvada gül anbarında yanğında yeddi nəfər ölüb. Yanan binanın dağıntıları altından 6 cəsəd çıxarılıb. Daha sonra isə Komsomolsk meydanında ölənlərin sayının 7-yə yüksəldiyi açıqlanıb.

Noyabrın 20-də Rusiya paytaxtının mərkəzində ikimərtəbəli kərpic binada böyük yanğın baş verib. Binada mebel və şamdan mağazasının, eləcə də gül mağazası anbarının yerləşdiyi bildirilir. Yanğın 2500 kvadrat metr ərazini əhatələyib.

Gül anbarındakı yanğın 9 saata söndürülüb.

Yanğının mümkün səbəbləri arasında elektrik qızdırıcı cihazın nasazlığı və elektrik şəbəkəsinin qəza rejimində olması göstərilir.

İstintaq Komitəsi yanğın üzrə cinayət işi açıb.

Qazaxıstanda erkən prezident seçkiləri

Qazaxıstan, erkən prezident seçkiləri, 20 noyabr 2022

Qazaxıstanda erkən prezident seçkilərində səsvermə başa çatıb. Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına görə, siyahılara daxil edilmiş vətəndaşların ümumi sayının 69,43 faizi seçki bülleteni alıb.

Ümumilikdə səsvermədə 8 milyon 299 min 501 nəfər iştirak etmiş sayılır.

Ölkənin hazırkı prezidenti Qasım-Jomart Tokayevdən başqa prezidentlik kürsüsü üçün daha beş namizəd mübarizə aparır. Həmin namizədlər ölkədə o qədər də tanınmadığı üçün müxalifəti onları Tokayevə alternativ imici yaratmaq üçün gətirilən namizədlər sayır.

Erkən prezident seçkisində Ümummilli Sosial Demokrat Partiyasından namizəd Nurlan Auesbayev, Qazaxıstan Həmkarlar İttifaqları Birliyi "Amanat"dan namizədliyi irəli sürülmüş Meyram Kajıken, "Auyl" Xalq Demokratik Partiyasından Jiquli Dairabayev, Sosial İşçilər Alyansından Karakat Abden və "Qazaxıstan Anaları-adət-ənənə yolu" birliyindən Saltanat Tursynbekova hazırkı prezidentlə rəqabət aparır.

Müşahidəçilər seçki pozuntularının olduğunu bildirirlər. Almatıda bir müstəqil müşahidəçi səhər tezdən seçki məntəqəsinə gedərkən saxlanılaraq polis bölməsinə aparılıb. Səbəbi açıqlanmadan müşahidəçi bir-neçə saat polis bölməsində saxlanılıb.

Məlumatlarda o da vurğulanır ki, məntəqələrdə digər müstəqil müşahidəçilərin hərəkəti gün ərzində məhdudlaşdırılıb, bəziləri seçki məntəqələrindən çıxarılıb və ya buraxılmayıb. Bundan başqa müşahidəçilərə seçicilərin sayı və seçki bülletenləri barədə məlumat verilməyib.

Amma Almatı və digər bölgələrdəki seçki komissiyalarının sədrləri və ya nümayəndələri bu kimi məlumatları təkzib edib heç bir qanun pozuntusunun olmadığını deyiblər.

Artıq ölkə prokurorluğu seçkilərin sakit şəraitdə keçdiyini bəyan edib.

Müxalifət nümayəndələri əsasən Almatıda bir sıra etiraz aksiyaları keçiriblər. Onların saxlanıllaraq polis bölmələrinə aparılması ilə bağlı məlumatlar yayılıb. Bundan başqa seçkilərdən bir gün bir neçə müxalifət fəalı inzibati həbs edilib.

Erkən prezident seçkiləri Qazaxıstan Konstitusiyasının yenilənmiş variantına uyğun olaraq keçirilir. Prezident yeddi illik müddətə (əvvəllər müddət beş il idi) və yalnız bir dəfə seçilir. Konstitusiyaya edilən dəyişikliklərdən sonra hazırkı prezident Qasım-Jomart Tokayevin əvvəlki səlahiyyət müddəti sıfıra endirilib.

Konstitusiyaya dəyişikliklər bu ilin yanvarında kütləvi etirazlar və iğtişaşlardan sonra edilib.

Zaporojye AES ərazisində partlayışlar olduğu bildirilir

Ukrayna, Zaporojye AES ərazisi, 31 avqust 2022

Beynəlxalq Atom Enerjisi Agentliyi şənbə günü axşam və bazar günü səhər saatlarında Zaporojye Atom Elektrik Stansiyasının (AES) yaxınlığında ondan çox partlayış olduğunu bildirir.

Məlumatda kritik sistemlər üçün təhlükə olmadığı bildirilir, ölən və yaralananların olması barədə də məlumat verilmir. Rusiya atəşə görə Ukraynanı günahlandırır. Müdafiə Nazirliyi bildirir ki, mərmilərdən biri təzə nüvə yanacağı olan xüsusi binanın damına düşüb.

Ukraynanın “Enerqoatom” Agentliyi isə bildirir ki, Rusiya qoşunları “5 və 6-cı enerji bloklarının işə salınması və Ukraynanın ehtiyacları üçün elektrik enerjisi istehsalının bərpası üçün zəruri olan” infrastrukturu sıradan çıxarmaq məqsədilə AES-i atəşə tutub.

Beynəlxalq Atom Enerjisi Agentliyi baş verənləri qəbuledilməz sayır. Agentlik bildirir ki, arxasında kimin dayanmasına baxmayaraq atışma dərhal dayandırılmalıdır.

"Siz odla oynayırsınız!" - deyə təşkilatın rəhbəri Rafael Qrossi açıqlamasında vurğulayıb.

Zaporojye atom elektrik stansiyasını martın əvvəlində rus qoşunları ələ keçirib. Ukraynanın enerji təchizatı sisteminə bağlı qalan stansiyanın ərazisi dəfələrlə atəşə tutulub ki, bu da onun işinin dayanmasına səbəb olub.

Beynəlxalq Atom Enerjisi Agentliyi Moskvanı stansiyanın ərazisini boşaltmağa və qoşunlarını oradan çıxarmağa çağırıb.

Mask Trampın Twitter hesabını blokdan çıxarıb

Tramp

Twitter korporasiyasının yeni sahibi İlon Mask ABŞ-ın keçmiş prezidenti Donald Trampın hesabını bloklamaq qərarını ləğv edib.

Mask daha əvvəl Twitter-də Trampın hesabının bərpası ilə bağlı sorğu keçirib. Rəyi soruşulanların 50%-dən çoxu eks-prezidentin səhifəsinin bərpasının tərəfdarı olduğunu bildirib. Məlumata görə, səsvermədə 15 milyon istifadəçi iştirak edib.

"Vox Populi, Vox Dei" deyə Mask yazıb. ("Xalqın səsi Allahın səsidir" deyiminin analoqu - AR).

Reuters xəbər verir ki, Tramp buna cavab olaraq Twitter-ə qayıtmaq fikrində olmadığını və özünün Truth Social sosial şəbəkəsindən istifadə edəcəyini bildirib. Lakin artıq doqquz milyondan çox istifadəçi ABŞ-ın 45-ci prezidentinin hesabına abunə olub.

Donald Trampın sosial media hesabları - Facebook, Instagram və Twitter 2021-ci ilin yanvarında dondurulub.

Daha sonra ABŞ-da keçirilən prezident seçkilərinin nəticələri ilə razılaşmayan Tramp tərəfdarları Vaşinqtonda Kapitoli binasına basqın ediblər. Bu hadisələrdə bir neçə nəfər ölüb. Sosial şəbəkələrin rəhbərliyi belə qərara gəliblər ki, Tramp öz hesablarında tərəfdarlarını iğtişaşlara sövq edib.

İlon Mask Twitter-i oktyabrın sonunda 44 milyard dollara alıb.

İran Rusiyada pilotsuz aparatlar istehsal edəcək

İrana məxsus "Şahed-136" dronları

Qəzet Rusiyanın İran PUA və dronlarına lazım olacaq hissələri necə və haradan əldə edəcəyininin məlum olmadığını yazır

Moskva ilə Tehran Rusiyada İranın döyüş pilotsuz uçan aparatlarının (PUA) istehsalına dair razılığa gəliblər.

Bu barədə ABŞ və müttəfiqlərinin kəşfiyyat məlumatlarına istinadən "The Washington Post" qəzeti yazıb.

Nəşrin məlumatına görə, belə bir razılıq noyabrın əvvəlində Tehranda əldə edilib. Qəzet istehsalın "aylar" ərzində başlaya biləcəyini vurğulayır.

Qəzetin yazdığına görə, avqust ayından Rusiya ordusu Ukraynaya qarşı İran istehsalı olan 400-ə qədər pilotsuz aparatlardan istifadə edib. Amma buna baxmayaraq həm Moskva, həm də Tehran İranın Rusiyaya silah tədarükünü inkar edir.

Nəşr payızda ABŞ-ın bu cür silahlar istehsal edən İran şirkətlərinə qarşı sanksiyalar tətbiq etdiyini xatırladır və qeyd edir ki, PUA istehsalının Rusiyaya ötürülməsi İranı yeni sanksiyalardan qoruya bilər.

Amma qəzet onu da vurğulayır ki, rəsmi Tehranın sövdələşmə əvəzində Moskvadan konkret nə gözlədiyi məlum deyil. Jurnalistlərlə danışan bir mənbə deyib ki, Kreml ən azı İran rejiminə beynəlxalq təzyiqləri azaltmaq üçün diplomatik və iqtisadi dəstək təklif edir.

Vurulmuş İran pilotsuz aparatlarının qalıqlarının tədqiqi göstərir ki, onlar sanksiyalardan yayınmaq üçün tədarük edilən Qərb istehsalı komponentlərdən geniş istifadə edirlər.

Rusiyanın bu komponentləri necə əldə edəcəyi məlum deyil. Qəzet Rusiya müəssisələri tərəfindən hansı dronların istehsal olunacağı barədə məlumat vermir.

İndiyə qədər Rusiya Ukraynada İran istehsalı olan “Geran-1” və “Geran-2”, “Şahed-131” və “Şahed-136” kamikadze dronları, “Moxadjer-6” çoxməqsədli pilotsuz uçuş aparatlarından istifadə edib.

"Washington Post" Rusiya səfirliyindəki və İranın ABŞ-dakı nümayəndəliyindəki mənbələrdən şərh istəyib. Rusiya diplomatları jurnalistləri Müdafiə Nazirliyinə yönəldiblər , amma oradan nəsə bir cavab almaq mümkün olmayıb. İran nümayəndəliyindən isə bildiriblər ki, Tehranla Moskva uzun müddətdir hərbi, elmi və tədqiqat sahələrində əməkdaşlıq edir. Sözügedən məsələyə gəlincə, İran nümayəndəliyindən suallara cavab verməkdən imtina ediblər.

Rusiyanın işğalı başlayandan bəri Ukraynada 437 uşaq həlak olub

Ukrayna, Mikolayev, partlayışdan sonra

Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri 437 uşaq həlak olub, 837-dən çoxu müxtəlif dərəcəli xəsarətlər alıb. Bu barədə Ukraynanın Baş Prokurorluğu məlumat yayıb.

Məlumatda vurğulanır ki, uşaqlar daha çox ölkənin Donetsk, Xarkov və Kiyev vilayətlərində zərər çəkib.

Həmçinin bildirilir ki, keçən müddət ərzində 2719 təhsil müəssisəsi bombalanmaya məruz qalıb ki, onlardan 332-si tamamilə dağıdılıb.

"Bu rəqəmlər yekun deyil, çünki onların aktiv döyüş əməliyyatları aparılan yerlərdə, müvəqqəti işğal olunmuş və azad edilmiş ərazilər istiqamətində işlər davam etdirilir", - Baş Prokurorluğun hesabatda deyilir.

Noyabrın 13-də BMT-nin açıqladığı məlumatına görə, Rusiyanın işğalı nəticəsində 408-i uşaq olmaqla 6557 mülki şəxs həlak olub. Təşkilat qeyd edir ki, şiddətli döyüşlərin davam etdiyi bəzi yerlərdə ölənlərin sayı xeyli çoxdur və bu məlumatların təsdiqlənməsi lazımdır.

Ukraynanın enerji sisteminin təxminən yarısı sıradan çıxıb

Ukraynanın Lvov şəhəri, raket zərbəlrindən sonra işıqsız qalıb

Rusiyanın Zaporojyeyə gecə endirdiyi zərbə nəticəsində şəhərin rayonlarından birində istilik təchizatının kəsilib. Vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Staruxun dediyinə görə, partlayış nəticəsində mərkəzləşdirilmiş istilik boru kəmərləri zədələnib və 17 mindən çox abonentin yaşadığı 123 çoxmərtəbəli binanın istilik təchizatı kəsilib.

"Rusiya işğalçıları hansı arqumentləri üzə çıxarsalar da, onların terror hərəkətləri həqiqətən humanitar fəlakət yaratmağa yönəlib"-Aleksandr Starux Telegram-kanalında yazıb.

O, təcili yardım xidmətlərinin çalışdığını, artıq 60 evə istilik verildiyini deyib.

Rusiyanın hər gün Ukraynanın infrasrtukturuna endirdiyi raket zərbələri nəticəsində Ukraynanın enerji sisteminin təxminən yarısı sıradan çıxıb.

Bunu Ukraynanın baş naziri Denis Şmıxal deyib.

"Təəssüf ki, Rusiya Ukraynanın mühüm mülki infrastrukturuna raket zərbələrini davam etdirir, dinc əhaliyə qarşı mübarizə aparır və qışda onları elektrik enerjisi, su təchizatı, istilik və rabitədən məhrum edir. Yalnız noyabrın 15-də Rusiya Ukrayna şəhərlərinə 100-ə yaxın raket zərbəsi endirib. Enerji sistemlərimizin demək olar ki, yarısı sıradan çıxıb”, - baş nazir bildirib.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının mətbuat katibi Yuri İqnatın sözlərinə görə, Rusiya noyabrın 15-də Ukraynanın ən azı 17 bölgəsinə raket zərbələri endirib. 7 milyona qədər ev təsərrüfatının işıqsız qaldığını deyən mətbuat katibinin sözlərinə görə, bu, müharibə başlayandan bəri Rusiyanın Ukraynaya ən kütləvi zərbə endirmələrindən biridir.

Ukraynada elektrik enerjisi ilə bağlı yaranmış problemin tam aradan qaldırılması üç gündən on günə qədər davam edə bilər. Bunu Kiyevdə keçirilən tədbir zamanı Enerji Araşdırmaları Mərkəzinin direktoru Oleksandr Xarçenko deyib. Onun sözlərinə görə, əlverişli ssenaridə enerji sistemində tam istehlakın bərpası üç gün, əlverişsiz ssenaridə isə yeddi gündən on günə qədər davam edəcək.

Bu arada “The Economist” yazır ki, Rusiyanın döyüş sursatları kəskin şəkildə tükənmək üzrədir. Məlumatda təxminən 120-yə yaxın “İskəndər” raketi qaldığı, bir aya isə artilleriya sursatlarının tükənəcəyi bildirilir.

“The Economist” ə gör, pis xəbər odur ki, Ukraynanın da çoxlu silah-sursatı yoxdur. Ama o da vurğulanır ki, Ukraynanın daha dəqiq idarə olunan raketləri və daha çox döyüşə hazır hərbi personalı var (100 min rus hərbçisinə qarşı 200-300 min). Ukrayna və Rusiya ordularının əhval-ruhiyyəsinə gəlincə, yazıda bunun müqayisəyə gəlməz olduğu bildirilir. O da qeyd olunur ki, Ukrayna müdafiə sənayesi son aylarda 122 və 152 mm-lik sovet döyüş sursatlarının istehsalını qura bilib.

Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

İstanbulda partlayış olub, ölən və yaralananlar var

Türkiyə, təcili tibbi yardım maşınları, arxiv foto

Hələki partlayışın səbəbləri barədə məlumat verilmir

Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğan altı nəfərin öldüyünü, 50-dən çox yaralının olduğunu bildirib.

Xəbərləri İstanbul valisi Əli Yerlikaya təsdiqləyib. Qurbanların sayının arta biləcəyi ehtimal edilir. İstanbul prokurorluğu hadisənin terror versiyasını istisna etmir.

Erdoğanın sözlərinə görə, bunu istintaqın ilkin məlumatları göstərir. Hələlik heç kim partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib. Son illər Türkiyənin ən böyük şəhərində İslam Dövləti terror qruplaşması tərəfindən bir neçə partlayış törədilib.

Azərbaycan prezidenti İlham Əliyev və Xarici İşlər naziri Ceyhun Bayramov İstanbulda baş verən hadisə ilə bağlı Türkiyəyə başsağlığı verib.

***

Bazar günü, noyabrın 13-də İstanbulun mərkəzində partlayış baş verib. İlkin məlumata görə, ölən və yaralananlar var, onların sayı dəqiqləşdirilir. CNN Türk-ün yaydığı məlumata görə, partlayış nəticəsində ən azı 4 nəfər həlak olub, 38 nəfər yaralanıb. Partlayışın səbəbləri ilə bağlı hələki hansı açıqlama verilməyib.

Partlayış İstanbulun tam mərkəzində, adamların sıx olduğu İstiqlal küçəsində olub. Sosial şəbəkələrdə yayılan videolardan görünür ki, partlama zamanı küçədə çoxlu adam olub.

Kiyevlə Moskva arasında danışıqlar gələn il bərpa oluna bilər

Ukrayna və Rusiya nümayəndələrinin İstanbulda görüşü, görüşdən əvvəl Türkiyə prezidenti nümayəndələrlə görüşür, 29 mart 2022

Kiyevlə Moskva arasında danışıqlar 2023-cü ilin ikinci yarısında bərpa oluna bilər.

Bunu Ukrayna Ali Radasındakı “Xalqın qulluqçusu” fraksiyasının sədri David Araxamiya deyib. Bundan əvvəl o, Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinə rəhbərlik edib.

Araxamiya Kiyevin danışıqlar masasına oturmaq şərtləri xatırladıb.

"Prezident Volodimir Zelenski Rusiya ilə hansı şərtlərlə nə isə danışmağın mümkünlüyünü açıq şəkildə bəyan edib. Bu, ərazi bütövlüyünün bərpası, dəymiş bütün itkilərin ödənilməsi, bütün hərbi cinayətkarların cəzalandırılması, bir də bunun bir daha təkrar olunmayacağına təsirli təminatdır. ", - Arakhamia teleqramında yazıb.

Deputat hesab edir ki, 2024-cü ildə keçiriləcək prezident seçkilərinə qədər Rusiya hakimiyyəti hərbi uğur əldə etmədiyi üçün diplomatik cəbhədə “öz xalqına nə isə göstərməyə” çalışacaq, ona görə də gələn ilin ikinci yarısında danışıqlar yenidən başlaya bilər.

Rusiya-Ukrayna danışıqları may ayında dayandırılıb. Nümayəndə heyətlərinin sonuncu təkbətək görüşü martın 29-da İstanbulda baş tutub.

Ukrayna silahlı qüvvələrinin strateji uğurları fonunda son həftələr müxtəlif ölkələrin siyasətçiləri danışıqların mümkünlüyü barədə daha tez-tez danışmağa başlayıblar.

Noyabrın 11-də Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə danışıqlara qapı bağlamadığını, lakin hələ də Rusiyanın hazırkı rəhbərliyi ilə danışıqları əbəs hesab etdiyini bildirib.

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Vaşinqtondan gələn “siqnal” əsasında Ukrayna ilə sülh danışıqları başlaya bilər.

18 il Paris hava limanında yaşayan iranlı elə orda da vəfat edib

Mehran Karimi Nasseri, 12 avqust 2004, Paris, Şarl de Qoll hava limanı

Mahran Kərimi Nasseri noyabrın 12-də 76 yaşında Parisdəki Şarl de Qoll hava limanında vəfat edib.

O, 1980-ci illərin sonundan 18 il Şarl de Qoll hava limanının 2F terminalında yaşayıb və ölümündən bir neçə həftə əvvəl oraya qayıdıb.

Nasseri 1945-ci ildə İranda anadan olub. 1974-cü ildə daha əvvəl onlardan ayrılmış anasını axtarmaq üçün Londona uçub. Yaxınları Nasseriyə anasının İngiltərəyə getdiyini bildiriblər.

1977-ci ildən 1981-ci ilə qədər o, altı ölkədən sığınacaq almağa çalışıb və nəticədə onu Belçikada alıb, orada kitabxanada işə düzəlib.

1988-ci ildə Nasseri Parisdən keçməklə Böyük Britaniyaya köçmək qərarına gəlib. Bir ehtimala görə, hava limanına enəndən sonra sənədlərinin oğurlandığı üzə çıxıb. Sənədləri olmadan Londona uçsa da sonrada Fransaya geri göndərilib. İranlının ölkəyə daxil olmaq hüququ olmayıb və o, hava limanında 2F terminalında məskunlaşıb. O, günlərini dəftərinə öz həyatını yazmaqla, qəzet və jurnal oxumaqla keçirib.

1999-cu ildə Nasseri Fransada qaçqın statusu alsa da , 2006-cı ilə qədər hava limanının terminalında qalıb. Bu hadisə Hollivud rejissoru Stiven Spilberqin diqqətini çəkib, o, 2004-cü ildə Nasserinin hekayəsi əsasında “Terminal” tragikomediyasını çəkib.

Filmdə baş rolları Tom Hanks və Ketrin Zeta-Cons canlandırıb. Filmin premyerasından sonra Nasseridən müsahibə alınmağa başlanılıb. Özünü “Ser Alfred” adlandıran Nasseri gündə bir neçə dəfə mətbuatla görüşüb.

2006-cı ildə xəstələndiyi üçün xəstəxanaya aparılıb. Bundan sonra Spilberq filmindən aldığı pulla yataqxanada yaşayıb.

Bir neçə həftə əvvəl Nasseri yenidən uzun müddət yaşadığı 2F terminalına qayıdıb və noyabrın 12-də elə orda da vəfat edib.

Hava limanının sözçüsününü dediyinə görə, onun ölümü təbii səbəblərdən olub. Nasserinin yanından bir neçə min avro nağd pul tapılıb.

Hava limanının əməkdaşı aydınlaşdırıb ki, Nasseri həmişə aeroportun ictimai yerində olub və işçilər həmişə onun qayğısına qalıblar.

Putindən təklif- 'feyk' yayanlar vətəndaşlıqdan çıxarılsın

Rusiya prezidenti Vladimir Putin Rusiya vətəndaşlığı haqqında qanun layihəsinə bir sıra düzəlişlər edib.

Bu dəyişikliklərdən biri odur ki, "dövlət üçün arzuolunmaz fəaliyyətlərə yol verən, o cümlədən ordu haqqında saxta məlumatlar yayanlar " Rusiya vətəndaşlığından məhrum edilir. Məlumatda qeyd olunduğuna görə, bu vətəndaşlığı sonradan əldə edən rusiyalılara şamil ediləcək.

Hazırda Dövlət Dumasında baxılan qanun layihəsi aprelin 5-də birinci oxunuşda qəbul edilib.

Putinin təkliflərinə görə, əldə edilmiş vətəndaşlığa onun sahibi “ölkənin təhlükəsizliyinə təhdid yaradan hərəkətlər” etdikdə xitam verilə bilər.

Həmçinin, əldə edilmiş vətəndaşlıqdan məhrumetmənin səbəbi kimi Rusiyada arzuolunmaz kimi tanınan beynəlxalq təşkilatın fəaliyyətində iştirak etmək, ordunu nüfuzdan salmaq, ərazi bütövlüyünü pozmağa çağırışlar, dövlət rəmzlərini təhqir etmək və ekstremizm göstərilib.

Qanun layihəsinə görə, adam oğurluğu, soyğunçuluq, quldurluq, hədə-qorxu ilə tələb etmə, xuliqanlıq, vandalizm törətmiş şəxslər əldə etdikləri vətəndaşlıqdan məhrum ola bilər.

“Rusiya vətəndaşlığı haqqında” qanun layihəsi prezident tərəfindən Dövlət Dumasına ötən ilin sonunda təqdim edilib. Rusiya vətəndaşlığını, əvvəllər olduğu kimi, rus dilini bilən və ölkənin tarixini bilən (bunun üçün abituriyentlər xüsusi imtahan verir) və asayiş üçün təhlükə yaratmayan şəxslər tərəfindən əldə edilə bilər. Onlar Rusiya Konstitusiyasına əməl etməyi öhdələrinə götürürlər.

Amma Rusiya Konstitusiyasının 6-cı maddəsinə əsasən, Rusiya Federasiyasının vətəndaşı vətəndaşlıqdan və ya onu dəyişdirmək hüququndan məhrum edilə bilməz. Konstitusiyada vətəndaşlığın doğulduğu və ya sonradan əldə edildiyi hallar arasında hüquqi fərq müəyyən edilmir.

Ukraynaya hərbi təcavüzdən sonra, martın 4-də Vladimir Putin ordu haqqında saxta və gözdən salacaq məlumatların qarşısının alınması ilə bağlı yeni qanun imzalayıb.

Bu qanuna görə, Ukraynadakı müharibə haqqında rəsmi məlumatlardan fərqli danışanlar ttiham edə bilər.

Rusiyada siyasi həbslərin monitorinqini aparan müstəqil media layihəsi olan "OVD-info"-nun məlumatına görə, Ukrayna ilə müharibənin doqquz ayı ərzində saxtakarlıq və nüfuzdan salma maddələri ilə dörd mindən çox inzibati və 250-yə yaxın cinayət işi başlanıb.

Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

Senat seçkilərində ABŞ Demokratları liderdir

ABŞ, Nevada, Seçki, Demokrat Partiyasının üzvü Ketrin Kortez-Masto

ABŞ-ın Nevada ştatında səslər hesablandıqdan sonra Senatdakı Demokratlar çox güman ki, 50 yer qazanacaq və bununla Konqresin yuxarı palatasına nəzarət edəcəklər.

CNN xəbər verir ki, Nevadada Demokrat Partiyasının üzvü Ketrin Kortez-Masto liderdir. Ştatda bülletenlərin 95%-dən çoxu işlənib. Kortes-Masto 48,7% səs toplayıb. O, Respublikaçıların keçmiş Nevada Baş prokuroru Adam Laksaltı yarım faiz qabaqlayır.

Kortez-Masto qalib elan olunarsa, o zaman dekabrda seçkilərin ikinci turunun keçiriləcəyi Corciya ştatında respublikaçılar qalib gəlsə belə, Respublikaçılar Partiyası Senatda səs çoxluğu əldə etməyəcək.

Səslərin bərabər olacağı təqdirdə, Demokratlar Partiyasından vitse-prezident Kamala Harris həlledici səsə sahib olacaq.

Aİ və Böyük Britaniya G20 sammitində Rusiyanı boykot etmək istəyir

G20-nin maliyyə nazirləri, mərkəzi bank rəhbərləri və yüksək vəzifəli məmurlar Balidə görüşürlər

Avropa İttifaqı (Aİ) və Böyük Britaniya noyabrın 15-16-da İndoneziyanın Bali adasında keçiriləcək G20 sammitində Rusiya nümayəndə heyətinin çıxışlarını boykot etmək niyyətindədir.

Bu barədə Britaniyanın “The Daily Telegraph” qəzeti məlumat yayıb. Aİ-nin xarici əlaqələr xidmətinin nümayəndəsi qəzetə bildirib ki, beynəlxalq ictimaiyyət bununla "Rusiyanın bütün cinayətləri, vəhşilikləri və qanunsuz hərəkətləri haqqında" nə düşündüyünü göstərmək istəyir.

Ölkələr həmçinin Rusiyanı müharibəyə son qoymağa çağıracaq, danışıqların Ukrayna üçün məqbul şərtlərlə aparılmalı olduğunu qeyd edəcəklər.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putinin G20 sammitinə gəlməyəcəyi və videoformatda da iştirak etməyəcəyi məlum olub.

Prezidentin mətbuat katibi Putinin qərarını “onun Rusiyada olmasının zəruriliyi” ilə izah edib. Bu səbəbdən Rusiyanı sammitdə xarici işlər naziri Sergey Lavrov təmsil edəcək.

Amma iyul ayında Balidə keçirilən G20 xarici işlər nazirlərinin konfransında Lavrov özünü təcrid vəziyyətinə salıb və görüşü vaxtından əvvəl tərk edib.

Aprel ayında isə Rusiya nümayəndələrinin çıxışı zamanı G20 iclasında bir sıra Qərb ölkələrinin maliyyə nazirləri və mərkəzi banklarının rəhbərləri etiraz olaraq tədbiri tərk ediblər. Görüşə internet üzərindən qoşulanlar isə bu zaman kameralarını söndürüblər.

Ukrayna prezidenti Volodimir Zelenski noyabrın 3-də Putinin sammitdə iştirak edəcəyi təqdirdə, sammitdə iştirakdan imtina edəcəyini bildirib.

Amma noyabrın 8-də Kiyev buna baxmayaraq, Zelenskinin sammitdə “müəyyən formatda” - ola bilsin ki, onlayn şəkildə iştirak edəcəyini təsdiqləyib.

Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

Xersondan çəkilən Rusiya Geniçeski vilayətin inzibati paytaxtı elan edib

Geniçesk, 6 avqust 2018

Rusiya qoşunları Xersondan çıxarıldıqdan sonra Geniçesk müvəqqəti olaraq ilhaq edilmiş Xerson vilayətinin inzibati paytaxtı elan edilib.

Bu barədə RİA Novosti-yə Rusiya tərəfindən təyin olunmuş hökumət nümayəndəsinin mətbuat katibi Aleksandr Fomin məlumat verib.

"Bu gün Xerson vilayətinin müvəqqəti inzibati paytaxtı Geniçeskdir. Bütün əsas hakimiyyət orqanları orada cəmlənib", - Fomin bildirib.

Geniçesk kurort və liman şəhəri Xerson vilayətinin cənubunda Azov dənizinin sahilində yerləşir. Şəhər fevralın 24-də, Rusiya qoşunlarının Ukraynaya girdiyi ilk günündə işğal edilib.

Noyabrın 11-də Rusiya Müdafiə Nazirliyi rus qoşunlarının Xersondan Dnepr çayının sol sahilinə çəkildiyini elan edib.

Şəhərdən çəkilən Rusiya qoşunları Dnepr üzərindən keçən körpüləri partladıblar. Həmin gün Ukrayna əsgərləri Xersona daxil olublar. Yüzlərlə şəhər sakini hərbçiləri qarşılamaq üçün Ukrayna bayraqları ilə küçələrə çıxıb. Mərkəzi meydanın üzərində Ukrayna bayrağı qaldırılıb.

Noyabrın 8-də Xerson vilayətinin Rusiya administrasiyası anbarlardakı məktəb dərsliklərinin Xersondan Geniçeska aparıldığını elan etdi. Rus və sovet abidələri, hətta knyaz Qriqori Potemkin-Tavriçeskinin qalıqları da şəhərdən çıxarılıb.

Təyyarə qəzasından sağ çıxanlar var

Hadisə yeri

Tanzaniyada sərnişin təyyarəsinin qəzaya düşməsi nəticəsində azı 19 nəfər həlak olub.

“Tanzania Business Insight” nəşri yazır ki, “Precision Air” yerli aviaşirkətin layneri paytaxt Dar- əs-Salamdan Bukobu şəhərinə uçuş edərkən Viktoriya gölünə düşüb. Qəzanın səbəbləri hələlik, müəyyənləşməyib. Ancaq ilkin məlumatlara görə, ekipaj pis hava şəraitinə görə idarəetməni itirə bilərdi.

Təyyarədə dörd ekipaj üzvü daxil 53 nəfərin olduğu bildirilir. Hazırda axtarış-xilasetmə işləri davam edir.

26 sərnişinin sağ qaldığı xəbər verilir.

Qazaxıstanda elektrik enerjisi istehsal edib satan məscid

Qazaxıstanda elektrik enerjisi istehsal edən məscid

Kazaxıstandakı bir məscid ibadət yeri olmaqla yanaşı həm də elektrik enerjisi istehsal edib satan bir müəssisədir.

AzadlıqRadiosunun Qazax xidmətinin hazırladığı reportaja görə, məciddə günəş panellərinin quraşdırılması ilə elektrik enerjisi istehsal olunur.

Məlumatda qeyd olunur ki, 273 min avro dəyərində olan bu sistem 2018-ci ildə Avstriyanın "Weissenseer" şirkəti tərəfindən dizayn edilərək quraşdırılıb.

Hesablamalara görə, enerji satışından əldə edilən gəlir çəkilən xərci 2025-ci ilə qədər çıxarmalıdır.

"Weissenseer" şirkətinin baş direktoru Kristof Müllerin daha əvvəl Qazaxıstan mətbuatına dediyinə görə, bu, dünyada ilk enerjidən asılı olmayan məsciddir.

Məscidin imamı Yəhyaxoca İsmayılov deyir ki, elektrik enerjisi istehsalı məscidin tələbatını üstələyir, artıq elektrik enerjisi isə Astana şəhərinin energetika idarəsinə satılır.

'Yerevandakı Göy məscid fars abidəsi deyil'
Gözlə

No media source currently available

0:00 0:06:47 0:00

“Şəhərə verdiyimiz elektrik enerjisi hesabına məscidin digər xərcləri də qarşılanır”, - deyə imam əlavə edib.

Qazaxıstanın müxtəlif şəhərlərində 35 ildən bəri imamlıq edən Yəhyaxoca İsmayılov hesab edir ki, məscidlər ziyarətçilərin ianələrinə güvənməməli, xərclərini qarşılamaq üçün müxtəlif üsullardan istifadə etməlidirlər.

Davamı

XS
SM
MD
LG