- Tural İsmayılov
QADINIM
Əslində yoxsan və olmamısan
Bəlkə də heç bir zaman olmayacaqsan
Və olsan belə sən də
O da, bu da, onlar da dözməyəcəklər.
Mən də
Mənə dözə bilmirəm.
Anlaya bilmirəm
Çözə bilmirəm.
Sakitlik isytəyirəm... ana bətnindəki döl olum
Sükut istəyirəm
Dünyaya boş gözlərlə baxan küçə iti tək
Boş baxışlarla yalvarmadan sadəcə inləyərək
Ədalət istəyirəm.
Onsuz da Tanrı məni çoxdan unutdu
Asi ruhumu bəyənmədi o da
mənim kimi.
Üzümə vura bilməsən də
Utanmadan de və söylə qorxma
Keçmişimdən utanc duyduğumu özüm
Səndən də yaxşı bilirəm.
Fərq isə budur ki
Mən indimə və gələcəyimə də
İnana bilmirəm
Qadınım.
Heç vaxt olmayacaq andım
Dünyaya gəılməyəcək
qıvrımsaç oğlumun
sarışın qızımın olmayacaq anası...
Ətəyimdəki abır daşlarını tökdüm ki
bəlkə vətəndaş olum...
Ola bilmədim, ondansa uzağa köçən bir immiqrant olum.
Əllərindən tutanda sadəcə gözlərində ölüm.
Hər gün ölməkdən
bir dəfə vücudunda ölsəm də bəs edər
Qadınım.
Saflığım.
Duyğularımın illuziyasındakı ahım
Üsyankar ruhum.
Balaca bir qaraca körpənin diləndiyi dünyada
sevgini dilənərək olmayacaq körpəmin yaranmayan arzusundan yazıram.
Anlayıram.
Əslində kömür mədənlərindəki pulsuzluqla
Həyatlarını riskə atan insanlar qədər də olmadım.
Hətta boğazıma ipi də keçirə bilmədim
Yerinə bütün təfəkkürümə ilim-ilim
Didik-didik
Bircə-bircə
Damla-damla
Fəlsəfə yeritdim.
Özümün nə olduğumu çözəməzkən
Səni necə tapım ki Qadınım.
Məni məndən də çox sevəcək
Amma bilirəm ki olmayacaq yarım.
Pesimistik rituallar eybəcərdir
Optimizm isə reallığın kölgəsinə sığınan saxtakar ifritə.
Əslində məndəki ümidsizlik deyil
Ümiddir.
Olmayacaqlara inamdır
Vərəq-vərəq
qalaq-qalaq
kitablar hazır olsa da beynimdə
həsr ediləcək
layiq olacaq
toplum görmürəm
heç səni də axtarmıram
Qadınım
Qəlbimin axtarışında olub
ruhumu didikləyən parçacığım.
Heç kim sən ola bilməyəcək
Sən isə hamı ola bilərsən.
Sən bəlkə də sufistik mən olarsan.
Olmağından olmamağın yaxşıdır.
Boş ver
Nəsimidən heç danışma
Yaxşısı budur
Heç yarışma
kinli insanların
maskalı vicdanlarıyla
Vicdanım ol
İnancında yüksəlt məni
Hisslərində yaşamaq üçün
beyninə qazı məni
tut əlimdən
Birgə atlayaq dəryaya
bataq qeyb olub itək
Qadınım.
Pozacağım andım