Keçid linkləri

2024, 12 Oktyabr, şənbə, Bakı vaxtı 16:13

Nə vaxt Seymuru görürəm, sarsılıram


Ayxan Ayvaz
Ayxan Ayvaz

- "Qardaş, xeyir ola, bəlkə onun yazılarını oxuyursan deyə, səni belinə mindirib gəzdirməlidir? Ya bəyənməyin üçün sənə pul xərcləməli, oturub boş-boş laqqırtına qulaq asmalıdır?"

Ayxan Ayvaz

Seymur Baycanın hekayələri

Ciddi deyirəm: nə vaxt Seymuru görürəm, sarsılıram. Özümü qəribə hiss edirəm.

Mənə elə gəlir ki, o qiymətini hələ də almayıb. Azərbaycanda bütün çətinliklərə baxmayaraq, sınmadan, əyilmədən, kiməsə yaltaqlanmadan, yalmanmadan, təriflər, dastanlar quraşdırmadan yazıçı kimi tanınan, sevilən və nifrət edilən biri olmaq sizə elə-belə gəlməsin.

Bəzən şəhərdə zövqlü geyinən, oturuşunu-duruşunu bilən, söhbət edəndə həzz aldığım gənc görəndə öz-özümə deyirəm: bu Seymurun qələbəsidir.

O, həqiqətən də bir gənclik yaradıb: onlar boş-boş çayxanlarda vaxt keçirmir, günü günə satmır, qız dalınca düşüb mənasız işlərə baş qoşmur, sözü üzə deyir, kiminsə qabağında alçalmır, kitab oxuyur, filmlərə baxır, tədbirlərə gedir, mitinlərdə iştirak edir, azad olduğunu, gənc olduğunu göstərir.

Seymur Baycan bizim maarifçimizdir: qarışqa kimi durmadan zəhmət çəkmək, vaxtı hədərə verməmək ona bu qalibiyyətin həzzini yaşadıb.

Bu yaxınlarda iki kitabı ard-arda çıxdı: “Həyatımın ən xoşbəxt günü” və “Adsız itin qayıdışı” hekayələr kitabı. Bu, Azərbaycanın yeni hekayələridir, başqa nəfəs, başqa baxış, başqa düşüncə.

Həmişə Seymur Baycan haqqında danışılanda belə ifadələrlə rastaşıram və sözün həqiqi mənasında əsəblərim sıradan çıxır: “O özünü göynən aparır”, “Bizə salam vermir”, “Çox qurudur”, “Acam deyir, amma əynində həmişə gözəl paltarlar olur” və s. və i.

Mən başa düşmürəm, bunların dərdi nədir? Bir yazıçının hekayələri, yazdıqları ilə deyil, onun zahiri görünüşü haqqında mənasız, əlaqəsi olmayan söhbətlər quraşdırırlar.

Guya yazıçı bunlarla qol-boyun olub şəhərdə gəzməli, rastlaşanda əl tutub öpüşməli, malı, məli...

Qardaş, xeyir ola, bəlkə onun yazılarını oxuyursan deyə, səni belinə mindirib gəzdirməlidir? Ya bəyənməyin üçün sənə pul xərcləməli, oturub boş-boş laqqırtına qulaq asmalıdır?

Bir dəfə də yazılarından danışın, eybi yox, tənqid edin. Yox, yazılarından danışanda da, maşallah, ağızlarına çullu dovşan sığışmır: heç kimi bəyənmir, hamıya mız qoyur, cümlə qura bilmir. O zaman sual çıxır: Niyə oxuyursan? Oxuma, get işinlə məşğul ol.

Bu yazıda isə Seymurun hekayələri haqqında danışmaq istəyirəm. Mənim üçün önəmli deyil yazıçı yaşmaq taxıb gəzir, ya da heç kimi saymır. Yazıçının portreti onun yazılarındadır.

Bəli, Seymurun hekayələri də onun portretini çəkməyə imkan verir. Sakit, başıaşağı biri, daim keçmişini xatırlayan, yaddaşında ilişib qalan hadisələri yazıya gətirən adam.

Bizim gənc yazarlar bəzən yanlış bir düşüncə içinə düşürlər: əsərlərində fəlsəfədən, nə bilim, yerdən-göydən balaca ağılları ilə roman qaralayırlar.

Halbuki, bunun üçün uzun müddət oxumalı, araşdırmalı, zəhmət çəkib gecəni-gündüzünə qatmalısan. Çoxdandır axtardığım cavabı Seymurun hekayələrində tapdım: gözümüzdən qaçan xırda hadisələr bəzən həyatımızda yer alan böyük hadisələrdən daha təsirli və maraqlı olur.

Seymur bu cür əhvalatlardan hekayə yaradır və ən əsası həmin dövrün ab-havasını, mənzərəsini canlandırır. Onun hekayələrində artıq-əskik danışmağa ehtiyac yoxdur: hadisənin özü hər şeyi açıb ağardır.

Hər yazıçı özü boyda ağırlığı daşımalıdır. Öz gücünün harda olduğunu müəyyənləşdirməlidir. Yoxsa gedib başı çıxmayan bir söhbətdən yazmağa çalışsa, çiynindəki yük onu əzəcək.

İki kitab əslində bir-birinin davamıdır, məncə. İnsan həyatının keçdiyi bütün dövrlər – uşaqlıq, məktəbli illəri, əsgərlik, universitet, iş-güc və s. – hamısı yavaş-yavaş, taqqıldaya-taqqıldaya keçən qatar kimi gözümüzün qabağında ötüb keçir.

Seymur Baycanın bu iki kitabı onun zəhmətinin bəhrəsidir. Onu söyməkdən, təhqir etməkdən artıq əl çəkin və gedin hekayələri oxuyun, sonra danışarıq.

XS
SM
MD
LG