Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:20

Avtobuslarda sürət cihazları quraşdırıla bilər


Foto illüstrasiya
Foto illüstrasiya

-

Azərbaycanda sərnişin avtobuslarında sürücülərin işləmə vaxtını və sürət həddini müəyyən edən xüsusi cihazların quraşdırılması təklif edilir.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bununla bağlı payız sessiyasında təşəbbüs irəli sürüləcəyi gözlənilir.

Bir sıra ölkələrdə sərnişin avtobusu sürücülərinin kartı olur və bu kartla sürücü 8 saatdan artıq işləyə bilməz. Avtobuslarda sürət həddinə nəzarət edən cihazlar da yerləşdirilib. Sürücü sürət həddini aşarsa, qısa xəbərdarlıqdan sonra həmin avtomobilin mühərriki dayanır.

Deputat Rəfael Cəbrayılov deyib ki, sürücülərin 8 saatdan artıq işləməsi düzgün deyil: «Azərbaycanda sürücülər gün ərzində 12-13 saat işləyir. Nəzərə alsaq ki, avtomobil özü yüksək təhlükə mənbəyidir və onun sükanın arxasında yorulmuş bir insanın olması bu təhlükə mənbəyinin təhlükəsizlik dərəcəsini daha da artırır».

Avtobus sürücülərinin həm də sürət həddini aşaraq təhlükəli şərait yaratdıqlarını deyən R.Cəbraylov bu məsələlərin texnoloji yeniliklərdən istifadə edərək qarşısının alınmasının tərəfdarı olduğunu bildirib: «Hər bir sürücünün yanına bir nəzarətçi qoymaq çətin məsələdir. Ancaq texnoloji yeniliklərdən istifadə etməklə bu halların qarşısını almaq olar. Bu baxımdan mən Azərbaycanda da sürücülərin fəaliyyətinə nəzarət edən cihazların tətbiq edilməsinin tam tərəfdarıyam».

XS
SM
MD
LG