Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:20

Azərbaycanın "Tatar çölü" - İvanovka...


Sərhəddə. Gədəbəy, İvanovka
Sərhəddə. Gədəbəy, İvanovka

Ramin Deko ​(Azadlıq Radiosu üçün)

Bircə bulaqlı İvanovka çölündə həyat savaş deməkdir – dağın o üzündə düşmən, bu üzündə həyatın özü öldürür...

Vur-tut, bircə küçəsi olan yaşayış məskəni görmək istəsəniz, Gədəbəyin İvanovka kəndinə baş çəkməyə dəyər. Bu kəndin uzunluğu 5 kilometrə çatan daşlı-çınqıllı bir küçəsi var. Hər beş-on evdən bir diqqət çəkən ensiz yolayrıcları insanı dağlara aparır. Dağların o üzündə əliyaraqlı düşmən, bu üzündə də əlitaxtalı dinc sakinlər görərsiniz. Hamı yan-yörəyə boylana-boylana, gözləri bərəli şəkildə gəzir və gün başlarına döyə-döyə mal-qara otarır. Başqa çıxış yolu axtarmağa dəyməz. Zatən kəndə tək girişvar...

BU “SƏHRA”DA AZMAQ MÜMKÜN DEYİL...

Dağların ətəyi ucsuz-bucaqsız çölü xatırladır. Adam özünü lap Dino Buzzati-nin “Tatar çölü”ndə hiss edir (Azərbaycanda Bussati kimi tanınmış İtaliya yazıçısıdır. “Tatar çölü” onun daha məşhur əsəridir. Sərhəddə - hamının unutduğu bir səhrada yerləşən qaladakı hərbçilər düşmənlə üzləşəcəkləri və vətənin xilaskarlarına çevriləcəkləri günü gözləyirlər. Buraya gələn adam özünü xilaskar saydığından, qalanı heç cür tərk edə bilmir. Valerio Bzurlini 1976-cı ildə “Tatar çölü” əsasında eyniadlı film də çəkib – red.). İtaliyalı yazar həmin əsərindəki təsvir və taleləri sanki bu kənddən götürüb. Və ya o talelər sanki İvanovka sakinlərinin boyuna biçilib. Bussati-nin qəhrəmanları ad üçün həyatla çarpışırdılarsa, buranın insanları, sadəcə, yaşamaq üçün eyni addımı atırlar...

Məktəb çantalı qadın, İvanovka.
Məktəb çantalı qadın, İvanovka.

...Kəndin yol və cığırlarından daha düz və hamar görünən bu “səhra”da azmaq mümkün deyil, çünki dağlar dərhal kömək əlini uzadacaq. Üstəlik, hansı səmtə boylansan, fərqli mənzərə görəcəksənsə, demək, buralarda azmağı ağlına da gətirməyəcəksən. Tutalım, önündə “saçlı-saqqallı” dağ görəcəksən, arxanda “keçəl”... Dünyanın ən əlküt və işyarıtmaz adamı olsan da, buralarda azmaq mümkün deyil. Yetər ki həyat yolunu azmayasan!..

FOTOAPARATDAN QORXAN QADIN...

...Hərə iş başında. Arxasında sanki məktəbli çantası gəzdirən, bir əlində çomaq, o birində suqabı olan yaşlı qadın qoyun-quzunu örüşə çıxarıb və sivriuclu qaşlarından çənəsinə süzülən tər damcılarını çiyninədək enən baş yaylığıyla silir və deyir:

“Hər həftə sırayla qoyun-quzuları bura gətiririk. İndi mənim sıramdır. Oğlum ot yığımında olduğundan, mən bu işi görürəm. Ərim əkin sahəsindədir. Hamımız işləməliyik ki, ac qalmayaq...”.

Qadın fotoaparatdan qorxur. Yəqin bundan ziyan görüb, ya da kimdənsə zərərli bir şey olduğunu eşidib: “Sən Allah, məni çəkmə, ayıbdır. Utanıram!..”. Belə deyincə də azca aralıda mələyən quzuların dalınca yüyürür...

Xeyli gənc bir sakin də indidən qışın qayğısına qalır və ot tayasının yan-yörəsini sahmana salır. Onun səmtindən bir az uzaqlara baxsan, qatar kimi ard-arda düzülən qoyun-quzu sürüsünü görürsən...

Qışa hazırlıq
Qışa hazırlıq

Evdən gətirilən azuqə boxçaları saatlar ötdükcə boşalmağa başlayır. Yaxşı ki su tükənən deyil, axı çölün tən ortasında bir bulaq var. Yan-yörəsi çirkli olsa da, yalnız bu bulağın başında sərinləyə bilirsən... Qızmar günün bitməsini gözləyənlər üçün bulaq başına nəfəslik deməyəsən də, nə deyəsən?!.

İvanovkanın çölü o qədər böyükdür ki, kənd sakinlərinin hamısıbura axışanda da bomboz və boş görünür. Vahiməsi də öz yerində. Ancaq vəhşi cazibəsi yoxdur. Adamı çəkmir özünə və tam tərsi, sanki “şappp” deyə, sərt bir sillə çəkir...

İVANOVKALILARA BAXANDA...

...Mal-qara otaran insanlar “Tatar çölü”nün baş qəhrəmanı Covanni DraGo kimi ömür sürürlər. Bastian qalası gənc leytenant Drago-nuözünə çəkib necə tilsimləmişdisə, İvanovkanın da çölü sakinləri o cür ovsunlayıb. Covanni silahı tullayıb qalanı tərk edə bilmədiyi kimi, qoyun-quzunu yaylağa gətirənlər də çomağını əldən yerə qoymurlar. Qalada öncə dörd ay qalmağı planlaşdıran Drago bunu dörd, daha sonra 15 illə əvəzləyir, döyüş arzusuyla xidmət edir və... savaş başlanınca polkovnik Simioene Drago-nun qocaldığını, heç bir işə yaramadığını əsas gətirib, onu arxa cəbhəyə - müalicə olunacağı xəstəxanaya göndərir. Di gəl, ivanovkalılara baxanda, Drago-nun da, onun zabit yoldaşlarının da bəxti gətirib deyə bilərik, axı Bastian qalasındakı hər gün ikiyə vurulur və hərbi xidmətə yazılır... Burada – İvanovkada isə sakinlər, sadəcə, hər gün daha tez yaşlandıqlarını hiss edirlər... Onların həyatı daha tez bitir, əcəl zəngləri bəlkə də iki dəfə tez çalınır... Bu üzdən leytenant Drago – savaşı yaşamaq üçün həyatını qurban verən insan daha xoşbəxt sayıla bilər. O, döyüş naminə hər şeyini fəda etməyə hazırdır. O, düşmənlə üz-üzə gəlmək üçün ömrünü çürüdür.

...DAĞIN BU ÜZÜNDƏ HƏYAT ÖLDÜRÜR

Ivanovka
Ivanovka

​Bircə bulaqlı İvanovka çölündə isə həyatın özü savaşdır – dağın o üzündə düşmən öldürür, bu üzündə də həyatın özü...

...Bu səhraya bənzər çölün tək üstünlüyü burada səmum yelinin əsməməsidir. Gün batanda ins-cins yoxa çıxır, dağların dili bağlanır. Hər yana səssizlik çökür... Əvəzində, kəndin daşlı-çınqıllı, kələ-kötür yolları insanla qaynaşır...

Çöl insanlarının həyatı qaralsa da, bənizləri ağdır, çünki gündən qoruna bilirlər... Bu bəmbəyazlıq sanki yerində güclə dayanan elektrik dirəklərindən közərən işıqları bir az da gurlaşdırır...

XS
SM
MD
LG