Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:05

O qabaqdakı evin tinində kimsə gizlənib...


İllüstrasiya
İllüstrasiya

- “Daha iş-işdən keçib, ay liberal, soyub-soyub quyruğunda saxlama! Bizi oyatmısansa, indi də əlimizdən tut qaldır... dayanmağın yeri yoxdur!”

Mixail Yevqrafoviç Saltıkov-Şedrin

Ruscadan tərcümə: Araz Gündüz

LİBERAL

Hansı ölkədəsə bir liberal yaşayırdı, özü də o yaman ürəkli birisi olduğundan, bir kimsədən də qorxu-hürküsü yox idi, bir də görürdün, hamının susub dayandığı yerdə o, səsinin qalın yerinə salıb qışqırır:

“Ah, ağalar, ağalar! Siz nə edirsiniz! Özünüzə yamanlıq eləməkdən usanmadınızmı?!”

Ancaq onun bu sözlərindən kimsə inciməzdi, tərsinə, ona baxıb belə deyərdilər: “Qoysanız gözümüzü açsın, o bunu bizim yaxşılığımız üçün deyir!”

- Üç gerçəklik vardır, – bunu liberal deyirdi, – gərək istənilən toplumun özülündə onlar dayansın: özgürlük, özünəgüvənmə, bir də özfəaliyyət.

Özgürlüyü olmayan toplumun idealı, işıqlı düşüncələri də olmur, yaradıcı əməyə yer verilmir, ona görə də, burada gələcəyə inam bəsləmədən yaşayırlar.

Özünəgüvənmə olmayan toplumda, insanlar arasıkəsilməz bir sıxıntı içində yaşayırlar, bu da onların öz talelərinə başısoyuq yanaşmasına gətirib çıxarır.

Özfəaliyyət olmayan toplumda, insanların öz ürəyincə, bacarığınca olan işləri görməyə əli çatmır, dolanışıq ağırlaşır, vətən anlayışı yavaş-yavaş insanların gözündə öz anlamını itirməyə başlayır.

Liberal belə düşünürdü, düzünə qalsa, elə doğru da düşünürdü. O, yan-yörəsindəki adamların ağu yemiş milçəklər kimi gicəlləndiklərini görüb özü-özünə deyirdi:

“Onların bu günə düşməklərinin niyəsi, talelərinin öz əllərində olduğunu anlamadıqlarına görədir.

Bunlar lap qandallanıb qaranlıq qazamat küncündə çürüyən dustaq kimidirlər, qarşıdan yaxşılıqmı, yamanlıqmı gəlir, bunun hayında deyillər, ona görə də, nə duyğularından baş aça bilirlər, nə də yaşadıqları duyğuların gerçəkmi, yoxsa bir ilğımmı olduğunu ayırd eləyə bilirlər”.

Bir sözlə, liberalın inancına görə, toplum onun dediyi bu üç sarsılmaz özül üzərində qurularsa, onda topluma gərək olan bütün başqa yaxşılıqlar da, bunların ardınca yaranıb ortalığa çıxa bilərdi.

Ancaq bu hələ hamısı deyil, liberal təkcə elə yaxşı düşüncələrə qapılmaqla yetinməzdi, o, yaxşı işlər görməyə də çalışardı.

Onun ən ürəkdən gələn istəyi, düşüncəsini aydınladan bu işığı yan-yörəsindəki qaranlığın üstünə salıb onu yarmaq, sonra da bu qaranlıqdan işığa çıxardığı insanlara gözləri dolusu görə biləcəkləri yaxşılıqlar eləmək idi.

O, bütün insanları özünə qardaş sanırdı, onların hamısını da, öz sevdikləri ideallara çatıb onların dadını çıxarmağa çağırırdı.

Baxmayaraq, onun dediyi bu idealları, sınaqlar dünyasından gerçək dünyaya gətirə bilməsi çox da inandırıcı görünmürdü, ancaq liberal bu işi görmək üçün özünü oda-közə vurur, həm də bu yolda hamıyla çox istiqanlı, olduqca incə davranırdı, elə buna görə də, adamlar onu, beləcə çox inanılmaz işlərə girişdiyinə görə, ələ salmaqdan çəkinirdilər.

O, sözün doğrusunu gülümsəyərək deməyi bacarırdı, yerinə görə ürəyiaçıq da, umacaqsızlığı göz oxşayan birisi də ola bilirdi.

Ən başlıcası, o heç vaxt kiminsə boğazından yapışıb nəyisə güclə onun boynuna qoymazdı, hamının öz gücü çatanı eləməsini istəyərdi.

Düzdür, “gücü çatanı eləmək” deyimi onun bəyəndiyi bir söz deyildi, ancaq liberalın bu durumla barışmasının iki niyəsi vardı. Birincisi, bu durum hamı üçün əlverişli idi, o isə hamılıqla görülə bilən işə böyük önəm verməkdəydi.

İkincisi isə, o bununla öz ideallarını yersiz olaraq gücə salıb, vaxtından qabaq sıradan çıxarmaq istəmirdi.

Bundan da başqa, o özünün ruhlandığı idealların çox abstrakt xarakterli olduğunu, onların yaşama birbaşa təsir edəcək gücünün olmadığını da yaxşı bilirdi.

Nə deməkdir bu: özgürlük? Özünəgüvənmək? Özfəaliyyət? Bütün bunlar olsa-olsa abstrakt terminlərdir, toplumun çiçəklənməsi işinə yaraya bilmələri üçün onlara asan duyulan anlamlar verib insanlara çatdırmaq gərəkdir.

Bu terminlər özlərinin bütünlüyündə qalmaqla: toplumu yaxşılığa doğru dəyişə, onun inamını, umacaqlarını ucalda bilərlər, ancaq onların hamılıqla bəyənilməsi üçün bu azlıq eləyir.

Belə bir uğura çata bilmək, idealı hamıya bəyəndirmək üçün, gərək onu xırdalayasan, sonra onun bu kiçik kəsimləri ilə, insanlığı üzüb əldən salan xəstəlikləri sağaldasan.

Bax elə idealın belə xırdalanmasından da, “gücü çatanı eləmək” anlayışı yaranır, bu isə özlüyündə biri-birilə çəkişən iki tərəfdən birini, özünə qapılıb sustalmaqdan qurtulmağa yönəldir, o birini isə, öz inadını yumşaltmağa gətirib çıxarır.

Bizim bu liberal bütün bunları çox yaxşı anladığından, belə düşüncələrlə yaraqlanaraq, gerçəkliklə savaşa atılmışdı. O, ilk öncə, bilgin(müdrik) insanlara yanaşmağı, onlarla anlaşmağı kəsdirmişdi.

– Bu özgürlük deyilən nəsnədə, məncə, qınanmalı olan heç nə yoxdur, deyilmi? – liberal onlardan soruşdu.

Qınanmalı yox, bəyənilməli sözdür bu, – bilgin kimsələr dedilər ,– bizim özgürlük istəmədiyimizi deyənlər, bizə qara yaxırlar; əslində bizim dərdimizin davası yalnız elə özgürlükdür... Ancaq sözsüz, bu da gərək ölçü-biçili olsun da...

– Hm... “ölçü-biçili”... başa düşürəm! Elə isə, deyin görək, özünəgüvənmək konusunda nə düşünürsünüz?

– Onu da çox istəyirik, yolu açıq olsun... Ancaq o da gərək ölçü-biçili ola.

– Onda, mənim dediyim bu ictimai özfəaliyyət idealına necə baxırsınız?

– Onun yeri daha da çox görünür. Ancaq onun da ölçü-biçilisi yaxşı olur.

Nə olar! istəyirlər qoy ölçü-biçili olsun! Liberal elə özü də burada başqa yolun olmadığını yaxşı anlayırdı:

“Atın cilovunu əlindən burax, – bir anın içində elə bir iş törətsin, sonra illərlə düzəldə bilməyəsən! Ancaq cilovunu əlinə yığdınmı – quzuya dönür! Minib hara istəsən sürürsən, bir az soncuqladımı, üstünə çımxırıb gözünü qorxudursan: özünü yığışdır yabının birisi, səni indi qırmancla yaman günə qoyaram, a... bax belə!”

Beləliklə də, liberal “ölçü-biçi” gözləyərək çalışmağa başladı: orasını bir az qısaldır, burasını bir az kəsir; bir yerlərini isə büsbütün gizlədirdi.

Bilgin insanlar da onun bu çalışmalarına baxıb sevinirdilər. Bir arada onun işinə elə vurğunluqla baxırdılar, adama elə gəlirdi, onlar da hamılıqla dönüb liberal olublar.

Düz eləyirsən!–onlar liberala ürək-dirək verirdilər, – buradan düzünə yox, dolanıb keç, oranı görməzliyə vur, buna isə heç yaxın gəlmə. Beləliklə də, hər şey yaxşı olacaq. İstəkli arxadaş, biz sənin bu keçini lap ürəklə öz bostanımıza buraxardıq, ancaq görürsən də, bizim bostanın çəpəri belə hündürdür, qapısı da qıfıllı!

Görürəm, hər şeyi görürəm, – liberal onlarla razılaşdı, – ancaq idealımın qol qanadını qırmaq bilsəniz necə ağırdır! utanıram! yerə girmək istəyirəm!

– Nə olar, bir az utana bilərsən: utanmaqla adam kor olmaz! ancaq, görürsən, sən bu ölçü-biçi ilə ürəyindən keçənlərin hamısını eləyə bilirsən, bunun nəyi pisdir?!

Ancaq bu ölçü-biçili ideal da özünə yavaş-yavaş yer eləməyə başladıqca, bilgin adamlar onu bəyənmədilər.

Bir yandan, bu ideallar genişlik istəyir, çox yer tuturlar, o biri yandan da, hələ gərəyincə yetişməyiblər, qavranıla biləcək durumda deyildirlər.

Biz sənin bu idealına duruş gətirə bilmərik! – bilgin adamlar liberala dedilər, – biz hələ onu qavramaq üçün yetişməmişik, onun ağırlığına dözə bilmərik!

Beləliklə də, bilgin adamlar öz bacarıqsızlıqları ilə yaramazlıqlarını bütün genişliyi, aydınlığı ilə ortaya qoyandan sonra, liberal, onun üçün necə acı olsa da, gördüyü işdə nə isə elə başlanğıcdan bir çatışmazlıq olduğunu düşünməyə başladı: ha dart-dartışdır, bu şalvar sənin əynin üçün deyil, qurtardı getdi.

Ah! bu nə gündür, mən düşdüm! – deyə o, taleyinin qarasınca deyinməyə başladı.

Yaman qəribə adamsan, a! – bilgin kimsələr onu ovundurmağa başladılar, – gör hələ nəyi ürəyinə salırsan! Sən nə istəyirsən? İdeallarının gələcəyə çatmasınımı? – Bizim də əlimizdən o gəlir, sənin yoluna daş dığırlamayaq. Ancaq, Tanrını sevirsən, tələsmə!

Özün də görürsən, burada “ölçü-biçilik” də işə yaramadı, sən barı “heç olmuya nəsə” ilə özünü ovutmağa çalış!

“Heç olmuya nəsənin”, az olsa da, yenə nəsə bir dəyəri vardır. Yavaşcadan, tələsmədən, dua eləyərək gedirsən, bir də onda görürsən gəlib məbədə çatmısan!

Bu məbədə də, tikildiyi gündən bugünəcən hələ heç kim gəlib çata bilməmişdi: ancaq sən çalışıb-vuruşdun, gəlib çatdın... Bütün bunlara görə isə, ancaq Tanrıya dua eləmək qalır.

Liberalın başqa çıxış yolu qalmadığından, onlarla razılaşmalı oldu. “Ölçü-biçiliyə” əl çatmırsa, nə etməli, barı “heç olmuya nəsə” qopara bilsin, buna da şükür.

Ona görə də, liberal göstərilən yeni yolu tutub getməyə başladı, bir az sonra bu yeni durumuna alışdı və az qala özü də özünün keçmişindən baş aça bilmədi: axı o, belə bir dar çərçivənin olduğunu bilə-bilə, nə üçün gedib elə geniş çevrələrdə iş görmək istəmişdi?

Elə o andaca bu yeni duruma uyğun gələn bənzətmələr də tapıldı. Buğda dənəsi də, yerə basdıran kimi yetişmir, o da bar verə bilmək üçün, gör nə qədər qayda-qanuna boyun əyməli olur.

Onu gərək öncə torpağa sancasan, sonra gərək toxumun şişib böyüməsini gözləyəsən, sonra o, cücərib artmağa başlayır, gövdə bağlayır, sünbül açır, dənə dolur, habelə bunun kimi çoxlu işlərdən sonra bol məhsul verir.

“Ağalar, mənim idealım qazamatdır! Buyurun götürün!” Biz də qanmazlığımıza salıb buna inanırıq, indi hamımız onun qıfılı altında yaşayırıq.

Gör hələ bu adi buğda, birə-yüz artım verə bilmək üçün necə möcüzələrlə dolu bir yol keçməli olur!

Görünür, elə bu ideyalarla da belə olurmuş. Torpağa “heç olmuya nəsə” əkdinmi–otur, yetişməyini gözlə.

Beləliklə də, liberal torpağa “heç olmuya nəsə” əkdi, oturub gözləməyə başladı. Ancaq ha gözlədisə, bu “heç olmuya nəsə” cücərmədi. Yoxsa daşamı ilişdi, peyinmi çürütdü bunu, indi gəl baş aç görüm, bu nə olan işdir!

– Bunu necə başa düşməli? – deyə bu anlaşılmazlıqdan başını itirmiş liberal mızıldanmağa başladı.

– Sən bu toxumların yerini belə geniş eləmə, qoy onlar darışlıqda, sıxıntı içində olsunlar. – bilgin kimsələr ona belə dedilər. – Bizim bu adamlar var ha, həm çox zəif, həm də olduqca alçaqdırlar. Sən ona yaxşılıq eləmək istəyirsən, o isə sənə əlindən gələn yamanlığı eləməyə çalışır. Bu xalqın içində yaşayıb özünü təmiz saxlaya bilmək üçün gərək çox böyük bacarıq yiyəsi olasan!

– Məni bağışlayın! Daha burada təmizlikdən danışmağa yer qalmadı! Gör, mən bu yola necə ağır bir yüklə şıxmışdım, gəlib bura çatanacan nəyim var əlimdən çıxdı.

Birinci “ölçü-biçiliklə” başladım, sonra “heç olmuya nəsəyəcən” endim, indi nə deyirsiniz, bundan da aşağıyamı düşüm?

– Ən ağlabatanı elə bu olar. Elə ucalıqlarda gəzməyin yeri deyil. Sən birdən, “alçağın da əli çatana” enmək istəməzsən?

– O necə olur?

– Çox asan bir işdir. Sən bizə deyirsən, sizə ideal gətirmişəm, biz isə deyirik: “Yaxşı eləmisən; ancaq istəyirsən idealın bizə çatsın, onu bizim üçün əlçatan elə”.

– Sonra?

– Deməli, sən bu idealınla çox da öyünüb özünü çəkmirsən, onu bizim istədiyimiz ölçüyəcən kiçildirsən, bizim üçün əlçatan eləyirsən. Sonra, ola bilsin, biz onun dəyərini anlaya da bildik...

Ay qardaş, biz də çox şey görmüşük, sən bizə indi işıqlı idealdan danışırsan, biz onun lap projektorlusunu da görmüşük! O günlərdə general Krokodilov gəlib bizə deyir:

“Ağalar, mənim idealım qazamatdır! Buyurun götürün!” Biz də qanmazlığımıza salıb buna inanırıq, indi hamımız onun qıfılı altında yaşayırıq.

Liberal bu sözlərin üstündə çox düşündü. Onsuz da onun başlanğıcda ortaya qoyduğu idealların ancaq elə quru adı qalmışdı, indi də bunları götür alçaqlar üçün əl çatan elə!

Belə getsə, çox keçməz özün də bu alçaqların gününə düşərsən! İlahi, neynirsən elə, ancaq mənim ağlımı başımdan alıb, o günə salma!

Bilgin adamlar liberalın çox bərk düşüncələrə daldığını görüb, onu yola gətirməyə başladılar. “Daha iş-işdən keçib, ay liberal, soyub-soyub quyruğunda saxlama! Bizi oyatmısansa, indi də əlimizdən tut qaldır... dayanmağın yeri yoxdur!”

Liberal yenidən işə başladı. Ancaq indi nə iş görürdüsə, çalışırdı, alçaqlar üçün əlçatan olsun.

Aradabir günaha az batsın deyə, yolunu bir az dolayı eləmək istəyirdi; ancaq bilgin adamlar o andaca başının üstünü alır, qolundan tutub saxlayırdılar: “Sən, ay liberal, oyan-buyana boylanma, qabağa bax!”

Beləliklə də, günlər gəlib keçdicə onun: “alçağın da əli çatan” işləri uğurla irəli getməyə başladı.

Düzdür, artıq demək olar, burada onun ideallarından heç nə qalmamışdı – qalan ancaq idealların tör-töküntüsü idi, ancaq liberal buna görə ürəyini sıxmırdı.

“Düzdür, mən öz ideallarımı boğazacan bu alçaqlığa batırıb bulaşdırmışam! Ancaq heç olmasa özüm başı-gözü sağ qala bilmişəm!

Bu gün mən palçığa batıb, üst-başımı bulamışam, ancaq sabah günəş çıxıb bu palçığı qurudacaq, kirim-pasım ovulub töküləcək, mən yenə də öncələrdə olduğu kimi sayılan-seçilən birisi olacağam!”

Bilginlər də onun bu özünü təmizə çıxarmağını eşidib, liberala ürək-dirək verirdilər: “Darıxma, hər şey elə sən dediyin kimi də olacaq!”

Günlərin bir günü o, yaxın yoldaşlarının biri ilə küçədə gəzişirdi, yenə də öyrəncəsi üzrə öz ideallarından üyüdüb-tökür, özünün biliyi ilə şeşələnirdi.

Birdən elə bil yanağına su sıçrantısı toxunduğunu duydu. Haradandır bu? Nə suyudur belə? Liberal göyə baxdı: yoxsa, yağış yağmaq istəyir? Ancaq göy üzündə bir dənə də olsun bulud yox idi, günəş də dəli kimi göyün ən uca qatına dırmaşıb, oradan yerə od ələyib özü üçün əylənirdi.

Düzdür, külək əsir, ancaq onun pəncərələrdən atılan kirli suları götürüb belə uzağa aparacaq gücü yoxdur. Onda liberal üzünü yoldaşına tutub soruşdu:

Bu nə görkəzmədir! Yağış yox, pəncərədən kirli su atan görünmür, ancaq mənim üzümə nəsə su sıçrayır!

Ora bax, o qabaqdakı evin tinində kimsə gizlənib, – yoldaşı dilləndi, – bu onun işidir!

O, sənin bu liberallığına tüpürmək istəyir, ancaq bunu sənin gözünün önündə eləməyə ürəyi gəlmir. Bax o da, “alçağın əli çatan” yola əl atıb, tində gizlənib tüpürür, külək də, onun tüpürcəyini gətirib sənin üzünə sıçradır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG