- "Bu qarson çox yubandı. İki şiş kabab nədir ki? Günün günorta çağı iki tamamda..."
Kiyan Xiyav
Bakıda
Mənə bunca zillənməyin
Məni dinləməyin dinləyicilər!
Təbrizə gedən yolları öyrənin
Təbrizə gedən maşınların hərəkət saatlarını
Və düzəni pozulmuş əski bir saatın ömrümü çalan əqrəb əqrəbələrini
Təbrizin saat meydanında!
Sizi bizim yandan Xəzəri görməyə aparmayacağam
Elgölüdə qayığa mindirməyəcəyəm
Sizi Babək qalasına belə götürməyəcəyəm
Bütün qara listələrdə adım var deyə.
Üstəlik qaladan qaranlıqlara bir qarış yol olsa da
Qaladan qazamatlara yarım qarış da deyil.
Buyurun sizi Təbrizə aparım bir aragündə
Təbrizin aragünü bambaşqa
Həftənin bütün günləri aragün qoxuyur
Və təqvimdə bütün günlərin adı aragündür.
Şeirlərimi oxumayın
İngilis dilinə belə çevirməyin hekayələrimi!
Çalışın Təbriz yolunu öyrənəsiniz
Çalışın pasportunuza təbriz adı yazılsın!
Təbriz xəyanətlərini öyrənin
Təbriz ihanətlərini araşdırın, qavrayın, yazın!
Gəlin sizi Qartal parkına aparım
Atlaz tikintilər önündə dayanaq
Pəncərələr şüşəsinə dimdik çalan mifik bir yaradıq görün
Yarı insan yarı quşdur
İllər boyu önündən və arxasından
Gözündən və kürəyinin ortasından vurulmuşdur.
Qanadları yetmiş il öncə yandırılmış kitablar quşağından bir toğruldur
Qanadlarına dəyməyin
Sarımayın yaralarını
Sarısanız oxumaq olmaz
Köksündəki sevginin daş yazıtları!
Şeirlərimi oxumayın
Məni ödülləndirməyin!
Buyurun sizi namərd təbrizə aparım
Dözün eynalıdan bir günəş şaxsın
Dözün bir zinə bulaqdan bir ağ yağış yaransın
Dözün doğulmadan dibini saldırmış bir şıltaq qız ekrana gəlsin
Orada məni öldürün
Və gözlərimin qapağını salmadan üzümü ona döndərin.
Təbriz deyil
Bakı deyil
Onsuz dünya yalnızlığın betonlaşmış durumudur içimdə
Onsuz yaşam dözülməz bir təkərrür
Və alnıma yazılmış bir möhürdür özləm.
Özləm dedimmi bir özləm bağçası düşünün təbrizdə
Və atlaz bir tikintidə
Çalınmayan bir qapının zilində səs tanrısının susmasını dinləyin!
Dinləyin məni dinləyicilər
Şeirlərimi oxuyun
Sevmək istəsəniz ancaq
Zatən pul-param yox deyə
Aylar oldu bu işə baxmıram mən.
Mən eynalının üstündə
Ən qaranlıq, ən umudsuz bir yer ardıncayam yalnız
Bilitsiz və pasportsuz!...
Bilet
Bir gün siz də, həyətinizdə bir hörümcək görəcəksiniz. Sayqıyla soruşacaqsınız:
“Siz hara, Bura hara?!”
Və hörümcək deyəcək:
“Nanə-reyhan kərtinizə sığınmağa gəlmişəm!”
Bir gün siz də, yer verəcəksiniz ona. Sevdikcə sevəcəksiniz. Bir gün də görəcəksiniz, özü gedib, həyət boyu toxuduğu toru qalıb. Tordan soruşacaqsınız:
“Hara gedib?!”
Tor deyəcək:
“O, bir günəbaxan zəmisindən gəlmişdi!”
Soruşacaqsınız: “Gedəcəkdisə, onda niyə gəlmişdi?!”
Deyəcək: “Sarılıqdan yaşıllığı üstün bilmişdi!”
Bir gün siz də, bir bilet alıb, bir günəbaxan şəhərinə getmək istəyəcəksiniz. Ancaq həyətiniz deyil, qol-qıçınız da deyil, ürəyinizə toxunan tor qoymayacaq.
Ömür boyu torda qalacaqsınız. Ömür boyu nanə-reyhan kərtisinin qırağında dayanıb, kərtiylə güllənib, kərtiylə də küllənəcəksiniz. Ömür boyu ürəyinizdəki torla əlləşəcəksiniz.
Darıxmayın! Hörümcək toru gen-geniş bir zindandır.
Orda yaşamaqdan doymayacaqsınız. Zindanda yatacaqsınız. Zindanda duracaqsınız. Bir gün də göz açıb görəcəksiniz ki, siz varsınız, ancaq tor da uçub gedib haralarasa.
O gün özünüzdən soruşacaqsınız:
“Tor hanı? Tor da uçub gedə bilərmi?!”
Və çox düşünəndən sonra özünüz deyəcəksiniz:
“Hə, aydındır!”
Sonra bir bilet alıb, harasa getmək istəyəcəksiniz. Ancaq hara? Bax, bunu bilməyəcəksiniz!...
***
Kababxanada
Bu qarson çox yubandı
İki şiş kabab nədir ki?
Günün günorta çağı iki tamamda
Zaman bizdən qolay-qolay sovuşur
Və günəş
Bu gün dikey- dikey şaxır Təbrizə!
Yadındamı?
Son dönə mən evinizdən çıxanda
Hava qaranlıqlaşmışdı.
Görmədim də
O mavi şal sənə necə yaraşdı!
Və indi iki sarımsaq, iki bibər
Mənimlə birgə oturmuş səni düşünürlər
Sən olmasaydın indiyə dördünü də yemişdim.
Qəribədir
İçimdə başqa bir böyük istək də var
Çox istərdim
Dalımdakı masa başında oturan ailə
Ard-arası kəsilmədən deyib-danışıb-gülsünlər!
Durum gedim
Sən ki ilkinindən yoxsan
Başın başqasına qaldır hər zaman
Qarson da kı çox yubandı.
Günün günorta çağı iki tamamda
İnsanın ağlamağı da gəlmir!...
***
Niyə darıxırsan?!
Bir tək mən deyiləm ki
Bütün dünya darıxır.
Gecənin günəşi göydə
Donmuş torpaq üzrə axan bulaqlar
Bulaqlarda zinəlik
Zinədə su
Suda sevgi qoxusu!
Bir tək sənin üçün mən deyiləm ki
Sözlər, sözcüklər üçün
Ağ kağızlar belə darıxırlar.
Şeir olmayanda şair
Şair olmayanda şeir darıxır.
Bütün dünya darıxır
Bütün dünyanı darıxmaq yaradıb.
Təkliyindən darıxmayan tanrı belə
Dünyanı darıxdığından yaradıb.
Və indi dünyanı darıxma tutub
Mən darıxıram
Barmaqlarım darıxır
Sən darıxırsan
Parlaq saçların darıxır
əllərimiz, gözlərimiz, dodaqlarımız darıxır
öpüşlərimiz də.
Ağaclar da darıxırlar, çiçəklər də
Lap toğrul quşları kimi hörümcəklər də.
Yoxsa amacın budurmu?
“niyə tələsirsən?!”
Artıq bunu bir gecədən
Bir də gecənin günəşindən soruş
Gör onlar bir-birlərindən sarı nələr çəkirlər?!
Nələr?
Nələr?
Ah, nələr?!...
***
Əlvida
Sənsiz absurd arta qatılmaqdayam
Və sürür sürərək yüz il yalnızlıq.
Tənha narın nağılına dönmüşəm
Nə Flisəyə məktubum
Nə Emili üçün bir qızılgülüm var.
Duysan, düşünsən, böylə deyirəm iştə:
Dünya sehir bazlar dərəsidir sənsiz
Və mən burdan qaçqın, köçgün, sürgün düşmək istəyirəm.
əlvida sənə
əlvida gülsarı!...