Milli Teleradio Şurası parlamentə teleradio yayımı haqqında qanuna dəyişiklik və düzəlişlərlə bağlı təkliflər göndərib.
Şuranın sədri Nuşirəvan Məhərrəmli deyir ki, onlar qanundakı boşluqları aradan qaldırmaq və bəzi məqamları konkretləşdirmək niyyətindədirlər. Bu təkliflərdən biri telekanallar sahibi dəyişərkən onun lisenziyasının da təzələnməsi ilə bağlıdır. Şura sədri bildirir ki, bu düzəlişlə satılan telekanalın lisenziyasının xarici ölkə vətəndaşlarının əlinə düşməsinin qarşısını almaq istəyirlər:
«Telekanallar alqı-satqı obyekti olduğu zaman lisenziya satılmır. Bu haqda qanunda boşluq var. Telekanal sahibi bu haqda Şuraya bir ay öncədən məlumat verməli, telekanalı alan şəxsin kimliyi araşdırılmalı, bundan sonra qərar verilməlidir. Həmin şəxs telekanalı alacağı halda televiziyaya verilən lisenziya hüququnu itirir. Biz bunu qanunda bir qədər də dəqiqləşdirəcəyik».
Bundan başqa, Milli Teleradio Şurası xarici telekanalların Azərbaycandan birbaşa yayım aparmasına da icazə verməyi planlaşdırır. Ötən il parlament seçkiləri zamanı Yayımı Şurası qanundakı boşluğu əsas gətirərək xarici telekanallara birbaşa yayım aparmaq hüququ verməyib.
Daha bir dəyişiklik istəyi televiziya və radioların aldıqları tezliklərdə başqa radio və ya televiziyanı yaya bilməməsi haqda qadağanın möhkəmləndirməkdir.
Nuşirəvan Məhərrəmlinin sözlərinə görə, parlamentə teleradio yayımı haqqında qanuna reklam və texniki məsələlərlə bağlı bir sıra təkliflər göndərilib.