Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:44

SOCAR ABŞ-da lobbiçilər tutur


SOCAR
SOCAR

-

Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) Vaşinqtonun iki ictimaiyyətlə işlər üzrə şirkəti ilə saziş imzalayıb. Bu, bir müddət öncə konqresmenlərin Azərbaycana səfərinin araşdırılmasından sonraya təsadüf edir. thehill.com saytında Megan R.Wilson yazır ki, SOCAR ötən ay «30 Point Strategies» və «Global Policy Initiatives» şirkətləri ilə müqavilə bağlayıb. Ötən həftə Ədliyyə Departamentinə göndərilən yeni anketlər belə deməyə əsas verir.

Bu şirkətlər SOCAR-a media, ABŞ Konqresi və İcra Orqanı qarşısında ictimaiyyətlə, hökumətlə əlaqələrə dair məsləhət verəcək və təmsil edəcək. Sənədlər iyulun 22-də imzalanıb.

«Global Policy Initiatives» xidmətlərinə görə ayda 7 min 500 dollar, «30 Point Strategies» isə 17 min 500 dollar qazanacaq. Müəllif yazır ki, bunlar digər lobbiçilik kontraktları ilə müqayisədə nisbətən kiçik məbləğlərdir. Bəzi müqavilələrdə illik məbləğlər milyonlarla ölçülür.

Anketlər Xarici Agentlərin Qeydiyyat Aktının (Foreign Agents Registration Act -FARA) tələbi ilə Ədliyyə Departamentinə təqdim olunur. İkinci Dünya müharibəsindən sonra qəbul olunmuş bu qanunun məqsədi Birləşmiş Ştatlar daxilində nasist təbliğatını əngəlləməkdir.

Bu ilin mayında Konqres Etikası Ofisi konqresmenlərin 2013-cü ildə Bakıda qatıldığı bir konfransı SOCAR-ın maliyyələşdirdiyini üzə çıxarıb. Ofis tapıntılarını Nümayəndələr Palatasının Etika Komitəsinə yönəltdi, Komitə də sonucda konqresmenləri təmizə çıxardı.

SOCAR-ın maliyyələşmənin mənbəyini gizlətmək məqsədilə 750 min dolları iki ABŞ təşkilatına köçürdüyü bildirilirdi. Ancaq SOCAR sonradan sponsorluğunu gizlətmədiyini açıqladı.

Müəllif «Global Policy Initiatives» və «30 Point Strategies»in hələ may və iyun aylarında SOCAR-la bağlı açıqlama vermələrinə diqqət çəkir və bu şirkətlərin SOCAR təmsilçiliyinin əslində nə vaxtdan başlamasını sual edir. FARA şirkətlərdən tələb edir ki, xarici müştəri ilə əməkdaşlığa başlayandan 10 gün ərzində kontraktları Ədliyyə Departamentinə təqdim etsinlər.

Hər iki şirkətə işləyən Joshua Silberberg deyib ki, şirkətlərin SOCAR üçün təmsilçiliyi iyulun 1-dən başlanıb, ondan əvvəl isə SOCAR-ı konqres təhqiqatında təmsil edən vəkillərin adından çıxış ediblər.

Rasim Əliyev
Rasim Əliyev

RASİM ƏLİYEVİN QƏTLİ AZƏRBAYCANA UTANC GƏTİRİR

Britaniyada çıxan “The Independent” yazır ki, jurnalist Rasim Əliyevin döyülməsi səhnəsini çəkməli olan təhlükəsizlik kameralarının videosu hələ də ictimailəşdirilməyib.

“The Independent” qəzetinin baş idman müxbiri İan Herbert yazır ki, baş vermis hadisə ilə bağlı “Azərbaycan hökumətində aşkar bir hərəkət canfəşanlığı hiss olunur”.

Məqalədə deyilir ki, Rasim Əliyevin həmkarları bütün bunların saxtakarlıq olduğunu düşünürlər.

Müxalifətyönlü Meydan TV saytının rəhbəri Emin Milli Ian Herbert-ə bildirib ki, “bu jurnalistə qarşı hədə və zorakılığın tarixçəsi Azərbaycanda mövcud olan daha geniş xof mühitinin göstəricisidir”.

Müəmmalı ölümlər

Emin Milli müxbirə bildirib ki, Rasim Əliyev Meydan TV saytında çalışarkən də polis zorakılığını əks etdirən fotoları post etdiyinə görə təhdidlərə tuş gəlib.

Məqalədə deyilir ki, totalitar rejimi tənqid Azərbaycan jurnalistləri bir qayda olaraq müəmmalı şəraitdə ölürlər. 2005-ci ildə qətlə yetirlmiş “Monitor” jurnalının redaktoru Elmar Hüseynovun, 2011-ci ildə bıçaqlanaraq öldürülmüş Rafiq Tağının işi hələ də açılmamış qalır.

“Rasim Əlievin dostları narahatdırlar ki, onun ölümünün də tam, tərəfsiz və müstəqil təhqiqatı mümkün olmaya bilər” – yazır Herbert.

O bunu belə izah edir ki, bu qətllə bağlı adı çəkilən “Qələbə” futbol klubunun sahibi rejimin fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğludur.

Bu həmin ölkədir ki…

“Bu həmin ölkədir ki, Avropa Olimpiya Komitələri onu bu yay keçirilmiş Avropa Oyunlarına ev sahibliyi üçün münasib sayıb, UEFA isə 2020-ci il Avropa Futbol Çempionatının 3 qrup oyununun və bir dörddə bir final matçının keçirilməsinə onu layiq bilib və bu həmin ölkədir ki, 2024-cü ilin Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün güclü şəkildə namizədlik edəcək” – yazır müxbir.

Ian Herbertin fikrincə, Avropa Oyunları üçün yaradılmış infrastruktur Beynəlxalq Olimpiya Komitəsinin yeni seçmə sisteminə görə Bakıya üstünlük qazanmaqda kömək edə bilər.

“Bu həmin ölkədir ki, ötən cümə axşamı günü bir qadını, Leyla Yunusu hökumətin siyasi məhbuslarla rəftarını sənədləşdirdiyinə, Avropa Oyunlarının boykotuna çağırdığına görə təfavütünü pozmadan 8 il yarım müddətinə azadlıqdan məhrum edib” – deyilir məqalədə.

Karvan çıxıb getdi

Amnesty İnternational təşkilatından Naomi Westland “The Independent” qəzetinin yazarına bildirib: “Avropa Oyunları beynəlxalq ictimaiyyətin Azərbaycandakı insan haqları pozuntularını pisləməsi üçün bir fürsət idi. Lakin bu baş vermədi. Kameralar çantalarına qoyuldu, karvan çıxıb getdi və səsini ucaldanların kriminallaşdırılması olduğu qaydada davam edir”.

Ian Herbert yazır ki, “Qəbələ”nin 2010-2012-ci illərdə məşqçisi olmuş ingiltərəli Terry Adams-la Bakıda baş vermis qətllə bağlı fikirlərini öyrənmək üçün əlaqə yaratmağa çalışıb, lakin bu alınmayıb.

Foto illüstrasiya
Foto illüstrasiya

BİR DAHA ŞORTİK BARƏDƏ

eurasianet.org saytında Giorgi Lomsadze Azərbaycanda kişilərin şortik geyinməsi ətrafında gedən müzakirələrdən yazır.

«Bakıda turistlərin şortik geyinməsi elə də diqqət çəkmir. Hətta Bakının mərkəzində azərbaycanlı kişilər də qıçını çöldə qoyanda qınaqla üzləşmir. Ancaq Bakının kənarında, çimərliklərdə şortik geyinməyə çoxları cəsarət etmir».

«Ənənəpərəstlər etnik-mədəni stereotiplərin girovudur. Din də bədənini açmağı qadağan edir. Beləliklə, bu iki faktor şortikə qarşı antaqonizm yaradır», - Bakı Dövlət Universitetinin psixologiya təlimçisi Günel Aslanova deyir.

Müəllif şortikə qonşu Gürcüstanda daha mülayim yanaşmanın olduğunu qeyd edir. Ancaq yenə də özəlliklə yaşlı gürcü kişiləri yayın istisində uzunbalaq şalvar, corab və bağlı ayaqqabıya üstünlük verir. Sərinləmək üçün kişilər arasında geniş yayılmış bir üsul köynəyin ətəyini şalvarın üstünə buraxmaqdır.

«Qlobalizasiya o qədər güclüdür ki, hətta aşırı mühafizəkar baxışları belə üstələyir», - bunu isə Tbilisidə yaşayan psixoterapevt Giorgi Tsotskolaur söyləyir.

Elə Günel Aslanova da Azərbaycanda da münasibətin dəyişməsinə inanır: «Bu dəyişikliklər qəfil və ya radikal olmaya bilər, ancaq baş verməkdədir».

XS
SM
MD
LG