Avqustun 13-də Rusiyanın "Mahaçqala" və "Volqodonsk" kiçik artilleriya gəmilərinin, həmçinin “Anatoliy Qujvin” kiçik hidroqrafiya gəmisinin Bakıya rəsmi səfəri başlayıb.
Məlumatı Müdafiə Nazirliyi yayıb. Qonaqlar keçmiş prezident Heydər Əliyevin heykəli önünə gül qoyublar.
Gəmidə gələn nümayəndə heyəti Azərbaycanın Hərbi Dəniz Qüvvələri Komandanlığı, Səbail rayon icra hakimiyyəti və Bakı Dəniz Limanının rəhbərliyi ilə görüşlər keçirəcək, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində tədris prosesi ilə tanış olacaq.
Gəmilərin şəxsi heyətinin mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakıda gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır.
Səfər avqustun 16-dək davam edəcək.
Hidroqrafik gəmi kəşfiyyatla məşğuldur.
Hüquqşünas Erkin Qədirli isə öz Facebook hesabında yazıb ki, başqa dövlətlərin hidroqrafik gəmiləri ölkəyə buraxılmamalıdır:
“Hidroqrafik gəmi kəşfiyyatla məşğuldur. Həmin gəmilər dəniz dibinin və sahillərinin relyefini, suyun tərkibini və sualtı cərəyanları, liman infrastrukturunu öyrənən, eləcə də döyüş gəmiləri üçün dənizdə yolsalma və yertanıma avadanlıqlarının quraşdırılması, işlədilməsi və onlardan alınan məlumatların təhlili və ötürülməsi ilə məşğul olur.
Belə bir gəmini ərazi sularımıza, özəlliklə Bakıya niyə buraxıblar? Başqa gəmilərin gəlməsi özlüyündə problem deyil (qarşılıqlı razılıq və cavab səfəri əsasında normaldır).
Amma başqa (hərbi müttəfiq olmayan) dövlətlərə aid hidroqrafik gəmiləri ərazi sularımıza buraxmamalıyıq”.