Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:21

Təmir pulunu ustadan aldılar


Foto illüstrasiya
Foto illüstrasiya

-

«Məni azı 30-35 fəhlənin əlində qoyublar. Qaldığım evi başqasına kirayə verib özüm başqa evə köçmüşəm, kirayədə qalıblar. Bunlar məni bu günlərə qoydular».

İlham Hümmətov ixtisasca memardır. Əvvəllər Nəsimi rayon İcra Hakimiyyətində işləyib. Bir neçə il əvvəl işdən çıxarılanda sahibkarlıqla məşğul olmaq qərarına gəlib. Ancaq bu sahədə əldə etdiyi uğur elə də uzun sürməyib:

İKİ SAHİBKARIN UĞURSUZ TANIŞLIĞI

«Nəsimi rayon İcra Hakimiyyətində işləyən bir dostum təklif etdi ki, bir nəfərin obyektinin üzləmə işini görüm. Həmin adam Nərimanov rayon Polis İdarəsinin keçmiş rəisi Mahir Mikayılovdur. Mən 35 fəhlə ilə işə başladım. Hər şeyi nisyə, borc-xərclə yola verirdim ki, pulları alanda paylayacağam. İri obyektlərində, oğlunun və kürəkəninin villalarında üzlənmə işləri gördük. İşlər başa çatanda o atlı, mən piyada qaldım. Bir tərəfimdə zəhmət haqqını tələb edən fəhlə ordusu, bir tərəfimdə bəzi şirkətlərdən nisyə götürdüyüm malların pulunu tələb edənlər…».

Sahibkar deyir, müştərisi özü də sahibkarlıqla məşğul olur. Çoxmərtəbəli binalar və obyektlər tikib satır. Hətta ona Xırdalanda inşa etdiyi binadan pul əvəzinə mənzillər də təklif edib:

«Dedi, «gəl, binadan iki mənzil verim, sat, fəhlələrin də pulunu ver, başqa borc xərcini də ödə». Məni ələ saldı. Neçə dəfə getdim, gəldim… Axırda dedi, «yox»…».

İlham Hümmətov
İlham Hümmətov

VİLLALARINDA, TİCARƏT OBYEKTLƏRİNDƏ ÜZLƏMƏ İŞLƏRİ GÖRÜB

Sahibkarın sözlərinə görə, Mahir Mikayılovla iş birliyinə 2010-cu ilin sonundan başlayıb. Sonuncunun sifarişi ilə Ziya Bünyadov prospektindəki dördmərtəbəli biznes və ticarət mərkəzində, Bakıda ayrı-ayrı ünvanlarda yerləşən üç ev və obyektdə, Badamdardakı villada, polis orqanlarında çalışan oğlu və kürəkənin villalarında, Novxanıdakı bağ evində üzləmə işləri görüblər. İşlər bitəndə Mahir Mikayılov yaranan 96 min manat borcu verməkdən imtina edib.

«Hüquq-mühafizə orqanlarına şikayət etdim. Məni aldatdılar ki, bizlik məsələ deyil, get, ver məhkəməyə. Məhkəmə də onun xeyrinə qərar çıxartdı. Gəldi dedi ki, guya mən işləri keyfiyyətsiz görmüşəm, ucuz materialdan istifadə etmişəm və sair. Ekspertiza keçirildi. Məlum oldu ki, mən heç kəsi aldatmamışam. Hakim özü də hər şeyi yaxşı görürdü. Bununla belə məhkəməyə təzyiq göstərdilər, ya hansısa yolla məhkəməni ələ aldılar. Sonda qərar onun xeyrinə oldu».

Sahibkar iddia edir ki, müştərisi ona 96 min manat ödəməlidir. O da həmin pulu fəhlələrə ödəməlidir. Ancaq məsələ təkcə bu ödənişlə bitmir. Müştəri hələ istifadə olunmuş aqlay daşların da haqqını ödəməyib.

«Açığı, onlara gücüm çatmır. Oğlu, kürəkəni vəzifədədir, özləri də polis orqanında çalışırlar. Hara yazıramsa, hara gedirəmsə, yolumu bağlayırlar. Əvvəl daxili işlər nazirinə müraciət etmişdim. DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırma aparıldı. Mahir Mikayılovu çağırıb dindirdilər. Həmin vaxt başqa bir nəfər də ondan şikayətə gəlmişdi. Amma iş ört-basdır olundu. İşi elə düzüb-qoşdular ki, mənim özümü borclu çıxardılar».

Ilham Hümmətovun gördüyü işlər
Ilham Hümmətovun gördüyü işlər

QARŞILIQLI İDDİA NƏYİ HƏLL EDƏ BİLDİ?..

Ondan DİN-ə şikayət edildiyini görən M.Mikayılov İ.Hümbətova qarşı Nəsimi rayon Məhkəməsində iddia qaldırır və görülən işin keyfiyyətsiz olması ilə bağlı 50 min manat təzminat tələb edir. Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən məhkəmə prosesi bir ildən çox uzanır. Bu müddət ərzində iki dəfə ekspertiza keçirilir. Bütün obyektlərdə görülən işlərin keyfiyyətli olduğu təsdiqlənir. İlham Hümmətov qarşılıqlı iddia qaldırır. Ekspertiza təyin olunur, Mahir Mikayılovun ona 96 min manat borcunun qaldığı müəyyənləşir.

Mahir Mikayılovun nümayəndəsi Sərdar Qasımov məhkəmədə bildirib ki, araşdırma zamanı İlham Hümbətovun işi yararsız görməsi və ucuz materiallardan istifadə etməsi üzə çıxıb. Bu səbəbdən məhkəmə təkrar ekspertiza təyin edib. Həmin ekspertizanın rəyinə görə, işlər keyfiyyətsiz və ucuz materiallarla görülüb.

İlham Hümmətovun gördüyü işlərdən
İlham Hümmətovun gördüyü işlərdən

7 MİN MANATLA İŞİ BAĞLANMIŞ HESAB EDİBLƏR

Sonucda məhkəmə Mahir Mikayılovdan İlham Hümbətovun xeyrinə 20 min 433 manat, İlham Hümbətovdan isə Mahir Mikayılovun xeyrinə 13 min 992 manat pul tutulması ilə bağlı qərar çıxarır. İlham Hümbətova 7 min manat verilməklə işi bağlanmış hesab edirlər.

Məhkəmə qətnaməsindən və apellyasiya məhkəməsinin qərarından hər iki tərəf narazı qalıb. Hər iki tərəf Ali Məhkəməyə kasasiya şikayəti verib.

Sərdar Qasımov AzadlıqRadiosuna bildirib ki, məsələyə məhkəmə hüquqi qiymətini verib. Bu səbəbdən də nümayəndə ətraflı danışmaq istəmədi:

«Hazırda qərardan Ali Məhkəməyə müraciət olunub. Gözləyirik ki, Ali Məhkəmədə işə baxılacaq. Son sözü yenə məhkəmə deyəcək».

İndi hər iki tərəf Ali Məhkəmənin qərarını gözləyir.

XS
SM
MD
LG